25 Aprel 2024

Cümə axşamı, 13:17

XƏZƏRİN LƏNKƏRAN FIRTINASI

"Cənublular"ın və "neftçilər"in azarkeşlərinin törətdiyi iğtişaşlar haqqında

Müəllif:

03.09.2013

Sirr deyil ki, futbol üzrə Azərbaycan çempionatında və kubokunda azarkeşlərin marağı daha çox derbi və prinsipial görüşlərə yönəlir. Bu matçlar arasında "böyük oyun" adlandırılan "Xəzər-Lənkəran"- "Neftçi" görüşünə maraq daha çoxdur. Artıq bu iki komandanın qarşılaşmaları, çoxlu qollar ilə yadda qalmasa da, prinsipial xarakter daşımağa başlayıb.

"Neftçi" Azərbaycan futbolunun flaqmanı olmaqla heç vaxt maliyyə cəhətdən problem yaşamayıb. 2004-cü ilə qədər ölkə futbolunda yalnız bu komanda hegemonluq edə bilib. Ağ-qaralar ən yaxşı futbolçulara sahib çıxmaqla daim yüksək yerlər uğrunda mübarizə aparıb. 2004-cü ildə isə iş adamı Mübariz Mənsimov "Xəzər-Lənkəran" adlı komanda yaratdı. İlk illər o qədər uğurlu çıxış etməyən cənub təmsilçisi 2006-cı ildə şok transferlər həyata keçirdi. "Xəzər-Lənkəran" o dövr "Neftçi"ylə çempionluq sevinci yaşayan baş məşqçi Ağasəlim Mircavadovu böyük pullar müqabilində Lənkərana gətirir. Onun ardınca isə ağ-qaraların iki əsas oyunçusu - Emin Quliyevlə Mahmud Qurbanov da "Xəzər-Lənkəran"a transfer olunur. Əsas rəqibinin məşqçi və futbolçularını transfer etmək ölkə futbolunda böyük səs-küyə səbəb olur. Mircavadov 2006-2007 mövsümündə cənub komandasıyla Azərbaycan çempionu olur. Bundan sonra isə bu iki komanda arasında prinsipiallıq yaranır."Xəzər-Lənkəran" rəqibinin maraqlandığı oyunçulara daha çox pul təklif etməklə diqqəti cəlb edib. Bu hal isə ağ-qaraları daha da qıcıqlandırıb.

Azərbaycan çempionatı çərçivəsində iki klub arasında avqustun 25-i keçirilən görüş meydandakı oyunla deyil, tribunadakı iğtişaşlarla yadda qaldı.

Qalmaqalın əsası ötən mövsüm ölkə kubokunun finalında qoyuldu. "Xəzər-Lənkəran"la "Neftçi" arasında görüş 0:0 hesabıyla başa çatdı. Penalti zərbələrində isə "Neftçi" qalib gəldi. Amma 11 metrlik zərbələrdə ağ-qaraların qapıçısı Saşa Stamenkoviç idmançıya yaraşmayan hərəkətlə fanatların qəzəbinə tuş gəldi. Hər zərbədən əvvəl Stamenkoviç topu rəqib futbolçunun üstünə atmaqla ona psixoloji təsir etdi. Bu hal Lənkəran azarkeşlərini bərk qəzəbləndirdi. Final oyunundan sonra klublar arasında əlbəyaxa dava oldu. Nəticədə "Xəzər-Lənkəran"ın futbolçuları Rodomir Todorov və Kamran Abdullazadə döyüldü. Buna görə də "Xəzər-Lənkəran" azarkeşləri "Neftçi"dən intiqam alacağına söz verdi.

Göründüyü kimi, Lənkəranda keçirilən prinsipial dueldə yerli azarkeşlər rəqib komandadan revanş almağa çalışıb. 90 dəqiqə 0:0 hesabıyla başa çatsa da, meydan sahiblərinin qələbəyə daha çox layiq olduğu aşkar göründü. Cənublular çoxlu sayda qol vəziyyəti yaratsalar da, rəqib qapısına yol tapa bilmədi. Meydan sahibləri məğlub olmasalar da, yerli azarkeşlər final fitindən sonra "Neftçi" futbolçularının və azsaylı azarkeşlərin üstünə hücum çəkdi. Hüquq-mühafizə orqanlarının səyi nəticəsində insident yatırıldı. Gözyaşardıcı qazdan istifadə edildi və bir neçə azarkeş həbs edildi. Qalmaqal zamanı 2 polis və 4 fanat yaralandı. "Neftçi" klubu stadionu oyun bitəndən 1 saat sonra tərk edə bildi. Ağ-qaraları Bakıya qədər polis karvanı müşayiət etdi. Bundan sonra hadisəylə bağlı Lənkəran şəhər polis şöbəsində cinayət işi açıldı. Ümumilikdə, qalmaqalda Lənkəran şəhər stadionuna 14 min manat ziyan dəydi.

Unutmayaq ki, cari mövsüm bu komandalar daha 4 dəfə qarşılaşacaq. 3 oyun çempionat matçına təsadüf edəcəksə, "Xəzər-Lənkəran"la "Neftçi"ni Superkubok görüşündə də gərgin mübarizə gözləyir. Üstəlik, klublar hələ Azərbaycan kubokunda da rəqib ola bilər. Buna görə də AFFA və PFL məsələni nəzarətdə saxlamalı, gələcəkdə azarkeşlər arasında problemlərin olmaması üçün indidən müvafiq işlər görməlidir. Lənkəranda azarkeşlər kubokun finalındakı hadisələrə görə intiqam alırdısa, onda "Neftçi" fanatları da noyabrda son insidentin cavabını verməyə çalışa bilər. Əgər müvafiq orqanlar lazımi qərarlar qəbul etməsə, prinsipial duel zamanı yaranan qarışıqlıq daha ciddi fəsadlar verəcək. "Xəzər-Lənkəran" - "Neftçi" görüşlərində azarkeşlər arasında problem yaranmaması üçün aşağıdakı tədbirlərin görülməsi vacibdir.

İlk olaraq hər iki komanda arasında keçiriləcək görüşlərdə qonaqların azarkeşlərinin iştirakına qadağa qoymaq. Çünki meydan sahiblərinin fanatı rəqib azarkeşlərini görəndə insidentin qığılcımı yaranır. Bu qərar artıq AFFA Nizam-İntizam Komitəsi tərəfindən təsdiqlənib.

Klub rəhbərlərinin görüşünü keçirmək vacibdir. Onlardan bir-birlərinə qarşı qalmaqal yarada biləcək açıqlamaların verilməməsi tələb olunmalıdır. Azarkeşlər mətbuatdan hadisələrin inkişafını izləyir. Ona görə istənilən açıqlama sonradan stadionda böyük qalmaqala səbəb ola bilər.

Analoji hadisələr təkrarlanacağı təqdirdə, meydan sahibinin stadionunun bir neçə oyunluq cəzalandırmaq vacibdir. Görüş neytral meydanda keçirilsə, yerli komandanın azarkeşləri səhvlərini başa düşə bilər.

Azarkeşlərlə mütəmadi olaraq görüşlər keçirmək. Fanat qruplarının rəhbərlərinə prinsipial oyunlarda qalmaqaldan uzaq olmaqla bağlı tövsiyələr vermək. Lazım gələrsə, oyunları izləmək üçün yalnız azarkeşlərin bir hissəsini stadiona buraxmaq.

Lənkərandakı son hadisələrin günahkarlarını taparaq onları məsuliyyətə cəlb etmək. İntizam qaydalarını pozan azarkeşlərin futbol matçlarını bir neçə ay stadiondan izləməsinə qadağa qoymaq.

AFFA və PFL azarkeşlərin növbəti oyunlarda toqquşmasının qarşısını mütləq almalıdır. Belə hallar futbolun inkişafına zərbə vurmaqla yanaşı, digər fanatların stadiona gəlməsinə problem yaradır. "Xəzər-Lənkəran"la "Neftçi" arasında növbəti görüş noyabrda olacaq. Deməli, müvafiq orqanların 2 ay vaxtı var.



MƏSLƏHƏT GÖR:

693