23 Aprel 2024

Çərşənbə axşamı, 15:50

XƏZƏR SAHİLİNDƏ GÖRÜŞƏNƏDƏK

İslam Oyunlarının bayrağı 2017-ci ildəki növbəti İslamiadanı qəbul edəcək Azərbaycana təqdim olundu

Müəllif:

10.10.2013

İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəylik Oyunlarında Azərbaycan nümayəndə heyəti 53 idmançıyla təmsil olunurdu və 24 medalla komanda hesabında 7-ci yeri tutdu. 6 qızıl, 9 gümüş və 9 bürünclə idmançılarımız Vətənin idman şərəfini layiqincə qorudular. 3 dəfə təxirə salınan İslam Həmrəylik Oyunlarının təşkilatçılığı bir o qədər də qənaətbəxş olmadı. İndoneziyanın qədim Palembanq şəhərində keçirilən yarış bir sıra nöqsanlarla yadda qaldı. İlk olaraq yarışda gözləniləndən çox ölkənin iştirak etdiyini vurğulamalıyıq. Təşkilatçılar 25 ölkənin qeydiyyatdan keçdiyini söyləsə də, sonda 46 ölkənin idmançısı Palembanqda mübarizə apardı. Sözsüz ki, gözləniləndən çox ölkənin iştirakı bir sıra problemlər də yaratdı. Yaxşı ki, nəqliyyat, yerləşdirmə və qidalanmada olan problemlər turnir zamanı həllini öz tapdı. 

Palembanqda altı dəfə Azərbaycanın dövlət himni səsləndirildi - İslam oyunlarının qalibi adını karateçilər Ayxan Mamayev (84 kq), Rafael Ağayev (75 kq) və əlbəyaxa döyüşçülərdən ibarət komanda, həmçinin 200 metr məsafəyə arxası üstə üzmədə Boris Kirillov qazanıb. Eyni zamanda 18 yaşlı Yekaterina Sarıyeva üçtəkanla uzunluğa tullanmada bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşadı. Milli komanda üzvləri bu uğurun sevincini yaşayarkən, 5000 metr məsafəyə qaçışda Hayle İbrahimov da rəqiblərindən sürətli olduğunu sübut etdi və komandamıza 6-cı qızıl medalı qazandırdı.

Gümüş medalların sayı isə 9-dur. Çəkisi 84 kq-dan yuxarı karateçilər arasında yarışan Şahin Atamov və 67 kq çəki dərəcəsində mübarizə aparan Ni-yazi Əliyev finalda uduzaraq ikinci oldular. İddialı Şahin Atamovun finalda uduzmasını səhhətindəki problemlə əlaqələndirmək olar. Hələ Palembanqa çatmamış xəstələnən karateçinin son ana qədər durumu yaxşı deyildi. Həkimlərin səyi nəticəsində Atamov özünü toparlayaraq finala qədər çətin və şərəfli yol keçdi. Yalnız finalda məğlubiyyəti onu gümüş medalla kifayətlənməyə məcbur etdi. Ağır atletikada da üç gümüş əldə olunub: bunlar Əfqan Bayramov (77 kq), İntiqam Zahirov (94 kq) və ən yüngül çəkidəki (48 kq) təmsilçimiz Silviya Angelovadır. Batterfley üsulu ilə 50 metr məsafəyə üzməkdə Yevgeni Lazuka da fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bununla yanaşı, oxatma üzrə komandamız, taekvondoçu Günay Ağakişi-yeva, uşuda Ruslan Pirəliyev fəxri kürsünün ikinci pilləsinə qalxdı. 

Üzgüçü Yevgeni Lazuka İslamiadada daha bir medala yiyələnib - o, yenə batterfley üsulu ilə, amma bu dəfə 100 metr məsafəyə üzmədə finişə üçüncü çatıb və hesabında iki medal olan yeganə idmançımızdır. Yevgenidən başqa, Azərbaycanın daha 8 idmançısı bürünc əldə edib. Onlardan ikisi ağır atletlərdir: Namiq Cəlilov (85 kq) və Zülfüqar Süleymanov (62 kq) məsul turniri üçüncülüklə bitirib. Halbuki hər ikisinin imkanları daha yüksək qiymətləndirilirdi.

Çəkicatma yarışında Dmitri Marşinin ən yüksək nəticəsi 70,68 metr olub ki, bu da yalnız bürüncə çatıb. Xatırlatmaq yerinə düşür ki, Dmitri builki dünya çempionatında çəkici daha uzağa - 72,43 metr məsafəyə atmışdı. Həmin nəticə təkrarlansaydı, medalın əyarı da yüksək ola bilərdi. Xanım atletlərin 5000 metr məsafəyə qaçışında ölkənin idman şərəfini qoruyan Layeş Abdullayeva finişə üçüncü çatmaqla bürünc medala sahib çıxıb. Uşuda Elçin Eminov, taekvondoda isə Türkan Tahirli, Mikayıl Əliyev və Patimat Abakarova fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 

İslam Oyunları zamanı Bakı-2017 İslam Həmrəylik Oyunları Təşkilat Komitəsi tərəfindən 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olunan Azərbaycan günü təşkil edildi. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin oyunların iştirakçılarına və təşkilatçılara ünvanlanan videomüraciəti ilə başladı. Müraciətdə Azərbaycanın sosial-iqtisadi, siyasi vəziyyəti haqqında məlumat verməklə yanaşı, İslam Oyunlarının əhəmiyyətinə toxunulur və Azərbaycanın bu oyunlara yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğu vurğulanırdı.

Mərasimdə 46 iştirakçı dövləti təmsil edən milli olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəylik İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların təşkilat komitəsinin nümayəndələri, həmçinin İndoneziya Hökumətinin səlahiyyətli şəxsləri, Azərbaycanın İndoneziyadakı səlahiyyətli səfiri Tamerlan Qarayev və digər şəxslər iştirak etdilər. Qonaqlar Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirərək, ölkəmizin dördüncü İslam Həmrəylik Oyunlarını 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildirdilər.

3-cü İslam Həmrəylik Oyunlarının bağlanış mərasimində İslam Oyunlarının bayrağı təntənəli surətdə Azərbaycana təqdim edildi. Bayrağı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qəbul etdi. Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Hesabat-Seçki Assambleyasında səsvermə zamanı yekdilliklə qərara alınmışdı ki, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi Azərbaycana həvalə edilsin.



MƏSLƏHƏT GÖR:

628