20 Aprel 2024

Şənbə, 16:58

REKORD PİLLƏDƏ

Azərbaycanın futbol üzrə milli yığması FİFA-nın oktyabr reytinqində 19 pillə irəliləyib

Müəllif:

23.10.2013

Azərbaycanın futbol yığması 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatına seçmə mərhələsini bitirdi. Futbolçularımız uğursuz başladığı mərhələni rekord nəticələrlə başa vurdu. Milli tarixində ilk dəfə 9 xal topladı, FİFA reytinqində 19 pillə irəliləyərək 88-ci pilləyə yüksəldi. Sözsüz ki, komandamız Şimali İrlandiya ilə oyunda əsl fədakarlıq nümayiş etdirdi. Rüfət Dadaşov və Mahir Şükürovun qolları sayəsində 2-0 hesablı qələbə qazanan yığma azarkeşlərə hədsiz sevinc bəxş etdi. Rusiya ilə prinsipial oyunda isə Vaqif Cavadovun son dəqiqələrdə vurduğu qol hesabımıza 9-cu xalı yazdı. Son 2 oyunda 4 xal yığmamıza ilk dəfə qrupda 4-cü pillədə qərarlaşmaq imkanı verdi.

Əslində, yığma cari seçmə mərhələdə daha çox xal qazana bilərdi. Əgər Lüksemburqla 2 oyunda qələbə qazansaydıq, Rusiya ilə səfərdə olmayan penalti zərbəsi təyin olunmasaydı, İsraillə matçda son dəqiqələrdə qol buraxmasaydıq hazırda, bəlkə də, qrupda 3-cü yerdə olardıq. Bu mənada seçmə mərhələni uğurlu saymaq olar. 

Daim tənqid olunan və istefaya çağırılan Berti Foqtsun Azərbaycanda işlədiyi 6 ilə nəzər salmaq vaxtıdır. Dekabrın 30-da alman mütəxəssisin müqaviləsi başa çatacaq. Ona görə də görülən işləri yada salmaqla Foqtsun gələcək taleyinə aydınlıq gətirməyə çalışacağıq. 

Berti Foqts ölkəmizə gəldiyi ilk seçmə mərhələdə sabiq baş məşqçi İqor Ponomaryovun rəhbərliyi vaxtında Azərbaycan yığmasının qazandığı ən yaxşı nəticəni təkrarladı. İlk seçmə mərhələdə (2010-cu il Dünya Çempionatının seçmə mərhələsi) milli 5 xal topladı. Foqtsun 2-ci seçmə mərhələsində (2012-ci il Avropa Çempionatının seçmə mərhələsi) bu rekord yeniləndi - 7 xal. Bu dəfə isə Foqts öz rekordunu yeniləyərək yığmamızla 9 xal topladı. Başqa bir rekord isə Azərbaycan yığmasının qrupda ənənəvi sonuncu və ya sonuncudan əvvəlki yox, 4-cü yeri tutması oldu.

Ümumiyyətlə, bu dəfə seçmə mərhələsini Lüksemburqla 2 dəfə heç-heçə oyunları çıxmaq şərtilə Azərbaycan üçün uğurlu saymaq olar. Sadəcə statistikaya nəzər salmaq lazımdır. Azərbaycan yığması bu mərhələni cəmi 3 məğlubiyyətlə başa vurdu ki, bu məğlubiyyətlər də yalnız nəhənglərlə görüşdə qeydə alınıb- Rusiya və Portuqaliya. 

Digər maraqlı fakt ondan ibarətdir ki, Rusiya ilə Bakıdakı oyundan başqa, Azərbaycan yığması qrupdakı oyunlarının hamısında, hətta Portuqali-yaya 0:3 hesabı ilə məğlub olarkən belə birinci hissədə qapısından top buraxmayıb. Etiraf etmək lazımdır ki, alman futbolçularımızın düşüncə tərzini dəyişməyi bacardı. Əvvəllər yalnız ilk 20-30 dəqiqədə fəal futbol oynamağı bacaran milli indi 90 dəqiqə aktiv mübarizə aparır. Fiziki hazırlığı normal vəziyyətdə olan yığma üzvləri indi oyunun son dəqiqələrinədək hücum edir, hətta qol da vurur. Yaxın keçmişdə olduğu kimi favorit komandalarla görüşdə çoxlu sayda qol buraxmırıq. Yığma müdafiədə etibarlı oyunuyla darmadağınları unutdura bildi. Digər məşqçilərin vaxtında böyük hesablı məğlubiyyətlər baş verib, milli erkən qol buraxdıqdan sonra həyəcandan oyun nizamını itirib. Hesabda geri olan zaman qorxudan hücum etməyi bacarmamışıq. Foqts bütün bu sindromları sındırdı. Yığma üzvləri indi hesabda geri olsa belə hücum edir və hesabı bərabərləşdirməyi bacarır.

Alman məşqçi nə qədər tənqid olunsa belə, komandada nizam-intizam yarada bildi. Yığma söz sahibi olduğunu sübut etməklə futbolçulara yerini göstərdi. Qaydaları pozanları millidən uzaqlaşdırmaqla sərt üzünü göstərdi. Sevindirici haldır ki, komandamız artıq sona qədər oynamağı bacarır. 0:1 hesabı ilə geridə olmasına, azlıqda olmasına baxmayaraq, futbolçularımız 90-cı dəqiqədə Rusiya qarşısında hesabı bərabərləşdirirlər.

Milli seçmə mərhələnin son 3 oyununda 5 xal qazanmaqla həm rekordunu təzələdi, həm də azarkeşlərin inamını qaytardı. Bu mənada Berti Foqtsun yığmada taleyi müzakirə mövzusudur. AFFA-nın baş katibi Elxan Məmmədov qərarın ilin sonunda veriləcəyini söyləyib: "Heç kim Berti Foqtsla müqavilə barədə danışmayıb. Noyabrda yığma 2 yoldaşlıq görüşü keçirəcək. Yalnız bundan sonra bütün oyunlar təhlil olunacaq. Dekabrın sonunda isə İcraiyyə Komitəsi Foqtsun qalıb-qalmayacağını müzakirə edəcək. Alman məşqçinin taleyini İcraiyyə Komitəsi həll edəcək."

"R+" olaraq Berti Foqtsun lehinə və əleyhinə olan məqamları nəzərinizə çatdırırıq.

Alman məşqçisinin işinin müsbət tərəfi, ilk növbədə, yığmanın nəticələridir. Yığmanın cari seçmə mərhələdə qazandığı 9 xal Berti Foqtsun işində qalmasını məcbur edir. Alman məşqçi rekord xal toplamaqla dəyişikliyə səbəb olduğunu sübut etdi. Milli FİFA reytinqində 88-ci yerə yüksəlməklə ilkə imza atdı.

Yeni məşqçi zaman istəyəcək - Berti Foqts çalışdığı 6 il də Azərbaycan futboluna yaxından bələd olub. Artıq futbolçularımızı tanıyır və kimin nəyə qadir olduğunu bilir. Ona görə də Foqtsun qalması və növbəti mərhələdə daha yaxşı nəticəyə imza atması məqsədəuyğundur.

Foqts futbolçularla dostlaşıb. Çox vaxt yığma üzvləri baş məşqçini qəbul etmir. İndiki halda yığma üzvləri Foqtsun qalmasını istəyir. Yerli mətbuata müsahibəsində kapitan Rəşad Sadıqov, Mahir Şükürov, Rauf Əliyev və digərləri alman məşqçinin postunda qalmasının tərəfdarı olduğunu söyləyib. 

Alman məşqçi yığmada həm davranış, həm də oyun baxımından nizam-intizam yarada bildi. Yığma üzvləri indi davranış qaydalarına riayət edirlər. Oyundakı intizam isə az qol buraxmağımızla bağlıdır. Müdafiədə etibarlı oynayıb sona qədər mübarizə aparırıq. 

Amma Berti Foqts faktorunda bir sıra mənfi məqamlar da var. 

Berti Foqts oyun quruculuğunda problemləri həll edə bilmir. Alman mütəxəssis daim yanlış taktiki seçimlə hamını təəccübləndirir. Rusiya ilə oyunda Maksim Medvedevin dayaq yarımmüdafiəçisi kimi meydana çıxması böyük səhv idi. Hamı bilir ki, Maksim heç vaxt bu mövqedə oynamayıb. Məhz ona görə də oyun boyu cinahlarda görünən Medvedev hücumda oynayan Rauf Əliyevə kömək edə bilmədi.

Ən böyük problem alman məşqçinin Azərbaycanda az olmasıdır. Yalnız seçmə mərhələ vaxtı Bakıya gələn Foqts nə çempionat oyunlarını izləyir, nə də yığma üzvlərinin hazırlığıyla maraqlanır. Bizə Rusiya millisinin baş məşqçisi Fabio Kapello kimi çempionat oyunlarını izləyən məşqçi lazımdır. Yalnız bu halda millidə rəqabət yaratmaq olar. Həmçinin Berti Foqtsun illik müqaviləsi bahalı razılaşmadır. Sirr deyil ki, alman məşqçi və köməkçiləri az pula işləmir. Bu mənada biz Foqtsdan ayrılmaqla böyük maliyyə vəsaitinə qənaət edəcəyik. 

Berti Foqts artıq 6 ildi Azərbaycan millisinin baş məşqçisidir. Bu mənada indiyə qədər heç kimə bu qədər zaman verilməyib. Alman məşqçi 6 il ərzində maksimum nəticəni göstərdi. İlin sonunda 67 yaşı tamam olacaq məşqçinin daha böyük hədəflər uğrunda işləməsi real görünmür. Bu mənada onun daha ambisioz məşqçiylə əvəzolunması məsləhətdir.

Qeyd edək ki, Azərbaycan millisi noyabrda səfərdə Qırğızıstan və Estoniya ilə yoldaşlıq görüşü keçirəcək. 



MƏSLƏHƏT GÖR:

592