
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ…
Azərbaycan, Dövlət Bayrağının 95 illiyini qeyd etdi
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Vətənpərvərlik yğk deyil. Bu, anaya olan məhəbbət kimi, müqəddəsliyini bütün ömürboyu qoru- yub-saxlayan bir hissdir. Yaşadığı Vətənə sevgi qalibin şərəfinə Milli Himnin sədaları altında Dövlət Bayrağının qaldırıldığı zaman idmançıların simasından oxunur. Yəqin ki, bu təntənəli məqamı izləmiş hər bir şəxsin boğazını həmin anda qəhər tutub.
Bu il noyabrın 9-da Azərbaycan, dövlətçiliyinin əsas rəmzi olan Dövlət Bayrağının 95 illiyini qeyd etdi. 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikasının (ADR) hökuməti tərəfindən ilk dəfə olaraq üçrəngli Dövlət Bayrağı haqqında qərar qəbul edilib. Qərarda deyilirdi: "Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". Yeni bayrağın müəllifi azərbaycanlı alim, filosof, rəssam və həkim Əli bəy Hüseynzadə idi.
1918-ci il dekabrın 7-də Dövlət Bayrağı Parlament binası üzərində qaldırılıb. Məmməd Əmin Rəsulzadə çıxışında deyirdi: "...Milli Şura tərəfindən ucaldılmış, Azərbaycanın müstəqilliyinin rəmzi olan, türk azadlığını, islam mədəniyyətini və müasirliyi ifadə edən bu üçrəngli bayraq daim başımız üzərində dalğalanacaq...".
10 dekabr 1918-ci ildə "Azərbaycan" qəzetində dərc edilmiş məqalədə bildirilirdi ki, ADR-in Dövlət Bayrağındakı üç rəng "türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının rəmzləridir". Elə o zaman bəstəkar, musiqişünas, ADR-in Dövlət Himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb... Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".
1919-cu ildə şair Əhməd Cavad (Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi) Azərbaycan Parlamentinin binası üzərində dalğalanan bayrağa "Azərbaycan Bayrağı" şeirini həsr etdi.
Sovet İttifaqı illərində unudulmuş Azərbaycan Bayrağının bərpası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin deputatı və Naxçıvan MR Ali Məclisinin sədri olduğu dövrdə məhz onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də - hələ Sovet İttifaqı dağılmamış - üçrəngli bayraq hüquqi cəhətdən bərpa edilib. Naxçıvan MR Ali Məclisinin qərarı ilə o, Muxtar Respublikanın bayrağı kimi qəbul edilib. Naxçıvan MR Ali Məclisinin elə həmin sessiyasında Azərbaycan SSR Ali Sovetinə üçrəngli bayrağın tanınmasına dair müraciət olunub. Sonradan - 1990-cı il noyabrın 29-da "Azərbaycan SSR-in adının və Dövlət Bayrağının dəyişdirilməsi haqqında" fərman verilib və o, 1991-ci il fevralın 5-də Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunub. Noyabrın 12-də isə ümumxalq səsverməsi - referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. Onun maddələrinin birində ölkənin üçrəngli bayrağının təsviri verilib.
Azərbaycan Dövlət Bayrağının bərpasında Heydər Əliyevin rolu haqda danışarkən onun bu qərarı hələ Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdə qəbul etdiyi vurğulanmalıdır. Sonradan Sovet İttifaqının digər respublikaları oxşar addımı yalnız SSRİ-nin dağılmasından sonra atmağa başlayıb və öz tarixi dövlət rəmzlərini bərpa ediblər.
17 noyabr 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sərəncam üçrəngli bayrağın Azərbaycan xalqı üçün əhəmiyyətini göstərir: "Azərbaycan Demokratik Respublikasının yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərləri, ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir".
Elə həmin il prezident "Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında" da sərəncam imzalayıb. Sənədə əsasən, paytaxtın Bayıl qəsəbəsində ərazisi 20 min kvadratmetr olan ərazi yaradılıb və ərazidə eni 60 metr, uzunluğu 75 metr, çəkisi 350 kiloqram, bayraq ağacının hündürlüyü isə 162 metr olan bayrağın hazırlanmasına başlanılıb. Eyni zamanda, ərazidə Bayraq Muzeyinin inşasına da start verilib. 2010-cu il sentyabrın 1-də bayraq təntənəli surətdə planlaşdırılan yüksəkliyə qaldırılıb.
Beləliklə, Azərbaycan Dövlət Bayrağındakı mavi rəng türkçülüyü, türk xalqının azadlığını, qırmızı rəng müasirliyi, modernliyi, yaşıl rəng islam ideologiyasını özündə əks etdirir. Bayraqdakı qırmızı rəng həm də xalqın işğalçıların zülmünə qarşı qəhrəman mübarizəsini əks etdirir. Bu, inqilab, sonu qalibiyyətlə bitən müharibə rəngidir. XVIII əsrin sonlarında Avropada demokratiya və azadlıq uğrunda qaldırılmış bayraqların rəngi məhz qırmızı idi.
Qırmızı fonun üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduza gəlincə, qeyd etmək lazımdır ki, aypara vaxtilə Bizans İmperiyasının rəmzi olub. Sonralar Konstantinopolun türklər tərəfindən ələ keçirildiyi vaxt aypara bütün müsəlman dünyası tərəfindən həmrəylik, dövlətçilik, azadlıq və yardım rəmzi kimi qəbul olunub.
Səkkizguşəli ulduzla bağlı bir neçə versiya var. Məsələn, bildirilir ki, ulduzdakı guşələrin sayı ölkənin adının köhnə əlifba ilə yazılışındakı hərflərin sayını göstərir. Köhnə əlifba ilə yazılmış "Azərbaycan" sözündə məhz 8 hərf var.
Digər versiyaya görə, bu ulduz 8 müstəqil türk dövlətinin olduğunu göstərir.
Səslənən başqa versiyalar da var: səkkizguşəli ulduz 8 böyük sərkərdənin adı ilə bağlıdır; qədim türklərin küləklərə qarşı dözümlü 8 künclü yurdlarına işarədir; bu, Şimali Azərbaycanda mövcud olmuş səkkiz xanlığın birliyinin rəmzidir və s.
Bu gün Azərbaycan Bayrağı tanınır. Müstəqil Azərbaycan Dövlətinin rəmzinə indi bir çox siyasi tribunada və beynəlxalq təşkilatda rast gəlmək olar. Azərbaycanlılar üçün Dövlət Bayrağının 95 illiyinin qeyd olunması böyük fəxrdir. Biz buna görə onu çiçəklənmə və unudulma, Azərbaycan dövlətçiliyinin süqutu və dirçəlişi illərindən keçirərək bu günə gətirib- çıxarmış şəxslərə borcluyuq.
İndi biz Azərbaycan Bayrağının Azərbaycanın bütövlük rəmzi kimi, işğaldan azad edilmiş Qarabağın üzərində dalğalanması arzusu ilə yaşayırıq.
MƏSLƏHƏT GÖR: