29 Mart 2024

Cümə, 14:21

O, ƏBƏDİYYƏT ÜÇÜN ÇALIŞIRDI

Həsən Seyidbəyli - görkəmli kinorejissor və həm də tanınmış yazıçı

Müəllif:

14.01.2014

Məktəb proqramında onun İmran Qasımovla birgə yazdığı "Uzaq sahillərdə" povesti var idi. Əksəriyyətimiz İkinci Dünya müharibəsi zamanı İtaliyada faşizmə qarşı müqavimət hərəkatında iştirak etmiş azərbaycanlı kəşfiyyatçı Mixaylodan bəhs edən bu povestlə tanışıq. Biz onu kitabdan olmasa da, ssenari müəllifinin elə Səmədbəylinin özü olduğu eyniadlı filmdən tanıyırıq. 40-cı illərin sonlarında Səmədbəyli məşhur Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rejissorluq fakültəsini bitirib. Universitetdə o, dahi Sergey Eyzenşteyndən dərs alıb. Bakıya qayıtdıqdan sonrakı ilk illərdə Seyidbəyli sənədli filmlər üçün ssenarilər yazmaqla məşğul olub.

 

İctimai rejissor

Həsən Seyidbəylinin ssenarisi əsasənda çəkilən ilk filmi 1954-cü ildə ekrana çıxıb. Söhbət "Doğma xalqıma" musiqili filmindən gedir. Filmdə baş rolları Rəşid Behbudov, Polad Bülbüloğlu və Sona Aslanova ifa ediblər. "Doğma xalqıma" bədii filminin rejissoru Sovet İttifaqının əfsanəvi musiqili komediyalarının, az qala, yarısını çəkmiş Yan Frid ("Samanlıqda it", ("Sobaka na sene"), "Yarasa" və sair), bəstəkarı isə maestro Niyazidir. Təəssüf ki, film, demək olar ki, günümüzə gəlib çıxmayıb.

Təcrübə topladıqdan sonra bədii filmlərlə məşğul olmağa başlayan Seyidbəyli artıq burada özünü rejissor kimi sınamaq fikrinə düşür. Həsən Seyidbəyli "Telefonçu qız", "Nəsimi", "Bizim Cəbiş müəllim", "O qızı tapın" kimi 8 tammetrajlı bədii filmin rejissorudur. "Doğma xalqıma", "Uzaq sahillərdə", "Qızmar günəş altında" və digər filmlər onun ssenarisi əsasında çəkilib. Onunla Qara Qarayev, Tofiq Quli-yev, Niyazi kimi dahi bəstəkarlar çalışıb, Rasim Ocaqov əməkdaşlıq edib. Seyidbəylinin filmlərində Mirzə Babayev, Həsən Turabov, Amalya Pənahova, Şəfiqə Məmmədova, Nəsibə Zeynalova, Rasim Balayev və bir çox digər tanınmış aktyorlar çəkiliblər.

Bu gün bu dahi rejissorun filmlərinin bərpa olunduğunu qürurla söyləmək mümkündür. Dövlət Film Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımov "R+" jurnalına açıqlamasında bildirib ki, 2011-ci ildə Seyidbəylinin iki bədii filmi bərpa edilib. Söhbət 1966-cı ildə lentə alınmış "Sən niyə susursan?" və "Bizim Cəbiş müəllim" (1969) filmlərindən gedir.

"Həsən Seyidbəylini fərqləndirən cəhət onun ictimai fəaliyyəti idi", - deyə Rasim Balayev bizimlə söhbətində bildirib. - "O, senzuranın olduğu çətin dönəmlərdə hər zaman daha vacib filmlərin çəkilməsinə çalışırdı".

50-ci illərin sonu, 60-cı illərin əvvəllərində İttifaqda "yumşalma" hökm sürürdü. Həmin dövrdə Se-  yidbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri təyin olunur. Azərbaycan kinosunda ən maraqlı filmlər məhz həmin dövrdə yaranmağa başlayır. Eldar Quliyevin "Bir cənub şəhərində", Rasim Ocaqovun "İstintaq" filmləri buna misaldır. Seyidbəyli Moskva ilə bu film uğrunda çox savaşmalı olub. "İstintaq" (bu film ölkəni bürümüş korrupsiya haqda idi) filmi dəfələrlə qadağan olunub, sonradan qadağa növbəti dəfə aradan qaldırılıb.

 

"Nəsimi" filmi - gizli məna

O dövrdə Seyidbəyli "Nəsimi" filmini çəkir. Film dövrün sovet və Azərbaycan tarixi filmlərindən kəskin şəkildə fərqlənirdi. Bir qayda olaraq, həmin filmlər çox baha, eyni zamanda, çox zəif və pafoslu filmlər olurdu. Tamaşaçı belə filmləri sevmir, bu filmə cəmi bir dəfə gedirdi və sonra onu heç yadına da salmırdı - bu gün gənclərin növbəti blokbasterə getdikləri kimi.

"Nəsimi" tam fərqli alındı. Film yaddaşlara yazıldı və sevildi. Ən təəccüblüsü isə tarixi filmin eyni zamanda aktual və müasir alınması idi. Seyidbəyli heç zaman boş yerə, böyük film, qonorar və ya karyera üçün çalışmırdı. O, əbədiyyət üçün çalışırdı.

"Nəsimi" tiraniya dövründə yaşayan düşüncəli insanların taleyini açıq şəkildə ortaya qoyurdu (bu, filmin giriş titrlərində də göstərilir). "Ölkədə başmaqçılar pisdirsə, insanlar pis ayaqqabılarda gəzəcəklər. Amma onun müəllimləri pisdirsə, ölkənin bütün əhalisi cahil olacaq", - deyə mütəfəkkir Seyid İmadəddin Nəsiminin obrazını canlandıran qəhrəman bildirir. Bu cür mətnlər filmin qadağan edilməsi üçün kifa-yət idi. Amma "Nəsimi"ni ölkənin Kinematoqrafçılar İttifaqı sədrinin çəkməsi bu məsələdə böyük rol oynadı.

Filmdə baş rolu oynamış Rasim Balayev deyir: "Həmin illərdə keçirdiyim güclü stress üzündən xəstəxanaya düşmüşdüm. Həmin anda Nəsimi rolunun mənə veriləcəyini dedilər. Bu rola çox ehtiyacım var idi. O anadək bənzər rolum olmamışdı. İndi isə birdən-birə mənə 2 filmdə çəkilmək təklifi gəlmişdi. İkincisi, Arif Babayevin "Ömrün ilk saatı" filmi idi. Vaxt çox az idi. Seyidbəyli isə rolu məhz mənim oynamağımı çox istəyirdi. Bu üzdən məni "Nəsimi" filminin çəkilişlərinə vertolyotla apardılar. İllər sonra Seyidbəylidən niyə məhz məni seçdiyini soruşduqda dedi ki, nə vaxtsa ssenari müəllifi İsa Hüseynovla birlikdə məni televizorda şeir oxuyarkən görüblərmiş. Seçimdə həlledici rolu da bu oynayıb. Bundan başqa, onlar prinsipial olaraq, bu rola tanınmış aktyor seçmək istəmirlərmiş. O zaman bizim kinomuzda baş rolların tanınmış sovet aktyorlarına verilməsi dəbi var idi. Seyidbəyli üçün isə bu, prinsipial əhəmiyyətli məsələ idi - bu rolu azərbaycanlı oynamalı idi".

R.Balayev hesab edir ki, Həsən Seyidbəyli yalnız onun üçün deyil, bütünlükdə Azərbaycan kinematoqrafiyası üçün çox iş görüb. Öz filmlərini çəkməklə, milli kinoya rəhbərlik etməklə, arabir nəsrə də diqqət ayırırdılar. Bugünkü terminlə desək, "kəskinsüjetli nəsr" onun "Cəbhədən cəbhəyə" romanıdır. Roman müharibədən sonrakı ilk illərdə Cənubi Qafqazda kriminalın necə tüğyan etməsindən bəhs edir. H.Seyidbəyli Yaponiya, ABŞ və Yuqoslaviyaya səfərlərindən sonra "Gördüyüm yerlər..." adlı oçerklər məcmuəsini yazıb. O, Xəzər haqqında "Tərsanə" və "Xəzər" roman-dilogiyanın, həmçinin bir neçə pyesin də müəllifidir.

Dekabrın 22-də Azərbaycanda H.Seyidbəylinin ad günü qeyd olunub. O, yaşasaydı, həmin gün onun 93 yaşı tamam olacaqdı...



MƏSLƏHƏT GÖR:

720