25 Aprel 2024

Cümə axşamı, 23:58

TEATRIN ƏFSANƏSİ

SSRİ və Azərbaycanın xalq artisti Hökumə Qurbanovanın ulduzu hər zaman bizə işıq saçacaq

Müəllif:

11.06.2013

Göydə nə qədər ulduzlar var... İrili-xırdalı, işıqlı, solğun... Onların bəzilərini yalnız dəfələrlə böyüdül-müş teleskopla görmək mümkündür, bəziləri isə öləziyən işığıyla güclə nəzərə çarpır. Amma elə ulduzlar da var ki, bərq vurur, zülmətləri aydınladaraq, yolları işıqlandırır... İnsanlar da ulduzlara bənzəyirlər. Elələri var ki, minlərin, milyonların arasında seçilmir. Amma elələri də var, öz işığıyla ətrafı nura qərq eləyir. Hökumə Qurbanova belə insanlardan idi. 

İstedadlı aktrisa, gözəl, məğrur qadın... Bu əzəmətli qadının heyranları çox idi. Onun həm sənətinə, həm də gözəlliyinə məftun olurdular. O isə teatr sənətinin, səhnənin vurğunuydu. Bu sevginin yaşını heç özü də bilmirdi. Bildiyi bu idi: uşaqlıqdan teatr sənəti barədə söhbətlərin, müzakirələrin, mübahisələrin şahidi olmuşdu. Həm də bunlar adi, teatr həvəskarlarının söhbətləri deyildi. Onun anası Malikat xanım görkəmli bəstəkar Müslüm Maqomayevin bacısı idi. Uzun müddət Qubernski (indiki Füzuli - Z.F.) küçəsində Müslüm bəyin olduğu evdə yaşadılar. Dayısının otağı hər gün qonaq-qaralı olurdu. Hökumə xanım kiçik yaşlarından böyük sənətkarların teatr barədə fikirlərini dinləyirdi. 

 

Alın yazısı...

...Hökumə xanım 1913-cü ilin        11 iyununda Bakı şəhərində dünyaya göz açmışdı. Atası Abbasəli Qurbanov da, anası Malikat xanım da incəsənəti çox sevirdilər. Övladlarının isə mükəmməl savad almalarını istəyirdilər. Buna görə də evdə möhkəm qaydalar qoyur, uşaqlarına qarşı tələbkarlıq göstərirdilər. Hökumə xanımın təhsil aldığı 38 saylı qız məktəbində, sonra isə 33 saylı məktəbdə musiqi, ədəbiyyat, dram, tikiş, idman dərnəkləri vardı. Ata-ana uşaqlarının həmin dərnəklərdə məşqlərinə nəzarət edirdi.

İlk dəfə teatra Müslüm bəylə getdiyi günü ömrünün sonunadək ən şirin xatirələrindən biri kimi yada saldı Hökumə xanım. "Leyli və Məcnun" tamaşasına baxdılar. Səhnədə gördüklərini günlərlə xəyalında yenidən canlandırdı, sanki Məcnunun yanıqlı səsi onu hər yerdə müşayiət edirdi. 

Bakı Pedaqoji Texnikumuna daxil oldu. 1931-ci ildə həmin məktəbdə təhsilini başa vurduqdan sonra, Azərbaycan Dövlət Konservatoriyasına qəbul edildi. İki il konservatoriyanın fortepiano sinfində oxudu. Həmin illərdə dramaturq və teatr xadimi Cəfər Cabbarlının təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkildi. 

İlk məhəbbəti ilə məktəbdə tanış olmuşdu. O zaman Hökumə xanım fortepiano sinfində oxuyurdu. Onların arasında yaranmış  dostluq sonra məhəbbətə çevrildi.

Ələsgərin ailəsinin maddi vəziyyəti ağır idi. Ancaq o, böyük sevginin qarşısında bunlar Hökumə xanımın gözünə görünərdimi? Anasına "Əgər ona getməyəcəyəmsə, başqa heç kimə "hə" sözünü məndən eşitməyəcəksiniz!" - dedi. Onların evinə qızı üçün elçiliyə gələn boy-buxunlu, yaraşıqlı oğlanı bəyənsə də, yoxsulluğuna görə qızını vermək istəməyən Malikat xanım Hökumənin inadkarlığı qarşısında güzəştə getməli oldu. 

Onlar evlənəndə Ələsgər Ələkbərov artıq altı-yeddi il idi, Bakı Türk İşçi Teatrının aktyoru idi. Hələ 1927-ci ildə, 17 yaşında onu bu teatra dəvət etmişdilər. 

1933-cü ilin yanvarında Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Bakı Türk İşçi Teatrı Gəncəyə (o dövrdə Kirovabad - Z.F.) köçürüldü. Gənc ailə də həmin şəhərə getməli oldu.

Hökumə xanımın aktrisalıq istedadı o qədər güclü idi ki, bunu görməmək mümkün deyildi. Tezliklə ətrafındakılar bu barədə danışmağa başladılar.

Çox keçmədi, bu teatrın yeni məkanda səviyyəsini yüksəltmək üçün Abbas Mirzə Şərifzadə Bakıdan Gəncəyə gəldi. Aktyorların əksəriyyəti teatr işçiləri üçün ayrılmış xüsusi binada qalırdılar. Hökumə xanımgilin mənzili Abbas Mirzə Şərifzadənin mənzili ilə yanaşı idi. O, Hüseyn Cavidin "Şeyx Sənan" pyesini tamaşaya hazırlayırdı. Teatrın binası təmirdə olduğuna görə və darısqallıq ucbatından məşqlər tez-tez Abbas Mirzənin mənzilində keçirdi.

 

Şərifzadədən dərs

Hökumə xanım həmin günləri sonralar belə xatırlayırdı: "Bizim mənzilləri nazik bir divar ayırdığı üçün məşqlərin gedişini, rejissorun qeydlərini, məsləhətlərini hər dəfə əvvəldən-axıradək aşkar eşidirdim. Özümün xəbərim olmadan burada keçən bütün məşqlərin iştirakçısı olurdum. Xumar rolunun ifaçısı o qədər həssas, çevik olmadığına, ləng işlədiyinə görə, rejissor vaxtının çoxunu ona və Xumara aid parçaların təkrar məşqlərinə sərf edirdi. Mən bir müddətdən sonra ayılıb gördüm ki, Xumar rolunu əzbər bilirəm. Rolu günü sabah oynamağa hazıram. Abbas Mirzənin rejissorluğu ilə Xumar "hazırlamışam". Bu qəribə əhvalatı uzun illər bir mən bildim, bir də Ələsgər Ələkbərov. Üstündən 23 il keçəndən sonra, Dram Teatrında "Şeyx Sənan" tamaşası hazırlananda, Xumar rolunda məşq və çıxış edəndə, tez-tez o qəribə hadisəni və o böyük sənətkarı minnətdarlıqla xatırlayırdım. Mən aktrisa olmaq arzusunu ilk dəfə həmin gizli məşqlərdən sonra duydum...".

Hökumə xanımın istedadı Abbas Mirzənin də diqqətini cəlb etdi. O, Hökumə Qurbanova ilə məşq edirdi. Ələsgər Ələkbərovun ürəyini qısqanclıq alovu bürüyürdü. Elə Hökumə xanım da yaraşıqlı həyat yoldaşını teatrda deyib-güldüyü, məşq etdiyi qızlara qısqanırdı. Gənc ailəyə bir qığılcım kimi düşən qısqanclıq getdikcə alovlanırdı. Narazılıq, inciklik getdikcə çoxalırdı. Bu evliliyi onların yeganə qızları Nailənin varlığı da qurtara bilmədi. 1933-cü ilin oktyabrında Bakıya dönən kimi ayrıldılar.

Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi istedadlı rejissorlarla çalışan Hökumə Qurbanova yeni-yeni rollara dəvət almağa başladı. 

Onlar boşanandan sonra Ələsgər Ələkbərov evləndi. Bir müddət sonra Hökumə xanımı da teatrın baş rəssamı Nüsrət Fətullayevlə ailə qurdu. Rejissor Hafis Fətullayev xatırlayır: "Onlar 25 ilə yaxın bir yerdə ömür sürdülər. Sevimli qızları, şıltaq və mehriban Vəfa bu ailənin bağlarını daha da möhkəmləndirdi".  

Ancaq uzunillik ailə həyatı da boşanma ilə bitdi. Ayrıldılar. Hökumə Qurbanova özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşadı. 

Beləcə, qırıq-qırıq, yarımçıq bir ömür yaşayırdı Hökumə xanım. Xoşbəxtliyi uzun sürmürdü. Onun ən uzun, heç bitməyən sevgisi teatr idi. Burada Hökumə Qurbanova tək idi, bənzərsiz idi, onun yerini burada kimsə tuta bimirdi. Oynadığı hər rol bir yaradıcılıq məktəbi idi.

O, elə aktrisalığa başladığı ilk illərdə ən məşhur, ən parlaq rolları ifa edə bilərdi. Amma... Ələsgər Ələkbərov boşanandan sonra onunla bir yerdə oynamaq istəmirdi. Akademik Milli Dram Teatrının qüdrətli aktyoru bununla da istər-istəməz Hökumə xanımı baş rollardan məhrum edirdi. "Vaqif"də Xuraman,  "Fərhad və Şirin"də Şirin, "Otello"da Dezdemona... Və daha neçə-neçə rolların ardınca baxa-baxa qalırdı Hökumə Qurbanova. 

Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edirdi. Sonralar bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətləndi. Hökumə xanım ifa etdiyi rollar barədə deyirdi: "Mən oynadığım qəhrəmanların heç birinə bənzəmirəm. Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında bənzərlik, oxşar zahiri əlamətlər tapmaq mümkündür. Lakin bütün bunların müqabilində onlar hardasa bir-birindən fərqlənir və ya digər keyfiyyətləri ilə seçilirlər". 

 

Hökumə Qurbanovanın dərsləri

...Həyatın qanunu belədir. Zaman keçir, Hökumə Qurbanovanı səhnədə görənlərin sayı da getdikcə azalırdı. Aktrisanın yaradıcılığına yaxşı bələd olan Hafiz Fətullayev onu belə xatırlayır: "Hökumə xanımgilin evi Bakıdakı 1 saylı məktəblə üzbəüz idi. İkimərtəbəli binanın ikinci mərtəbəsində elə eyvanda əyləşirdik. Hökumə xanım çay və özünün hazırladığı şirniyyatlardan gətirirdi. Onun gözəl evdarlıq qabiliyyəti vardı".

Çox ciddi, tələbkar qadın olub Hökumə Qurbanova. Həm özünə, həm də işinə qarşı. O illərdə sənəti çox yüksək tutur, kiçik bir epizodla bağlı belə günlərlə axtarışlar aparılırdı. Hökumə xanım da yalnız istedadına güvənib arxayınlaşmırdı. O, öz işinə zərgər dəqiqliyi ilə yanaşırdı.

Hökumə Qurbanova Akademik Milli Dram Teatrının səhnəsində "Şeyx Sənan"da Xumar, "Səyavuş"da Südabə, "Antoni və Kleopatra"da Kleopatra, "Fərhad və Şirin"də Şirin, "Od gəlini"ndə Solmaz, "Eşq və intiqam"da Zöhrə, "İnsan"da Səhər və daha neçə-neçə rollar oynadı. Onunla eyni tamaşada çıxış etməyi gənc aktyorlar özləri üçün böyük xoşbəxtlik hesab edirdilər. Çünki Hökumə xanımdan çox şey öyrənirdilər. Elə məşq prosesində onun ifasına valeh olurdular. 

Hafiz Fətullayev təəssüflə deyir: "Hökumə xanım sanki zamanın tilsiminə düşdü. Ötən əsrin 50-cı illərində Azərbaycan teatrı hazırladığı tamaşalarla dünyanı gəzə bilərdi. Amma Sovet hakimiyyəti illərində Azərbaycan teatrına qarşı riyakarlıq edildi. Hökumə xanımın Azərbaycan teatr səhnəsində elə valehedici rolları oldu ki, onlardan heç bir şey qalmadı. Ən yaxşı tamaşaları kinolentinin yaddaşına köçürməklə tarix üçün qorumaq olardı. Çox təəssüf ki, bunu etmədilər. O dövrdə teatrın səhnəsində Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Sofa Bəsirzadə kimi istedadlı aktrisalar da çalışırdı. Ancaq onların arasında Hökumə xanım seçilirdi. Sənət aləmində Hökumə xanım səviyyəsinə çatmaq üçün onun kimi ifaçı olmaq lazım idi". 

Hökumə Qurbanova sənətin zirvəsindəydi. Bu yüksəklikdə dayanmaq ona yalnız sevgilər, pərəstişkarlar bəxş etmirdi: "Hökumə xanımın bədxahları çox idi", - Hafiz Fətullayev deyir. - "Ona çoxları paxıllıq edirdi. Saqarelinin "Xanuma" əsərində Xanuma rolunda çıxış edirdi. Tamaşa zamanı vəziyyətlə əlaqədar o, səhnədən çıxıb, başqa bir libasla gəlməlidir. Hökumə xanım tələsik paltarı götürür ki, geyinsin, görür, kimsə onu qayçı ilə doğrayıb. Tez kostyumçunu çağırıb digər bir tamaşada geyindiyi paltarı gətirməyi tapşırır. Onu geyinib, səhnəyə çıxır və heç bir şey olmayıbmış kimi oyununa davam edir". 

Hökumə xanım "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarmı?"da Kəmalə xanım, "İnsan məskən salır"da Ana rollarına çəkildi. Nədənsə, kinorejissorlar onu daha böyük rollara dəvət etmədilər. Amma 1950-60-cı illərdə çəkilən filmlərin əksəriyyətində baş rolları Hökumə Qurbanova və Əli Zeynalov səsləndirdi.

Kinodan fərqli olaraq, teatrda ona layiq olduğu rollar verildi, ən gözəl tamaşalarda oynadı. 1943-cü ilin 17 iyununda Azərbaycan Respublikasının Əməkdar artisti, 1960-cı ilin 24 mayında Xalq artısti, 1965-ci ilin 2 martında isə SSRİ Xalq artisti fəxri adlarına layiq görüldü.

Hökumə xanımın həyatının sonu çox kədərli oldu. Hafiz Fətullayev deyir: "Son zamanlar ekrana çıxmırdı. Qolu şişmişdi. Hələ o zaman Vəfa sağ idi... Sevimli qızı, Akademik Milli Dram Teatrının istedadlı aktrisası Vəfa Fətullayeva sağalmaz xəstəliyə tutuldu və 42 yaşında dünyadan köçdü. İki ay sonra əmim Nüsrət Fətullayev vəfat etdi. Vəfanın itkisi onun üçün böyük faciə idi. Qızından sonra Hökumə xanım da xəstələndi. Vəfanın vəfatından 10 gün sonra onun haqqında "Ömür vəfa etsəydi" verilişini hazırlamağa başladım. Veriliş çox gözəl alındı. Hökumə xanım həmin verilişə "Leçkomissiya"da baxdıqdan sonra məni qucaqlayıb öpdü. "Ürəyimdən tikan çıxardın", - deyib kövrəldi. Bəlkə sevimli qızının vaxtsız ölümü olmasaydı, Hökumə xanım da çox yaşayacaqdı...''.

Hökumə Qurbanova qızından bir il sonra, 1988-ci ilin 2 noyabrında vəfat etdi. Fəxri Xiyabanda dəfn olundu.

Hökumə xanımın vəfatından sonra Hafiz Fətullayev onun haqqında da veriliş hazırlayıb: "Arxivdən böyük çətinliklə onun iki materialını tapdım. "Fərhad və Şirin"də Xosrovla görüşü, bir də Kleopatra dəniz sahilində. Tofiq Kazımovun quruluşunda 1964-cü ildə səhnələşdirilən "Antoni və Kleopatra" tamaşasında Hökumə xanım Kleopatra kimi mürəkkəb obrazı böyük ustalıqla ifa edib".

Bu il görkəmli aktrisanın 100 illik yubileyi keçiriləcək. Hələ bundan neçə-neçə illər sonra da Hökumə Qurbanovanın adı Azərbaycan teatr salnaməsində bir əfsanə kimi xatırlanacaq. Bu aktrisaya heyranlıq heç zaman bitməyəcək və o, sənət dünyasının ulduzu kimi hər zaman yüksəklikdə məğrur-məğrur dayanaraq, işıq saçacaq.



MƏSLƏHƏT GÖR:

696