25 Aprel 2024

Cümə axşamı, 03:03

O, SƏHNƏDƏN GETDİ

Azərbaycanın görkəmli aktrisası Firəngiz Şərifova vəfat edib

Müəllif:

25.02.2014

Firəngiz xanım deyirdi ki, valideynlərindən qanına o qədər hərarət və özünütəsdiq  həvəsi keçib ki, o, aktrisa olmaya bilməzdi. Müsahibələrinin birində uşaqlıq illərində qardaşı və qonşuları ilə birlikdə daim müxtəlif səhnəciklər qurduqlarını xatırlayırdı. Böyük otağı 2 hissəyə ayıran pərdədən dekorasiya hazırlayır, həm aktrisa, həm də rejissor rolunda çıxış edirmiş - yəni, bədiiliyə meyil artıq o vaxtdan özünü göstərirdi. O, bunu genetik olaraq, dahi aktyorlar - milli teatrımızın korifeyləri Abbas Mirzə Şərifzadə və Mərziyyə Davudovadan götürmüşdü. Və o daim inanırdı ki, həyatda qazandığı hər şeyə görə valideynlərinə və peşəsinə minnətdar olmalıdır.

Abbas Mirzə Şərifzadə onu hələ 6 yaşında ikən səhnəyə çıxarmışdı. Balaca Firəngiz "Oqtay Eloğlu" tamaşasında onun qəhrəmanının bacısını oynayırdı. Amma aktyorluq sənətinin bütün çətinliklərini bilən Mərziyyə xanım qızının bu sənətə yiyələnməsinin qəti əleyhinə idi. Hətta qızının Xoreoqrafiya Məktəbinə daxil olmasına xeyir-dua verəndə də, daha sonra Üzeyir Hacıbəyovun məsləhəti ilə onu Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyası) vokal fakültəsinə yönəldəndə də qadın qızının bu sənəti "özü üçün" öyrənəcəyini bildirirdi - axı hər bir qadının yaxşı duruşu olmalı, o, hərəkət etməyi bacarmalı və əlbəttə ki, təbiət səs veribsə, gözəl oxumalıdır. Onun səhnədəki ilk addımları Bakı Xoreoqrafiya Məktəbinin konsertlərindəki çıxışlarını nəzərə almasaq, Musiqili Komediya Teatrı ilə bağlı olub.

Firəngiz Şərifovanın xatirələrindən: "Bu teatrın o zaman operetta adlandırılan müxtəlif janrlı tamaşaları aktyorlardan, xüsusilə də baş rolun ifaçılarından yalnız vokal bacarığı deyil, həm də yüngül rəqslər, tərəfdaşla son dərəcə çətin dialoqlar vasitəsilə danışmağı tələb edirdi. Mənim qəhrəmanlarım - Gülçöhrə ("Arşın mal alan"),  Keto ("Keto və Kote"),  Durna ("Durna") və digərləri eyni zamanda həm müğənni, həm rəqqasə, həm dram aktrisası olmalı, tamaşaçılara həm böyük ideyaları, həm də səmimi hissləri asan, əyləncəli formada çatdırmağı bacarmalı idilər". 

Musiqili Komedia Teatrı təmirə bağlandıqda, F.Şərifova Gənc Tamaşaçılar Teatrına keçib və burada onun aktyorluq bacarığının yeni tərəfləri üzə çıxıb.

"Bu, fərqli üslub, fərqli material və təbii ki, fərqli tamaşaçılar idi. Amma inanın ki, onlar üçün istər klassik repertuarın qəhrəmanlarının, istərsə də müasirlərimizin - xeyirxah və yüksək mənəviyyata malik qadınların obrazını yaratmaqdan həzz alırdım, çünki bu məndə sənətimə, özümə tələbat olduğunu düşünməyə əsas verirdi"", - deyə o bildirirdi: "Səhnə insanları sınayır. Həm istedadını, həm şərəfini, həm saflığını, həm də yoldaşlıq hissini. Yoldaşlıq hissi isə məncə, yalnız işdə və məişətdə deyil, hər şeydən əvvəl ailədə lazımdır. Həyatda bəxtim çox gətirib: valideynlərimin sayəsində böyük uğurlar qazanmış, müxtəlif cür olan və ən ekstremal vəziyyətlərdə belə özünü ələ almağı bacaran aktrisa olmuşam. Bu bacarıq mənə sonradan ailənin verdiyi xoşbəxtliyi dəyərləndirmək üçün də çox kömək oldu".

Aktrisa yaradıcılıq həyatında bir çox parlaq teatr obrazları yaradıb. O, "Nə üçün yaşayırsan?", "Mahmud və Məryəm", "Ağ dəvə" və bir çox digər tamaşalarda rol alıb.

F. Şərifova "Bir ailəlik bağ evi" (İqor Kvaş, Sergey Yurski kimi aktyorlarla), "Bayquş gələndə", "Gümüş gölün əfsanəsi", "Yay gününün xəzan yarpaqları", "Ən vacib müsahibə" və s. filmlərdə çəkilib.

Firəngiz Şərifovanın Azərbaycan kinosunda həyat verdiyi obrazlar psixoloji dərinliyi, səmimiliyi, inandırıcılığı ilə xarakterizə olunur. Onlar parlaq ekran nümunəsinə çevrilib və uğurlu tale yaşayıblar. Aktrisanın rol aldığı müxtəlif tamaşalar milli televiziya fondunda qiymətli sənət nümunələri kimi saxlanılır. Onun incəsənət sahəsindəki məzmunlu yaradıcılıq yolu 60 ildən artıq bir dövrü əhatə edir və gənc aktyorların bir çox nəsli üçün əsl məktəbdir.

F. Şərifovanın Azərbaycan teatrı və kino sənətinin inkişafındakı böyük xidmətləri yüksək qiymətini alıb. O, bir çox mükafat və fəxri adlara layiq görülüb. Firəngiz Şərifova Azərbaycanın ən yüksək dövlət mükafatı olan "Şöhrət" ordeni ilə də  təltif olunub.

Fevralın 20-də Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Firəngiz Şərifova 90 yaşında dünyasını dəyişib. Görkəmli usta, səmimi və qayğıkeş insanın parlaq xatirəsi onu tanıyanların ürəyində daim yaşayacaq.

 

 

HAQQINDA

Firangiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. 1931-1941-ci illərdə orta məktəbdə oxuyub, eyni zamanda, Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1947-ci ildə bu təhsil ocağının vokal fakültəsini bitirib.

Azərbaycan Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başla-yan Firəngiz Şərifova 1949-1961-ci illərdə Azərbaycan Gənc Tamaşaçılar Teatrında çalışıb, 1961-1965-ci illərdə isə fəaliyyətini Azərbaycan Dövlət Akademik Dram Teatrında davam etdirib. 1965-ci ildə o, yenidən Azərbaycan Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2011-ci ilədək orada işləyib. Firəngiz Şərifova "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi olmuş Eldar Qasımovun  nənəsi idi.



MƏSLƏHƏT GÖR:

647