25 Aprel 2024

Cümə axşamı, 11:13

AZƏRBAYCAN KUMİTESI

Karate üzrə milli Avropa çempionu oldu

Müəllif:

13.05.2014

Azərbaycan karateçilərinin 2014-cü ildə ilk böyük uğuru Finlandiyanın Tampere şəhərində böyüklərin 49-cu Avropa Çempionatına təsadüf etdi. 

Fərdi kumite yarışlarına çıxan 9 karateçimizdən Niyazi Əliyevlə (-67 kq) Şahin Atamov (+84 kq) finala vəsiqə qazanmaqla gümüş medalı təmin etdilər. Final görüşündə hakim haqsızlığı nəticəsində Şahin Atamov türkiyəli Erkan Enesə 0:2 hesabı ilə məğlub olub. Niyazi Əlievin britaniyalı Tomas Cordanla döyüşü 1:1 hesabı ilə bitsə də, hakimlərin rəyi ilə qələbə rəqibə verilib. 

Bürünc medal uğrunda mübarizə aparan iki idmançımızdan Nuranə Əliyeva Eirini-Kristina Kavakapulonu 8:2 hesablı inamlı qələbə ilə məğlub edib. Öz çəkisində favoritlərdən sayılan Ayxan Mamayev (-84 kq) isə təəssüf ki, dizindəki zədə səbəbindən mükafatçılar sırasına düşə bilməyib. O, bosniyalı Meris Muhoviçlə 3-cü yer uğrunda görüşün son saniyələrində 2:3 hesabı ilə məğlub olub.

Fərdi kumite yarışlarında Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş medalları, Nuranə Əliyevanın isə (-50 kq) bürünc mükafatı ilə birlikdə ümumi nəticədə Azərbaycan medal qazanan ölkələr arasında 4-cü pilləyə yüksəlib.

Komanda yarışlarına gəldikdə isə Azərbaycan karateçiləri bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Ağalarzadə, Rafiz Həsənov, Şahin Atamov, Ayxan Mamayev, Niyazi Əliyev və Asiman Qurbanlıdan ibarət komandamız finaladək 3 rəqibini məğlub edib. Komanda kumite yarışlarına ikinci dövrədən qoşulan yığmamız Latviya komandasını 3:0, Dünya Çempionatının finalında hakimlərin dəstəyi ilə milli komandamıza qalib gələn Serbiyanı 2:1, yarımfinalda isə Hollandiyanı 2:0 hesabı ilə üstələyib. Finalda idmançılarımız favoritlərdən olan türkiyəli rəqiblərini məğlub edərək, tarixində ilk dəfə komanda kumite yarışlarının Avropa çempionu olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov “R+”a açıqlamasında komandamızın uğurunu böyük qələbə kimi qiymətləndirib: “Azərbaycan karateçiləri hər zaman güclü olduqlarını göstərməyə hazırdı. Bəzi yarışlarda bizlərə haqsızlıq olsa da, hədəfimiz dəyişmədi. Finlandiyada idmançılarımız əsl fədakarlıq nümayiş etdirdi. Komanda kimi qızıl medal qazanmağımız karateçilərin həm ustalığının, həm də birliyinin göstəricisidir. Karate  Avropanın əksər ölkələrində inkişaf edib. Ona görə hər bir döyüş çox çətin alındı. Xüsusilə finalda meydan sahibi Türkiyə ilə qarşılaşmağımız yaddaqalan oldu. Görüş bərabər hesabla başa çatsa da, hakimlər qələbəni Azərbaycana verdi. Çünki döyüş ərzində biz daha fəallıq göstərdik. Qələbəni biz daha çox istəyirdik”.

Azərbaycan yığmasının liderlərindən olan Şahin Atamov “R+”a müsahibəsində qələbə təəssüratlarını bölüşüb: “Fərdi yarışda çempion olmağa yaxın idim. Sadəcə, hakimlərin qeyri-obyektiv qərarı finalda məğlubiyyətimə səbəb oldu. Zərbə vursam belə, mənə xal vermirdilər. Məhz bu səbəbdən yekunda gümüş medalla kifayətlənməli oldum. Kumitə yarışlarında isə Azərbaycan millisi hamıdan güclü olduğunu sübut etdi. Komandamızın hər bir üzvü qızıl medala gedən yolda qələbə üçün əməyini əsirgəmədi”.

Xatırladaq ki, Azərbaycan yığması Finlandiyada keçirilən Avropa Çempionatında millinin lideri Rəfael Ağayev olmadan mübarizə aparıb. Dördqat dünya və altıqat Avropa çempionu olan Rəfael Ağayev zədə səbəbindən mötəbər yarışda komandamıza kömək etməyib. 



MƏSLƏHƏT GÖR:

542