25 Aprel 2024

Cümə axşamı, 21:55

REJİSSOR PEŞƏSİ

Arzu Urşan: "Ədalətsİzlİyə, çətİnlİklərə və problemlərə müqavİmət göstərmək həmİşə lazimdir"

Müəllif:

15.01.2013

Bu gün tez-tez deyirlər ki, Azərbaycan kinematoqrafiyası  yaxşı günlərini yaşamır. Əsas amil kimi Azərbaycan rejissorlarının getdikcə daha az film çəkməsini göstərirlər. Amma bu məsələnin ətrafında çox durmayacağıq, nəzərə almalıyıq ki,  problemi  mütəxəssislər araşdırmalıdır. Bizsə yalnız ümumi qəbul olunmuş mövqenin əleyhinə olaraq bildiririk ki, əgər yeni film çəkən gənc azərbaycanlı rejissorlar işləyirlərsə, deməli, Azərbaycan kinosu var. Bu yaxınlarda İctimai kanalda gənc azərbaycanlı rejissor Arzu Urşanın Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyi "Təqib" filminin premyerası keçirilib. Yeni Azərbaycan gerçəkliklərinin  "ötürücüsü" olan rejissor Urşan öz peşə müstəvisində az uğur qazanmayıb. 

Sumqayıtda doğulub. Məktəbi bitirdikdən sonra Moskva Dövlət Mədəniyyət İnstitutuna (MQİK) daxil olub. Bundan sonra Rusiya Teatr İncəsənəti Akademiyasında oxuyub, daha sonra Moskva Dövlət Estrada Teatrında təcrübə keçib. Rejissor assistenti kimi aktyorlarla işləməkdən başlayıb, Milli Kinematoqrafiya Mərkəzində rejissor və Azərbaycan Dövlət Tele-Radio Şirkətində (AzTV) beynəlxalq proqramlar redaksiyasının rejissoru işləyib. Həmin dövrdə Arzu xanım Çin haqqında televiziya filmləri silsiləsi hazırlayıb və rus redaksiyasında "Vo ves qolos" adlı radioverilişin müəllifi və aparıcısı olub. 2003-cü ildə AVANTİ (İsveçrə) proqramı çərçivəsində rejissor Kşiştof Zanussi (Polşa) və kinodramaturq Daqmar Benkenin (Almaniya) yanında master-klass keçib. 

Hazırda "AzBuki" (Moskva) prodüser mərkəzində ssenarist və rejissordur. Rusiynın Dövlət Tele-Radio Şirkətinin (VQTRK) sifarişi ilə çəkilmiş "Onegin üçün məbəd. Şöhrətdən sonra" sənədli filminin müəllifi və rejissorudur. Film "Rossiya 1" kanalında 2010-cu ildə göstərilib. Sənədli film SSRİ-də 60-80-ci illərdə məşhur olan nəğməkar şair Onegin Hacıqasımovun qeyri-adi taleyinə həsr edilib.  2011-ci ildə "Onegin üçün məbəd. Şöhrətdən sonra" filmi Obninsk şəhərində keçirilən VI Beynəlxalq kinofestival "Vstreça"da "Ən yaxşı televiziya filmi" mükafatını alıb. 

2012-ci ildə Arzu Urşanın "Top düşməli və qalxmalıdır" sənədli filmi IV beynəlxalq idman kinosu festivalında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Portuqaliya, Ukrayna, İran, Özbəkistan və başqa ölkələri təmsil edən 150 film arasında "Ən yaxşı sənədli film" nominasiyasının qalibi olub. Azərbaycan futbolunun 100 illiyinə həsr edilmiş bu film həmçinin Milanda keçirilmiş beynəlxalq idman filmləri kinofestivalında (Sport Movies & TV - Milano International Ficts Festival) "Fəxri çiçək hörüyü"nə layiq görülüb və İstanbulda keçirilmiş beynəlxalq idman filmləri festivalında "İdman klubu haqqında çəkilmiş ən yaxşı film" nominasiyasında qalib olub. 

Bu gün biz Arzu Urşanla "Təqib" filminin çəkilişinin işçi prosesi, baş qəhrəmanı və süjet gözlənilməzlikləri barədə danışırıq. 

- Anarın hekayəsi əsasında film çəkmək ideyası necə yarandı?

-  2004-cü ildə Anar müəllim öz "Qırmızı limuzin" hekayəsini oxumaq üçün mənə verdi və təklif etdi ki, onun əsasında film çəkim. Həmin vaxt mən Moskvaya köçdüm və başqa layihələr üçün rejissura ilə məşğul oldum. Keçən ilin əvvəllərində isə Anar müəllim mənə zəng edib bildirdi ki, Azərbaycanın İctimai telekanalı bizim ssenari ilə maraqlanıb və tammetrajlı film çəkmək niyyətindədir. Mən bu xəbərdən çox sevindim. Telekanalın rəhbərliyindən etdiyim yeganə xahiş - mənə Moskvadakı çəkiliş qrupumla işləmək azadlığının verilməsi idi. Bura kinooperator Yuri Yermolin və səs rejissoru Mixail Buyanov daxildir ki, onlar Rusiyanın aparıcı kinematoqraflarıdır. 

Filmin aktyorlarının seçimi bu ilin yazında aparılıb. Etiraf edirəm ki, kastinqə gəlmiş o qədər insan içində mənim üçün seçim aparmaq çox çətin idi. Onların çoxu gözəl aktyorlar idi. Qeyd etmək istəyirəm ki, Azərbaycanda əsl istedadlı aktyorlar var və onları qiymətləndirmək lazımdır! Mən ilk öncə baş rol üçün aktyor seçmək, sonra isə qalanlarını ona uyğunlaşdırmaq qərarına gəldim. Filmin baş qəhrəmanı Səttar roluna Rusiyanın "Lenkom" teatrının aktyoru Sergey Çonişvilini çəkmək istəyirdim. Biz onunla filmdə iştirak imkanı məsələsini müzakirə etmişdik. Amma filmin büdcəsi bizə yüksək qonorar xərcləmək imkanı vermədi. Biz baş qəhrəman axtarışını davam etdirdik. Mən müğənni Sərxan Sərxanla çoxdan tanışam və bilirəm ki, o, mahnılarında özünü çox emosional ifadə edir, həm də onun kino təcrübəsi olub. Risk etməyi qərara aldım. Öz rejissor hissiyyatıma və onun imkanlarına arxalandım. 

- Amma Sərxan Sərxan peşəkar aktyor deyil. O cəmi bir dəfə filmə çəkilib. İfaçıya baş rolu etibar etmək qorxulu deyildi ki?

- Sərxan Sərxan istedadlı adamdır. O, mahnılarında özünü incə və təsiredici şəkildə ifadə edir. Hər ikimiz Moskvada yaşayırıq və ikimiz dəfələrlə həyat haqqında söhbətlər aparmışıq/. Mənə elə gəlirdi ki, qəhrəmanımın və Sərxanın durumu çox oxşardır. Həm də mənə elə adam lazım idi ki, öz hisslərini sözsüz, tək baxışları ilə göstərməyi bacarsın. Öz düşüncələrimi İctimai telekanalın rəhbəri İsmayıl Ömərovla bölüşən zaman, o məni dəstəklədi. Tanınmış estrada ifaçısını yeni təcəssümdə görmək onun özü üçün də maraqlı idi. Moskvaya - Sərxana zəng elədim və dərhal kinoya qayıdışı ilə bağlı təbrik elədim. O, yalnız bunları soruşdu: "Əşyalarımı nə vaxt toplayıb Bakıya uçum?".

- Filmdə çəkilmiş başqa aktyorlar barədə də danışın?

- Başqa aktyorları biz Bakının müxtəlif teatrlarında tapdıq. Özüm üçün çox sayda istedadlı aktyor aşkarladım. Azərbaycanın əməkdar artistləri Mehriban Zəki və Naina İbrahimova, Nigar Güləhmədova, Bəhram Bağırzadə. Bir sözlə, çox peşəkar aktyor komandası yığıldı. Yeri gəlmişkən, filmin musiqisini bəstəkar Rauf Əliyev yazıb, quruluşçu rejissoru isə Şahin Həsənovdur.

 - Film baradə danışın, nədən bəhs edir?

- Həyati dəyərlərin yenidən qiymətləndirilməsindən. Maraqlıdır ki, ssenarini oxuyan hər kəs qeyd edir ki, bu əhvalat onun öz həyatında baş verib. Öz vaxtımızda bizim hər birimiz bu cür problemlərdən, enişlərdən və yoxuşlardan keçmişik. Biz baş qəhrəmanın  dəyişməsini çağdaş Azərbaycanın fonunda göstəririk. 

Səttar tamamilə uğur qazanmış jurnalistdir və birdən həyatının əvvəlki qaydaları ilə yaşamaqdan imtina edir. O, qədim memarlıq binasında yaşayır və mənzilin divarları arasında onun əcdadlarının izi qalıb. Bir dəfə bir nəfər onlara gəlir və bu evi almaq istədiyini deyir. Əgər rəmzlərlə danışsaq, ev bizim həyatımız, keçmişimiz və gələcəyimizdir. Onun təmiri və ya yenidən qurulması, hətta planlaşmasında edilən ən kiçik dəyişiklik evin bugününü deyil, gələcəyini də dağıdır. Bu kinoda bildirilir ki, nə baş verirsə-versin, ədalətsizliklə, çətinliklərlə və problemlərlə  həmişə mübarizə aparmaq lazımdır. 

Filmdə baş qəhrəmanı qırmızı maşın izləyir. O, yuxularına girir, hər yerdə gözünə görünür. Bu sanki yabançı hər şeyi - şəhər bəzəklərini, qlamuru, bahalı vitrinlərin parıltısını özündə əks etdirən hansısa matrisadır. Bu, öz yolundan keçmişləri silən çağdaşlığın özünəməxsus simvoludur. Mən filmin nə ilə bitdiyindən danışmayacağam. Qoy  tamaşaçılar özləri görsünlər. 

- Sizin ən yaddaqalan filmlərinizdən biri "Onegin üçün məbəd. Şöhrətdən sonra"dır. Əsərin çəkilişi barədə danışın. 

-  Mən onu VQTRK-in (Rusiya Dövlət Tele-Radio Şirkətinin) sifarişi ilə çəkmişəm. Oneginin anası Mahtəban xanım rus ədəbiyyatını və poeziyasını çox gözəl bilirmiş. Oğlu 1937-ci ildə, yəni Aleksandar Puşkinin ölümünün 100 illiyi qeyd olunan il dünyaya gəldiyi üçün ona öz sevimli qəhrəmanlarının adını veriblər. Onegin Hacıqasımov bütün ölkəyə səs salmış mahnıların - "Aleşkina lyubov", "Pozvoni", "Vostoçnaya pesnya"nın müəllifi idi. Onun populyarlığının zirvəsi 1960-1980-ci illərə düşüb. Və birdən, çox sayda fanatlarını heyrətə salaraq, Onegin səhnəni tərk edir, öz həyatını köklü şəkildə dəyişir. O, Moskvadan gedir, pravoslav kilsəsində xristianlığı qəbul edir və müqəddəs Optina səhrasında rahib Siluana çevrilir. Onun həyat gerçəkliklərini bərpa etmək üçün mən arxivlərdə çox əlləşdim. Amma təəssüf ki, onun yaşadığı monastıra çatanda aydın oldu ki, o artıq sağ deyil, xərçəngdən ölüb. Çox təəssüf ki, onu görə bilmədim. Amma onun həyat hekayəsi çox kədərli və sərt alınıb. 

-  Planınızda nə var? Yəqin ki, yenə də növbəti film barədə düşünürsünüz?

- Nar haqqında film çəkmək istəyirəm. Rəmzlər vasitəsilə mənim ölkəmin tarixi, ənənələri və adətləri barədə danışmaq istəyirəm. Həmçinin xalq artisti Eldar Mansurovun qədim nəslinə həsr edilmiş sənədli film çəkmək istəyirəm. O, məşhur tarzən Bəhram Mansurovun ailəsində dünyaya gəlib. Mansurovlar nəsli zəngin musiqi ənənələrinin qoruyucusudur, Məşədi Süleyman bəy Məşədi Məlik-Məmməd bəy oğlunun (Eldar Mansurovun babasının) evini "muğam evi" adlandırıblar, çünki orada tanınmış muğam ifaçıları yığılıblar. Mansurovların əcdadlarından hər biri Azərbaycaın tarix və mədəniyyətində təkrarsız iz qoyublar. Mənim növbəti filmim bu barədədir. 



MƏSLƏHƏT GÖR:

394