25 Aprel 2024

Cümə axşamı, 18:06

ONDAN SONRA... CAZ QALDI

Azərbaycan dahİ cazmen Vaqİf Mustafazadədən qalan zəngİn musİqİ İrsİnİn sahİbİdİr

Müəllif:

15.01.2013

Azərbaycanda caz bir yaşayış tərzi, bir tarixdir. Bizdə onu sevirlər, özü də uşaqdan tutmuş, böyüyə kimi. Və bu, doğrudan da belədir. Caz Azərbaycanda XX əsrdə yaranıb və tədricən Bakı aparıcı "caz şəhərləri"ndən birinə çevrilib. Odur ki, ölkəmizdə caz yeni istiqamət deyil, bir ənənədir. Və bu ənənənin əsasını muğamı klassik cazla birləşdirmiş Vaqif Mustafazadə qoyub. Böyük improvizator və böyük insan.

Vaqif Mustafazadə nə edib? Aşağıda söz açacağımız musiqi nailiyyətləri ilə yanaşı, onun sayəsində bir çoxlarımız bu qeyri-adi musiqi janrının həvəskarına çevrilmişik. Bu, elə bir jarndır ki, insana gözəlliyi qiymətləndirmək bacarığı aşılayır. Bu gün Azərbaycanda yalnız caz musiqisi səsləndirən ayrıca FM radiostansiya var , televiziyada "Caz saatı" efirə gedir, Bakının mərkəzində isə Caz Mərkəzi fəaliyyət göstərir. Hər il ölkəmizdə Beynəlxalq Caz Festifalı keçirilir və həmin günlərdə paytaxtımız dünyanın caz mərkəzinə çevrilir, buraya hər yandan böyük və tanınmış musiqiçilər toplaşır.  

Bu gün Azərbaycanın caz ifaçıları da vaxtaşırı olaraq xarici səhnələrdə çıxış edir. Onları artıq  bütün dünya tanıyır. Onlar bir çox beynəlxalq festivalların və musiqi müsabiqələrinin qalibləridir. Bu sırada Salman Qəmbərov, Rain Sultanov, Əminə Fiqarova, Əzizə Mustafazadə, İsfar Sarabski və başqalarını göstərmək olar. Və bütün bu sənətkarlar əsasını Vaqif Mustafazadənin qoyduğu caz ənənəsinin sayəsində yetişiblər. 

 

Onu itirdik, caz isə qaldı...

Zaman 1979-cu ilin 16 dekabrı idi. O gün Daşkənddə konserti var idi. Sən demə, musiqisevərlər heyranlıqla onun uzun barmaqlarından qopan musiqiləri dinlədikcə, Vaqif Mustafazadənin ürəyi də səhnədə son akkordlarını vururmuş. Bu dünya ilə bir fitri istedad sahibi vidalaşırdı. Və dünyamız caz sənətinin ən gözəl ifaçılarından birini, musiqi sənəti yoluna saz-muğam adlı yeni cığırla çıxan, bəstəkar, pianoçu, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadəni 39 yaşında itirdi. 

...İçərişəhərdə - 1940-cı ilin 16 martından başlanmışdı ömür yolu. Adını Vaqif qoymağı valideynlərinə şair Səməd Vurğun məsləhət gördü. Doğmalarını qeyri-adi bacarıqları ilə hələ kiçik yaşlarından fərəhləndirməyə başladı. Üç yaşında ikən anasından bircə dəfə eşitdiyi şeir parçasını eyni ilə təkrar elədi. 

Ailələrində Vaqifə qədər də musiqiyə sonsuz sevgi var idi. Hərbi həkim olan atası Əziz Mustafazadə musiqi aşiqiydi. Arabir ailəsini başına yığıb tarda muğamlar ifa edərdi. Anası Zivər Əliyeva isə dahi Uzeyir bəyin tələbəsiydi. O, Azərbaycanın ilk qadın pianoçularından biri, fortepianoda muğamların mahir ifaçısıydı. Vaqif anasının ifasında xalq mahnılarımızı, muğamlarımızı, həm də klassik bəstəkarların əsərlərini dinləyə-dinləyə böyüyürdü.

Atasının ölümündən sonra anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başladı. Zivər xanım məktəbdə musiqi müəlliməsi idi. Vaqif musiqi sənətində ilk dərslərini əvvəl anasından, sonralar həm də  təhsil aldığı orta ixtisas musiqi məktəbində aldı. Amma Bethoven, Bax, Şopen, Motsart kimi klassik bəstəkarların əsərlərini öyrədildiyi tərzdə deyil, onlara yeni çalarlar qata-qata ifa eləyirdi. Oğlunun klassik piano ifaçısı olmasını arzulayan Zivər xanım buna görə narahatlıq keçirirdi. Amma Vaqif böyüdükcə hər kəsi öz parlaq istedadına daha çox inandırırdı.

Caz-bluz üslubunda yazan Corc Gerşvinin "Sevdiyim insan" əsərini ifa eləyəndə doqquz yaşındaydı. Bəlkə də o zaman Vaqif ilk dəfə haqsızlıqla qarşılaşırdı. Caza olan sevgisini anlamayanlar karikaturasını çəkib divar qəzetinə vurdular. Bununla da məsələ bitmədi. Şagird olduğu illərdə dəfələrlə yersiz iradlara tuş gəldi. Amma yolundan dönmədi. İradların, tənqidlərin, qədirbilməzliklərin hələ ən kəskinlərinin irəlidə olduğundan xəbərsiz ömür yoluna davam etdirdi. 

Caz Vaqif Mustafazadə ömrünə yol-yoldaşıydı. O, 1963-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdi. Ancaq nə həmin məktəbdə, nə də sonralar fortepiano şöbəsində təhsil aldığı Azərbaycan Dövlət Konservatoriyasında caz üzrə dərs almadı. Ənənəvi cazı Bil Evans, Çarli Parker, Sesil Teylor, Maykl Tayner, Əhməd Camal və digər caz ustalarının ifasını dinləyərək öyrəndi. Konservatoriya illərindən tanınmağa başladı. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edirdi. İfa etdikləri, əsasən, klassik caz, bluz və oynaq mahnılarıydı.

1960-cı illərin əvvəllərindən caz musiqiçisi kimi Azərbaycandan kənarda tanınmağa başladı. 1964-cü ildən Gürcüstanda "Orero" ansamblında çalışdı. 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında yaratdığı "Qafqaz" caz-triosu ilə yaradıcılığını genişləndirdi. Caz festivalları, konsertlər onun sənətkar kimi təkcə gürcü dinləyicilərinə deyil, dünyada tanınınmasına yol açdı. Tallində keçirilən "Tallin-66" ümumdünya caz festivalında göstərdiyi yüksək nəticə isə Vaqif Mustafazadənin böyük uğuruydu. Bu mükafatdan sonra Bakıya döndü. Gürcüstada görüb sevdiyi, "Orero" ansamblında bir yerdə çalışdığı Elza Bandzeladze ilə birlikdə qayıtmışdı doğma şəhərinə. 

 

Çətinliklərə rəğmən

O, bütün varlığı ilə muğama bağlıydı və həm də cazı çox sevirdi. Odur ki, caz sənətinə muğamın, təsniflərin ecazkarlığını gətirmək qərarına gəldi. Çətin yol seçdi. Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratdı. Vaqif Mustafazadəni Azərbaycan Muğam Caz Hərəkatının memarı sayırlar. Yaranma tarixinə və məkanına görə bir-birlərindən uzaq olan cazla muğamı qovuşdurdu. Ona qədər Yaxın Şərqdə ilk opera, ilk qadın opera müğənnisi, ilk balet, ilk simfonik orkestr bu ölkənin adı ilə bağlı olmuşdu. Azərbaycan musiqi sənətində bir ilkə də Vaqif Mustafazadə imza atdı. Təkcə Azərbaycan musiqisinə deyil, dünya musiqisinə yenilik gətirirdi.

Məşhurlaşdıqca ona qarşı qısqanclıqlar daha da artırdı. Uğuruna əvvəlcə sevinən musiqiçilərin də çoxu bir müddət sonra Vaqif Mustafazadəyə laqeydlik, ədalətsizlik göstərməyə başladılar. Sıxışdırmaların, ruhdansalmaların gücü onu sənətdən uzaqlaşdırmağa yetmirdi. Vaqif Mustafazadə böyük istedadını musiqi sənətinə verirdi. Kimsəyə kin bəsləmədən işləri ilə məşğul olurdu. Özü üçün tərtib etdiyi iş qrafiki olduqca sərtiydi. Bəzən uzun barmaqları döyənək olur, onu günlərlə işindən ayırırdı. Barmaqları yorulub müvəqqəti dayananda sənət yoluna musiqi sevgili ürəyi təkbaşına davam edirdi.

Əsərlərində, ifasında yanlışlıq tapa bilmirdilər. O zaman xarici görkəmində, yəni geyimində, gur saçlarında, bığında nöqsan axtarırdılar. Efir qapılarını üzünə bağlamağa, geniş tamaşaçı kütləsinin onu tanınmasına mane olmağa çalışırdılar. Bütün bunlar Vaqif Mustafazadəni yaradıcılığınqdan ayıra bilməsə də səhhətinə təsir göstərirdi. İyunun 18-də gərginliyə tab gətirməyən ürəyi ilk böyük ağrısını aldı. 1969-cu ilin həmin günü o, birinci dəfə infarkt keçirtdi. Həkimlərin səyi, xəstənin həyat eşqi bəhrəsini verdi. Qapısınadək gəlib-çıxmış ölüm bu dəfə Vaqif Mustafazadəsiz geri döndü...

Ömrünün o kədərli ilini qızı Əzizənin dünyaya gəlişi sevincə çevirdi. Bu qız Vaqif Mustafazadə adını yaşadacaq, onun bitməmiş arzularının davamçısı olacaqdı. Sakit, rəhmli və həssas Vaqif o ilk infarktlı günlərində ifa edə bilmədiyinə görə əsəbiləşirdi. Həyat yoldaşı onda birinci xəstəliyindən bir qədər sonra qəribə hallar yarandığını görürdü. Vaqif bir ümidsizliyinmi, ya da dözümsüzlüyünmü, tələskənliyinmi çırpıntıları içərisindəydi və daha çox işləmək istəyirdi. 

Qəlbinin səsini dinləyir, qiymətli vaxtını sevdiyi sənətə ayırmağı üstünlük verirdi. Ətrafında isə çox şeylər dolandırırdılar. Onu yenə ən adi şeylərə görə qınayırdılar. Hər şeyi qəsdən şişirdir, barəsində söz-söhbətlər yayırdılar. 

İlk infarkt onu dərmanlara, iynələrə möhtac eləmişdi. Şəhərdə tiryək, narkotika aludəçisi olduğu barədə şayiələr yayırdılar. Bunlar Vaqif Mustafazdənin şöhrətlənməsinə mane olmadu. Nə bu haqsızlıqlar, nə də sağlamlığına ciddi zərbə vurmuş xəstəlik əlini işdən soyutmadı. İş qrafiki yenə əvvəlki qədər ciddi, sərt idi. 

 

Sonuncu caz

1970-ci ildə "Leyli" vokal kvartetini yaratdı. 1971-ci ildən 1977-ci ilədək "Sevil" vokal-instrumental qrupuna başçılıq etdi. Fortepiano konsertlərinin, "Muğam" simfoniyası və başqa əsərlərin müəllifi kimi tanındı.

Bacarığını keçirdiyi konsertlərlə bərabər, qatıldığı müsabiqələrdə də göstərirdi. "Tallin-66? uğurundan sonra  "Tbilisi-78? caz festivalının laureatı oldu. 1978-ci ildə Monakoda keçirilən VIII Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyərkən" əsərinə görə birinci mükafatı qazandı. 1979-cu ildə ona Azərbaycanın əməkdar incəsənət xadimi adı verildi. 1982-ci ildə, ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görüldü. Caz ustası 1977-ci ildə yaratdığı, 1979-cu illədək başçılıq etdiyi "Muğam" caz-triosunun üzvləri ilə birlikdə çalışırdı. Birlikdə məşqlər edir, konsertlərə hazırlaşırdılar.

Dekabrın 16-sı Daşkənddə konsert salonundaydılar. Vaqif Mustafazadənin halı hələ konsertdən öncə pisləşmişdi. Həyat yoldaşına qulaqlarının ağrıdığından şikayətlənmişdi. Bunun ikinci infarktın əlaməti olduğunu bilmirdilər. Müraciət etdikləri yerli həkim də qorxulu heç nə olmadığını söylədi. Həkim "Bəlkə kamfora verək", - dedi. Uzun illərin həkim müayinələrindən, müalicələrdən cana doyan, bədəni artıq iynə qəbul eləməyən Vaqif sərt şəkildə etirazını bildirdi. Sanki canındakı ağrılara, yaxınlaşmaqda olan ölümə meydan oxuyurmuş kimi axşam səhnəyə çıxdı. 

Onun istəyi ilə həyat yoldaşı konsertlərdə həmişə royalla üzbəüz, Vaqifin onu görə biləcəyi yerdə dayanırdı. Bu dəfə Elza xanım hiss etdi ki, həyat yoldaşı halsızdır.  Ancaq o, inadla səhnədə addımladı, royalın arxasına keçdi. Vaqif Mustafazadənin barmaqlarından süzülən ecazkar musiqi sədaları sanki salonu öz ağuşuna aldı. Vaqif sevdiyi əsərlərdən birini: Gerşvenin "Ən çox sevdiyim adam" əsərini çalırdı.

İfa kəsildi. Böyük ustad iri addımlarla səhnədən çıxdı. Elza xanım həyat yoldaşının ardınca qaça-qaça həyəcanla  qışqırdı: "Pərdələri bağlayın". Pərdələri endirdilər. Ayaq üstündə dayana bilməyən Vaqif Mustafazadə pərdədən bərk-bərk yapışmışdı. Getdikcə vəziyyəti daha da ağırlaşırdı. "Təcili yardım” maşınını gözləməyib öz maşınları ilə onu xəstəxanaya apardılar.

Xəstəxanada onu müayinə etdilər. Nəbzi zəif vururdu. Qan təzyiqi aşağıydı. Tibb işçiləri xəstənin yaxınlarına "Deyəsən, infarkt yoxdur", - təşəlli verirdilər. Onu qaldıqları otelə gətirdilər. Yenə inad edir, dərman qəbul eləmək istəmirdi. 

Ölüm hər kəsə bir donda görünür deyirlər. Bəlkə də Vaqif Mustafazadəni aparmağa o, mələk donunda gəlmişdi. Ölümqabağı elə bil, onun siması işıqlanır, daha cazibədar olurdu. Həmin gecənin səhəri - saat yeddidə dünya artıq Vaqif Mustafazadəsini itirmişdi. Elza xanımın xahişini yerinə yetirdilər. Bir neçə saat sonra onları Daşkənddən Bakıya yola saldılar. Vaqif Mustafazadə dünyadan köçdüyü gün sevimli qızı Əzizənin 10 yaşının bitməsindən 3 gün keçirdi.

Musiqi tariximizdə Vaqif Mustafazadə adı fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi kimi qaldı. "Yuxu görürəm", "Onsuz həyat olurmu?", "Çox da aramızda körpülər yoxdur" əsərlərinin isə yalnız adı var. Bu əsərlərin melodiyalarını öz qəlbindən, düşüncələrindən alaraq nota köçürməyə Vaqif Mustafazadənin ömrü yetmədi...



MƏSLƏHƏT GÖR:

831