29 Mart 2024

Cümə, 12:10

İKİ KÖRPÜ

Türkiyə və İran ikitərəfli geosiyasi ittifaq məsələsində tarixi nailiyyətə imza ata bilərlər

Müəllif:

17.06.2014

Həsən Ruhaninin Türkiyə səfəri İran prezidentinin son 18  ildə qonşu ölkəyə etdiyi ilk rəsmi səfər kimi tarixə düşdü. Ondan əvvəl yenə də Ankaraya rəsmi səfəri islam respublikasının o zamankı prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani 1996-cı ildə etmişdi. O vaxtdan ətraf regionlarda - Yaxın Şərqdə və Cənubi Qafqazda vəziyyəti dəyişən çox hadisələr yaşanıb, çox dəyişikliklər olub. Qonşu ölkələrdən bir neçəsində qanlı müharibələr yaşanıb, xaos hökm sürüb. Amma maraqlıdır ki, Türkiyə ilə İran son bir neçə onilliyin sınaqlarından başıuca çıxa biliblər. Bir sıra əngəllərə rəğmən (Türkiyədə daxili siyasi gərginlik, xarici qüvvələrin kürd problemini qızışdırması, İranın üzləşdiyi beynəlxalq sanksiyalar), hər iki ölkə mövqeyini kifayət qədər gücləndirməyə, regionun liderliyinə iddiasını ortaya qoymağa  nail  olub.

Bütün bunlarla yanaşı, istər Türkiyənin, istərsə də İranın siyasi elitasında birgə səylər nəticəsində daha çox şeyə nail olmağın mümkünlüyünü daha yaxşı anlamağa başlayıb. Bunu tarixi təcrübə də göstərir: Türkiyə ilə İran arasında əsrlərlə davam etmiş qarşıdurma yalnız islam Şərqinin bu iki dövlətinin zəifləməsinə, onlarda dövlətçiliyin tamamilə məhvinə çalışan dünya güclərinin xeyrinə olub. Bu gün isə Türkiyə ilə İran imkanlardan rasional istifadə etməklə, ikitərəfli geosiyasi ittifaq məsələsində tarixi nailiyyətə imza ata bilərlər. İran prezidenti Həsən Ruhaninin bir fikri də təsadüfən işlədilməyib: "İran Şərqə, Türkiyə isə Qərbə körpüdür. Gəlin, bu iki körpünü birləşdirək".

Əlbəttə ki, qeyd olunan ittifaq haqda danışmaq hələ çox tezdir. Amma əsas odur ki, hər iki dövlət ikitərəfli potensialdan bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün istifadə etmək niyyətindədir və İran prezidentinin Türkiyəyə səfəri də bunu təsdiqləyib.

Türkiyənin dövlət başçısı Abdullah Gül İranı ölkəsinin "köhnə, dəyərli dostu" adlandırıb. Onun sözlərinə görə, iki ölkə liderlərinin görüşündə ikitərəfli əlaqələrin inkişafına, möhkəmləndirilməsinə sadiqlik ifadə olunub.

Həsən Ruhani isə Türkiyənin regionun vacib dövləti olduğunu etiraf edib, bu səbəbdən də, onunla dost münasibətlərinin inkişaf etdirilməsinin Tehranın xarici siyasətinin  prioritetləri arasında yer aldığını söyləyib.

Qeyd edək ki, Türkiyə - İran münasibətləri Həsən Ruhaninin islam respublikasının prezidenti seçilməsindən sonra yeni impuls qazanıb. Ondan əvvəl İran prezidenti postunu tutan Mahmud Əhmədinejadın dövründə Ankara ilə Tehran arasında münasibətlər kifayət qədər ehtiyatlı xarakter  daşıyırdı. Hər halda, Türkiyə tərəfi Əhmədinejadın beynəlxalq arenada hər kəsə meydan oxuyan davranışlarından məmnunluq ifadə etmirdi. Çünki onun bu siyasəti Ankaranı maraqlandıran regionlarda, xüsusilə Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olurdu. Həsən Ruhani isə hakimiyyətə gələr-gəlməz, dünya birliyi ilə münasibətlərin yaxşılaşdırılması kursu götürüb, ilk növbədə, qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa çalışır. Onun bu səyləri artıq regional təhlükəsizliyə öz müsbət təsirlərini göstərməkdədir.

Ankara-Tehran münasibətlərinin genişləndirilməsi kursuna bu ilin yanvarında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın islam respublikasına səfərindən  sonra start verilib. Həmin səfər zamanı tərəflər arasında Ali Əməkdaşlıq Şurasının yaradılmasına dair protokol imzalanıb. Yeni qurumun ilk iclası isə Ruhaninin Ankara səfəri zamanı baş tutub.

Şuranın fəaliyyətində əsas məqsəd yalnız siyasi əməkdaşlığın möhkəmləndirilməsi yox, həm də ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsidir. Söhbət artıq ən yaxın zamanlarda tərəflər arasında ticarət dövriyyəsinin 2 dəfə artırılmasından, yəni 30 milyard dollara çatdırılmasından gedir.

İranla Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolunda, demək olar ki, bir böyük problem var - iki ölkənin artıq illərdir davam edən "qaz mübahisəsi". 1996-cı ildə imzalanmış müqaviləyə əsasən, İran Türkiyəyə ildə 10 milyard kubmetr qaz ixrac edir. Onun qiyməti açıqlanmasa da, Türkiyə KİV-i "mavi yanacaq"ın min kubmetrinin Ankaraya 490-500 dollara başa gəldiyini yazır. Bu, Türkiyənin Rusiya və Azərbaycandan aldığı qazın qiymətilə müqayisədə xeyli bahadır. Nəticədə, Türkiyə artıq bir neçə ildir ki, İranla qiymətin aşağı salınması istiqamətində danışıqlar  aparır.

Tehran isə qiymətin olduğu kimi saxlanılmasında israr edir və güzəştin yalnız Türkiyənin aldığı İran qazının həcmini artıracağı təqdirdə, mümkün olduğunu bildirir. 2012-ci ildə Ankara məsələ ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə də müraciət edib. O, İranın qiymətdə 30%-lik endirim etməsini istəyir.

Ruhaninin  Türkiyəyə səfəri zamanı isə tərəflər razılığa doğru konkret addım ata biliblər. Güman ki, indi tərəflər İran qazının qiymətinin aşağı salınmasına dair razılaşmanın hazırlanması ilə məşğuldurlar. Türkiyənin baş naziri Ərdoğan  Ruhani ilə danışıqlardan sonra bildirib ki, "tərəflər arasında razılığın əldə ediləcəyi təqdirdə, İrandan alınan qazın həcminin artırılması da mümkün olacaq. Ümid edirəm ki, nazirlər tezliklə məsələni həll edə, razılığa gələ biləcəklər".

Ruhaninin sözlərinə görə isə Türkiyə və İran qaz və neft sahələrində də münasibətləri inkişaf etdirmək qərarına gəliblər. Ən başlıcası, İran Türkiyəni rəqib deyil, tərəfdaş gözündə görür və bu səbəbdən, türkiyəli investorların islam respublikasına cəlbi üçün bütün lazımi şəraiti yaratmağa hazırdır. Bu, xüsusilə İranın cənub regionlarının iqtisadi inkişafı nöqteyi-nəzərindən  vacibdir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Türkiyə ilə İran ikitərəfli əməkdaşlığın ciddi şəkildə gücləndirilməsinin astanasındadırlar. Ankara ilə Tehran arasında dialoqun möhkəmlənməsi yalnız onların özləri üçün deyil, bütünlükdə region üçün böyük əhəmiyyət   daşıyacaq. İki ölkə arasında nəhəng dəmir yolu layihələrinin həyata keçirilməsinə dair razılaşmanın imzalanması da bunu göstərir. Ruhaninin sözlərinə görə, imzalanan razılaşmalar Fars körfəzindən Qara və Aralıq dənizlərinə vahid dəmir yolu şəbəkəsinin yaradılmasını  nəzərdə tutur.

Türkiyə-İran tərəfdaşlığının regional təhlükəsizliyə təsiri ayrıca bir mövzudur. Ankara ilə Tehran arasında, məsələn, Suriya böhranı, Misirdə "Müsəlman qardaşlar" hakimiyyətinin devrilməsi kimi məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, onları daha ciddi strateji əhəmiyyət daşıyan ümumi maraqlar birləşdirir.  Bu mənada Ərdoğanın bir bəyanatı diqqətəlayiqdir: "İran aramızdakı fikir ayrılıqlarını həll etməyə çalışır. Ən vacibi odur ki, bu cəhdlər qarşılıqlıdır. Düşünürəm ki, bu il və növbəti illərdə bizi köklü dəyişikliklər gözləyir. Xüsusilə biz qarşıya qoyulan məsələləri birlikdə həll edəriksə, bu dəyişiklik labüddür".

Ruhaninin qeyri-sabitliyin regionun heç bir ölkəsinə sərf etmədiyinə dair bəyanatını nəzərə alsaq, aydın olur ki, Ankara ilə Tehran Avrasiyanın kəsişməsində və Yaxın Şərqdə yeni təhlükəsizlik sisteminin qurulmasına birgə səylərlə nail olmaq niyyətindədirlər. Bu məqsədlərin həyata keçirilməsinin nə qədər mümkün olacağını yaxın gələcək göstərəcək. İndi görünən odur ki, İranla Türkiyənin yaxınlaşması öz-özlüyündə bitişik regionlarda da inkişafında sabitləşdirici amildir. Bu yolda əsas maneə maraqlı dünya güclərinin Ankaraya və Tehrana göstərdikləri təzyiqlərdir. Bu mənada Ankaranın Qərbə, xüsusilə ABŞ-a xarici siyasi prioritetlərini müstəqil şəkildə müəyyənləşdirmək niyyətini nümayiş etdirməyə çalışması maraqlı təsir bağışlayır. Ankara göstərir ki, o, bu prioritetləri müəyyənləşdirərkən AvroAtlantik layihələr üçün deyil, region üçün əhəmiyyətli olan amillərə  əsaslanacaq.

Ərdoğanın İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaları ədalətsiz sayması da bu qəbildən olan addımdır. Ərdoğan Qərbi başqa bir məsələyə görə də məzəmmət  edir: ABŞ və Aİ liderləri İrana qarşı sərt ton nümayiş etdirsələr də, Qərbin bir sıra şirkətlərinə İranda bizneslə məşğul olmağa icazə verilir. Halbuki Türkiyə məhsullarının İran bazarlarına çıxarılması qadağandır.

Ankara bunun İrana qarşı qüvvədə qalan və eyni zamanda Türkiyənin biznes maraqlarına zərbə vuran sanksiyalardan narazılığını ifadə edir. Yeri  gəlmişkən, Türkiyə bu yaxınlaradək İrana qazın əvəzini qızılla ödəyirdi. Bunun sayəsində hələ bir neçə il əvvəl İranla Türkiyə arasında ticarət dövriyyəsi 22 milyard dollar idi. Lakin sonra Vaşinqtonun İrana qarşı sanksiyaları sərtləşdirməsi Ankaranın qaza görə qızıl vermək imkanını əlindən aldı. Nəticədə, artıq 2013-cü ildə bu iki ölkə arasında ticarət dövriyyəsi 14,6 milyard dollara düşdü.

Antiiran sanksiyaları Ankara ilə Tehran arasında maliyyə sahəsində əməkdaşlığa da mənfi təsir göstərir İran artıq illərdir ki, Türkiyənin "Xalqbank" və digər bankları ilə əməkdaşlığa maraq göstərir. 2012-ci ilin martından etibarən, İrana tətbiq olunan embarqolar ucbatından bu ölkəyə beynəlxalq valyuta köçürmələri etmək mümkün deyil. Buna baxmayaraq, "Xalqbank" indiyədək İrana valyuta köçürmələrini həyata keçirir. Lakin Türkiyə və İran maliyyəçiləri beynəlxalq valyuta köçürmələri sahəsində  ikitərəfli əməkdaşlığın kölgə xarakteri daşımasından narazıdırlar. Buna səbəb isə qeyd olunduğu kimi, Tehrana tətbiq olunan beynəlxalq sanksiyalardır.

Aydındır ki,  İrana tətbiq olunan sanksiyaların tam ləğvi yalnız Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyişə nail olunacağı təqdirdə mümkündür. Yeri gəlmişkən, Ankara bu məsələdə də Tehranla həmrəylik nümayiş etdirir. Türkiyə prezidenti Abdullah Gül həmkarı Həsən Ruhani ilə görüşündə bildirib ki, Ankara hər bir ölkənin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək haqqını tanıyır. "Biz hər zaman bildirmişik ki, İranın nüvə proqramı ilə bağlı problemi diplomatik yolla çözmək lazımdır. Bunu hər zaman demişik, bu gün də söyləyirik: regionumuzda hər hansı dövlətin nüvə silahına malik olmasını istəmirik. Amma biz heç bir dövlətin bizim regionu atom enerjisindən dinc məqsədlər üçün istifadə hüququndan məhrum etməsinə də imkan verməyəcəyik. Atom enerjisindən dinc məqsədlər üçün istifadə bizim ümumi hüququmuzdur", - deyə  Gül  qeyd  edib.

Ruhani isə ölkəsinin nüvə proqramı məsələsində beynəlxalq "altılıq"la (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Almaniya) yekun razılığa gəlməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını söyləyib.

Tehranın müsbət istiqamətə köklənməsi bu günlərdə Cenevrədə keçirilən üçtərəfli (İran, ABŞ, Aİ) görüşdə də təsdiqlənib. Bu məsləhətləşmələr İranla "altılıq" arasında danışıqların növbəti raundu ərəfəsində baş tutub. Bu raund iyunun 20-də başa çatmalıdır. Tehranla Qərb arasında böyük razılaşmanın baş tutmasının mümkün olub-olmayacağı böyük ölçüdə həmin görüşdən asılıdır: Tehranın nüvə proqramının şəffaflığını təmin etməsi və bunun qarşılığında ona tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılması.

İran-ABŞ-Aİ formatında üçtərəfli dialoq çərçivəsində Vaşinqtonla Tehran arasında ilk birbaşa rəsmi danışıqlar da keçirilib. İran tərəfi xarici işlər nazirinin müavini Abbas Araqçinin vasitəsilə danışıqları "konstruktiv" adlandırıb. Bununla yanaşı, o, İranla "altılıq" arasında yekun razılaşmanın hazırlanması müddətinin yarım ilədək uzadıla biləcəyini söyləyib. Qeyd edək ki, hazırda bu müddət iyulun 20-də başa çatır. Demək, İran problemilə bağlı yekun razılaşma o qədər də yaxında deyil. Amma artıq problemin həlli yollarının yalnız diplomatik meydanda axtarılmasının özü müsbət haldır. Bu, regional təhlükəsizlik baxımından Türkiyə-İran əməkdaşlığından heç də az əhəmiyyət daşımır.



MƏSLƏHƏT GÖR:

454