19 Mart 2024

Çərşənbə axşamı, 12:37

"KAMERA, MOTOR, ÇƏKİRİK!"

Azərbaycan kinosunun 116 illik tarixi ərzində çox yüksəliş və enişlər olub

Müəllif:

05.08.2014

1895-ci ilin 28 dekabrnda Lui və Oqüst Lümyer qardaşları ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetləri Parisin Kaputsino bulvarındakı "Qrand-Kafe"də nümayiş etdirdilər. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü...

 

SSRİ-dən əvvəlki dövr

Azərbaycan da kino sənəti ilə tanışlığa gecikmədi. XIX əsrin sonlarında "qara qızıl" ilə şöhrətlənən, yerli milyonerlərə və varlanmaq  həvəsi ilə bura axışıb-gələn xarici kapitalistlərə tükənməz sərvət qazandıran Bakının iqtisadiyyatı ilə yanaşı, mədəni səviyyəsi  də gündən-günə yüksəlirdi. Belə bir vaxtda Fransada ixtira olunan sinematoqraf  Bakıya da gəldi. 1898-ci ilin 8 yanvarından burada xarici filmlər göstərilməyə başlandı. Həmin ilin 21 iyununda isə Vasil-Vyatskinin teatr-sirkində  "Şəhər bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olmaması", "Qafqaz və Merkuri " cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi" və "Bazar küçəsi sübhçağı" kinosüjetləri nümayiş olundu. 1898-ci ilin 2 avqustunda "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Qafqaz rəqsi" xronikal-sənədli və "İlişdin" bədii kinosüjetlərinin daxil edildiyi ayrıca proqram göstərildi. Kinosüjetlərin müəllifi fransız, Rusiyada anadan olub böyüyən, 25 ildən artıq Bakıda yaşayan, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon idi.

"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" kinosüjetləri  2001-ci ildə Azərbaycan  Dövlət  Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana gətirildi. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan kinosu günü elan edildi.

Azərbaycanda kino sənətinin əsasını qoymaq fikrində olmayan fransızın fəaliyyəti bununla da bitdi. Aleksandr Mişondan sonra bir müddət bu sahədə heç bir iş görülmədi.

1915-ci ildə Pirone qardaşları Bakıda "Filma" Səhmdar Cəmiyyətini yaratdılar. Həmin il "Filma" ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filmini çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edildi. Azərbaycanda ilk səssiz film olan "Neft və milyonlar səltənətində" neft Bakısının XX əsrin əvvəllərindəki həyatından, yerli milyonçuların və fəhlələrin həyatından bəhs edirdi. İkiseriyalı bədii film 1916-cı ilin mayında ekranlara çıxarıldı. "Neft və milyonlar səltənətində"də Lütfəli bəy rolunu məşhur aktyor Hüseyn Ərəblinski ifa etdi. Bu rol onun adını ilk azərbaycanlı kino aktyoru kimi tariximizə yazdı.  Lütfəli bəy Ərəblinskinin çəkildiyi yeganə filmdir. Tanınmış sənətkarlar - tarzən Qurban Pirimov və xanəndə Cabbar Qaryağdıoğlu da həmin filmdə çəkilmişlər.

Sovet dövründə Azərbaycan kinosunun tarixi 1916-cı ilin 14 mayından  - "Neft və milyonlar səltənətində" bədii filmindən sayılırdı.

Filmin rejissoru Boris Svetlov və operatoru Qriqori Lemberq daha sonra "Arvad" və "Yeni tərzdə köhnə əhvalat" tammetrajlı bədii filmlərini çəkdilər. 1918-ci ilədək Azərbaycanda kino işi ilə məşğul olduqdan sonra Bakıdan getdilər.

1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Xarici ölkələrlə diplomatik, iqtisadi, mədəni əlaqələr quran milli hökumət kino sənətinin inkişafına diqqət yetirirdi. 1918-ci ildə Bakıda "Kinematoqrafiya və teatr qulluqçuları şurası" yaradıldı. 1919-cu ilin 28 mayında Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film nümayiş etdirildi.  

 

Sovet dövrü

1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal olundu. İyulun 4-də İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzaladı. Sovet Azərbaycanı kinosunun başlanğıcı sayılan "XI Qırmızı ordu hissələrinin Bakıda paradı", "Bakıda Şərq xalqlarının I qurultayı", "26 Bakı komissarı cənazələrinin dəfni", "XI Qırmızı ordu komandirləri dağlıların qonağıdır", "Pyotr meydanında iməcilik", "Sovet Azərbaycanının I ildönümü" xronikal filmləri çəkildi.

Təbliğat işinə böyük əhəmiyyət verən Sovet hakimiyyətinin ilk illərində çəkilən filmlərin əsas mövzuları inqilab, cəhalətə qarşı mübarizə, qadın azadlığı idi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ-nın nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və başqa kinoteatrlar var idi.

Həmin ilin 28 aprelində Bakıda AFKİ nəzdində I Dövlət kinofabrikinin rəsmi açılışı oldu. 1920-1930-cu illərdə kinofabrikdə "Azərbaycanda çəyirtkə ilə mübarizə", "Azərbaycanda ipəkçilik sənayesi", "Hərbi dənizçilərin həyatı", "Suraxanı neft mədənlərində yanğın", "Azərbaycana səyahət", "Azərbaycan balığı", "I Türkoloji qurultay", "Şərqə doğru" kimi onlarca sənədli və elmi-kütləvi  film çəkildi.

1924-cü ildə sovet Azərbaycanının ilk filmi - "Bayquş" çəkildi. Filmin rejissoru G.Kravçenko, operatoru V.Lemke idi. Həmin il operator V.Lemke rejissor V.Ballyuzeklə "Qız qalası" filmini çəkdi. 1924-1926-cı illərdə A.Litvinov üç film təhvil verdi. O, 1925-ci ildə "Əvəz-əvəzə" adlı ilk Azərbaycan detektiv filmini çəkdi.

Azərbaycanın sovetləşməsindən sonra, Rusiyadan Bakıya kinematoqrafçılar ezam olundu. 1925-ci ildə AFKİ-nin nəzdində təşkil edilən studiyada Moskvadan və Leninqraddan gələn mütəxəssislər kino sənəti ilə bağlı ümumi kurs keçdilər.

AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959), 1961-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır.

1925-cı ildə "Bismillah" filminə Abbas Mirzə Şərifzadə quruluş verdi. O, Azərbaycanın ilk milli kinorejissorudur. Ekran əsəri 1926-cu il aprelin 24-də Moskvada  nümayiş olundu.

İlk azərbaycanlı kinodramaturq Cəfər Cabbarlının "Hacı Qara" ssenarisini A.M.Şərifzadə 1928-ci ildə ekranlaşdırdı. 1932-ci ildə "Direktiv Bant" filminin əsas kollektivini milli kinematoqrafçılar - rejissor Ağarza Quliyev, operatorlar Əsgər İsmayılov və Mirzə Mustafayev oldu. 

1930-cu ildə rejissor Beybolat Askarovun çəkdiyi "Qızıl kol" filmində ilk azərbaycanlı qadın kinorejissoru Qəmər Salamzadə rejissor köməkçisi işlədi.

 

Səsli kino

1935-ci ildə milli kinomuzun ilk səsli filmi - "Azərfilm"lə "Mejrabpomfilm"in birgə istehsalı olan "Mavi dənizin sahilində" komediyası çəkildi. Filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillov idi. Film 1936-cı ildə ekranlara çıxdı. Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxıldı.  

1936-cı ildə rejissorlar B.Pumpyanski və V.Yeremeyevin "Şöhrətli Azərbaycan" kinoalmanaxında neftçi Piri Nuriyev və pambıqçı Qüdrət Səmədov bəhs edilirdi. Bu, Azərbaycanda ilk sinxronlu film oldu.

"Mavi dənizin sahilində" filminin ikinci rejissoru Səməd Mərdanov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Eyzenşteynin emalatxanasında təhsil almışdı. O, Azərbaycan Kino tarixində ilk ali təhsilli rejissordur. 1939-cu ildə ekranlara çıxan "Kəndlilər" rejissorun ilk müstəqil bədii filmidir.

1930-cu illərdə həm müasir həyat, həm də tarixi-inqilabi mövzulu "Lətif", "İsmət", "Almaz", "Yeni horizont", "Bakılılar" və digər filmlər çəkildi. Həmin illərdə Azərbaycanda cizgi filminin əsası qoyuldu. 1933-cü ildə istehsal olunan "Cat" təlimat filmi cizgi filmi üsulu ilə yaradıldı. 1935-ci ildə Azərbaycan xalq nağıllarının əsasında "Abbasın bədbəxtliyi" cizgi filmi çəkildi.

Azərbaycanda ilk dəfə filmlərin Azərbaycan dilində səsləndirilməsinə 1937-ci ildə başlandı. Həmin il SSRİ-nin məşhur "Çapayev" bədii filmi dublyaj olundu.

Sovet hakimiyyətinin rəhbəri Stalinin sərt qaydaları film istehsalına da təsir göstərdi. O, bütün bədii filmlərə özü baxır, göstərişlər verirdi. Belə şəraitdə Azərbaycanda da iki tammetrajlı bədii film - "Fətəli xan" və "Bakının işıqları" çəkilsə də, ekranlara buraxılmadı.

İkinci Dünya Müharibəsi illərində bədii film istehsalı daha da zəiflədi. Əsasən, xronikal-sənədli filmlər, kinojurnallar çəkilirdi. "Cənub sərhədlərinin keşiyində", "Vətən uğrunda", "Mahnılar və şeirlər", "Biz Bakını müdafiə edirik", "Almanların Şimali Qafqazda vəhşilikləri", "Bakı döyüşür", "Cərrah qız", "General Həzi Aslanov" və digər sənədli filmlər, eləcə də qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, "Səbuhi", "Bir ailə", "Sualtı qayıq T-9" bədii filmləri müharibə illərində çəkildi. Azərbaycanlı operatorlar - S.Bədəlov, C.Məmmədov, M.Mustafayev, A.Həsənov və başqaları ön cəbhədə olurdular. Onların çəkdikləri kadrlardan indiyədək xronika materiallarında istifadə edilir.

1945-ci ildə rejissor Rza Təhmasib Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan" filmini çəkdi. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirildi. "Arşın mal alan" filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.

"Arşın mal alan" 1965-ci ildə rəngli variantda 3-cü dəfə istehsal olundu.

 

Yeni era

Azərbaycan kinosu 1950-ci illərdə yenidən inkişaf etməyə başladı. "Görüş", "Bəxtiyar" "Qara daşlar", "Qızmar günəş altında", "Onun böyük ürəyi", "Ögey ana", "Kölgələr sürünür", "Onu bağışlamaq olarmı?", "Böyük dayaq" və başqa filmlərdə, "Xəzər neftçiləri haqqında dastan", "Dənizi fəth edən" və digər sənədli filmlərdə müxtəlif peşə sahiblərinin əməyi və həyatı əksini tapdı.

Musiqili komediya janrına meyil gücləndi. "Görüş", "Bəxtiyar", "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", "Qaynana" və başqa filmlər çəkildi. 1956-cı ildə ilk dəfə "O olmasın, bu olsun" filmi rəngli kadrlarda təqdim olundu. 

Azərbaycan televiziyasında da çoxlu sənədli, cizgi və bədii televiziya filmi yaradıldı. 1958-ci ildə televiziyada "Səməd Vurğun" ilk sənədli, 1960-cı ildə "Aygün" ilk bədii, 1965-ci ildə "Danışan işıqlar" ilk cizgi filmləri istehsal edildi. 1968-ci ildə "Ekran" Yaradıcılıq Birliyi təşkil olundu. 1973-cü ildə "Azərbaycantelefilm" YB adlandırıldı.

1960-cı illərdə "Telefonçu qız", "Yenilməz batalyon", "Sən niyə susursan?", "İyirmialtılar" və başqa filmlər istehsal olundu. 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Azərbaycan kinolarında yeni ideyalar, yeni baxış nəzərə çarpırdı. Xüsusilə rejisor Eldar Quliyevin 1969-cu ildə çəkdiyi "Bir cənub şəhərində" filmi ətrafında uzun müddət mübahisələr getdi.

1960-cı ildə rejissor Həsən Seyidzadənin çəkdiyi "Koroğlu" adlı bədii film Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsi oldu.

1968-ci ildə kinostudiyada cizgi filmləri sexi bərpa olunandan sonra burada "Cırtdan", "Fitnə", "Çaqqal oğlu çaqqal", "Bulud niyə ağlayır?", "Dınqıl sazım, dınqıl", "Şah və xidmətçi", "Meşəyə insan gəlir" və başqa cizgi filmləri çəkildi.

İkinci Dünya müharibəsi mövzusunda çəkilən "Bizim Cəbiş müəllim", "Tütək səsi", "Şərikli çörək", "Mən sizi həyatımdan artıq sevirdim", "Uzaq sahillərdə" filmləri Azərbaycan kinosunun ən yaxşı nümunələrindən oldu.

Müxtəlif illərdə uşaqlar üçün "Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər ölkəsində", "Şirin evdən getməsi", "Mən mahnı qoşuram", "Əzablı yollarla", "Musiqi müəllimi", "Asif, Vasif, Ağasif", "Pəncərə" və başqa  baxımlı filmlər çəkildi.

1960-1980-ci illərdə "Ulduzlar sönmür", "Yeddi oğul istərəm", "Səmt küləyi", "Axırıncı aşırım", "Nəsimi", "Qatır Məmməd", "Dədə Qorqud", "Babək", "Nizami", "Atları yəhərləyin", "Qəm pəncərəsi", "İşarəni dənizdən gözləyin" kimi tarixi-inqilabi janrda maraqlı filmlər çəkildi.

1970-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdində yaradılan "Mozalan" satirik kinojurnalının ilk nömrəsi 1971-ci ildə işıq üzü gördü. "Mozalan" tamaşaçılara bir çox maraqlı filmlər təqdim etdi.

1970-ci illərin sonu, 1980-ci illərdə SSRİ-də korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə, daha sonra yenidənqurma, aşkarlıq siyasəti "İstintaq", "Anlamaq istəyirəm", "Onun bəlalı məhəbbəti", "Şeytan göz qabağında" və başqa filmlərdə əks olundu.

1980-ci illərdən başlayaraq Azərbaycan kinosunda da sovet hakimiyyətin hökmünün zəiflədiyini bəlli edən "Bağlı qapı arxasında", "Özgə ömür", "Təxribat", "Sahilsiz gecə", "Lətifə" və başqa filmlər çəkildi.

1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi - "Əlaqə" lentə alındı.

SSRİ-nin süqutundan sonra, 1990-cı illərdə keçid dövrünü yaşayan Azərbaycan kinosu bazar iqtisadiyyatı şəraitində çətin vəziyyətə düşdü. Sayca az filmlər çəkildi. "Fəryad", "Ağ atlı oğlan", "Özgə vaxt", "Biz qayıdacağıq", "Sarı gəlin", "Lal çinar", "Arxada qalmış gələcək" kimi filmlərdə Qarabağ müharibəsindən, onun gətirdiyi bəlalardan bəhs edilirdi.

O illərdə kinematoqrafçılarımız çıxış yolları arayır, dövlət və sponsor vəsaiti hesabına filmlər çəkirdilər. "Qətl günü", "Nakəs", "Yuxu", "Yük", "Dağıdılmış körpü", "Sarı gəlin", "Nə gözəldir bu dünya" "Lətifə", "Gecə qatarında qətl", "Bəxt üzüyü", "Sonuncu məhəbbət", "Etiraf", "Kənar adamlar", "Müqəddəs torpaq", "O dünyadan salam" və digər filmlər müstəqillik dövrünün uğurlu filmlərindəndir.

Bu gün Azərbaycanın kino sənəti yeni mərhələdədir. Həm kinostudiyada, həm də dövlət və özəl televiziyalarda yeni bədii və sənədli filmlər çəkilir. Ancaq Azərbaycan kinosevərləri kino işçilərimizdən ölkəmizin tarixi həqiqətlərini, mədəniyyətini dünyaya göstərə biləcək daha gözəl filmlər gözləyirlər.



MƏSLƏHƏT GÖR: