29 Mart 2024

Cümə, 19:56

ORQANİZMİN SANİTARI

Qarpız və yemiş - qanazlığı və taqətsizliyə qarşı ən yaxşı dietik bitkilərdəndir

Müəllif:

05.08.2014

Afrikanın Kalaxari səhralığının sakinləri qarpızı "səhranın ağası" adlandırırlar.  Qarpızın qədim vətəni məhz bu diyardır - burada indinin özündə  də onun yabanı formasına rast gəlinir. Vaxtilə qarpızı axirətdə qida mənbəyi hesab etdikləri  üçün onu  fironların məqbərəsinə qoyurdular. Qərbi Avropaya isə qarpız xaç yürüşləri zamanı "yol tapdı". 

"R+"a müsahibəsində Şərq təbabəti üzrə mütəxəssis, tarix elmləri doktoru və bioloji elmlər namizədi Fərid Ələkbərli danışır ki, Əhəmənilərin dövründə (e.ə. IV-V əsrlər) qarpız Azərbaycanda da becərilib. Ümumilikdə, XV-XVI əsrlərə qədər müsəlman Şərqində qarpız müalicə vasitəsi kimi yemişdən daha az yayılmışdı. Əbu Sinanın "Kanon" və Biruninin "Farmakoqnoziya" əsərlərində qarpız "hind yemişi" kimi göstərilib. Sonradan isə vəziyyət dəyişdi. XVII əsr müəllifi Məhəmməd Mömin qarpız haqda yazırdı: "Qarpız ödqovucu və sidikqovucu vasitədir, o, susuzluğu yatırır. Qarpız şirəsi bal və zəncəfillə bəlğəmgətirici, südlə isə ödqovucudur". 

Muhəmməd Yusif Şirvani də "Tibbnamə"də (1712-ci il) qarpızın ödqovucu və sidikqovucu xüsusiyyətlərindən, susuzluğun "dərmanı" olmasından yazırdı. "Bu şirəli meyvə susuzluğu aradan qaldırır və orqanizmdəki mineral maddələrin itkisini kompensasiya edir", - deyə əsərdə qeyd olunurdu. 

 

Bütün vitaminlərin cədvəli

Çoxlarında qarpız payızın gəlişi, meyvə-tərəfəz bolluğu, "qızıl mövsüm"lə assosiasiya edilir, bu dövrü orqanizmə xeyirlə keçirmək haqda düşünürlər. Amma çox az adam bilir ki, qarpız müalicəvi xüsusiyyətə malikdir, üstəlik, o tamamilə yeyiləndir - qabığı da,  ləti də, tumu da. Təbii ki, qarpızın ən dadlı və dəyərli hissəsi onun lətidir.  Onun tərkibində yaxşı həzm edilən şəkərlər (früktoza, qlükoza, saxaroza), pektin maddələri, sellüloz, RR, S, D, V1, V2 və V6 vitaminləri var.  Qarpızda, həmçinin çoxlu sayda vitaminlər, karotin (provitamin A), dəmir duzları,  miss, fosfor, kalium, kalsium, sink,  fol turşusu boldur. Ən əsası isə, meyvə-tərəvəzlə müqayisədə, qarpızda faydalı maddələr daha çoxdur. Kalium, fosfor, maqnezium müxtəlif şəkərlərlə (60%-dən artıq) və pektinlərlə birləşəndə maddələr mübadiləsini stimullaşdırır, böyrəkləri, qaraciyəri təmizləyir, ağır metal duzlarını və zəhərli maddələri yuyur, ödü təmizləyir, öd kisəsində və kanalda daşların əmələ gəlməsinin qarşısını alır, skleroza qarşı təsirə malikdir. Məhz buna görə qarpız xroniki gepatit, xolesistit, öd yolları və digər xəstəliklər zamanı effektli vasitə hesab edilir. Duzlara görə qarpız yalnız ispanaq yarpaqlarına "uduzur", fol turşusuna görə isə birinci yerdədir. 

Məlum olduğu kimi, fol turşusu bizə qan dövranı üçün vacibdir və orqanizmin müxtəlif biokimyəvi reaksiyalarında iştirak edir. 

Qarpızdan hipertoniya, ateroskleroz, podaqra, revmatizm, artrit, piylənmə və digər xəstəliklər, həmçinin, adi profilaktika üçün də istifadə etmək məsləhətdir. Qarpızda likopenin olması ona müxtəlif xərçəng hüceyrələri- məsələn, qida borusu, prostat, mədə, qaraciyər, süd vəzisind? olanlarla - mübarizə aparmağa imkan verir. 

Qarpızdan istifadə görmə qabiliyyətini yaxşılaşdırır. O xüsusilə yaşlı insanlar üçün xeyirlidir, onlarda insulinə həssaslığı artırır. 

Qarpız tumlarından yağ çəkilir. Öz müalicəvi xüsusiyyətlərinə görə bu yağ badam yağından geri qalmır, dadına görə isə zeytunu xatırladır. Tərkibi sink, selenlə zəngindir və bu ona prostat vəzini iltihabsız normallaşdırmağa, spermatogenezi yaxşılaşdırmağa, xərçəng ehtimalını azaltmağa imkan verir. 

Qarpızın qabığı  da yeməlidir. Özü də onun tərkibində qarpızın lətindəkindən daha çox vitamin var, müxtəlif amin turşuları ilə zəngindir.  Qarpızın qabığındakı ağ lət korbağırsağın mikroflorasını yaxşılaşdırır. Ondan həm böyüklərdə, həm də uşaqlarda diabakteriozun müalicəsi zamanı istifadə edirlər.  Qarpızdan əldə olunan pektindən orqanizmdən zəhərli maddələri, ağır metal duzlarının çıxarılması zamanı istifadə edilir. 

Cərrahiyyə əməliyyatından sonra da qarpız yemək məsləhətdir, xüsusilə  əməliyyat narkoz altında keçirilibsə. 

Qarpız orzqanizmdə maddələr mübadiləsi zamanı yaranan turşuları neytrallaşdırır.  Qarpız - dietik qidadır. Onun 100 qr lətində cəmi 50 kalori var. Amma unutmaq lazım deyil ki, qarpızı başqa ərzaqlarla yedikdə, o köp verir. Ona görə də qarpızı da, yemiş kimi, ayrılıqda - xörəkdən əlavə yemək lazımdır. 

Azərbaycanda bostançılıqla - qarpız, balqabaq və yemiş əkini ilə əsasən Kür-Araz ovalığında - Aran, Abşeron və Lənkəran zonalarında məşğul olurlar. Sabirabad-Saatlı və Zirə zonası özünün dadlı qarpız-yemişi ilə tanınır. Bu, həmin ərazilərin temperatur şəraiti ilə bağlıdır, çünki qarpız isti iqlimi, günəş və rütubəti "xoşlayır". 

Bir sözlə, qarpız mövsümündə (iyulun sonu, avqust, sentyabr) sağlamlığınızı möhkəmlətmək şansını əldən verməyin, bol-bol qarpız yeyin. 

 

Yemiş cənnəti

Yemiş haqda ilk dəfə Bibliyada yazılıb. İndi təbiətdə yabanı bitən yemişə, demək olar ki, rast gəlinmir.  Onun Asiyanın alaq-tarla növlərindən yetişdirilən formaları indi də var. Ehtimal edilir ki, ilk dəfə yemiş eramızdan əvvəl Şimali Hindistanda və İranın ona bitişik ərazilərində, həmçinin Orta Asiyada becərilib. Tədricən yemiş qonşu ərazilərə - Orta və Kiçik Asiyadan tutmuş, Çinə qədər yayılıb. Yemişin qədim Misirdə də yetişdirildiyi məlumdur. Avropaya isə yemiş ilk dəfə orta əsrlərdə "ayaq açıb". 

F.Ələkbərlinin sözlərinə görə, Azərbaycanda yemişin müxtəlif növləri çox yerdə, xüsusən də düzənlik ərazilərdə suvarılan bostanlarda yetişdirilir. Tarixən Azərbaycanda yemiş çoxdan olub - Tunc dövründən. Ən yaxşı Azərbaycan növü isə əsasən Abşeronda yayılmış Saray yemişidir.

Qədimdən yemişdən yalnız qida məhsulu kimi yox, həm də tibbdə istifadə olunub. Orta əsr təbibi Əli ibn Hüseyn əl-Ənsari (1329-1404-cü illər) öz əsərlərində yemişin sidikqovucu və ödqovucu olduğunu, sidik kisəsindən daşları təmizləyən və öskürək, ac ciyərdə ağrılar və qızdırmanı aradan qaldıran tərəvəz olduğunu yazırdı. Yemişi heç bir halda balla birgə yemək olmaz - bu, ciddi fəsadlar verə bilər. Yemişdən özünəməxsus şirə və ya "yemiş balı" (bəhməz) də hazırlanır. Həmçinin, onu gün altında qurudub qışa da saxlayırlar. 

 

Gözəllik  mənbəyi

Müasir tədqiqatlar sübut edir ki, dəymiş yemişin tərkibində su (82-92 faiz),  zülal, piy, şəkər və sellüloz, 45 mq qədər S vitamini, R, RR vitaminləri, A provitamini, fol turşusu, həmçinin müxtəlif mikroelementlər (xüsusən dəmir) var. Yemiş fol turşusu üçün əla mənbə sayılır, çünki V9 vitamini isti havada tamamilə parçalanır, dadlı  meyvəni isə biz təbii formada qəbul edirik. Fol turşusu qadınlara hamiləlik dövründə və klimakteri dövründə çox lazım olur, üstəlik, bu turşu yaddaşı möhkəmləndirir və depressiyadan azad edir. Yemişdəki C vitamini isə orqanizmi qışın soyuğundan qoruyur. Odur ki, qışa hazırlaşmaq üçün yayda bol-bol yemiş yeyin. 

 Yemişdəki beta-karotin dərimizi və saçlarımızı gözəlləşdirir. Gözəl qaralma həvəskarları mütləq yemişi çimərlik dietasına daxil etməlidir, çünki o, qaralmanı  dayanıqlı və bərabər edir. Yemişin xüsusiyyətlərindən biri hal-əhvalı yüksəltməsi, yuxusuzluqdan, yorğunluqdan və əsəbilikdən azad etməsidir.

Yemişdəki mikroelementlər ona şəfaverici qüvvə verir.  Yemiş lətinin zəngin olduğu silisium möhkəm toxumalar, əsəb, dəri və saç üçün zəruridir. Tərkibindəki çoxlu həcmdə dəmir isə yemişdən qanazlığının profilaktikasında istifadə etməyə imkan yaradır. Yemişin ürək-damar xəstəliklərinin müalicəsindəki xeyri isə onun tərkibindəki kalium və  maqneziumla bağlıdır. 

Yemişin xeyirli xüsusiyyətləri yalnız gözəlləşdirdiyi qadınlar üçün deyil, kişilər üçün də zəruridir. Yemişin tumları ta qədimdən güclü afrodiziak hesab edilir, onlar kişilərdə potensiyanı artırır. Onları çeynəmək olar, amma ən yaxşısı, balla qarışdırmaqdır.  Amma bu zaman  əndazəni aşmamaq lazımdır - gündə 2 qramdan artıq yeyildikdə, dalaqda problemlər yarana bilər. Bundan başqa, yemiş sidik və öd kisəsində daşlara qarşı olduqca effektlidir.

Sellülozun çoxluğu yemişin ən xeyirli xüsusiyyətlərindəndir. Müasir təbabətdə ondan orqanizmin, bağırsaqların təmizlənməsi üçün istifadə edilir. Yemişin tumlu içliyi orqanizmdən zəhərli maddələri çıxarır. 

Xalq təbabətində yemiş şirəsindən xroniki öskürək, boğaz ağrısı, çürümədən qoruyan vasitə, yemiş lətinin həlimindən isə sızanağa qarşı kosmetik vasitə, həmçinin çil və piqmentli xalların təmizlənməsi üçün istifadə edilir. 

Qarpızla yemiş bir neçə ay müddətində yetişdiyinə görə, onu iyuldan-sentyabra qədər yemək olar.  Bütöv halda o, 2 həftə, kəsili vəziyyətdə soyuducuda isə 2 gün qala bilər.

 

 

DUZLU  QARPIZ

Çox nəfis delikates sayılır. Onu ət və balığa qarnir kimi verirlər. Duzlamaq üçün xırda, tam yetişməmiş qarpız seçilir. Onları yaxşı yumaq və bir neçə yerdən 3 sm-ə qədər deşmək lazımdır.  Sonra onu əvvəlcədən hazırlanmış  duzlu suyun (1 vedrə soyuq suya 400 qram xörək duzu və 1,2 kq şəkər qatılır. Əgər şəkərsiz hazırlanırsa, 700-800 q duz) içinə salınır. Su çox olmalıdır və qarpızın üstünü bağlamalıdır. Üstünə dəlik-dəlik parça və yük qoyulur. Üç gündən sonra qarpızı çıxarıb soyuğa qoymaq lazımdır. Üç həftədən sonra artıq yeyilə bilər.

 

QARPIZ BƏHMƏZİ (BALI) 

Qarpız balı çox dadlı olur. Yuyulmuş qarpızı 4 hissəyə bölün, qaşıqla  ləti təmizləyin, sonra sıxıb cunadan keçirin. Alınmış şirəni qarışdıra-qarışdıra qaynadın və 3-4 qatlıq cunadan keçirin. Sonra qəhvəyi və  qatı bal alınana qədər qaynadın. 

 

YEMİŞ MÜRƏBBƏSİ  

Yetişmiş yemişi tumdan və qabıqdan təmizlədikdən sonra, dilim-dilim doğrayın. Onu, içində yemək sirkəsi olan qazana qoyun, qapaqla örtün və 2 gün saxlayın. Sonra yemişi kəfkirdən keçirin, sirkədən təmizlədikdən sonra şəkər şirəsində qaynadın. Bir kq təmizlənmiş yemişə 2 kq şəkər tozu və 2,5 stəkan su qatmaq lazımdır. Yemiş yumşalandan sonra onu çıxarıb şüşə bankalara yığın, şirəni isə qatılaşana qədər qaynatmaqda davam edin. Sonda onu da bankadakı yemişin üstünə tökün. 

 



MƏSLƏHƏT GÖR:

725