28 Mart 2024

Cümə axşamı, 13:16

ORNELLA MUTİ: "FƏXR EDİRƏM Kİ, MƏNİ AZƏRBAYCANA DƏVƏT EDİBLƏR"

Dünya kinosunun ulduzu Bakıya səfərindən çox məmnundur

Müəllif:

01.06.2012

Yəqin ki, dünyada onu tanımayan yoxdur. O, hədsiz dərəcədə gözəl və məlahətlidir. İri, mənalı gözləri, incə bədən ölçüləri çox cəlbedicidir. İtalyan kinosunun əsl simvolu olan həmin xanımdan bir an belə göz çəkmək mümkün deyil.  Bu odur - Ornella Muti. Təsəvvürə belə sığışdırmaq olmur ki, o burada - bizim aramızda, Bakıdadır. Amma  doğrudan o  buradadır! Danışır, gülümsəyir və həvəslə ünsiyyətə girir, hərdən də utanaraq, nəzərlərdən yayınmağa çalışır. Əlbəttə, belə miqyaslı bir sənətkardan bütün bunlar gözlənilməz olsa da,  Ornella Muti hər dəfə özü barədə suala cavab verərkən sıxılaraq başını aşağı salır. Bax, bu, əsl dahilikdir!  Onu da qiymətləndirməmək olmaz ki, Ornella Muti jurnalistlərin suallarını oturmada cavablandırmağı özünə və qarşısındakılara rəva görmədi. Ona görə də jurnalistlər kimi ayaqüstə dayanaraq, onlarla söhbət elədi. O, Azərbaycan, "Avroviziya" və Bakıdakı fantastik qəbuldan, eləcə də bu qonaqpərvərlikdən yaranan "ifadə edə bilməyəcəyi" heyranlıqdan bizlərə danışdı.  Xatırladaq ki, baş-gicəlləndirici uğur Ornella Mutiyə 70-ci illərin sonunda gəlib. Tək Aralıq dənizi bölgəsi üçün xarakterik olan gözəlliyi və böyük şəxsiyyət olması deyil, eyni zamanda, məharəti və fərdi aktyor ustalığı onu dünya kino sənayesinin birinci pilləsinə çıxarıb. Sənətçi xanım nəinki öz vətənində məşhurdur, onu eləcə də Fransada, Almaniyada, İspaniya və Braziliyada, hətta Çində belə tanıyır və sevirlər. MDB ölkələrində isə o daha çox Adriano Çelentano ilə çəkildiyi filmlərlə məşhurdur. Amma onun siyahısında 100-ə qədər belə film və onlarca serial mövcuddur. Müxtəlif mükafatlar sırasında isə 80-ci illərin sonunda aldığı "Nastro d'Argento"dan ("Gümüş lent"), tutmuş,  90-cı illərdə layiq görüldüyü sonuncu - "Grolla d'Oro" ("Oskar"ın italyan analoquna) qədər var. 

Bakıda kinoulduzu səbirsizliklə gözləyirdilər. Doğrudur, dünya çapında tanınmış adamların Azərbaycanda görünməsi hazırda elə də təəccüblə qarşılanmasa da, razılaşaq ki, Ornella Muti kimi canlı kino əfsanəsi ilə ünsiyyət qurmaq da adi bir görüş sayıla bilməzdi.  İtaliyalı qonağın Bakı səfəri bir qədər məxvi xarakter daşısa da, informasiya elə sürətlə yayılmışdı ki, çoxlu pərəstişkarları onu görmək və aftoqraf almaq üçün Mutinin görüşünə axışmışdı. Buna baxmayaraq, "R+"un əməkdaşı kinodivaya bir neçə sual verməyə imkan tapıb. 

- Bu, doğrudurmu ki, İtaliyanın tanınan zərgərlərindən biri öz kolleksiyalarından birini sizin gözlərinizin rənginə həsr edib? 

- (Gülümsəyir) Mənim gözlərimin rəngini  dəniz mavisinə (akvamarinə red.) bənzətmək olar. Akvamarin daşı isə mənim bürcümə uyğun gəlir. Mən bu daşı çox sevirəm. Sizin dediyinz zərgər də öz kolleksiyalarnda bu daşdan tez-tez istifadə edirdi.

- Siz dünyanın əksər qadınları üçün gözəllik etalonu sayılırsınız. Gözəl qadın olmaq nə deməkdir? 

- (Başını aşağı salıb dərindən nəfəs alır və kənara nəzər salır ) Bilirsinizmi, gözəllik əbədi nemət deyil! Şübhəsiz, ünvanıma bu cür fikirlər eşitmək çox xoşdur, amma bu heç də o demək deyil ki,  xarici görünüşümdə də çatışmazlıqlar yoxdur. Mən daim özümdə onları axtarır və təkmilləşməyə cəhd edirəm. Hesab edirəm, bütün qadınlar eynidir. Gözəllik - nisbi anlayışdır; bu və digər dərəcədə o,  hər bir qadında var. Bu mənada sizin sadaladıqlarınız da subyektiv xarakterlidir. Məncə, hər kəsin daxili həyatı onun yoluna işıq salır. Bax, bu işığı bizlər gözəllik adlandırırıq. Bu gün mənim çöhrəm yaxşı tərəfə dəyişməkdədir. Və öz xarici görkəmimdə bu müsbət dəyişiklikləri müşahidə edəndə, özümü sakitləşdirməyə çalışıram, çünki hesab edirəm, bu, həyatdır və belə də olmalıdır. Daxilimdə hansısa tarazlıq axtarıram. Bu mənə özünəəminlik və sakitlik gətirir. Bütün bunlarla yanaşı, siqaret çəkmirəm, kifayət qədər yatmağa çalışıram, hər gün özəl olaraq mənim üçün nəzərdə tutulmuş xüsusi proqramlardan ibarət gimnastika edirəm. Düşünürəm, hər birimiz gözəl bilirik ki, bizim üçün nə yaxşıdır, nə pis.

- Siz müxtəlif ölkələrin filmlərində çəkilmisiniz, o cümlədən də Amerikada. İtaliya ilə Amerika kinematoqrafiyası arasında hansısa fərqlər var? 

- Hə, əlbəttə. Amerika kinosu - böyük sənayedir. İtalyan kinosu isə ilk növbədə, intellekt, mənəviyyat, mədəniyyət və incəsənətdir. Amma istənilən halda aktyor həmişə aktyor olaraq qalmalıdır və kimin kinosundan asılı olmayaraq, əla aktrisa da öz işini əla səviyyədə yerinə yetirməlidir.  

- Sosial münasibətlərdə sizin üçün kiminlə daha asandır, kişilərlə, yoxsa qadınlarla?

- Ümumiyyətlə, öncə onu deyim ki, cinslərə bölmədən bütün münasibətlərdə təbiiliyi yüksək qiymətləndirirəm. Mənim çoxlu dostlarım və rəfiqələrim var. Amma bəzi xanımlarla həddən artıq ehtiyatlı olmaq lazımdır. 

- Sizin ananız milli mənşəcə eston, atanız isə neapolitandır.Tamam müxtəlif mədəniyyətlərə məxsus valideynləri olan bir ailədə böyümək nə deməkdir? 

- Bəli, doğrudan da belədir. Bunlar tamam ayrı-ayrı mədəniyyətlərdir. Bizimlə, iki bacılarla  atamız həmişə elə neopolitancasına, mühafizəkar ruhda yanaşma ortaya qoyub, anamız isə əksinə, bizə daim daxili azadlığı aşılamağa çalışıb. Bütövlükdə isə ailəmiz liberal idi. Düşünürəm, bu sintez  həyatımızda bizim əlimizdən çox tutub.   

-  Siz təkcə məşhur aktrisa deyilsiniz, həmçinin, xoşbəxt ana və hətta nənəsiniz də. Yəqin ki, gərgin iş qrafikiniz, çəkilişlər, səfərlər istəyinizin əksinə olaraq, doğmalarınıza çox vaxt ayırmanıza imkan vermir...

- Bütün bunlara baxmayaraq, onlar mənim həyatımda böyük yer tuturlar. Uşaqlarla münasibətlər mənim üçün birinci pillədədir. Bu necə də gözəl səslənir - "xoşbəxt ana". Mən həm də  ona görə xoşbəxtəm ki, özüm haqda da bunu deyə bilirəm. Amma etiraf olunmalıdır ki, yaxşı ana olmaq elə də asan deyil, xüsusilə də üç uşaq anası.  Məsələ onda deyil ki, sən kimsən: aktrisa, iş adamı, yoxsa ev xanımı. Uşaqlarının əziyyət çəkdiyini, onlarda nəyinsə alınmadığını görmək çox dəhşətlidir. Uşaqlarımda hər şeyin yaxşı olduğunu hiss edincə, daxili sakitlik tapıram. Çünki mən yaxşı ana və ya ən yaxşılardan olmaq istəyirəm.

- Siz həm də əntiq  kolleksiyaların  müəllifisiniz. Belə zinət əşyalarından olan qol bilərziyinin birində "Əgər sevirsənsə, burax əlimi" sözləri həkk olunub. Sizin anlayışınızda bu, nə məna daşıyır?

- Bu ifadələrlə mən əsl məhəbbət, azadlıq və qarşılıqlı sevgi himnini oxumaq istəmişəm. "Əgər sevirsənsə, burax əlimi" və ya güclü məhəbbətə rəğmən azadlığı necə əldə etmək olar? Gücə qalib gəlmək və özünü fəth eləmək, sevmək, ancaq əşya kimi məxsus olmamaq - özümün zinət kolleksiyamı yaratmaqla daxilimdə uzun illərdən bəri kök atmış  bax, bu arzuları həyata keçirməyə çalışmışam. Amma  yalnız bir kolleksiya buraxmışam, hazırda isə daha bu işlə məşğul olmuram.

- Sizin Bakı, "Avroviziya" təəssüratlarınızı bilmək maraqlı olardı, musiqi yarışması zamanı kimə azarkeşlik edirdiniz?

- Bakı, sadəcə, fantastik bir şəhərdir və  mən bu dəvətə görə çox minnətdaram. Bakılıların həddən artıq qonaqpərvərliyindən sadəcə heyrətdəyəm. Mənim səfərim şərəfinə təşkil olunmuş bu qeyri-adi dəvətə layiq minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm. Bakı ağlasığmaz gözəldir, fotolardan və mənə danışılanlardan belə anlayıram ki, şəhər çox dəyişib. Qısa müddət ərzində o iri, müasir  sənaye mərkəzinə çevrilib və bu, ağlasığmazdır. İstərdim ki, bu cür qəbula görə hər kəsə təşəkkür edim və bildirim ki, məni Azərbaycana dəvət etdiklərinə görə daxilimdə qürur hissi duyuram. "Avroviziya"ya gəldikdə isə  müsabiqə çox gözəl təşkil olunmuşdu. Məni xüsusilə də Baki Cristall Hall heyran etdi. Əlbəttə ki, İtaliyaya azarkeşlik edirdim.



MƏSLƏHƏT GÖR:

382