23 Dekabr 2024

Bazar ertəsi, 00:15

AVRO-2020 BAKIDA!

UEFA futbol üzrə Avropa Çempionatının 4 oyunun keçirilməsini Azərbaycana həvalə edib

Müəllif:

23.09.2014

UEFA İcraiyyə Komitəsinin qərarı ilə Bakı 2020-ci il Avropa Çempionatının oyunlarını qəbul edəcək 13 şəhər siyahısına daxil edilib. 

AÇ-ni bir neçə ölkədə keçirmək qərarı yubileylə bağlıdır - 2020-ci ildə ilk qitə birinciliyinin keçirilməsindən 60 il ötür. Bunun üçün UEFA prezidenti Mişel Platini futbol bayramını mümkün olan qədər ölkəyə yaymaq qərarına gəlib. Ümumiyyətlə, Avro-2020-nin oyunlarının keçirilməsinə 19 Avropa şəhəri iddialı idi.  

1/2 finalın iki matçı və finalı qəbul edəcək London istisna olmaqla, Bakı "Avro-2020"nin 1/4 finalına ev sahibliyi edəcək 4 şəhərdən biri kimi təsdiqlənib. 1/4 final Bakı ilə yanaşı, Münhen (Almaniya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərlərində də keçiriləcək.

Avro-2020-nin üç qrup və bir 14 final matçının Bakıda təşkil olunacağı ölkə səviyyəsində tarixi nailiyyətdir. Sirr deyil ki, futbol idmanın şahıdır. Bu idman növündə ikinci ən böyük yarış sayılan Avropa Çempionatına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Avro-2020 müstəqil Azərbaycan tarixində ən böyük futbol yarışması olacaq. Buna qədər Azərbaycanda qızlar arasında yalnız U-17 Dünya Çempionatı keçirilib. 2016-cı ildə 17 yaşlı oğlanlar arasında Avropa Çempionatı da paytaxtımızda baş tutacaq. Amma bu  yarışlar miqyasına görə Avro-2020 ilə müqayisə oluna bilməz. 

Hər bir oyun 100-ə yaxın ölkədə canlı yayımlanacaq. Oyunları 200-dən çox media nümayəndələri işıqlandıracaq. Milli komandaları dəstəkləmək üçün çoxlu sayda turist Bakıya gələcək. Bütün bunları nəzərə alaraq UEFA Avropa Çempionatının təşkilatçılığına çox ciddi yanaşır. Qeyd edək ki, 2020-ci qitə birinciliyində 24 ölkənin millisi mübarizə aparacaq. 

Şübhəsiz ki, Bakının 19 namizəd şəhər arasında seçilməsi UEFA prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvlərinin Azərbaycana olan yüksək etimadının göstəricisidir. UEFA prezidenti Mişel Platini bir neçə dəfə ölkəmizdə səfərdə olub, AFFA tərəfindən tikilən stadionların açılışında iştirak edib. Bu səfərlər zamanı şəxsən Mişel Platini özü Azərbaycandakı iqtisadi inkişafa şahid olub. Bu inkişafın ölkədə böyük yarışların keçirilməsi üçün idman arenalarının tikilməsinin təminatçısı olması faktını qəbul edib. Avropa Çempionatı kimi yarışın final mərhələsinin keçirilməsi üçün digər mühüm məsələ - ölkədəki sabitlik və təhlükəsizlik Bakının lehinə qərar verilməsində əsas rol oynayıb.

Avro-2020-də 4 oyunun Bakıya etibar edilməsi AFFA-nın nüfuzunun artmasının göstəricisidir. Azərbaycan futbol qurumu Bakının namizədliyi istiqamətində düzgün iş apardı və yekunda qalib gələnlər sırasında oldu. Tarixi uğurun ən başlıca səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin Bakının namizədliyini dəstəkləməsi oldu. Sirr deyil ki, UEFA üçün dövlət rəhbərinin dəstəyi və razılığı vacib faktordur. Dövlət başçısı İlham Əliyev ilk gündən etibarən Avro-2020-nin Bakıda keçirilməsi üçün hər cür şərait yaradılacağına zəmanət verməklə qələbəmizdə əsas pay sahibi oldu. 

UEFA-nın tarixi qərarı həm də Azərbaycanın siyasi qələbəsidir. Bakı mötəbər yarışın 3 qrup oyunuyla yanaşı 1 pley-off matçına da ev sahibliyi edəcək. UEFA-nın məhz 14 final görüşünü Azərbaycana həvalə etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Ölkəmiz Avropada söz sahibi olan səkkiz dövləti - Belçika, Danimarka, Macarıstan, Hollandiya, İrlandiya, Rumıniya, Şotlandiya və İspaniyanı geridə qoyaraq 1/4 finalı oyunlarından birini qazandı. 

Səsvermənin nəticələrinə gəldikdə, icrakom üzvləri Bakının namizədliyinin lehinə 37 səs verib. Münhen paytaxtımızdan 1 səs çox toplayıb - 38 səs. Sankt-Peterburq 29, Roma isə 20 səslə qalib olub. Brüssel, Kardiff və Budapeşt kimi şəhərlər məğlubiyyət acısı yaşayıb.

2020-ci ildə Avropa Çempionatı iyun-iyul aylarında keçiriləcək. UEFA Bakı şəhərini Sankt-Peterburqla birgə Şərq qrupuna daxil edib. Reqlamentə əsasən 14 final matçını keçirəcək şəhərlər bir-birinə yaxın olmalıdır. Bu mənada seçimdə Bakı-Sankt-Peterburq, Münhen-Roma duetinə üstünlük verilib. Bakıdakı oyunlar inşası davam etdirilən Olimpiya stadionunda keçiriləcək. Möhtəşəm arena 69 min azarkeşi qəbul etmək imkanına malikdir. Əgər Azərbaycan millisi Avro-2020-yə vəsiqə qazansa onda yığmamızın 2 qrup oyunu Bakıda, digər matç isə başqa şəhərdə təşkil ediləcək.

Beləliklə, cəmi altı ildən sonra Azərbaycan böyük futbol bayramına ev sahibliyi edəcək. Azərbaycan millisinə həmin yarışda iştirakçılar sırasında olmaq üçün səylə çalışmaq lazımdır. Biz azarkeşlərə isə bu böyük bayramını səbirsizliklə gözləmək qalır.

 

 

AVRO-2020-nin OYUNLARININ KEÇİRİLƏCƏYİ ŞƏHƏRLƏRIN SİYAHISI 

 

London - 1/2 finallar və final

Bakı - 3 qrup oyunu, bir 1/4 final oyunu

Münhen - 3 qrup oyunu, bir 1/4 final oyunu

Roma - 3 qrup oyunu, bir 1/4 final oyunu

Sankt-Peterburq - 3 qrup oyunu, bir 1/4 final oyunu

Brüssel - 3 qrup oyunu, bir 1/8 final oyunu

Kopenhagen - 3 qrup oyunu, bir 1/8 final oyunu

Budapeşt - 3 qrup oyunu, bir 1/8 final oyunu

Amsterdam - 3 qrup oyunu, bir 1/8 final oyunu

Dublin - 3 qrup oyunu, bir 1/8 final oyunu

Buxarest - 3 qrup oyunu, bir 1/8 final oyunu

Qlazqo - 3 qrup oyunu, bir 1/8 final oyunu

Bilbao - 3 qrup oyunu, bir 1/8 final oyunu

 

 

İLK MƏNBƏDƏN

 

"Bu ölkələri seçməkdə məqsədimiz, onların böyük beynəlxalq aeroportlarının olmasıdır. Seçim, milli komandaların gücü və ya ölkələrin turizm cazibədarlığı ilə diktə edilməmişdi. Bizim meyarlarımız aeroportlara, həmçinin də nəqliyyat vasitələrinə aiddir. 1/4 finalların keçiriləcəyi yerlərə baxaraq, biz görürük ki, onlardan ikisi şərqdə baş tutacaq. Digər ikisi isə qərbdə. Düşünürəm ki, İcraiyyə Komitəsinin üzvləri balansı tapmağa çalışıblar - Qərbi Avropada Roma və Münhen, Şərqi Avropada isə Bakı və Sankt-Peterburq. Azərbaycan ilk dəfə qəbul edəcək mötəbər oyunlara layiqdir. Bu ölkə Avropanın bir hissəsidir. UEFA-nın bir hissəsidir. Niyə Avropa Çempionatının oyunlarını keçirməsin? Bəzi kiçik ölkələrin sifariş kitablarını zəif hazırlamaları bizi təəssüfləndirdi. Onlar daha yaxşı şərtlər hazırlamalı idi". 

Mişel PLATİNİ, UEFA prezidenti

 

"2020-ci ildə təşkil olunacaq Avropa Çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı şəhərinin Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa Çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir".

Rövnəq ABDULLAYEV, AFFA prezidenti 



MƏSLƏHƏT GÖR:

764