19 Aprel 2024

Cümə, 11:56

BAYRAĞI DAŞIMAQ ŞƏRƏFİ

London Olimpiadasında Azərbaycan bayrağını kim daşısın?

Müəllif:

01.04.2012

Təxminən, 3 aydan sonra XXX Yay Olimpiya Oyunları start götürəcək. Bu ərəfədə iddiaçı ölkələri maksimum sayda lisenziya qazanmaq və idmançıları Olimpiadaya hazırlamaqdan başqa nə düşündürə bilər? Lakin sən demə, ən adi təşkilati məsələnin belə yarışın nəticələrinə təsir göstərməsi müm-kündür; məsələn, Azərbaycan millisinin bayraqdarının kim olacağı maraq doğurur. Müstəqil Azərbaycan idmanı tarixində bayraqlarla bağlı bəzi hadisələr bu barədə düşünməyə əsas verir. 

Azərbaycan müstəqil ölkə kimi, olimpiadalarda ilk dəfə iştirak etdiyi 1992-ci il Barselona Yay Olimpiya Oyunlarından etibarən bayraqdar yalnız ən yüksək nəticəyə malik idmançılara həvalə edilir. Nazim Hüseynov 1992-ci il Barselona Olimpiadasında bayrağımızı daşımaqla yanaşı, həm də Olimpiya çempionu olub. Bu səbəbdən, 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında da eyni vəzifə ona tapşırılıb. Həmin il Olimpiadada yeganə medalın sahibi, sərbəst güləşçimiz Namiq Abdullayev 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında bayraqdar olub. Abdullayev Sidneydə çempion olsa da, 2004-cü ildə bayrağımızı daşımaq ağırlıqqaldırma üzrə ikiqat dünya çempionu Nizami Paşayevə tapşırıldı. Bu sərbəst güləş yarışlarının daha gec başlanması səbəbindən, Olimpiya çempionumuzun yarışa sonradan yollanmasıyla əlaqədar olub. Lakin həmin il atletimiz medalsız qaldı.  4 il sonra Pekin Yay Olimpiya Oyunlarında bu şərəfli iş yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurova tapşırıldı. Nəticədə, pəhləvan ilk görüşdə uduzmaqla mübarizəni erkən dayandırdı. Çində ən böyük uğurumuz isə Elnur Məmmədliylə bağlı oldu. Cüdoçu bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazandı. Məhz buna görə də Londonda bayraqdar kimi Elnur Məmmədlinin bu şərəfli işi yerinə yetirəcəyi gözlənilir. 

Lakin yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov maraqlı təkliflə çıxış edib. Karyerasını başa vuran güləşçimiz Olimpiadanın açılış mərasimində bayrağın yığmanın hansısa üzvünün deyil, karyerasını bitirmiş Olimpiya çempionlarından birinin aparmasını məqsədəuyğun hesab edir: "Fikrimcə, ən yaxşı variant bayrağın karyerasını başa vuran Olimpiya çempionlarından birinin aparmasıdır. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ölkəmizin bayraqdarı mən idim. Bir neçə saat davam edən açılış mərasiminin sonunda soyuqladım. Nəticədə, həmin axşam hərarətim yüksəldi. Bu, Olimpiadada uğursuz çıxışıma birbaşa mənfi təsir göstərdi. Ona görə Londondakı yarışda hansısa idmançımızın yox, karyerasını artıq başa vuran Olimpiya çempionumuzun bayrağı daşıması daha münasib olardı".

Qeyd edək ki, 2008-ci ildə Pekin Olimpiadasının açılış mərasimi avqustun 8-də keçirilib. Mərasim zamanı bayrağımızı daşıyan Fərid Mansurov 5 gün sonra 66 kq.-da mübarizəyə qoşulub. Lakin idmançımız ilk görüşdə Ukrayna yığmasının üzvünə uduzaraq, Olimpiadada iştirakını dayandırıb. Açılışda xəstələnən Mansurov sonradan özünü toplaya bilməyib. 

Cüdo üzrə milli komandanın baş məşqçisi Ağayar Axundzadə də bu fikirdədir. Onun fikrincə, məhz Elnur Məmmədlinin bayraqdar olması o qədər vacib deyil: "Bayraqdar məşqçi və ya idmançı da ola bilər. London Olimpiadasında açılış mərasimi iyulun 27-də keçiriləcək. Elnur mübarizəyə iyulun 31-də qoşulur. O vaxta qədər çəkisalma və digər hazırlıqlar olmalıdır. Fikrimcə, bayraqdar Məmmədlidən başqa digər idmançı da ola bilər. İstənilən halda, Milli Olimpiya Komitəsinin rəhbərliyi hansı qərarı qəbul etsə, biz onunla razılaşmalıyıq".

Ardıcıl iki Olimpiadada (1992, 1996) bayraqdar olan Nazim Hüseynov isə şərəfli işin məhz Elnur Məmmədliyə tapşırılmasını vacib sayır. İlk Olimpiya çempionumuz bayrağı daşımağın uğursuzluqla əlaqələndirməyin əleyhinədir: "1992-ci ildə Barselona Olimpiadasında MDB idmançıları kimi qatılmışdıq. Ölkəmizin bayrağını mən daşıyırdım. Həmin il ad günümdə - avqustun 2-də Olimpiya çempionu oldum. 1996-cı il Olimpiadasında da bayraqdar mən idim. Lakin Atlantada medalsız qalmağım hazırlıqla bağlı idi. O vaxt yarışlara az göndərdilər, təlimlər rayonlarımızda oldu. Ona görə yaxşı iştirak edə bilmədim. Açılış mərasimində xəstələnmə ehtimalının yüksək olmasıyla razı deyiləm. Hər şey idmançıdan asılıdır".

Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli isə Milli Olimpiya Komitəsinin istənilən qərarına əməl edəcəyini bildirib. İdmançımız bayraqdarın uduzma ehtimalının çox olmasına inanmadığını deyib: "Fərid Mansurovun dedikləri həqiqətdir. O, Pekindəki açılış mərasimindən sonra xəstələndi. 40 dərəcə qızdırma içində idi, ona dərmanları şəxsən özüm vermişəm. Amma bu o demək deyil ki, mən də xəstələnməliyəm. Əgər lazım bilsələr, can-başla yerinə yetirəcəyəm. Azərbaycan Bayrağını daşımaq şərəfdir. Əgər başqa idmançıya həvalə etsələr, yalnız sevinərəm. Rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağam".

Sonda Londonda Azərbaycan Bayrağını hansı idmançının daşıyacağını öyrənmək üçün ölkəmizin şef de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətovla əlaqə saxladıq. Nazirlik rəsmisi hələlik kimin bayraqdar olacağına dair qərar verilmədiyini bildirdi. Onun sözlərinə görə, bayraqdar üçün xüsusi qayda yoxdur. Bu iş istənilən şəxsə həvalə oluna bilər. Yekun qərarı Milli Olimpiya Komitəsi qəbul edəcək.



MƏSLƏHƏT GÖR:

583