25 Aprel 2024

Cümə axşamı, 19:00

QASIM BƏY ZAKİRİN "ŞİNEL"i

Azərbaycanda satirik poeziya onun şeirlərindən, pamfletlərindən və həcvlərindən yaranıb

Müəllif:

11.11.2014

XIX əsr Azərbaycan ədəbiyyatında əlamətdar dönəmdir. O dövrdə mədəniyyətlərin vəhdəti ortaya yeni, o zamanadək tanınmayan istedadlar çıxarıb.

Əsrin ilk yarısında Azərbaycan ədəbiyyatında tələbatın ən yüksək olduğu janr sosial satira idi. Ədəbiyyatdakı bu yeni dövrün korifeyi Mirzə Fətəli Axundov deyirdi: "Mənim dövrümdə nəyə diqqət yetirirsənsə, gülüş və istehza yaradır. Əsər yaratmağa başladıqda mövzu özü ilə birlikdə satiranı da gətirir... Satira söz ustadlarının istəyi ilə yox, onlardan asılı olmadan meydana çıxır".

 

Mədəni ziyalılardan biri

O dövrün satirik nəsrində, poeziyasında Qasım bəy Zakir son dərəcə böyük rol oynayıb. Onu realist satiranın banisi də adlandırmaq olar. Axundov məktublarında əbəs yerə Qasım bəy Zakirdən müəllimlərindən biri kimi bəhs etmirdi. O vaxtlar satira obyektlərinin dairəsi çox geniş idi. Çar məmurları və idarəçiləri, bəylər və mülkədarlar tənqid olunurdular. Zakir artıq bizim mədəniyyətimiz üçün ənənəvi sayılan şəkildə ruhaniləri tənqid edir, cahil ara həkimlərinə gülür, acgöz kənd məmurlarını ələ salırdı. Realist üslub, detallara diqqət yetirilməsi Zakir poeziyasını əvəzolunmaz edir. Onun yaradıcılığı bizim üçün bu gün də nəinki ədəbi dəyərə malikdir, həm də tarixi dəyər daşıyır. Çünki Zakirin yaradıcılığı həmin dövrdəki həyatı tam çılpaqlığı ilə göstərir.

Bu konteksdə Zakirin tərcümeyi-halı mədəni ziyalılar, maarifçilər üçün xarakterik, hətta tipikdir. O, adlı-sanlı ailədə doğulub, dini məktəbdə təhsil alıb və bir neçə il rus ordusunda xidmətdə olub. Şərq ədəbiyyatını yaxşı bilən Zakir hərbi xidmət zamanı Rusiya ədəbiyyatı, onun vasitəsilə isə Avropa mədəniyyəti ilə də tanış olub.

Şairin yaradıcılığında dövrün məşhurları ilə - Axundovla, Natavanla, gürcü şairləri ilə nəzm yazışması vacib yer tutur. Həmin məktubların həm də vacib tarixi önəmi var. Çünki onlar ziyalıların gündəlik və yaradıcılıq həyatını özündə əks etdirir.

Zakirin yaradıcılığna lirik ruh xasdır, texniki baxımdan daha çox xalq  aşıqlarının yaradıcılığına yaxındır. Bununla yanaşı, onun irsi çoxtərəflidir - həcvlər, təmsillər, nağıllar. Bütün bunlar cəsarətliliyi ilə, hakimiyyət başında duran şəxslərə, yerli bəylərə və çar məmurlarına qarşı ədalətli tənqidi ilə fərqlənir.

Zakirin poeziyası bir çox hallarda konkret insanlara və qruplara ("Hüseyn bəyə həcv", "Divanbəyiləri həcv") qarşı yönəlib. Bununla yanaşı, onlar müəyyən ümumi xarakter də daşıyıb. Şair ən çox ruhaniləri hədəf seçib ("Şuşa mollaları haqqında" və s). Xırdalıqları, tipajları bacarıqla üzə çıxaran Zakir, bir növ, müasirlərinin real obrazını yaradıb.

Qasım bəy Zakir o qədər reallığı əks etdirən və aktual şeirlər yazırdı ki, bəzən həmin məktublarını belə, şeir formasına salırdı. Onun Axundova şeir formasında yazdığı məktubu bu gün böyük əhəmiyyətə malikdir. Gənc dostuna müraciətində Zakir doğma yurdu olan Şuşada çar məmurları və yerli bəyin adamlarının adi insanları necə aldatmalarından, soymalarından danışır. Onun  "Şuşa mollaları haqqında" pamfleti, "Taziyanələr" bu günədək gəlib çıxıb. O, Azərbayan klassikasının ifşaedici ənənələrinin davamçısı kimi,  bu ənənəni yeni dövrün elementləri ilə harmonik şəkildə birləşdirməyi bacarırdı. Vacib məqamlardan biri odur ki, Zakir yalnız satirik olmayıb. O, həm də şeirlərində əsl saf məhəbbəti mədh edir, valideynlər vasitəsilə tanışlıq hesabına və ya məqsədli nikahları tənqid edirdi.

 

Bədii realizmin yeni standartları

 

Qasım bəy Zakirin yaradıcılığı onun başına bəla açmaya bilməzdi. Mülkədar olan Zakirin böyük torpaq sahələri var idi. O, həmin sahələri icarəyə verir, lakin prinsipial mövqeyinə görə, kəndlilərə ağalıq etmirdi. Sonda Zakiri sevməyən şəxslər onu doğma Şuşadan sıxışdırıb-çıxarmağa nail oldular.

Məsələ ondadır ki, şair hərbi xidmətdən sonra ona Mehdiqulu xan Cavanşir tərəfindən hədiyyə olunmuş kiçik Xındırıstan kəndində yaşayırdı. Bir müddət sonra Zakiri qaçıb-gizlənmiş qohumu Behbud bəy Cavanşiri yanında gizlətməkdə təqsirləndirirlər. İttihamlar üçün əsasın olub-olmadığı məlum deyil, lakin Zakir həbs edilir, 1 il Şuşada məhbus həyatı yaşayır, daha sonra isə  Bakıya sürgün olunur. Burada bir neçə il yaşayan Zakir yalnız dostlarının köməyi ilə vətəninə qayıtmağa nail olur. Amma azadfikirli şair Şuşada məmurların ciddi nəzarəti altında yaşayır.

"Zakir müasir ədəbi dilin təkmilləşdirilməsinə böyük töhfələr verib", - deyə sənətşünas Laçın  Səmədzadə bildirir. - "Onun gördüyü ən böyük iş isə ədəbi realizmdə yeni standartları yaratmasıdır. Ondan sonra digər şairlər də həmin standartlara əməl  ediblər".

XIX əsr Azərbaycan ədəbiyyatı üçün əlamətdar dövr idi və o dövrdə buraya Qərb ədəbiyyatından nümunələr gəlib çıxmağa başlamışdı. "Buraya istər Rusiyadan, istərsə də Qərbi  Avropadan klassiklər gəlirdilər. Onlar Azərbaycanda Qasım bəy Zakirlə, Natavanla, Axundovla və digərləri ilə görüşürdülər", - deyə sənətşünas  bildirir: "Puşkinin, Dümanın və digərlərinin buraya gətirdikləri yeni standartlar milli poeziyada, daha sonra isə dramda tam "oturuşdu" və yeni forma yaratdı". Səmədzadənin sözlərinə görə, Zakirin və həmin dövrün ədiblərinin yaradıcılığı nə ideya, nə də estetik baxımdan təqlidçilik sayıla bilməz. - "Bu, təqlid deyildi. Bu, Şərqin və Qərbin harmonik sintezi idi. Bunu görmək üçün Zakirin istənilən şeirinə nəzər yetirmək kifayətdir".

Zakirin əsasını qoyduğu yaradıcılıq ənənələri sonradan yalnız onun dostu olmuş Axundov tərəfindən deyil, XIX əsrin ikinci yarısı, XX əsrə aid Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və digər realist şairlər tərəfindən də davam etdirilib. Rusiyanın satirik-realistik nəsri "Qoqolun şinelindən çıxıbsa", bizim satirik poeziyamız Qasım bəy Zakirin şeirlərindən, pamfletlərindən və həcvlərindən yaranıb.


MƏSLƏHƏT GÖR:

694