23 Aprel 2024

Çərşənbə axşamı, 13:04

"BÖHRANIN TƏSİRİ CÜZİ OLACAQ"

Dünya Bankının vitse-prezidenti Lora Tak "R+" jurnalına eksklüziv müsahibəsində Bakı danışıqlarının detallarını açıqlayıb

Müəllif:

11.11.2014

Azərbaycanın Dünya Bankı (DB) ilə əməkdaşlığı, demək olar ki, ölkənin müstəqillik qazanmasından dərhal sonra başlayıb. Tərəflərin birgə həyata keçirdikləri nəhəng layihələr bu əməkdaşlığın məhsuldar olduğunu göstəritr. Ötən 20 ildə bank tərəfindən Azərbaycana 54 layihənin reallaşdırılması üçün, ümumilikdə, 3,9 milyard dollar kredit ayrılıb. Bundan başqa, DB Azərbaycan hökuməti ilə müxtəlif iqtisadi məsələlərlə bağlı daim müzakirələr aparır, tədqiqatlar həyata keçirir, ölkə iqtisadiyyatının zəif və güclü tərəflərinin üzə çıxarılması istiqamətində işlər görür, vəziyyətin daha da yaxşılaşdırılması üçün tövsiyələr verir.

DB-nin Avropa və Mərkəzi Asiya regionunda strategiyasını yeni formatda quracağı 3 pilot ölkədən biri kimi məhz Azərbaycanın seçilməsi heç də təsadüf deyil. Qurum bu ölkələrlə əməkdaşlığını strategiya çərçivəsində yox, ölkə ilə tərəfdaşlıq (Country Partnership Framework) çərçivəsində qurmaq niyyətindədir. Sənəd üzərində işlər artıq başa çatmaq üzrədir.

DB-nin Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Lora Takın Bakıya ilk səfəri zamanı da məhz uğurlu əməkdaşlıq təcrübəsi və yeni istiqamətlər müzakirə edilib. Xanım TAK səfərinin detallarını, həmçinin DB-nin Azərbaycanın iqtisadi inkişafına dair proqnozlarını "R+" jurnalına müsahibəsində açıqlayıb.

- Dünya Bankı bu yaxınlarda Avropa və Mərkəzi Asiya ölkələri üçün iqtisadi inkişaf perspektivlərinə dair proqnozuna yenidən baxıb. Bu, regiondakı hazırkı vəziyyət və Ukraynada yaşanan böhran kontekstində edilib. Fikrinizcə, regiondakı vəziyyətin yaxın və orta perspektivlərdə Azərbaycan iqtisadiyyatına təsir etmə təhlükəsi nə qədər ciddidir?

- Azərbaycanın iqtisadi inkişafına dair proqnozlar daha çox qlobal iqtisadi vəziyyət və ölkədəki daxili şəraitlə əlaqədar formalaşır. Onun siyasi hadisələrlə əlaqəsi azdır. 

Məlum olduğu kimi, Dünya Bankı 2014-cü il üçün Azərbaycanda 4,5%-lik iqtisadi artım proqnozlaşdırıb (əvvəl bu göstərici 5,2% idi - red.). Bu, əsasən, ölkəyə gələn neft gəlirlərinin azalması ilə bağlıdır. Bununla əlaqədar olaraq, Azərbaycanın qeyri-neft sektoru ilə bağlı proqnozlar da aşağı salınıb. Çünki neft satışından gəlirin azalması dövlət xərclərinin azalmasına təsir edir, bu isə öz növbəsində qeyri-neft sektorundan olan gözləntilərə öz təsirini göstərir.

Gələn il üçün isə iqtisadi inkişaf proqnozu cüzi azaldılaraq, 4%-ə çatdırılıb. Səbəb eynidir - neft hasilatında azalmanın davam etməsi. Bununla yanaşı, dünyada iqtisadi inkişafla bağlı proqnozların aşağı olduğunu nəzərə alsaq, biz ümumilikdə gələn il neftə tələbatın azalacağını gözləyirik. Bu, neftin qiymətinə öz təsirini göstərəcək və onun aşağı həddə qalmasına səbəb olacaq.

Rusiya-Ukrayna böhranının Azərbaycanda və regiondakı iqtisadi proseslərə təsirinə gəlincə, hələ ki, bunun tam mənzərəsini cızmaq çətindir. Bir tərəfdən, Rusiyada iqtisadi inkişafın zəifləməsi Azərbaycandan bu ölkəyə ixracın azalması ilə nəticələnəcək. Digər yandan isə Azərbaycanın ixrac əməliyyatlarından əldə olunan gəlirlərinin 86%-i neft və qaz satışından əldə olunur və bu, müxtəlif ölkələrin bazarlarında reallaşdırılan prosesdir. Rusiya Azərbaycandan qeyri-neft məhsulları ixracının strukturunda vacib yer tutur. Odur ki, rublun məzənnəsinin düşməsi və Qazaxıstan təngəsinin ucuzlaşması Azərbaycan məhsullarının rəqabət qabiliyyətliliyinə mənfi təsir göstərə bilər. Rusiya valyutası ilə bağlı vəziyyət Azərbaycana pul köçürmələrinin həcminə də təsir edə bilər. Amma burada qlobal təhlükə yoxdur. Çünki bu mənbə Azərbaycanın ÜDM-də cəmi 2% təşkil edir. Əvəzində, Azərbaycan ABŞ və müxtəlif Avropa ölkələrindən ayrı-ayrı məhsulların Rusiyaya idxalına qoyulmuş qadağadan istifadə edib, qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracını artıra bilər. Göründüyü kimi, siyasi böhranın Azərbaycan iqtisadiyyatına təsir variantları bir neçədir. Sonda onların hansının üstün mövqedə olacağını indidən söyləmək çətindir. İstənilən halda, bu təsirin cüzi olacağını düşünürəm. 

- Dünya Bankının Azərbaycandakı portfeli bir çox sahələri əhatə edir - infrastrukturdan tutmuş, təhsilə, səhiyyədən tutmuş, daşınmaz əmlakın qeydiyyatınadək. Bu gün layihələrdən hansını daha uğurlu saymaq olar?

 - Dünya Bankı Azərbaycanla 20 ildən artıqdır ki, əməkdaşlıq edir və bu illər ərzində biz bir çox məsələlərlə bağlı hökumətlə saysız-hesabsız məsləhətləşmələr aparmışıq. Birlikdə araşdırmalar, analitik işlər aparıb, texniki yardımlar göstərmişik və sair. Bankın ölkə üzrə portfeli hazırda 2,8 milyard dollardır və o, 18 layihəni əhatə edir. 

Bildiyiniz kimi, bu il 3 layihə üzrə ümumilikdə, 300 milyon dollarlıq kredit razılaşması imzalanıb. Qarşıdakı bir neçə ayda daha 2 layihənin təsdiqlənəcəyi gözlənilir.

Layihələrdən hansının məni daha çox qane etdiyinə gəlincə, Dünya Bankı layihələri seçərkən ilk növbədə iqtisadi effektivliyə, onun əhalinin yardıma, dəstəyə ehtiyacı olan hissəsini mümkün qədər çox əhatə etməsinə diqqət yetirir. Bundan başqa, onlar hökumətin "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyası çərçivəsindəki planlarına uyğundur.

Deyək ki, biz hökumətə bir çox ailələrdə yoxsulluq probleminin həllinə kömək edən ünvanlı sosial yardım proqramının hazırlanmasında və reallaşdırılmasında kömək etdik. Bakıda bərk məişət tullantılarının utilizasiyası layihəsinin həyata keçirildiyi ərazidə oldum və məsələnin necə uğurlu şəkildə çözüldüyünü gördüm. Əvvəllər tullantılar açıq ərazidə yığılıb-qalır, bir çox hallarda onlar öz-özünə alışırdı. Bu isə ekologiyaya, insanların sağlamlığına son dərəcə mənfi təsir göstərirdi. Bu gün isə həmin ərazidə yeni texnologiyaların yer aldığı müasir müəssisə var. Orada tullantıların təkrar emalı həyata keçirilir, ətraf yaşılaşdırılır. Biz Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzRIP) iştirakçıları ilə də görüşdük. Onlar bizə layihə çərçivəsində xüsusilə yolların tikintisi, su təchizatı, tibb məntəqələrinin yaradılması və s. işlərə göstərilmiş real yardımlardan danışdılar. Yəni, layihənin reallaşdırılma forması çox uğurlu seçilib - kənd icmaları investisiyaların yönəldilməsi üçün lazımi sahələri birlikdə seçib və nəticədə bu, icmaların güclənməsinə təsirini göstərib. Onlar mövcud problemləri müstəqil şəkildə aradan qaldıra bildiklərinə, həyatlarını yaxşılığa doğru dəyişməyi bacardıqlarına əmin olublar.

Səfərim zamanı mən Bakı məhkəməsinin "çox ağıllı" binasına da baş çəkdim. Orada işlər yüksək texnologiyalardan istifadə ilə qurulub, məhkəmə iclasları prosesi təkmilləşdirilib, hakimlər və əsas personal üçün müxtəlif treninqlər keçirilib və bütün bunlar, şübhəsiz ki, ədliyyə sahəsində islahatlara, vətəndaşların qanuni hüquqlarının qorunmasına öz müsbət təsirini göstərir. İşlərin dünyanın ən öncül təcrübələrinə əsaslanaraq görüldüyünü müşahidə etmək çox xoşdur.

- Məlum olduğu kimi, Dünya Bankı Azərbaycanla əməkdaşlıq üzrə yeni strategiya hazırlayır. Orada hansı istiqamətlər prioritet təşkil edəcək? Bakıya səfəriniz zamanı, xüsusilə Prezident İlham Əliyevlə görüşünüzdə DB-nin Azərbaycanla bağlı planları müzakirə edilibmi? 

- Prezident İlham Əliyevlə görüşdə əməkdaşlıq istiqamətləri və yeni strategiyanın prioritetlərinin müəyyənləşdirilməsi prosesini razılaşdırmışıq. Şübhəsiz, biz "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həmçinin hökumətin digər prioritet proqramlarında nəzərdə tutulmuş sahələr üzrə əməkdaşlıq etmək niyyətəndəyik. 

Digər tərəfdən, DB əhalinin bir hissəsinin aşağıgəlirli ailələr kateqoriyasından orta sinifə keçidinin təmin olunması üçün həyata keçirilməli tədbirlərin, atılmalı addımların müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparır. Bu analitik işlərin nəticəsi 2014-cü ilin dekabrında hazır olacaq. Bundan sonra biz hökumətlə, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə, biznes dairələri ilə, tərəfdaş təşkilatlarla əməkdaşlıq strategiyasına dair geniş müzakirələr aparacağıq. Sənəd tam razılaşdırıldıqdan sonra təsdiqlənəcək.

Qeyd edim ki, Prezident İlham Əliyevlə bir çox yeni ideyaları müzakirə etmişik. Lakin hələ onların işlənməsinə ehtiyac var.

- Bu yaxınlarda Dünya Bankı yeni "Doing Business" hesabatını açıqlayıb. Hesabata əsasən, Azərbaycan ən çox islahatların aparıldığı ölkələrin ilk onluğunda yer alıb. Azərbaycanın nailiyyətlərini necə qiymətləndirirsiniz? Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün hansı problemlər həll olunmalıdır? DB bu istiqamətdə hökumətə kömək etməyə hazırdırmı?

 - Azərbaycanı bu il həyata keçirilmiş islahatların sayına görə öncül ölkələr sırasında görmək bizim üçün də xoşdur. Ölkəniz reytinqdə 189 ölkə arasında 88-ci pillədən 80-ci yerə qalxıb. Həyata keçirilən islahatların qiymətləndirilməsinə gəlincə, burada üç əsas istiqamət nəzərə alınıb - müəssisənin qeydiyyatında elektron imzadan istifadə yolu ilə biznesə başlamaq prosedurunun sadələşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində onlayn xidmətlərin tətbiqi və sosial sığorta üzrə ödənişinin sadələşdirilməsi. Yəni, DB tərəfindən tədqiq olunmuş göstəricilərə görə, Azərbaycan 2005-ci ildən 21 islahat həyata keçirib ki, bu sırada yeni biznesə başlanması üçün tələb olunan günlərin 113-dən 5-ə endirilməsi də var. Bu, Kanadadakı vəziyyətlə eynidir. 

Bundan başqa, ölkədə vergi ödəmələrinin həyata keçirilməsi üçün vaxt 756 saatdan 195 saatadək azaldılıb və sair.

Problemlərə gəlincə, əlbəttə ki, hələ üzərində işlənməli olan sahələr var. Məsələn, tikintiyə başlanılması üçün 21 inzibati prosedurdan keçmək lazımdır. Bu, Avropa və Mərkəzi Asiya regionunda ən yüksək göstəricidir. Bundan başqa, elektrik şəbəkəsinə qoşulmaq üçün 164 gün tələb olunur. Bu, region üzrə analoji göstəricidən 1 ay artıqdır. DB hökumətlə və biznes dairələri ilə belə prosedurların təkmilləşdirilməsi istiqamətində danışıqlar aparır.

Bununla yanaşı, hökumətin ən uğurlu islahatları arasında "ASAN Xidmət"i xüsusi qeyd etmək istərdim. Mən bu xidmətin Bakıdakı ofislərinin birində oldum və demək istərdim ki, onun uğurları, həqiqətən, insanda çox yüksək təəssüratlar yaradır. "ASAN Xidmət"in öz fəaliyyətini istər coğrafi, istərsə də göstərdiyi xidmətlər baxımından genişləndirməsini çox istərdik. Hökumət bizə müvafiq təkliflə müraciət edərsə, məmnuniyyətlə lazımi dəstəyi verərik.

Artıq qeyd etdiyim kimi, DB hökuməti digər istiqamətlərdə də dəstəkləməyə hazırdır. Söhbət maliyyə-bank sektorunun inkişafından gedir. Bu məsələni Azərbaycan Mərkəzi Bankı idarə heyətinin rəhbəri Elman Rüstəmovla geniş müzakirə etmişik. "Doing Business" hesabatında yer almış və Azərbaycanda hələ aşağı səviyyədə olan bütün digər mövqelərlə bağlı da məsləhətləşmələrə, həmin göstəricilər üzrə yaxşı mövqedə olan ölkələrin təcrübəsini bölüşməyə hazırıq. Bundan başqa, biz neft gəlirlərinin azalması səbəbindən, qeyri-neft sektorunda yaranmış maliyyə boşluğunun özəl investisiyaların cəlb olunması hesabına doldurulmasına dəstək verməyə hazırıq.



MƏSLƏHƏT GÖR:

776