29 Mart 2024

Cümə, 18:09

BEN LADEN ÖLDÜ, ƏVƏZİNDƏ "AKOP AKOPYAN SAĞDIR"

"Erməni soyqırımı"nın tanınması istiqamətindəki siyasətin iflası ermənilərin ASALA terror təşkilatını fəallaşdırıb

Müəllif:

15.05.2011

2011-ci ilin mayı,  yəqin ki, "1 saylı terrorçu" (ABŞ xüsusi xidmət orqanları onu məhz belə adlandırırdı), "Əl-Qaidə" terror şəbəkəsinin lideri Üsəma ben Ladenin məhvi ilə dünyanın yaddaşında qalacaq. Amma həmin hadisədən bir qədər əvvəl - aprelin 24-də "Əl-Qaidə"din heç də az məşhur olmayan başqa terror təşkilatı ASALA (Ermənistanın məxfi azadlıq ordusu) xüsusi bəyanatla çıxış edib və bu bəyanat yalnız Türkiyənin ünvanına hədə deyil: "Ermənilər ASALA ilə birgə siyasi və silahlı mübarizə vasitəsilə daha güclü  olan Türkiyənin aqressiv hakim qüvvələrini strateji dalana dirədi. Türkiyədəki sülhpərvər qüvvələr və aparıcı ziyalılar öz qüvvələrini birləşdirərək, erməni xalqının qayıdışını təmin etmək və erməni soyqırımını tanımağı tələb etməlidirlər. Xalqın azadlıq mübarizəsinə qarşı heç bir şərt irəli sürülə bilməz. Türkiyənin həm siyasi, həm də iqtisadi müttəfiqləri olan dövlətlər bizim düşmənlərimiz olaraq qalır. ASALA erməni xalqına vurulmuş dərin yaraları sağaltmaq üçün NECƏ, NƏ VAXT və HARADA fəaliyyət göstərməli olduğunu bilir. Akop Akopyan (ASALA-nın yaradıcısı - red.) sağdır və biz hamımız Akop Akopyanıq".

Açıq hədənin olduğu ortadadır. Gözlənildiyi kimi, ASALA-nın bu bəyanatı Ankaranın diqqətindən kənarda qalmayıb. Bir qədər əvvəl Türkiyə paytaxtında türk səfirlərin üçüncü konqresi keçirilib. Toplantıda dünyanın müxtəlif ölkələrində akkreditə olunmuş Türkiyə diplomatik nümayəndəliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Onlar əsasən, "erməni soyqırımı", Ermənistan-Türkiyə münasibətləri, həmçinin, ASALA ilə bağlı müzakirələr aparıb. Diplomatlar hələ ötən ilin sonlarında Türkiyənin müxtəlif ölkələrdəki səfirliklərinə ASALA tərəfindən "Ehtiyatlı olun! Elə bilməyin ki, biz yoxuq! Biz hələ sizinlə haqq-hesab çəkəcəyik!" kimi hədədolu şuarların daxil olduğunu xatırladıb.

Toplantıda qeyd olunub ki, "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində erməni diasporu ciddi hazırlıq işləri görür. Bu səbəbdən, erməni planlarının iflasa uğraması üçün bir sıra addımlar atılmalıdır.

Türkiyənin hücuma keçməsi, 1915-ci il hadisələrinə aid film çəkməsi təklif edilib. Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə toxunan bir sıra səfirlər Sürix protokollarının ləğvini də tələb edib. Onlardan bəziləri Ankaranın "erməni soyqırımı"nın beynəlxalq aləm tərəfindən tanınmasına yönəlmiş prosesə qarşı daha sərt mövqe ortaya qoymasını vacib adlandırıb və konkret təkliflərlə çıxış edib.

Rusiyanın terror və az intensiv münaqişələr təhlükəsinin təhlili  mərkəzinin direktoru Ramil Latıpov hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması məsələsində sərt mövqe nümayiş etdirmiş ASALA bundan sonra daha fəal işə keçə bilər. Ermənistan-Türkiyə prosesi və "soyqırım"la bağlı ermənilərdə yaranmış son məyusluqlar fonunda rusiyalı ekspertin qənaəti daha aktualdır. ASALA-nın son hədə bəyanatı da bununla izah olunur - görünür, erməniliyin əsəbləri dözməyib.

Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasındakı destruktiv mövqeyi özünü, ilk növbədə, 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilər və ekspertlərdən ibarət birgə komissiyanın yaradılmasına, hər iki ölkənin, həmçinin, bir sıra digər dövlətlərin (Almaniya, Böyük Britaniya, ABŞ və Rusiya) arxivlərinin açılmasına qəti etiraz etməsindədir. Bu, "erməni soyqırımı" haqda spekulyasiyalara birdəfəlik son qoyulmasına imkan verərdi.

Maraqlıdır ki, Ankara öz arxivlərini çoxdan açıb. Ermənistan isə bu addımı atmaq niyyətində deyil. O, xüsusilə "daşnaksütyun"un ABŞ-da saxlanılan arxivlərinin açılmasına qəti etiraz edir.  Ermənilik bu məsələni sübuta ehtiyacı olmayan fakt kimi təqdim edir, "erməni soyqırımı"nın "məhkəmə və istintaq olmadan" beynəlxalq aləm tərəfindən tanınmasına nail olmağa çalışır.

Qeyd edək ki, hələ 2005-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın ozamankı prezidenti Robert Köçəryana ünvanladığı məktubda 100 illik keçmişdə baş vermiş hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını təklif etmişdi. Türkiyə tərəfi bu komissiyanın, hətta Ankaranın maraqlarına zidd nəticə açıqlayacağı təqdirdə belə, onunla razılaşacağına zəmanət verirdi. Lakin Ermənistan prezidenti Ərdoğana cavab məktubunda komissiyanın yaradılmasının məqsədəuyğun olmadığını bildirdi və bunu "erməni soyqırımı" faktının mövcudluğuna şübhə kimi  "dəyərləndirdi".

Sonradan 1915-ci il hadisələrinin tarixçilərdən ibarət beynəlxalq müstəqil komissiya tərəfindən araşdırılması məsələsi 2009-cu ildə Sürixdə imzalanmış protokollarda öz əksini tapıb. Lakin Ermənistanın Konstitusiya Məhkəməsi "erməni soyqırımı" mövzusunun müzakirə obyektinə çevrilməsinin mümkünsüzlüyü ilə bağlı qərar çıxarıb.

Beləliklə, ABŞ-ın təşəbbüsü ilə ortaya çıxmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi dalana dirənib. Amma Vaşinqton heç nəyə baxmayaraq, geri çəkilməyi düşünmür. O, beynəlxalq komissiyanın yaradılması ideyasını dəstəkləyir. Təxminən, 1 ay əvvəl ABŞ-ın Türkiyədəki səfiri F. Rikardone də bunu bir daha təsdiqləyib. Səfirin bəyanatı, həmçinin, Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən dramatik hadisələrdən sonra ermənilik, çətin ki, Barak Obamanın ənənəvi 24 aprel müraciətində "erməni soyqırımı" ifadəsini işlədəcəyinə ümid bəsləyəydi. Gözlənildiyi kimi, Obama ABŞ-ın erməni icmasına müraciətində (hakimiyyə gəldikdən sonra 3-cü dəfə) "soyqırım" ifadəsini işlətmədi və "mets eqern" - "böyük qətliam" sözü ilə kifayətləndi. Amma Ağ ev sahibinin bu fikri də Ankarnın mənfi reaksiyasına səbəb olub. Türkiyə hesab edir ki, sübut olunmamış iddialara qiymət verilməsi düzgün deyil.

Bu dəfə erməniliyin mövqeyi daha ciddi zərər alıb. "Daşnaksütyun"un "Ay Dat" ofisinin rəhbəri Kiro Manoyanın bundan açıq hiddətini ifadə etməsi də təsadüf deyil. Onun fikrincə, "erməni soyqırımı"nın beynəlxalq aləm tərəfindən tanınması prosesinə, həmçinin, Türkiyənin maddi kompensasiya ödəməsinə məhz Sürix protokolları "ciddi zərbə vurur". Maraqlıdır ki, bu yalnız Manoyanın deyil, erməniliyin bir çox nümayəndəsinin fikridir. Onlar hesab edir ki, danışıqlar prosesinin başlanması və Sürix protokollarından istifadə edən türklər Ermənistanın Türkiyəyə nə ərazi, nə də digər iddiasının olduğunu təsdiqləməsinə çalışır. Bu şəxslərin fikrincə, Ankara məhz sözügedən sənəd hesabına Dağlıq Qarabağ münaqişəsinin həllini Ermənistanla münasibətlərin normallaşdırılması ilə əlaqələndirmək üçün yaxşı imkan əldə edib.

Amma ermənilərin qondarma soyqırımın tanınması istiqamətindəki siyasətinin iflasa uğramasını yalnız bu məqamla əlaqələndirmək olmaz. Üstəlik, bunlar digər dövlətlər tərəfindən ermənilərin mövqeyinə ciddi zərbələr fonunda baş verir. Ümumiyyətlə, 2011-ci ili ermənili-yin bütün "cəbhəboyu" məğlubiyyəti dövrü saymaq olar. Ən ciddi zərbə isə ənənəvi olaraq ermənipərəst ölkə kimi tanınmış Fransadan gəlib.

Aprelin ikinci yarısında Fransa Senatının Konstitusiya Komissiyası "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini rədd edib.  Qurum onun söz azadlığına, Avropanın insan haqları konvensiyasına zidd olduğu qənaətindədir. Bundan başqa, bu komissiyanın üzvü Jan-Jak Xyest tərəfindən hazırlanmış məruzədə bildirilir ki, sözü-gedən qanun layihəsi konstitusiyanın "cinayətə görə cəzanın qanuniliyi" prinsipinə uyğun deyil. "Erməni soyqırımı" haqda hər hansı beynəlxalq sənəd və ya qərar yoxdur. 1915-ci ildə baş vermiş hadisələrə yalnız faktlara əsaslanan ədalətli və açıq qiymətin verilməsi isə vacibdir. Senator Xyest xatırladıb ki, Fransa Xarici İşlər Nazirliyinin, bu sənədin qəbulu halında, Parisin tarixində faciələrlə üzləşmiş dövlətlər qarşısında çətin vəziyyətə düşə biləcəyinə dair rəyi var. Bu halda həmin dövlətlər də Fransadan oxşar sənədlərin qəbulunu tələb edə bilər, bu isə Türkiyə-Fransa münasibətlərinə yalnız mənfi təsir göstərə, Cənubi Qafqazda sülh və sabitliyi poza bilər.

Bunun ardınca, mayın 4-də Fransa Senatı artıq plenar iclasda qanun layihəsini 196 səs əleyhinə, 74 lehinə olmaqla, rəsmən rədd edib. Bundan bir gün sonra Fransanın ədliyyə naziri Mişel Mersye bildirib ki, "erməni soyqırımı"nı inkar edən şəxslərə sanksiyanın tətbiqinə dair direktiv qəbul edilə bilər. Amma bu, çətin ki, fransızların ermənilərə vurduğu zərbəni kompensasiya edə bilsin.

Ermənilik daha bir məyusluğu aprelin 24-də Rusiya paytaxtında yaşayıb. Moskvada hər il keçirilən ənənəvi "matəm" yürüşündə cəmi 15-20 nəfər iştirak edib. Aksiya təşkilatçılarının iddiasına görə, bu, Moskva milisinin tədbirin keçirilməsinə icazə verməməsinin nəticəsidir. Paytaxt milisi isə heç bir qadağanın olmadığını bildirir.

Krımın erməni icmasına matəm yürüşünün keçirilməsinə icazə verilmədiyi də məlumdur. Bundan başqa, "Krım" Dövlət Teleradio Şirkəti "erməni soyqırımı" haqda sənədli filmin nümayişindən imtina edib. Əvvəlcə telekanalda tarixçilər, mütəxəssislər, erməni və digər icmanın təmsilçilərinin iştirakı ilə canlı efirlə "dəyirmi masa"nın nümayişi nəzərdə tutulsa da, sonradan şirkət fikrini dəyişib.

Bütün qeyd olunanların fonunda Ermənistan prezidenti Serj Sarqsyanın İsveçrəyə rəsmi səfəri çərçivəsində səsləndirdiyi bəyanat kifayət qədər qəribə görünür. Həmkarı Mişelin Kalmi-Rey ilə görüşündə Sarqsyan İsveçrə hökumətinə Yerevan-Ankara danışıqlarında çox qiymətli vasitəçiliyinə görə minnətdarlıq edib. O, bu danışıqların iflasa uğramasına görə məsuliyyəti yenə Türkiyə tərəfinin üzərinə qoyub.

S.Sarqsyanın fikrincə, Ankara imzalanmış protokolların ratifikasiyası istiqamətində addımlar atmaq əvəzinə, Ermənistanla diaspor arasına nifaq salmağa çalışır. Amma Sarqsyanın məntiqindən çıxış etsək, bu işdə elə İsveçrənin özünü ittiham etmək olar.  Axı erməniliyin "soyqırım"ın tanınması yolunda əsas maneə saydığı Sürix protokollarının təşəbbüskarı məhz İsveçrədir. Ortada olan odur ki, rəsmi Yerevanla erməni diasporu arasındakı ciddi fikir ayrılığı Ankara və ya digərinin hər hansı təsiri olmadan da mövcuddur.

Əksər erməni ekspertlər əmindir ki, erməni diasporunun "soyqırım" mövzusundan yararlanmaq cəhdləri doğru taktika deyil. Ermənistanın qloballaşma və əməkdaşlıq üzrə Analitik Mərkəzinin direktoru Stepan Qriqoryan da Cənubi Qafqazda təhlükəsizliyə dair 3-cü Bakı Forumundakı çıxışında bunu bəyan edib. Xatırladaq ki, tədbir ötən ilin dekabrında keçirilib.

Həm Ermənistanda, həm də diasporada bu məsələ ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu vaxtilə məşhur rusiyalı politoloq Andranik Miqranyan da bəyan etmişdi: "Ermənistanın ayrı-ayrı siyasi partiyaları arasında, həmçinin, dövlət səviyyəsində də fikir ayrılığı var. Ermənistan prezidenti Türkiyə telekanalına müsahibəsində soyqırımın tanınmasının Ermənistan üçün vacib olduğunu bildirib. Maddi və ya ərazi məsələləri isə diaspora tərəfindən qoyulub və bu, Ermənistan dövlətinin mövqeyi deyil".

Elə həmin A. Miqranyanın ("erməni soyqırımı"nın tanınmasının qəti tərəfdarı) 2009-cu ilin sentyabrında səsləndirdiyi bəyanat da diqqətəlayiqdir: "Türkiyə ilə münasibət Ermənistanın gələcəyə nikbinliklə baxmasına imkan yaradır. Mən hələ gənc olarkən erməni soyqırımı məsələsinin ermənilərin yaddaşında ilişlib-qalmış və paslanmış mismara bənzədirdim. Bu zəhərli mismarı çıxarmaq, daim psixoloji qurban düşüncəsində olmaqdan qurtulmaq, əmin və dəyərli, ruhən möhkəm olmaq, keçmişdən asılı qalmamaq, gələcəyə baxmaq lazımdır".

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan isə "erməni soyqırımı"nın tanınması ilə bağlı problemi ciddi geosiyasi faktor sayır. Onun fikrincə, bu faktor vasitəsilə regional və qlobal proseslərə təsir göstərilir. Safrastyan bütün dünya ermənilərinin bundan bacarıqla istifadə etməli olduğu qənaətindədir. O, misal kimi erməni lobbisinin daha fəal olduğu Amerikanı göstərir: "Faktik olaraq, Amerikada yaşayan həmvətənlərimiz erməni faktoru vasitəsilə Birləşmiş Ştatların yalnız Türkiyə ilə bağlı deyil, bütünlükdə regionla bağlı siyasətinə təsir göstərir. Diasporanın səyləri nəticəsində Avropa Parlamentində, həmçinin, Avropa İttifaqının bir sıra ölkələrində də real uğurlara nail olunub".

Türkoloq Akop Çakaryan isə əmindir ki, Ermənistan rəhbərliyi Sürix protokollarındakı imzasını geri çağırmadan əvvəl fövqəldövlətlərin siyasi dairələrindəki əhvalı dəqiqliklə öyrənməli, protokollardan imtinanın "soyqırım"ın tanınması prosesinə müsbət təsir göstərib-göstərməyəcəyini müəyyənləşdirməlidir.

Göründüyü kimi, ermənilərin özləri də "soyqırım" məsələsinə siyasi şantaj vasitəsi kimi baxır və hədəf heç də yalnız Türkiyə deyil.

Bundan başqa, erməni diasporunun bəzi qrupları uydurma mif vasitəsilə varlanmaq niyyətini də gizlətmir. Məsələn, Qlendeylin (Kaliforniya ştatı) "Erməni yaddaşı mərkəzi" adlı qeyri-kommersiya təşkilatı Nyu-Yorkun Federal Ehtiyat Sisteminin İdarə Şurasını və Federal Ehtiyatlar Bankını məhkəməyə verib. Bu ilin martında qaldırılmış iddiada bildirilir ki, "türk qızılları" kimi təqdim olunmuş erməni aktivləri "erməni holokostu" zamanı müsadirə edilib". Təqdim olunmuş materialları diqqətlə araşdırmış Nyu-York Federal Ehtiyatlar Bankı Manhetten Federal Məhkəməsində qaldırılmış iddiaya cavab olaraq bildirib ki, mərkəzin iddiası mübahisəlidir. O, məhkəməni iddianı rədd etməyə, məhkəmənin xərclərinin isə erməni qrupu tərəfindən ödənməsi haqda hökm çıxarmağa çağırıb.

Beynəlxalq səviyyədə erməni iddialarının dəstək ala bilməməsi fonunda Ermənistan hökuməti, qanqaraçılığı, heç olmasa, lokal şəkildə kompensasiya etməyə cəhd göstərib. Bu məqsədlə Osmanlı İmperiyasında "erməni soyqırımı"ndan əziyyət çəkmiş insanlara 68 dollar həcmində aylıq maddi yardım ayrılıb. Lakin yardımı "soyqırım"ın yalnız Ermənistan vətəndaşlığı olan, 1915-ci ilədək "Qərbi Ermənistan" ərazisində və o zaman Osmanlı İmperiyasına daxil olmuş digər ərazilərdə doğulmuş şəxslərə ödəyəcəklər.

 Maraqlıdır, Ermənistanda yaşı 96-nı keçmiş nə qədər əhali var?

 Bir də ki borc içində çapalayan Ermənistan hər ay belə "böyük" miqdarda vəsaiti ödəməkdə çətinlik çəkməyəcək ki?



MƏSLƏHƏT GÖR:

520