19 Aprel 2024

Cümə, 10:56

LAVAŞ - İNCƏ MƏSƏLƏDİR

Türk adı daşıyan qida "ənənəvi erməni çörəyi"nə necə çevrildi?

Müəllif:

02.12.2014

Un, su, duz. Xəmir əl ilə yoğrulur, sonra hissələrə bölünür, onlardan kiçik kündələr düzəldilir, oxlovla nazik yayılır. Bu proses yuxayayan adlanan dairəvi taxtanın üzərində gedir. Kündələr 2 millimetr nazikliyədək yayılır, bəzən isə bundan daha nazik olur. Nəticədə, nazik çörək - lavaş, yuxa, yayma yaranır. Daha sonra o, sacın üzərində bişirilir. Sac qalxana oxşayan çuğundan hazırlanmış universal vasitədir. Lavaş onun qabarıq tərəfində düzülür, əks tərəfində isə ət, əlavə məhsullar qızardılır.

Təcrübəli Azərbaycan evdar qadınları lavaşın şəffaflaşacaq dərəcədə nazik olmasının vacibliyini bildirirlər. Bundan başqa, Azərbaycan kulinariya mədəniyyətində regionlara görə, lavaşın şəkli dəyişir. Məsələn, Naxçıvanda lavaş o qədər də nazik olmur. O, dairəvi və uzunsov olur, xəmirinə maya qatılır, sacda və təndirdə bişirilir. 

 

Məntiqi paradoks 

Biz azərbaycanlılar üçün lavaş mətbəximizin o qədər adi və ayrılmaz elementidir ki, onun bizə məxsus olduğunu sübuta yetirməyə, bunu beynəlxalq birliyə car çəkməyə ehtiyac belə, duymamışıq. Biz bu cür alicənab, eyni zamanda sadəlöhvük. Üstəlik, azərbaycanlılar özlərini kulinariya plagiatı, yaxud hər hansı digər plagiatla məşğul olacaq dərəcədə alçaltmazlar. 

Axı, Naxçıvanda bişirilən lavaşın, demək olar ki, eynisini İranda da bişirirlər. Türkiyədə isə onun onlarla növü var. Yeri gəlmişkən, lavaşın tarixi vətəni də elə Türkiyədir və onun adının etimologiyası bu çörək növünün məhz türklərə məxsus olduğunu göstərir. Bu gün biz azərbaycanlılar sağlam düşünən insanlar kimi, lavaş və bu kimi çörək məmulatlarının meydana çıxması tarixinin son dərəcə qədim, yayılmış olduğunu anlayırıq. Bu üzdən də, onun ilk olaraq harada yarandığını müəyyənləşdirmək çox çətindir.

Hələ yəhudilərin Misirdən çıxarıldıqları dövrdə matsa var idi. Bu, yayılmış xəmirdən hazırlanan qidadır; odur ki, xəmiri yayaraq ondan çörəyin ilk olaraq hansı regionda bişirildiyini müəyyənləşdirmək praktiki olaraq, mümkünsüzdür. Bu, yumurtanın, yoxsa toyuğun öncə yarandığına dair mübahisəyə bənzəyir. Məntiqi paradoks. Amma öz müstəsnalıqlarını, kamilliklərini sübut etmək üçün dəlillər axtaran ermənilərə bu və digər paradokslar heç cür rahatlıq vermir. Təəccüblü deyil. Ermənilərin müstəsnalığını sübut edəcək heç bir dəlil yoxdur. Bu üzdən də, onlar hər dəfə yeni oğurluqlara əl atmaq məcburiyyətində qalırlar. Ermənilərin lavaşı "ənənəvi erməni çörəyi" kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil etməyə çalışmaları da türklərə, onlara aid hər şeyə nə qədər nifrətlə yanaşdıqlarının, türk irsini ələ keçirməyə çalışmalarının növbəti göstəricisidir. Ola bilərmi ki, ermənilər türkdürlər? Bu suala onların özləri "yox, qətiyyən!" cavabını verəcəklər. Bəs, onda niyə lavaş erməni çörəyi oldu? Əgər onun UNESCO-nun siyahısına hansısa qondarma erməni adı ilə daxil edilməsinə cəhd göstərilsəydi, bunu yenə başa düşmək olardı. Amma, görünür, onların düşünməyə, bütün "müsbət" və "mənfi" məqamları nəzərdən keçirməyə vaxtları olmayıb. Necə deyərlər, erməni dalanı!

 

Cəmi bir neçə sutka!

Əvvəlcə UNESCO lavaşı Qeyri-maddi mədəni irs siyahısına Ermənistanda mədəniyyət ifadəsi kimi yox, "erməni lavaşı" kimi daxil edib. Amma o, bu siyahıda cəmi bir neçə sutka qala bilib. Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin etirazından sonra UNESCO komissiyası sənəddə ciddi dəyişiklik edib.

Ermənistan nümayəndə heyətinin quruma təqdim etdiyi və UNESCO-nun hökumətlərarası komissiyası tərəfindən qəbul olunmuş fayl əvvəlcə "Lavash, the preparation, meaning and appearance of traditional armenian bread as an expression of culture" ("Lavaş: ənənəvi erməni çörəyinin mədəniyyətin ifadəsi kimi hazırlanması, əhəmiyyəti və xarici görünüşü") adlanırdı. Lakin Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin sərt etirazından sonra komissiya faylın adını dəyişdirərək "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture IN ARMENIA" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") şəklinə salıb.

Beləliklə, komissiya Türkiyə və Azərbaycan tərəflərinin arqumentlərini qəbul edərək, "ənənəvi çörək" ifadəsinin qarşısından "erməni" sözünü yığışdırıb. Bununla da, lavaşın mənşəyinə görə "erməni" çörəyi olmadığı, onu erməni xalqının yaratmadığı, sadəcə Ermənistan ərazisində də belə çörəyin bişirildiyini təsdiqləyib.

Bəli, lavaş, həqiqətən də, Ermənistanda da bişirilir. Amma onun bişirildiyi məkanlar Ermənistanla məhdudlaşmır. Əsrlər boyunca bu çörək növünü sacda və təndirdə Azərbaycanda və İranda yaşayan 40 milyon azərbaycanlı, 70 milyonadək türk və cəmi 5 milyon erməni bişirib. Bütün bunlardan sonra o, qəflətən necə "erməni çörəyi"nə çevrilə bilər? UNESCO komissiyası Azərbaycan və Türkiyə tərəfinin bu cür arqumentlərinin əsassız hesab edərək, səhvini düzəldib və lavaşı "ermənilərin əlindən alıb". 

 

Ümumi miras

Gələn il Azərbaycan lavaşın bişirildiyi coğrafi areala daxil edilməsi üçün ərizə ilə müraciət etmək niyyətindədir. Ərizənin qəbul olunacağı təqdirdə, UNESCO Azərbaycan ərazisində eyni çörəyin eyni adla bişirilməsi faktını inkar edə bilməyəcək, lavaşın bişirildiyi coğrafi ərazilərin sırasına Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Orta Asiya ölkələri də əlavə ediləcək.

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Anar Kərimov "R+" jurnalına açıqlamasında bildirib ki, Azərbaycanın təşəbbüsü ilə region ölkələri nümayəndələrinin görüşündə yekdil qərar qəbul olunub: gələn il lavaş bütünlükdə regionun ümumi kulinariya mirası kimi təqdim olunacaq. "2003-cü ildə qəbul edilmiş Qeyri-maddi mədəni irsin qorunması bəyannaməsinə əsasən, bir miras bir neçə ölkədə varsa, həmin ölkələr ya onu multimilli nominasiya kimi təqdim edir, ya da müəllif kimi bir ölkə çıxış edir. Məsələn, 2009-cu ildə Azərbaycan regionun digər 6 ölkəsilə birlikdə Novruz bayramını Reprezentativ siyahıya daxil etdirib; aşıq sənətini isə Azərbaycan ilə Türkiyə siyahıya ayrı-ayrılıqda saldırıblar", - deyə A. Kərimov bildirib.

Lavaşa gəlincə, A. Kərimovun sözlərinə görə, erməni tərəfinin bu təxribatçı addımından dərhal sonra Azərbaycan və Türkiyə məsələyə etirazını bildirib. Etiraz məktublarında göstərilib ki, lavaş bir çox ölkələri özündə birləşdirən geniş bir regionda yayılmış çörək növüdür. Bu səbəbdən də, Ermənistanın təşəbbüsü siyasi və kommersiya amillərilə bağlıdır, burada söhbət onun hazırlanma mədəniyyətindən yox, istifadəsindən gedir, bu isə bəyannamənin ruhuna ziddir. Nəticədə, ermənilərin cəhdləri iflasa uğrayıb. Bundan başqa, komitənin qərarında bildirilir ki, lavaş həddindən artıq böyük əraziyə yayıldığından, onu yalnız ermənilərə məxsus irs kimi göstərmək mümkün deyil. "Bir məsələ də var: bəyannaməyə görə, bu fakt Azərbaycanın və lavaşın yayıldığı digər ölkələrin üzərinə gələcəkdə lavaşı Qeyri-maddi irs obyekti kimi irəli sürməmək öhdəliyi qoymur. Əksinə, bəyannamənin bəzi maddələrinə görə, UNESCO xalqların yaxınlaşmasına, onların arasında dialoqa yardım edəcək multimilli nominasiyaları alqışlayır", - deyə A.Kərimov qeyd edib.

 

Türk kökləri

Məşhur dilçi, türkoloq, qədim dillərin bilicisi olan Elşad Əlili isə "R+"a açıqlamasında bir sıra maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə, lavaşın yalnız Qafqaza məxsus olduğunu söyləmək yanlış olardı; həm türklər, həm gürcülər, həm də bütünlükdə Aralıq dənizi regionu, iranlılar lavaşı məmnuniyyətlə bişirir və yeyirlər. "İndi internetdə lavaşla bağlı axtarış aparsaq, onun guya ermənilərə məxsus olduğunu göstərən minlərlə məlumat görəcəyik. Amma, demək olar ki, heç bir yerdə lavaşın Azərbaycana və Türkiyəyə məxsus olduğuna dair fikirlərə rast gəlməyəcəyik. Erməni təbliğatı işləyir. Bundan başqa, lavaşın guya ermənilərə məxsus olduğu deyilən daha bir mənbədə - Vikipediyada eyni zamanda bu sözün tərcüməsi də verilir: "Erməni Sovet Ensiklopediyasına görə, "lavaş" sözü qədim erməni sözü olan lav (yaxşı) və (x) aş "qida" sözlərinin birləşməsidir". Amma sovetlər dönəmində erməni əsilli sovet türkoloq alimi (!) İrəvanda Sevortyanın rəhbərliyi altında "Türk dillərinin etimoloji lüğəti" çap olunub. Həmin lüğətdə "lavaş" sözü türk mənşəli söz kimi göstərilir. Sevortyan yazırdı ki, bu söz bütünlükdə Şərq dünyasına türklərdən gedib çıxıb".

Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir.

Ümumiyyətlə, "lavaş" sözü yalnız çörəyə aid deyil. Elşad Əlili bildirir ki, sözün etimologiyasından göründüyü kimi, o, yayılaraq bişirilən bütün qidalara aid edilə bilər. "Turşu lavaşı"nı və ya əksər bölgələrimizdə deyildiyi kimi, "lavaşana"nı misal göstərmək kifayətdir. Bu, alçanın və ya digər meyvələrin lətinin qurudulması ilə hazırlanır. Bu çörək məmulatını isə Azərbaycanın bəzi rayonlarında "yuxa" adlandırırlar. Bu da türk dilində "yumşaq, nazik" anlamı verir. Onu "fətir" adlandıran bölgələrimiz də var.

Əlili bildirir ki, ermənilər bu sözə məhz çörək kimi yanaşmaqla, strateji səhvə yol verirlər. Çünki türk dünyasında un məmulatlarının daha çox yayılmasına baxmayaraq, "lavaş" sözü yalnız çörəyə aid edilmir.

Hətta XVIII əsrədək Mərkəzi Asiyada populyar olmuş cağatay dili lüğətində "lavaş" sözünə rast gəlinir və o, istənilən nazik qidaya şamil edilir.

Lavaşın türklərə məxsus olduğunu göstərən daha bir sübut onun icad olunması ilə bağlıdır. Məlum olduğu kimi, tarixən bir çox yeməklər və qida elementləri özbaşına deyil, zərurətdən yaranıb. Nazik yayılmış xəmirdən hazırlanan şirin kökə köçəri xalqların dəyişməz atributudur. Onlara isə türk dünyasının əksəriyyətini aid etmək olar.

"Köçərilər kifayət qədər uzun müddət yol gediblər. Bu, 1-2 həftədən ayyarımadək uzanıb. Odur ki, özləri üçün bu cür çörək bişiriblər. Bununla yanaşı (ermənilərin daim özlərini oturaq xalq kimi təqdim etdiklərini nəzərə alsaq, bu, lavaşın onlara məxsusluğunu inkar edən daha bir məqamdır), lavaş yalnız qərb qonşularımızın öz adlarına çıxdıqları təndirdə bişirilməyib. Onu böyük dairə şəklində olan diskdə - sacda da bişiriblər. Köçərilər üçün sacı özlərilə daşımaq asan olub. Bir məqama diqqət yetirin ki, bizdə kifayət qədər geniş yayılmış sac Ermənistanda heç də yayılmış vasitə deyil.

Yeri gəlmişkən, ermənilərin UNESCO-dakı təxribatından sonra bir sıra ekspertlər və KİV məsəllərin bu cür qoyuluşuna qarşı çıxmağa başlayıb. Məsələn, rusiyalı ekspert Darya Melixova hesab edir ki, lavaşın ermənilərə məxsus olduğunu iddia etmək doğru deyil: "Onu bütün Qafqazda bişiriblər və indi də bişirirlər - azərbaycanlılar, gürcülər, Şimali Qafqazda isə avarlar, osetinlər və digərləri. Lavaş İran və Türkiyədə də yayılıb. Bu, ümummilli sərvətdir!".

 

UNESCO-nu da yuxuya verdilər... 

Təəssüf ki, bütün bunlarla yanaşı, bu gün internetdə axtarış verən zaman lavaş yenə də erməni çörəyi kimi təqdim olunur. Bundan başqa, şahidlər Rusiya bazarlarında, Rusiyanın ayrı-ayrı şəhərlərində "erməni lavaşı" bişirən sexlərin olduğunu bildirirlər. Məlumatsız insanlar bunu görən zaman lavaşın, həqiqətən də, yalnız Ermənistanda bişirildiyini düşünəcəklər. Demək, yenə də, azərbaycalılar, türklər və digər xalqların nümayəndələri sadəlöhvlükləri ucbatından mədəniyyətlərini mövcud həqiqətlərlə (bizə yalan lazım deyil - red.) irəli çəkmək haqda düşünmürlər. Bu yerdə də məşhur məsəldə deyildiyinin əksinə olaraq, yalanın ayağı xeyli uzanır. Bu ayaqlar o qədər uzun olur ki, hətta UNESCO-da belə, "lavaş" sözünün əsl etimologiyası, həmçinin onun yalnız Ermənistanda bişirilmədiyi haqda düşünməyi lazım bilmirlər. Halbuki məsələyə bir qədər dərindən yanaşılsa üzə elə faktlar çıxır ki, onların UNESCO-nun ekspertlərinin nəzərindən kənarda qalması təəccüb doğurur. Siyahını yeni elementlərlə doldurmazdan əvvəl onları yoxlamaq lazımdır. Məsələn, kəlağayının Azərbaycana məxsus olduğunu sübuta yetirmək o qədər də çətin deyil. Görünən kəndə nə bələdçi?! Amma dünya birliyini lavaşın ermənilərə məxsusluğuna inandırmaq çox qəliz məsələdir. Ümumiyyətlə, belə cəhdlər edib özünü gülüş yerinə çevirməyə dəyərmi? 

Yeri gəlmişkən, ermənilərin bu hoqqasından sonra Belçika da qızardılmış kartofu UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salmağa çalışır.



MƏSLƏHƏT GÖR:

886