25 Aprel 2024

Cümə axşamı, 04:19

BÖYÜK SİYASƏT PROBLEMİ

Bakıda keçirilmiş ümumdünya forumunun əsas leytmotivi bu oldu ki, artıq «mədəniyyətlərarası dialoq sırf kulturoloji problem çərçivəsindən çıxıb»

Müəllif:

15.04.2011

Azərbaycanda fərqli baxışlara, adətlərə, vərdişlərə hörmət faktdır. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant yanaşma Azərbaycanın mental xüsusiyyətidir. Bu həm də özünəəminliyin, mövqeyinin möhkəmliyinə inamın göstəricisi, başqa mədəni özünəməxsuslula müqayisədən qorxmayan və mənəvi  dəyərlərlə müqayisədən qaçmayan  açıqfikirli təfəkkür əlamətidir. Azərbaycandakı beynəlxalq aləm tərəfindən çoxdan qəbul və etiraf edilmiş tolerantlığın daha bir nümunəsi Bakıda keçirilən beynəlxalq dialoq üzrə I Ümumdünya Forumu oldu. «Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək» şüarı altında keçirilən forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi və İSESKO kimi nüfuzlu qurumların dəstəyi ilə baş tutub. Forumda iştirak edən heyət isə daha da nüfuzlu idi: Bakıya 20 dövlətin mədəniyyət nazirləri, bir sıra dövlətlərin nazir müavinləri, aparıcı beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, İSESKO-nun baş direktoru, Avropa Şurası Parlament Assambleyasının sədri, YUNESKO baş direktorunun müavini, dünyanın bir sıra şəhərlərinin merləri, təxminən, 500 görkəmli mədəniyyət xadimi, alimlər və mütəxəssislər toplaşmışdı.

Forumun işini media-tərəfdaş qismində çıxış edən “Euronews” telekanalı işıqlandırıb.

 

Tolerantlığın paytaxtı

Heç bir şişirtməsiz demək olar ki, Bakıda mədəniyyətlərarası dialoqa dair Ümumdünya Forumunun keçirilməsi yalnız Azərbaycanın həyatında əlamətdar hadisə olmayıb. Ona yalnız kulturoloji tədbir kimi baxmaq və analiz etmək düzgün olmazdı. Bu tədbir həm də siyasi əhəmiyyətə malikdir. Çünki beynəlxalq dialoq və müxtəlif mədəniyyətlərin toqquşması ilə bağlı problemlər humanitar anlayış çərçivəsindən çoxdan çıxıb. Meydana gələn  problemlərə isə arzuolunmaz siyasi çalarlar verilir. İlkin mərhələdə həll edilməsi mümkün olan problemlər təxribat obyektinə, millətlərarası münaqişələrin sərf etdiyi qüvvələrin əlində silaha çevrilir. Niyə qarşıdurmalar ən çox milli və dini zəmində baş verir? Çünki bu, insanların anlayışında «biz və onlar» nöqteyi-nəzərindən daha həssas məsələdir. Psixoloji mənada, bu anlayışlar arasında fərq konkretləşəndə, böyük yanğının baş verməsi üçün kiçik qığılcım kifayətdir. Məhz bu məqamda da məsələyə siyasət qarışır.

Forumun məhz Azərbaycanda keçirilməsində müəyyən mənada rəmzilik var. Çünki obrazlı şəkildə ifadə etsək, dünyanın tolerantlıq paytaxtı adını məhz Azərbaycana vermək olar. Mədəniyyətlərarası dialoq müasir dövrün ən vacib məsələlərindən biridir və şübhəsiz ki, o, dünya miqyasında getdikcə daha ciddi əhəmiyyət kəsb etməkdədir. Məqsəd də bu idi - beynəlxalq dialoqun konseptual, idarə, siyasi və təcrübi tərəflərinin nəzərdən keçirilməsi, bu yolda maneələrin müzakirəsi, müxtəlif konteksdə bu dialoqun daha yaxşı təşkili yollarının konkret şəkildə nəzərdən keçirilməsi. Forum təcrübə mübadiləsi və yeni təşəbbüslərin irəli sürülməsinə yaxşı imkan yaradıb. Mədəniyyətlərarası dialoqla bağlı bu cür qlobal görüş ilk dəfə keçirilirdi. Düşünmək olar ki, missiyanın əsas vəzifəsi Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində reallaşdırdığı təşəbbüslərin region hüdudlarından kənara çıxarılması, onların qlobal miqyasa yüksəldilməsi, ölkəmizdə daimi əsaslarla fəaliyyət göstərəcək beynəlxalq forumun yaradılması idi. Bu məqsədlərə nail olunduğunu söyləmək mümkündür. Görülmüş iş Azərbaycanın əhəmiyyətli diplomatik qələbəsidir.

Xatırladaq ki, məhz Bakı 2011-ci ilin aprelində Azərbaycanda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Mədəniyyətlərarası dialoqa dair Ümumdünya Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu, BMT Baş Assambleyasının 2010-cu il sentyabrın 23-də Nyu-Yorkda keçirilmiş sessiyasında baş vermişdi. Məhz həmin gün Azərbaycan lideri Bakıda bu miqyaslı tədbirin keçiriləcəyini bəyan etmişdi.

İ.Əliyev forumun rəsmi açılışında çıxış da edib: «Biz Azərbaycan dövləti olaraq, Azərbaycanda milli və dini dözümlülüyün olmasına böyük əhəmiyyət veririk. Azərbaycan bu formatda dünya üçün nümunə olacaq ölkələrdən biridir. Burada müxtəlif dinlərin, millətlərin nümayəndələri birgə yaşayır. Onların dinləri üçün bütün şərait yaradılır». 

Rəsmi Bakının səyləri göstərir ki, Azərbaycan insanların dünyanın istənilən nöqtəsində sülh, razılıq şəraitində, qarşıdurmasız, mental dəyərlərə qarşılıqlı hörmət əsasında yaşaması üçün bu təcrübə və ənənəni genişləndirməyə çalışır.

Son 3 ildə Azərbaycanda mədəniyyətlərarası dialoqa həsr olunmuş bir sıra tədbirlər keçirilib. Bu ilin payızında Bakıda I Humanitar Forum təşkil olunacaq. Ötən il isə Bakı islam mədəniyyətinin paytaxtı elan olunub.

Yeri gəlmişkən, bir məqama diqqət yetirmək lazımdır ki, bu səylər əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkədən gəlir. Bununla da Azərbaycan islamın özünə qapalı din olması haqda yanlış fikrin əsassızlığını tam sübut edir, islam tolerantlığının əsl nümunəsi kimi çıxış edir. 

2018-ci ildə daha bir Azərbaycan şəhərinin - bu dəfə Naxçıvanın islam mədəniyyətinin paytaxtı elan ediləcəyi heç də təsadüf deyil.

Prezident İ.Əliyev ölkə qarşısında duran problemləri də xatırladıb. Azərbaycanın gənc dövlət olduğunu, müstəqilliyi yaxın keçmişdə qazandığını vurğulayan prezident Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb, vətəndaşlarımızın etnik təmizləməyə məruz qaldığını bildirib. O, 1 milyondan artıq azərbaycanlının qaçqın düşdüyünü tədbir iştirakçılarının nəzərinə çatdırıb: beynəlxalq aləm tərəfindən tanınmış ərazilərimizin bir hissəsi hələ də işğal altındadır, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının bir sıra qətnamələrinə, İslam Konfransı Təşkilatının qərarlarına baxmayaraq, həmin rayonlar hələ də geri qaytarılmır.

 

«Bugünkü dünyanın reallıqları»

Azərbaycan liderinin irəli sürdüyü tolerantlıq bəyannaməsinin davamı olaraq, forumun ikinci günündə «Qadınlar mədəniyyətlərarası dialoqun əsas iştirakçıları kimi» adlı sessiyada Azərbaycanın birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış edib. O da Bakının son illərdə əsl dialoq məkanına çevrildiyini, Azərbaycanda belə tədbirlərin keçirilməsi üçün möhkəm və əlverişli şəraitin olduğunu söyləyib. O bildirib ki, bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq dünyadakı ən populyar və aktual mövzulardandır. Bu məsələ artıq sırf kulturoloji problem çərçivəsindən çıxıb və böyük siyasət probleminə çevrilib. Eyni zamanda M.Əliyeva etiraf edib ki, mədəniyyətlərarası dialoq mütəmadi olaraq müxtəlif tədbirlərin gündəminə gətirilsə də, onun mövcud vəziyyətə təsiri son dərəcə zəifdir: «Düşmənçilik, dözümsüzlük, etnik təmizləmə, soyqırımı, müharibələr bugünün reallıqlarıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, təəssüf ki, daha da artır. Əlbəttə ki, belə vəziyyətdə hər il dialoq mövzusuna qoşulan insanların - siyasətçilərin, dini və ictimai xadimlərin, alimlərin və adi vətəndaşların sayı artır».

M.Əliyeva bildirib ki, hazırda mövcud olan millətlərarası və dinlərarası ziddiyyətlərin aradan qaldırılması üçün bir sıra tezis və modellər irəli sürülür. Amma onlar vəziyyəti nəinki düzəltmir, əksinə, daha da qarışdırır: «Bu gün heç kim üçün sirr deyil ki, hər bir belə konsepsiyanın arxasında müəyyən siyasət, müəyyən siyasi qüvvələr və siyasi ambisiyalar dayanır.  Fikrimcə, bu  meyil müasir dünyada çox ciddi çağırışlar  və təhlükələr yaradır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs,ən ülvi hisslərilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif  dinə  mənsubuq və  bu dinlərin dəyər sistemləri olduqca yaxındır.  Biz müxtəlif  dinlərdə bir olan bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir».

Bu gün insanlıqdan uzaq, dini dözümsüzlüklə bağlı ağlagəlməz faktlarla üzləşdiyimizi qeyd edən M.Əliyeva Floridadan olan keşiş Terri Conun müsəlmanların Müqəddəs Kitabı - Quranı yandırmasını sərt tənqid edib: «Özünü dini xadim adlandıran birisi müqəddəs kitabı - «Qurani-Kərim»i oda atıb yandırırr. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi  ilə də rastlaşmadıq. Nəticədə, cəzasız cinayət bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq».

Beləliklə, Azəprbaycanın birinci ledisi hesab edir ki, dövrümüzün ən ciddi təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Dini şüarlar altında müxtəlif ekstremist qüvvələrin yaranması yolverilməzdir. M.Əliyeva deyib ki, belə əməllər və hadisələrin dialoqa, normal münasibətlərə zidd olduğu, yalnız yeni qarşıdurmalara zəmin yaratdığı şübhə doğurmur. O, qloballaşma şəraitində dialoqun son dərəcə vacib olduğunu söyləyib.

 

Qarabağa dair qətnamə, forum, dialoq

Forumda AŞPA sədri Mövlud Çavuşoğlu, İSESKO-nun baş direktoru Abdeləziz bin Osman əl-Tuveycri, YUNESKO baş direktorunun strateji planlaşdırma üzrə müavini Hansa d'Orvil, BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mar Şuer, Krans Montana forumunun prezidenti Jan Pol Karteron çıxış ediblər. BMT baş katibinin Portuqaliyadan olan sabiq xüsusi nümayəndəsi Viktor Ancelo da tədbirdə məruzə ilə çıxış edib.

İSESKO-nun baş direktoru Abdeləziz bin Osman əl-Tuveycri çıxışı zamanı BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməsinin yerinə yetirilməsinin vacibliyini bildirib. O deyib ki, artıq Qarabağ probleminin həlli vaxtı çatıb. İSESKO-nun baş direktoru beynəlxalq vasitəçiləri ikili standartlardan imtinaya, BMT-nin Dağlıq Qarabağ probleminə dair 4 qətnaməsinə də Liviya ilə bağlı qətnamənin operativ şəkildə icra olunduğu kimi, əməl etməyə çağırıb.

YUNESKO baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans d'Oorvil təmsil etdiyi qurumun bu forumun keçirilməsində birbaşa maraqlı olduğunu söyləyib. O, YUNESKO baş katibinin tədbirə sıx iş qrafiki üzündən qatıla bilmədiyini deyib. Forum iştirakçılarını salamlayan Hans d'Orvil Azərbaycanı müxtəlifliyin təmininin, mədəniyyətlərarası dialoqun davam etdirilməsinin mümkün olduğu yer adlandırıb.

Krans Montana forumunun prezidenti Jan Pol Karteron tədbirin əhəmiyyətini vurğulayıb, elm adamlarını müzakirələrə qatılmağa dəvət edib.

«Bu gün Bakıda işinə başlayan Mədəniyyətlərarası dialoqa dair Ümumdünya Forumu çox vacib tədbirdir». Bunu isə AŞPA sədri Mövlud Çavuşoğlu bildiirb. O, hesab edir ki, belə tədbirlərin keçirilməsi bu gün aktual olan dini qarşıdurmaların, islamofobiyanın aradan qaldırılması baxımından vacibdir.

Qeyd edək ki, forum «Sərhədsiz dünyaya doğru» sessiyası ilə açılıb. Ona Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivlizasiyalar Alyansının məsləhətçisi Jan-Kristof Bas rəhbərlik ediblər.

Forumun ikinci sessiyası «Daha məzmunlu dialoq: mədəniyyət, incəsənət və irs» mövzusuna həsr olunub. Sessiyanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoratının rəhbəri Robert Palmer aparıblar.

Ə.Qarayev bildirib ki, Bakıda bu forumun keçirilməsi Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqa nə qədər həssas yanaşdığının göstəricisidir. Nazir Ümumdünya forumunun ənənəvi xarakter alacağını deyib: «Biz bu məqsədə çatmaq üçün çox əziyyət çəkimişik. Avropanın mədəniyyət nazirləri, İslam Konfransı Təşkilatının üzvü olan mədəniyyət nazirlərinin  iştirakı ilə görüşlər keçirilib. Bu proses Bakı forumu ilə inkişaf edib».

Robert Palmer də öz növbəsində deyib: «Bakı forumu qlobal xarakter daşıyır. Bu, belə geniş  tərkibdə müxtəlif hökumətlərin, mədəniyyət nazirliklərinin, şəhərlərin təmsilçilərini, ekspertləri, mədəniyyət xadimlərini, gənclərin  nümayəndələrini  bir araya toplaya bildiyimiz  ilk  haldır».

Palmer bildirib ki, Azərbaycan yalnız regionda deyil, bütünlükdə Avropada və dünyada əsas  rollardan birini  oynamağa çalışır. Azərbaycan özünü bir sıra təşəbbüslərdə məhz belə oyunçu kimi artıq göstərə bilir.



MƏSLƏHƏT GÖR:

551