19 Aprel 2024

Cümə, 11:09

YALAN DETEKTORU

Azərbaycanda unikal texnologiya hazırlanıb: qədim erməni lüğətləri ermənilərin Qafqaza köçürülmələrindən sonra başqalarına məxsus irsi mənimsədiklərinə dair həqiqətləri ortaya qoyur

Müəllif:

06.01.2015

Tarixi torpaqlarından qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə qayıdacaqlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qafqazın ən böyük məscidinin açılış mərasimində bəyan edib. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın tarixi torpaqlarının yalnız müasir Azərbaycanın ərazisilə məhdudlaşmadığını da bildirib. "Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar", - deyə İ. Əliyev qeyd edib. O, hər bir vətəndaşı ümumi işə töhfə verməyə çağırıb.

İlham Əliyev hazırkı Ermənistanın Azərbaycan torpaqlarında yaradıldığını ilk dəfə bəyan etmir. Onun bu fikri tarixi faktlara əsaslanır. Bu faktların bir çoxu artıq geniş ictimaiyyətə məlum olsa da, hələ də tarixi saxtalaşdıran ermənilər və onların himayədarları tərəfindən cidd-cəhdlə gizlədilən bir çox danılmaz tarixi sənədlər mövcuddur.

Belə sənədlərdən bəziləri ilk dəfə ötən ilin sonunda Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov tərəfindən açıqlanmışdı.

 

Fövqəldövlətlərin liderləri qədim Azərbaycan torpaqları haqqında

O, ictimaiyyətə arxiv sənədlərini, Rusiya imperatorları I Pyotr, II Pyotr və I Paveldən sitatları təqdim etmişdi. Onların sırasında Osmanlı, Fars və Rusiya fövqəldövlətləri arasında imzalanan dövlətlərarası müqavilələr də var. Bu sənədlərdə Qarabağ, Şirvan, Gəncə, İrəvan, Naxçıvan və digər Azərbaycan əraziləri "Ardibijan əyalətləri" sırasında göstərilir.

Sektor müdiri bildirib ki, Azərbaycan xanlıqlarının adlarında da "erməni" sözünə rast gəlmək heç cür mümkün deyil: "Ezerdabican, Aderbaycan, Ardibijan". İstənilən halda, o dövrdə bu torpaqları Şərqi Ermənistan adlandırmaq heç kimin ağlından belə keçməyib. Sadəcə, indi psevdoalimlər və Ermənistan Respublikasının rəhbərliyi erməni ictimaiyyətini buna inandırmağa çalışır", - deyə F.Axundov "İnterfaks-Azərbaycan"a müsahibəsində bildirib.

O, ilk dəfə olaraq, imperator fərmanlarından Azərbaycan ərazilərilə bağlı sitatları ictimaiyyətə təqdim edib. Həmin sitatlar Rusiya İmperiyası XİN-in Asiya Departamentinin direktoru olmaqla yanaşı, İmperator sarayının ən nüfuzlu məmurlarından olmuş S.M.Bronevski tərəfindən toplanılıb.

"Yalnız bu gün, XXI əsrdə regional fövqəldövlət olan Azərbaycanın lideri deyil, həm də ötən əsrlərdə qonşu regional fövqəldövlətlərin - Rusiya, Fars və Osmanlı - liderləri İrəvan, həmçinin Qarabağ, Naxçıvan və digər xanlıqları Azərbaycan xanlıqları adlandırıblar", - deyə F. Axundov qeyd edib.

Sektor müdiri bildirib ki, bu faktlar indiyədək erməni ictimaiyyətindən gizlədilib. Lakin bundan sonra erməni saxtakarları üçün dünya ictimaiyyətini və öz xalqını aldatmaq son dərəcə çətin olacaq.

Azer-Globe İctimai-Siyasi Araşdırmalar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin dekabrda təqdim etdiyi "Erməni ictimaiyyətinə informasiya dəstəyi" layihəsinin də məqsədi tarixi yalanların, saxtakarlıqların üzə çıxarılmasıdır.

 

Tarixə saxtakarlıqdan kənar pəncərə

Bu layihə çərçivəsində vesti.az, apa.az, day.az, regionplus.az internet resurslarında dünya alimlərinin, ictimai xadimlərin, siyasətçilərin, din xadimlərinin və digərlərinin sitatlarından ibarət informasiya bloku (informer) yerləşdirilib. Söhbət Ermənistanda tabu ilə üzləşmiş sitatlardan gedir. Erməni psevdotarixçilərinin və salnaməçilərinin saxtakarlıqlarını ifşa edən materiallar ermənilərin anlayacaqları formada təqdim olunur. Onlar saytlara heç də yalnız rus dilində yerləşdirilməyib. Rusiya imperatorlarının ilk dəfə üzə çıxarılmış sitatları da informerlərdə yer alır.

İnformerlərdəki keçidlər F.Axundovun "Saxtakarlıqları ifşa edənlər" (Cənubi Qafqaz tarixi üzrə alimlərin fikirləri əsasında hazırlanan) kitabının elektron versiyası olan www.nofalsify.com saytını, həmçinin www.azleadersays.com ("İlham Əliyevdən iqtibaslar. Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında") və www.azterrintegrity.org ("İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı haqqında") saytlarını açır.

Beləliklə, Azərbaycan faktiki olaraq, ermənilər üçün saxtakarlığın, yalanın yer almadığı əsl tarixə pəncərə açıb. Erməni tərəfindən dərhal gələn sərt reaksiya isə layihənin nə qədər əsaslı olduğunu təsdiqləyib. Öz xalqını məlumatsızlıq şəraitində saxlayan qüvvələr dərhal informerlər vasitəsilə açılan saytlara xaker hücumları təşkil ediblər. Əsas hədəf kimi isə Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi haqda fikirlərinin yer aldığı sayt seçilib.

 

Erməni saxtakarlığına qarşı "yalan detektoru"

Elə ötən ilin dekabrında Qafqaz Tarixi Mərkəzi region ictimaiyyətinə nadir texnologiya da təqdim edib. O, ermənilərin region xalqlarının maddi və qeyri-maddi irsinə iddialarının əsassız olduğunu üzə çıxarır. Bu yeni alət obrazlı şəkildə "yalan detektoru" adlandırılıb. Bəs, bu detektor necə işləyir?

Söhbət etnoqrafik, linqvistik araşdırmalar, qədim lüğətlər, həmçinin erməni lüğətləri əsasında bu və ya digər geyimlərin, məişət əşyalarının, musiqilərin, mahnıların, mədəni və kulinariya ənənələrinin hansı xalqa məxsus olduğunu üzə çıxara bilən nadir texnologiyadan gedir.

"Bu yaxınlarda Ermənistanın lavaşı erməni çörəyi, düdüyü isə erməni xalq musiqi aləti kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil etmək cəhdi Azərbaycan alimlərini qədim erməni lüğətlərinə müraciət etməyə sövq etdi. Həmin lüğətlərdə "lavaş" və "düdük" anlayışları, ümumiyyətlə, yoxdur", - deyə Fuad Axundov qeyd edib.

Dilşünas Elşad Əlili bildirir ki, o, indiyədək erməni lüğətləri də daxil olmaqla, 20-dək qədim lüğətdə araşdırma aparıb. Onların heç birində "lavaş" erməni sözü kimi göstərilməyib. "Beləliklə, istənilən sözün etimologiyasını müəyyənləşdirmək mümkündür", - deyə mütəxəssis bildirir.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov isə yaxın zamanlarda bu alətlə qonşu dövlətlərin alimlərinin də tanış olacaqlarını söyləyib. Söhbət yenə də erməni saxtakarlığı ilə üzləşmiş qonşu dövlətlərdən gedir. Qafqaz Tarixi Mərkəzinin araşdırmalarının nəticələrisə UNESCO-ya təqdim olunacaq.

 

Vahid cəbhədə

Qonşu dövlətlərin ekspertlərinin məsələyə reaksiyası özünü çox gözlətməyib. Azərbaycanın bu layihəsinə ilk dəstək məşhur gürcü alimləri, tarixçi Quram Marxuliya və ermənişünas, akademik Bondo Arveladzedən gəlib.

B.Arveladze bildirib ki, erməni tərəfi Qafqaz xalqlarının maddi və qeyri-maddi irsinin UNESCO-ya və beynəlxalq birliyə erməni xalqının irsi kimi təqdim etmək üçün əlindən gələni edir. "Başqalarına məxsus mədəni irsin mənimsənilməsi bütünlükdə Qafqazın elmi dairələrini, ictimaiyyətini narahat etməyə bilməz. Gürcüstan daim belə problemlərlə üzləşir və hesab edirəm ki, Qafqaz Tarixi Mərkəzinin layihəsinə qoşulmamız bizə bəzi erməni alimlərinin gürcü mədəniyyətinə, irsinə məxsus elementləri mənimsəməsilə effektiv mübarizə aparmağa, belə halların qarşısını almağa imkan verəcək", - deyə gürcü akademik bildirib.

B. Arveladze hesab edir ki, Qafqaz Tarixi Mərkəzinin elmi araşdırmalarının, nəticələrinin ingilis və digər dillərə tərcümə olunması, beynəlxalq qurumlara, ilk növbədə isə UNESCO-ya göndərilməsi xüsusilə önəmlidir. Çünki məhz bu qurumlarda mütəxəssislər digər xalqlara məxsus mədəni dəyərləri erməni irsinin siyahısına daxil edirlər.

Gürcü tarixçi Quram Marxuliya da ATV telekanalına müsahibəsində, təxminən, eyni ruhda danışıb.

Azərbaycanda təqdim edilmiş layihə Rusiyanın da diqqətindən kənarda qalmayıb. Yazıçı və ictimai xadim Aleksandr Fomenkov "Rusiya ictimaiyyətinə müraciət"lə çıxış edib. O, rus ictimaiyyətini və elmi dairələrini Azərbaycan tərəfinin erməni saxtakarlıqlarını ifşa etmək təcrübəsinə diqqət yetirməyə çağırıb. "Yoxsa biz ruslar tezliklə Rusiyanın böyük knyazının Vladimir Monomaxyan, Moskvanın əsasını qoymuş Yuri Dolqorukinin isə Yuri Dolqorukyan adlandırılmasının şahidi olacağıq", - deyə A.Fomenkov bildirib. "Bəli, məhz belə, əgər başqa xalqlar ermənilərin onlara məxsus məişət əşyalarını, xalq musiqisini, mahnıları, kulinariya və digər mədəni irs nümunələrini mənimsəmələrindən şikayət edirlərsə, onlar bizdən də adamları oğurlamağa başlayıblar. Özü də hansısa Vasya və Maşaları deyil, generalissimusları oğurlayırlar. Böyük rus sərkərdəsi Aleksandr Vasilyeviç Suvorov ermənilərin iddiasına görə, erməni əsillidir. Onlar bu bəyanatı ona əsasən verirlər ki, Aleksandr Vasilyeviçin anası uşaq vaxtı Manukova soyadını daşıyıb, bu soyad isə yalnız və yalnız ermənilərin Manuk adından yarana bilərdi. Bu nə sayıqlamadır!" - deyə ictimai xadim qeyd edib. Amma...

 

Allah bundan betərindən saxlasın...

Azərbaycan tərəfinin ciddi informasiya "zərbələri" qarşısında ermənilər o qədər çaşıblar ki, UNESCO-ya gülüş doğuracaq tələblə müraciət etmək qərarına gəliblər. Onlar bu qurumdan Türkiyə ərazisində yerləşən Ağrıdağın (Ararat) "erməni qeyri-maddi mədəni irsi" kimi tanınmasını tələb edirlər. Ermənistan parlamentinin deputatı Zauri Postancyan bu tələbi dekabrın 25-də Ermənistan hökuməti qarşısındakı çıxışı zamanı dilə gətirib. Bu, Azer-Globe İctimai-Siyasi Araşdırmalar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin "yalan detektoru"nu təqdim etdiyi gündür.

Qafqaz Tarixi Mərkəzi tərəfindən yayılmış məqalədə bildirilir ki, "Görünür, lavaşla bağlı təbliğatın iflası erməni xəyalpərəst - mənimsəmə tərəfdarları üçün dərs olmayıb. İrəvanda bu təşəbbüsün kimə məxsus olduğu məlum deyil, amma şəxsən Zauri Postancyan üçün bu cür müraciətlərin edilməsi qaydası haqda dərs keçmək lazımdır".

Mərkəzin ekspertləri bildirirlər ki, UNESCO Bəyannaməsində qeyri-maddi mədəni irs dedikdə, bunlar nəzərdə tutulur:

- ənənəvi sənətkarlıqla bağlı bilik və vərdişlər

- təbiət və kainatla bağlı bilik və adətlər

- şifahi ənənələri və ifadə formaları, o cümlədən qeyri-maddi mədəni irsin daşıyıcısı kimi, dil;

- ifa sənəti, o cümlədən aktyor oyunları, musiqi, ifa, rəqslər və s;

- adətlər, geyimlər, bayramlar.

"Türkiyə ərazisində yerləşən Ağrıdağ (Ararat) hüquqi cəhətdən bu qeyri-maddi mədəni irs siyahısından hansına aid edilə bilər? Z.Postancyan dağın erməni mentalitetinə müstəsna təsirindən danışır.

Erməni ideoloqlarının savadsızlığı ilə yanaşı, absurd görünən hər hansı təbiət obyektinin xalqın "qeyri-maddi mədəni irsi"nə aid edilməsidir. Bu məntiqlə Azərbaycan və ya Türkiyə Ayın onlara məxsus qeyri-maddi mədəni irs siyahısına salınması tələbilə çıxış edə bilərlər - axı, onların dövlət bayrağında aypara şəkli var", - deyə məqalədə qeyd olunur.

 

Dağılmış tarixin qalıqları üzərində "Köhnə şəhər"

Ümumiyyətlə, 2014-cü ilin dekabrı Ermənistanda bir çox gülməli təşəbbüslərlə yadda qalıb. Məsələn, İrəvanda Ermənistan paytaxtının mərkəzində "Köhnə şəhər"in tikintisi planı yenidən gündəmə gəlib.

Ermənistan paytaxtı daha qədim tarixə iddia etdiyi halda, İrəvan rəhbərliyi şəhərin mərkəzində çar Rusiyası dövrünə xas 20-dək bina inşa etməyi planlaşdırır. Bununla da, şəhərin bu hissəsinin tarixi məkan kimi qələmə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, inşaatçılar dağıdılmış asfaltın altından görünən qədim İrəvan qalasının qalıqlarını çınqılla ört-basdır etməyə çalışırlar.

"Bu, gülməlidir. Çünki orta əsrlərə məxsus dağıdılmış şəhərin yerində butafor "tarixi mərkəzi" yaradılması cəhdləri ortadadır. O, 100-150 il əvvələ aid Avropa memarlıq üslubunda binalarla salınmalıdır. Qafqaz qədim regiondur və burada 20-ci əsrin əvvəllərinədək də həyat qaynayıb. İrəvan (Yerevan) isə şərq müsəlman memarlıq üslubunda orta əsrlərə aid şəhər olub", - deyə Fuad Axundov bildirib.

F. Axundov qeyd edib ki, indi İrəvanda qədim tarixi mərkəzdən əsər-əlamət qalmayıb. Bu, ermənilərin oranın azərbaycanlılara məxsus olduğunu təsdiqləyən tarixi abidələri məqsədyönlü şəkildə məhv etdiyini göstərir: "Məsələn, Bakıda, Tiflisdə şəhərin tarixi mərkəzi göz bəbəyi kimi qorunub saxlanır. İrəvanda isə ermənilərin özləri bu mərkəzi məhv ediblər. Çünki mərkəz ermənilərin bu torpaqlara gəlmə olduqlarını təsdiq edirdi".

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri xatırladır ki, Azərbaycan tərəfinin hələ bir neçə il əvvəl Ermənistana İrəvan qalasının çertyojunu, şəkillərini təqdim etməyə hazır olduğunu bildirmişdi. Lakin ermənilər bu təklifi rədd ediblər. Çünki bütün bu tarixi materiallar Yerevanın (erməni variantında) vaxtilə İrəvan adlandığını və məhz azərbaycanlılara məxsus olduğunu təsdiqləyir.

Bütün bunlarla yanaşı, Ermənistanın və dünya erməniliyinin yaxın gələcəkdə tarixin saxtalaşdırılması və yalan üzərində qurulması cəhdlərindən imtina edəcəyini düşünmək sadəlöhvlük olardı. Əksinə, 2015-ci ildə Osmanlı Türkiyəsi dövründə guya baş vermiş "erməni soyqırımı"nın 100-cü ildönümü ərəfəsində bu saxtakarlıq cəhdlərinin daha da artacağı gözlənilir. Bu baxımdan əsassız erməni iddialarından əziyyət çəkən dövlətlərin, region ölkələri alimlərinin və ictimaiyyətinin birgə fəaliyyəti daha ciddi aktuallıq qazanır. Üstəlik, Azərbaycan Azer-Globe İctimai-Siyasi Araşdırmalar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin layihələri timsalında hər kəsə dayaq nöqtəsi verilib və bu, erməni saxtakarlığının alt-üst edilməsinə, şübhəsiz ki, böyük kömək edəcək.

 

 

Rusiya və Osmanlı imperiyaları arasında 1724-cü ildə  imzalanmış müqavilədən 

"…sözügedən hüdudlara daxil olan digər Ezirbadijan əyalətləri və Gəncə, Bərdə, Qarabağ, Naxçıvan, Rivan şəhəri (hazırki Yerevan-red), Üçkilsə və Erivan əyalətinə aid olan bütün şəhər və kəndlər Ali Portaya (Osmanlıya-red) verilsin".

 

 

 İmperator I Pyotrun fərmanından

"…Ardevil İranda qalır, Tavriz, Ardabad, Tavriz gölü, Mereid, Meraqa, Rumie, Qui, Çarise, Selmas, Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və digər Ardibijan əyalətləri Portaya güzəştə gedilir".

 

 

 

 

 İmperator II Pyotrun 1727-ci ildəki fərmanından

"…Kürlə Araks arasındakı bütün ərazi, yəni bütünlükdə Adirbijan…"

 

 

 

 

İmperator I Pavelin 1799-cu ildəki fərmanından 

"… Aderbijanda - Osmanlı Portası ilə sərhəddə yerləşən, vaxtilə Persiya dövlətinə aid olan və Gürcüstanla yanaşı, Gəncə, İrəvan, Xoy, Karabaq, Təbriz və digər xanların idarə etdiyi ərazilərdə…"Tebrizskim i druqimi…"



MƏSLƏHƏT GÖR:

749