25 Aprel 2024

Cümə axşamı, 10:34

GÜCLÜLƏRIN GÜCLÜSÜ

Boks üzrə Azərbaycan Çempionatı milli komandaya namizədləri müəyyənləşdirdi

Müəllif:

20.01.2015

Şağan Olimpiya Kompleksində boks üzrə 2015-ci ilin ilk yarışı başa çatıb. Söhbət Azərbaycan millisinin formalaşması üçün vacib olan böyüklər arasında ölkə çempionatından gedir. Budəfəki turnirdə respublikamızın müxtəlif şəhər və rayonlarının komandalarını təmsil edən 150-dən çox idmançı mübarizə aparıb. Bununla belə, yığmanın bir neçə üzvü ölkə çempionatından kənarda qalıb. Onların bəziləri "Baku Fires" klubunun heyətində WSB liqasının yeni mövsümünə hazırlaşırlar. Cavid Çələbiyev (56 kq), Tamerlan Abdullayev (69 kq) və Məhəmmədrəsul Məcidovu isə (+91 kq) "AİBA Pro Boxing" turnirində növbəti görüşlər gözləyir.

İkinci dəfə dəbilqəsiz keçirilən turnir ölkənin güclü boksçularının milliyə olan iddiasını nümayiş etdirib. Hər zaman böyük rəqabətin olduğu ən yüngül çəkidə sürpriz olmayıb. 49 kq çəki dərəcəsində gözlənildiyi kimi, Salman Əlizadə qalib gəlib. 2011-ci ilin Avropa çempionu finalda Hacıbaba Fərziyevi məğlub edib. Əlizadənin çempionluğu onun əvvəlki formasını bərpa etdiyinə sübut olub. 4 il əvvəl qitə birinciliyinin qalibi olan Salman növbəti dəfə ölkənin əsas komandasında yerini möhkəmlədib. 

Azərbaycan Çempionatının ilk sensasiyalarından biri gənclər arasında dünya birinciliyinin qalibi Məsud Yusifzadənin 52 kq çəki dərəcəsində 1-ci yeri tutması oldu. Turnir zamanı yüksək texnika və döyüş göstərən Yusifzadə ardıcıl 4 qələbədən sonra finala adladı. Burada onu Azərbaycan Kubokunun qalibi Araz İmaməliyev gözləyirdi. "Rabitə" klubunun üzvü həlledici görüşdə inamlı qələbə qazanmaqla karyerasında ilk dəfə Azərbaycan Çempionatının qızıl medalına layiq görüldü. Məsud bu uğurla böyüklərin yarışlarında çıxış etməyə hazır olduğunu göstərdi. Halbuki onun beynəlxalq turnirlərdə sınanmasına ehtiyac var. 

Məsud Yusifzadəylə yanaşı daha bir yeni ad 56 kq-da parladı. Dünya çempionu Cavid Çələbiyevin yoxluğunda ilk dəfə böyüklər arasında yarışda iştirak edən Tayfur Əliyevi Azərbaycan çempionatının tapıntısı saymaq olar. 17 yaşlı boksçu finalda da inamlı təsir bağışlayaraq, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Bu çəkidə iki güclü boksçudan birini üstələyən Tayfur uğurunun təsadüfi olmadığını sübut etmək üçün millinin fevraldakı hazırlığına cəlb olunacaq. Finalda uduzan Rəhim Nəcəfov isə artıq indidən düşünməyə başlamalıdı. Əks halda o, Bakıda keçiriləcək Avropa Oyunlarını kənardan izləyə bilər.

60 kq çəki dərəcəsində Elvin İsayev hamıdan güclü olduğunu sübut etməklə növbəti Azərbaycan çempionluğunu bayram edib. "Gilan" klubunun üzvü Gəncə boksçusu Vüsal Verdiyev üzərində qələbə qazanıb. Əslində, bu çəkidə İsayevin uğur qazanacağı proqnozlaşdırılırdı. Bütün görüşlərində rəqiblərindən üstün olan Elvin finalda Vüsala qarşı da yaxşı mübarizə sərgilədi. 

64 kq-da Elnur Əliyev bütün rəqiblərinə qalib gələrək, Azərbaycan çempionu olub. Xəzər Əliyev gümüş medalla kifayətlənib. Elvin Quliyev 69 kq-da nisbətən rahat çempionluq əldə edib. Bu çəkidə ən güclülərdən sayılan Tamerlan Abdullayevin yoxluğunda Quliyev 4 qələbədən sonra finala çıxıb. Həlledici görüşdə Elvin Quliyev Roman Zakirova qarşı mübarizə aparmalıydı. Rəqib zədələndiyindən, Elvin finalda yarışmadan qızıl medala sahib çıxıb.

Azərbaycan Çempionatının prinsipial finallarından biri 75 kq-da baş tutdu. Bu çəkidə WSB liqasından (Ümumdünya Boks Seriyası) yaxşı tanıdığımız Haybulla Musalovla Kamran Şahsuvarlının görüşü böyük maraq doğururdu. Nəticədə, daha təcrübəli "Gilan" klubunun üzvü Haybulla Mursalov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

81 kq-da da məşqçilər prinsipial rəqiblərin duelini izləyib. Teymur Məmmədov çəkisini artırdıqdan sonra millidə yerini möhkəmlədən Vətən Hüseynli Rauf Rəhimovla dueldən məğlub ayrılıb.

Avropa çempionu, London Olimpiadasının və Dünya Çempionatının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) öz çəkisində 1-ci olduğunu sübut edib. Milli komandamızın üzvü Rahil Məmmədlidən güclü olub. Superağır çəki dərəcəsində isə Asəf Aslanlı zədələndiyi üçün qələbə Kamran Mehdiyevə verilib. Kamran Mehdiyev 91 kq-dan yuxarı çəkidə qələbə qazansa belə, onun ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovla rəqabət aparmağı bacaracağı inandırıcı deyil. Hamıya məlumdur ki, çempionatda iştirak etməyən Məcidov bununla belə yığmadakı yerini qoruyub. Kamran Mehdiyev millinə ikinci nömrə olaraq qalacaq.

Azərbaycan Çempionatının yekunlarına əsasən, "Rabitə" klubunu xüsusi qeyd etmək lazımdır. Ardıcıl ikinci dəfə komanda hesabında birinci olan rabitəçilər ən güclü boksçuların məşq etdiyi kluba çevrilib. Komanda hesabında "Gilan" 2-ci, "Neftçi" isə 3-cü yeri tutub.

Ölkə çempionatı bəzi iddialı boksçuların yığmada çıxış edəcəyinə şübhə yaradıb. Ötən ilin Azərbaycan çempionu Lorenzo Sotomayor da (64 kq) ilk görüşdə qələbə qazansa belə finala çıxa bilməyib. Milliləşdirilmiş legionerin Azərbaycan çempionatındakı çıxışı 1 qələbə və 1 məğlubiyyətdən ibarət olub. Kubaəsilli boksçunun Lənkəran təmsilçisi Xəzər Əliyevə məğlubiyyəti onun yığmadakı taleyini sual altına qoyub. 2010-cu ilin gənclər arasında dünya çempionu Şaban Şahpələngov isə ikinci görüşündə uduzub. Uzun fasilədən sonra rinqə qayıdan Şahpələngov təcrübəli Elnur Əliyevlə mübarizədən məğlub ayrılıb - 0:3. Şaban Şahpələngov 5 il əvvəl gənclərin dünya çempionatında qızıl medal qazananda çoxları onun parlaq gələcəyindən xəbər verirdi. Yeniyetmələrin Olimpiya Oyunlarında ümidləri doğruldan Şahpələngov böyüklərin yarışında iddiasını sübut etməkdə çətinlik çəkir. Ölkə çempionatını 14 finalda başa vuran idmançının hazırlığında və intizamında müəyyən problemlərin olduğu hiss olunur. 

Azərbaycan millisi fevraldan etibarən hazırlığa başlayacaq. 4 təlim-məşq toplanışından ibarət hazırlıq zamanı boksçular beynəlxalq turnirlərdə gücünü sınayacaq. İlk hazırlığa çempionatda medal qazanan bütün boksçular dəvət olunacaq. Yazda isə məşqçilər korpusu Bakıda keçiriləcək birinci Avropa Oyunlarında boks yarışlarında ölkəmizin şərəfini qoruyacaq heyəti müəyyənləşdirəcək.



MƏSLƏHƏT GÖR:

745