25 Aprel 2024

Cümə axşamı, 05:29

KÖKDƏN DANIŞAN ŞƏKİLÇİ

Bir neçə on ildən sonra Azərbaycanda "-ov" və "-yev"lə bitən soyadlara çox nadir hallarda rast gəlinə bilər

Müəllif:

01.03.2010

Russayağı Azərbaycan soyadlarının milliləşdirilməsi ilə bağlı hazırda cəmiyyətdə gedən geniş müzakirələr çox sayda suallar doğurur.  Hər şey ondan başladı ki, Azərbaycan parlamenti yanvar ayında Azərbaycan soyadlarında rus sonluqlarının milli sonluqlarla əvəz edilməsinə başlanması ilə bağlı sənəd qəbul elədi. Qanun layihəsi artıq bəyənilmək üçün prezident İlham Əliyevə göndərilib. Millət vəkilləri ümid edirlər ki, soyadlarının russayağı sonluqlarının əvəz edilməsi haqqında qanun prezident fərmanı ilə qüvvəyə minəcək. Qanuna görə, valideynlər yeni doğulmuş körpələrinin soyadlarını milli varianta dəyişməlidirlər, həmçinin, başqa vətəndaşlar tərəfindən soyadların dəyşdirilməsi də hər cür dəstəklənəcək. 

Ancaq millət vəkilləri hələ də Azərbaycan soyadlarının formatının necə olacağı barədə ortaq fikrə gələ bilməyiblər. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) xüsusi komissiya yaradılıb və o da soyadlarının milli identifikasiyası konsepsiyası ilə məşğul olub. Elmin müxtəlif sahələri üzrə mütəxəssislərdən formalaşmış komissiya Azərbaycanda oturuşmuş soyad formalarını və advermə ənənələrini öyrənərək bu qərara gəlib ki, milli  soyadlar  "li", "lı", "lu", "lü"  sonluqları ilə bitən formatda müəyyən edilməlidir. 

"AM EA-nın xüsusi komissiyası tərəfindən hazırlanmış konsepsiyada adlar və soyadlar üzrə dövlət məlumat sisteminin yaradılması nəzərdə tutulur", - deyə Azərbaycan Milli Məclisinin mədəniyyət üzrə komitəsinin sədri, deputat Nizami Cəfərov bildirir. 1993-cü ildə qəbul edilmiş Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qanuna əsasən ölkə vətəndaşları öz soyadlarındakı "ov", "yev" sonluqlarını sözün kökündən asılı olaraq "lı", "li", "lu", "lü", "zadə", "oğlu", "qızı" sonluqları ilə əvəz edə, ya da sonluğu tamamilə ləğv edə bilərlər. Qanuna görə, soyad sonluqlarının rəsmi sənədlərdə dəyişməsinə qədər də, ölkə vətəndaşları hüquqi önəm daşıyan sənədlərdə yeni soyad ifadə formasından istifadə edə bilərlər. Soyadların sonluqlarının dəyişdirilməsi ilə bağlı yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmur. 

N. Cəfərovun sözlərinə görə, Azərbaycanda oturuşmuş soyad formalarını və advermə ənənələrini öyrənən komissiya milli soyadların formatını məhz bu cür müəyyən edib və "konsepsiyanın gerçəkləşdirilməsi onun təsdiqindən sonra mümkün olacaq", - deyə o vurğulayıb. 

Öz növbəsində, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov isə hesab edir ki, ölkənin İnternet domeninə uyğun olaraq, Azərbaycan so-yadlarının da "az" sonluğu ilə bitməsi məqsədəuyğun olardı. Əli Həsənovun sözlərinə görə, soyadların milli identifikasiyası məsələsi ictimaiyyət tərəfindən müzakirə ediləsi məsələlərdəndir. "Soyadlar və soyad sonluqları hər bir xalq üçün milli domendir. İnsanın milli mənsubiyyətinin müəyyən edilməsi texnologiyaları milli domen əsasında qurulur. Dünya praktikasında soyad sonluğuna görə, onun daşıyıcısının bu və ya başqa millətə mənsub olmasını müəyyən etmək mümkündür. Bir sıra xalqlarda bunu müəyyən etmək olar, bizdə isə hələ ki yox", - deyə Ə.Həsənov vurğulayır.

 

Milli necədir?   

Şəksiz, heç kim şübhə etmir ki, soyadları  dəyişmək lazımdır. Göründüyü kimi, çağdaş gerçəkliklər onların milli identifikasiyasını tələb edir. Ancaq soyadlar üçün hansı modeli seçməli və bu proses məcburi ola bilərmi? Ölkə ictimaiyyəti bu gün bu sualları özünə tez-tez verir. Məcburiyyət məsələsi elə ilk andaca yoxa çıxır, çünki qanun tövsiyə xarakterlidir, amma yeni doğulanlara isə istənilən halda Azərbaycan soyadları veriləcək. Və bu çox yaxşıdır. 

İndi isə tarixi məqsədəuyğunluq və Azərbaycan antroponimiyası baxımından milli soyadlarımızın necə olması məsələsini araşdıraq ("anthropos" - insan və "onoma" ad deməkdir, insanı identifikasiya edən fərdi adlar toplusu mənasındadır - müəllif).

Belə ki,  azərbaycanlıların çağdaş antroponimik modelinə (AM) üç komponent - ad, ata adı və soyad daxildir. Məsələn, kişi - Ramin Ədalət oğlu Əliyev, qadın - Almaz Seyidəli qızı Məmmədova kimi təsvir edilir. Amma AM EA-nın tarixçi alimlərinin araşdırmalarına görə. azərbaycanlıların soyadları heç də həmişə olmayıb. Soyadlar bu yaxınlarda - XIX yüzillikdə, rus hakimiyyəti dövründə yaranıb. Azərbaycanlıların AM-i addan və ata adından ibarət olub. Bu zaman kişi adları göstərilərkən atanın adının arxasına "oğlu" və "zadə" sonluqları əlavə edilirdi; məsələn, İbrahim Səttar oğlu, Süleyman bəy Həsənzadə. Qadın adları təsvir ediləndə isə ata adının arxasına "qızı" sonluğu birləşdirilirdi; məsələn, Reyhan Qurban qızı. Bu model indi də İran Azərbaycanında keçərlidir. 

"Zadə" antroponimik modeli fars dilindən alınmadır və mənası "oğlu", "törəməsi" deməkdir. "Oğlu" və "zadə" ad formaları tanınmış adamlara və ya yuxarı təbəqə təmsilçilərinə məxsus idi; XIX yüzillikdə rusların antroponimik modelinin təsiri ilə məhz onlar ilk soyad götürənlər olublar. Sadə insanlar isə adətən, əsas ad və ona birləşdirilən ayırıcı ləqəblə tanınırdılar; məsələn, Keçəl Məmməd, Çolaq Abdulla, Uzun Həsən  və s. 

Azərbaycanlıların antroponimik model sistemi həm bütün türk xalqları üçün ortaq olan xüsusiyyətləri, həm də özəl cəhətləri ilə seçilir. Adların formalaşmasının əsas mərhələləri uyğun gəlir - adların mədəni-tarixi layları üst-üstə düşür. Qədimlərdə ana dili sözlərindən yaranmış adlar qoyurmuşlar. Amma İslam yayıldıqca onlar sıxışdırılıb və yalnız çox az hissəsi qalıb. İslamın gətirdiyi adlar əsasən ərəb-fars mənşəli olub. Azərbaycanlıların hamısının soyad qəbul etməsi XX yüzillikdə, Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra baş verib. Elə həmin andan da Azərbaycan adlarının islam təsirindən çıxmasına başlanılıb; bu həm də  rus və başqa millətlərdən adların alınması ilə müşayiət olunub. Soyadların verilməsi isə özünəməxsuslaşdırılmayıb: əsas kimi ya atanın, ya da babanın adı götürülüb. Azərbaycan antroponimik modeli soyadların yaranması mərhələsində addan və ata adından yaranmış soyaddan ibarət olub. Ata adları soyada keçən zaman bəzən dəyişdirilib, bəzən də yox. Məsələn, Əliağa Səlimzadə və ya ruslaşdırılmış formada Bəhram Mansurov, Kəmalə Vəzirova kimi. Bununla da üç sözdən ibarət Azərbaycan antroponimik modeli yaranıb: ad + ata adı  + soyad. 

Hazırda köhnə ata adları formasında olan soyadlara da rast gəlinir: Cəfəroğlu, Səfəroğlu, Ramazanzadə, Almaszadə. Həmçinin, "oğlu" sözünün şəkil dəyişməsindən yaranan "lu", "li", "lı" sonluqları vasitəsilə də yaranmış soyadlarına rast gəlinir: Cuvarlı, Cabbarlı, Qasımbəyli, Seyidbəyli. Ruslaşmış soyadlarının əksəriyyəti "ov(a)", "yev(a)" sonluqları ilə bitir: Əliyev, Səmədov, Tağıyev, nadir hallarda isə sonluq "ski" (skaya) olur: Muğanlınski, Şuşinski, Ləmbəranski - bunlar yer adları  (Muğan, Şuşa şəhəri, Ləmbəran kəndi) əsasında yaranıblar. Ata adları da iki formada işlədilir: həm Məmməd oğlu, Əli qızı kimi,  həm də  ruslaşmış formada - Mamedoviç, Aliyevna olur. 

Kişilərə müraciət zamanı yaşca böyük və vəzifəcə yüksək olanlara daha çox "müəllim" deyə müraciət edirlər və bu zaman söz öz birbaşa təyinatından uzaqlaşır və hörmətli münasibət göstəricisinə çevrilir; məsələn, Nəsir müəllim, Kamil müəllim, Əhməd müəllim. Bir vaxt savadlı, oxumuş adamlara qarşı müraciətlə işlədilən "mirzə" kəlməsi də artıq istifadədən çıxıb. Mövcud reallıqlar nə vaxtsa kişilərə verilən, dini xadim, zadəgan və ya yüksək qulluq yiyəsi olmasını bildirən  "hacı", "qazi", "seyid", "paşa", "xan", "bəy", "vəzir", "sultan" kimi sözləri də tarixə gömüb. Onlar yalnız kişi adları kimi saxlanılıb: Hacı, Paşa, Sultan, Elxan, Əlibəy və s.

 

Özünəməxsusluq

Sonluğu "zadə" ilə bitən Azərbaycan soyadlarının antroponik modelinə gəldikdə isə, alimlərin və millət vəkillərinin bu sonluğun kökdən Azərbaycana məxsus olmadığı,  farsmənşəli olması barədə dediklərində qismən həqiqət var. Amma Azərbaycan soyadları sırasında bu sonluğun mövcudluğuna icazə var. Yeri gəlmişkən, İctimai Televiziyanın "Ortaq məxrəc" proqramında gərgin müzakirələr gedib. Yada salaq ki, ilk başdan Nizami Cəfərovun rəhbərlik etdiyi "soyad" komissiyası hesab edirdi ki, bu sonluqdan imtina etmək lazımdır, çünki farsmənşəlidir. Ancaq studiyada olan bir alim qeyd etdi ki, bu sonluğun Azərbaycana məxsus olmasında ciddi şübhələr yoxdur və dövlət tərəfindən də bu vurğulanmayıb. O, dediklərinə sübut kimi İran azərbaycanlıları arasında "zadə" soyadının geniş yayıldığını bildirib. Bunun nəticəsi kimi belə qərara alındı ki, bu sonluqla bitən soyadların yaşamaq haqqı var. Çünki bu, hamısının soyadlarını dəyişmək imkanında olmadığımız İran azərbaycanlılarına bir qədər hörmətsizlik sayıla bilər. Həmin sonluğun bizə orta yüzilliklərin İranı tərəfindən sırınmadığına da heç bir şübhə yoxdur, çünki İranın Qafqazda ağalıq etdiyi zamanlar soyadlar nadir olub, onların qəbulu isə könüllülük prinsipi ilə baş verib. 

Sovet dönəmində soyadların ruslaşdırılması və pasportlaşdırma zamanı "zadə" ilə qalmaq istəyənlər də olub. Göründüyü kimi, heç kim buna mane olmayıb. Uyğun olaraq, fars sonluqlu soyadlar sovet dövründə məcburi ola bilməzdi, çünki bu heç kimə lazım deyildi. Bu model Azərbaycanda çar Rusiyası dövründə də var idi; yəni Sovet hakimiyyəti qurulana qədər daşıyıcıların şəxsi təşəbbüsü ilə peyda olurdu və heç kim bunu orta yüzilliklərin İran məcburiyyəti kimi təsnifatlandıra bilməzdi. Bununla belə, Azərbaycan soyadlarının "zadə" sonluğu ilə bitən antroponimik modelinin qədimliyi "lı" modelinə baxanda daha azdır. Bundan başqa, sovet illərindən qabaq Azərbaycanda "lı", "li", "lu", "lü" sonluqlu soyadlara nadir hallarda rast gəlinirdi və  yayılmasına görə "zadə"dən geri qalırdı. 

"Zadə" və ya "lı", "li", "lu", "lü"  seçmək hər bir azərbaycanlının öz ixtiyarında olacaq, hansı variant onun öz xoşuna gələcəksə, onu da seçəcək. Böyük ehtimalla, bir neçə onillikdən sonra Azərbaycanda "ov" və "yev" sonluqları ilə bitən soyadlara nadir rast gəlinəcək. Soyadların sonluqlarının uyğunsuzluğu mövcud səs ahəngini pozur və Azərbaycan soyadlarının səslənməsinin gözəlliyinə zərər vurur. 

Şəksiz, soyadlarının sonluğu vətənpərvərlik və Vətənə sevgi göstəricisi deyil. Öz ölkəsinə sadiqlik başqa şəxsi xüsusiyyətlərlə ölçülür ki, bu, insanlarda ya olur, ya da olmur. Ola bilər ki, həmin xüsusiyyətlər, hətta milli soyadlı insanlarda da olmasın. 

Amma bununla belə, Mustafayevlərin, Ələkbərovların, Osmanovların və Tağıyevlərin Mustafalı, Ələkbərli, Osmansoy və ya Tağızadəyə çevrilməsini istəyirik. Tanınmış kinorejissor Oqtay Mirqasım altı il qabaq soyadının russayağı sonluğundan imtina edib və hesab edib ki,  əcdadlarına qarşı törədilmiş tarixi ədalətsizliyi aradan qaldırıb. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 30%-ə qədəri soyadını dəyişib. Azərbaycanın bir sıra tanınmış adamları bunu etmək istəmirlər, çünki onların soyadları ölkəmizin sərhədlərindən çox kənarlarda bəllidir. Və bu doğrudur. Bu insanlar Azərbaycanın tanınması, qiymətləndirilməsi və hörmət edilməsi üçün çox iş görüblər, axı ölkəni və tarixi insanlar yaradır. 


MƏSLƏHƏT GÖR:

679