24 Aprel 2024

Çərşənbə, 06:53

TƏHLÜKƏSİZLİK VAKUUMU

Koreya yarımadası hələ uzun müddət nə hərb, nə sülh şəraitində yaşayacaq

Müəllif:

17.03.2015

ABŞ Silahlı Qüvvələri Cənubi Koreyanın Müdafiə Nazirliyi ilə birlikdə birgə planlı təlimlərə start verib. Martın 2-də başlamış təlimlər "Key Resolve" və "Foal Eagle" kod adı altında keçirilir. Pentaqonun məlumatına görə, aprelin sonunadək davam edəcək təlimlərdə amerikalılarla yanaşı, onların Britaniya, Danimarka, Fransa və Kanadadan olan müttəfiqləri də iştirak edəcəklər.

Gözlənildiyi kimi, Cənubi Koreya ərazisində müttəfiq dövlətlərin təlimlərə başlaması Şimali Koreya rejimi tərəfindən təcavüz aktı kimi qiymətləndirilib. Pxenyan yarımadada təlimlərin dərhal dayandırılmasını tələb etməklə yanaşı, ordusuna yaxın-mənzilli yeni raketlərin sınağına başlanılması əmrini də verib.

Bundan başqa, KXDR lideri Kim Çen In ordusundan "qərbli düşmənlər"lə müharibəyə hazır olmağı tələb edib. "Milli birləşmə uğrunda böyük müharibənin yaxınlaşdığı bir vaxtda Koreya xalq ordusunun hər bir əsgəri müharibəyə hazır olan elitaya çevrilməlidir", - deyə Kim Çen In bildirib. O, Şimali Koreya ordusunun ideya-siyasi, hərbi-texniki və fiziki mənada müharibəyə sinə gərməli olacağını bəyan edib.

Bundan əvvəl Pxenyan ABŞ-ı qisasla da hədələmişdi. "Şimali Koreya ordusu və xalqı bütün hərbi müstəvilərdə ABŞ-la qarşıdurmaya hazırdır. Bu, lazımi istehkamların dağıdılması üçün zəruri olan kibermüharibəyə də aiddir", - deyə bir müddət əvvəl Şimali Koreya rəsmilərindən biri bildirmişdi.

KXDR-in Milli Təhlükəsizlik Komitəsi isə öz növbəsində ölkənin 1,2 milyonluq ordusunun Amerikaya qarşı bütün növ silahlardan istifadə etməyə hazır olduğunu bəyan edib: "Biz Ağ Evə, Pentaqona və bütünlükdə, ABŞ-a - bu terror mənbəyinə qarşı çəkinmədən ən sərt tədbirləri görəcəyik".

Şimali Koreya artıq bir ildir ki, ABŞ hərbi kontingentinin yarımadadan çıxarılmasına uğursuz cəhdlər edir. O, bölgədə xarici hərbi kontingentin mövcudluğunu beynəlxalq hüquqa zidd əməl, Şimali Koreyanın milli təhlükəsizliyinə birbaşa təhdid sayır.

Dünya oxşar ssenarini əvvəllər də müşahidə edib. Bu, 2006, 2009 və nəhayət, 2013-cü illərdə baş vermişdi. Ekspertlərin qiymətləndirməsinə görə, Kim Çen In rejimi ən uğurlu nüvə silahı sınağını 2013-cü ildə həyata keçirib. O zaman KXDR-in Müdafiə Nazirliyi həmin sınağın ölkənin və xalqın suverenliyinin müdafiəsinə böyük töhfə olacağını bəyan etmişdi. Sınağın rezonansı o qədər böyük olmuşdu ki, hətta Şimali Koreyanın müttəfiqləri sayılan Rusiya və Çin də məsələdən narahatlıqlarını ifadə etmişdilər. Yalnız Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Şimali Koreya lideri arasında keçirilən görüşdən sonra Pxenyan nüvə sınaqlarını dayandırmağa razılıq vermiş, lakin bunun üçün ABŞ və Seulun da hərbi təlimlərdən imtina etməli olduqlarını bəyan etmişdi. Amma Pxenyanın bu şərti rədd edilmiş və nəticədə, 2014-cü ilin martında Şimali Koreya "Nodonq" adlı yeni ballistik raketini sınaqdan keçirmişdi. O zaman bu, BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin hiddətinə səbəb olmuşdu.

Qeyd edək ki, "Nodonq" ballistik raketi koreyalı mühəndislər tərəfindən bir müddət əvvəl yaradılıb və o, 1300-1500 kilometr məsafəni vura bilir. Yəni yeni raket düşmənin Koreya yarımadasından uzaqda yerləşən yerüstü obyektlərini də vurmaq iqtidarındadır. Bunadək Şimali Koreya Silahlı Qüvvələri köhnəlmiş ortamənzilli ballistik raketlər istisna olmaqla, bu cür silaha malik deyildi.

Təlimlərin başlandığı gün - martın 2-də Pxenyan Yapon dənizi istiqamətində iki yaxınmənzilli raket buraxıb. Bu, ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə asimmetrik cavab sayıla bilər.

Şimali Koreya rejiminin son illərdəki əməlləri fonunda Yaponiya, Cənubi Koreya və hətta Çinin narahatlığını anlamaq çətin deyil. Xüsusilə Pxenyanın 2013-cü ildə hücum etməmək haqda bütün paktlardan çıxdığını bəyan etməsi adıçəkilən ölkələrin narahatlığını daha da artırıb. Amma bununla yanaşı, yarımadada hərbi münaqişənin başlama ehtimalı çox azdır. Regionda analoji birgə hərbi təlimlər ilk dəfə keçirilmir və bu, əlbəttə ki, son təlim də deyil. Hər belə təlim keçirilən zaman tərəflər Pxenyanın qeyri-adekvat aqressiyası ilə qarşılaşıblar. Amma "böyük çuçxe" - Kim Çen In belə, bu təlimlərdə ABŞ-ın əsas hədəfinin Şimali Koreya deyil, Çin olduğunu anlayır. Vaşinqton üçün Koreya yarımadasında, başqa sözlə, Pekinin "dizinin dibində" mövcudluğunu gücləndirməsi son dərəcə vacibdir. Birləşmiş Ştatların narahatlığı da əbəs deyil. Çin onun regiondakı sadiq müttəfiqi olan Yaponiyaya da hərbi və iqtisadi təhlükə yaradır. Odur ki, Çinin böyük geosiyasi üstünlüklərinə rəğmən, Amerikanın Cənub-Şərqi Asiyada hərbi mövcudluğunu artıracağını gözləmək olar.

İstənilən halda, KXDR-in nüvə siyasəti regionun əsas problemi olaraq qalır. Problemin diplomatik yolla həllinə edilən cəhdlər isə hələ ki, nəticə vermir. Bir sözlə, regionun təhlükəsizliyi məsələsində sanki vakuum yaranıb və hələlik vəziyyətdən konstruktiv çıxış yolu nəzərdən keçirilmir.



MƏSLƏHƏT GÖR:

737