25 Aprel 2024

Cümə axşamı, 18:44

İDEAL ŞƏRAİT

İlisu adlı Azərbaycan Nağılı - Qaxda turizmin mərkəzi

Müəllif:

15.07.2009

İlisu

Hansı fəsildə gəlməyindən asılı olmayaraq İlisunun əsrarəngiz təbiətini görənlər özünü nağıldakı kimi hiss edir. Qışda başdanbaşa ağappaq qarla örtülü olur. Hər tərəfi əhatə edən meşəli dağlar və onların üstündən əskik olmayan buludlar, yazda və yayda demək olar, hər gün sel kimi yağan yağış, onun ardınca çıxan göy qurşağı, tərtəmiz hava, sakitlik və üzünü hara çevirsən, gözəl mənzərədə salınmış yüzillik evlər, eləcə də çox köhnə tarixdən qalma abidələr... Bunları qoyub geri qayıtmaq istəmirsən. Kurort  zonası İlisuda 1 - 2 ay ərzində xroniki stres  və onun fəsadlarından tamamilə müalicə olunmaq mümkündür. Yerlilər deyirlər ki, əgər yer üzündə cənnət üçün müsabiqə elan edilsəydi, İlisu bu yarışmada ən ciddi rəqib olardı. 

Burada dağ turizmi və alpinizm həvəskarları üçün hər cür təbii şərait var. Kənddə yaşıl turizm, icma turizmi, müalicə turizmi, istirahət turizmi daha geniş yayılıb. İlisuya gələnlər atla və piyada olaraq ətrafa yürüşə çıxa bilərlər. Ərazidə ovçuluq üçün ideal şərait var. Sovet vaxtından bəri istirahət zonası kimi məşhur olan İlisuda turizm infrastrukturu qurulub. İllərdir fəaliyyətdə olan pansionatlara yeni kotec və apart tipli otellər əlavə olunub. Onların sayı artsa da yay fəslində buralarda yer tapmaq mümkün deyil. Çünki İlisunu bir dəfə görənlər və istirahət edənlər daha sonra davamlı buraya gəlmək istədikləri üçün yerlərini əvvəlcədən tuturlar. Yerlilərin dediyinə görə, yay tətilində İlisuya gələn qonaqların sayı əhalidən ən az 10 dəfə çox olur. Amma elə ki havalar soyudu, əl - ayaq yığışır. Hamı çəkilib gedir. Çünki burada qış turzimi üçün lazım olan şərait hələ ki, yoxdur. Buna baxmayaraq bəzi yerlər qışda da çalışır. Otellərdə yer tapa bilməyənlər məyus olmasın deyə yerli sakinlər öz evlərinin qapılarını qonaqların üzünə açırlar. Belə ki, tarixi İlisu evləri turistlər üçün xidmət edir. 

İlisu evləri 

İlisu ilk baxışdan kənd təsiri bağışlamır. Küçələrin, yolların, evlərin və digər binaların özünəxas memarlığı diqqəti çəkir. Qırmızı kirəmitli, bişmiş kərpicdən, çay daşından tikilmiş evləri çay daşından höürlmüş hasarlar əhatə edir. Evlərin içində spesifik qoxu var.  Hamısının daxili dizaynı da demək olar eynidir. Divarlarda xüsusi oymalar var. Bunlar şkaf və vitrini əvəz edir. Pəncərə ilə üzbəüzdəki oymalar yorğan - döşək yığmaq üçündür. Divarın üstündəki kiçik oymalar lampa və ya şam qoymaq üçün nəzərdə tutulub. Nəhayət, divar boyunca taxtalar vurulub ki, buna taxça deyirlər və bunlar da qab - qacaq düzmək üçündür. Evlərdə kiçik otaqlar da görmək olur. Buradakı ən gənc evin ən az 100 yaşı var. Bir qayda olaraq daş hasarların üstündə evin inşa edildiyi tarix və ustanın adı, bəzən evin kimə aid olması da yazılıb. Həyətlərdə meyvə ağacları boldur. Torpağa səliqə ilə çay daşı döşəyirlər ki, bu da buralara xüsusi memarlıq çaları qatır. 

Məhəllə sistemi İlisuya da hakimdir. Səngər, Bucaq, Qala, Qacar, Bəy - tabun məhəllələri buranın qədim, böyük və məşhur məhəllələrdir. Kənd dağlıq və sıx meşəliklərlə əhatə olunub, Möhtəşəm mənzərəli bu yerdə iki dağ çayı, Kürmükçay və Ağçay birləşir. Bunların dərələri çox dərindir və özləri də çox iti axır. Kəndin mərkəzi “Beşbulaq” deyilən yerdir. Buradan həqiqətən eyni yerdən 5 ayrı təmiz bulaq suyu iti surətlə çıxır. Kəndin yuxarı başında yerləşən şəlalə İlisuya gələn qonaqların mütləq görməsi gərəkən yerlərindəndir. 

İlisulular

Tarixən yerli əhalinin əsas hissəsi sənətkar olub. Müxtəlif peşələrlə məşğul olan bu kəndlilər öz sənətlərini nəsildən nəslə ötürərək yaşayıblar. Qoyunçuluq və əkinçiliklə məşğul olurlar. Oxumuş, savadlı insanları ilə tanınan kənddir. Zarafatla deyirlər ki, oxumuş ilisulu alim olur, oxumamış isə çoban. Buranın camaatı məişət adət - ənənələrini qoruyur. Məsələn, İlisuda qapıya qıfıl vurmurlar. Heç həyətdə it də saxlamırlar. Bu kənd sakinlərini yüksək səslə qışqıraraq danışdıqlarını da görmək olmur. Bazarda - küçədə piştaxta arxasında mal satan, satıcı ilisuluya rast gəlmək də olmur. Heç kimsəyə ağız açmağı xoşlamadıqları üçün bir problem olanda özləri həll edirlər. Bunu yerlilər ilisuluların bəy nəslindən olmaları faktı ilə izah edirlər. Tovlatala sultan qəbirstanlığı indiyədək durur. Şəhid sultanlar məzarlığı kimi də tanınır. İlisunun hökmdar nəslindən olan ailə nümayəndələrinin çoxunun qəbri buradadır. Yerli aristokratiyanın kökləri orta əsrlərə gedib çıxır. 

Tarixi abidələri

Ilisuda qeydə alınmış 11 tarixi abidə var. Dağlardakı yüksəkliklərdə elə maraqlı abidələr var ki, buralara yayda belə gedib çıxmaq çox çətindir. Hündürlüyü 10 metrə çatan Keşikçi qalası (XIV əsr), Şamil qalası, Cinqala bu silsilədəndir. 

Maraqlı abidələrdən biri də Kürmük çayı üzərindəki Ulu körpüdür (XVII əsr). Körpü sultanlığın mərkəzi İlisuya köçürüldükdən sonra inşa edilib. Yerlilərin iftixarı olan körpü İlisunun qapısı sayılır. Deyilənlərə görə 1844 - cü ildə rus qoşunları İlisuya hücum edərkən düşmən kəndə daxil ola bilməsin deyə Ulu körpünün uçurulması təklifinə İlisunun son sultanı, mahalda sərtliyi, cəsurluğu ilə ad - san qazanmış general Daniyal bəy qəti etiraz edir. Körpünün inşasında yumurta sarısından bərkidici maddə kimi istifadə edildiyinə görə indiyədək sağlam və istifadəyə yarayan vəziyyətdə qaldığını deyirlər. 

Bucaq məhəlləsindəki Sumuq qala tarixi abidəsi isə İlisunun emblemi hesab edilir. Müdafiə qülləsidir, 4 mərtəbəldir. Üstündən hər tərəf açıq - aydın görünür. Şimali Qafqaz və Dağıstanda bu tip qalalar çoxdur. Sumuq yerli əhali sümüyə deyir. Sümük kimi bərk olduğu üçün qalanın belə adlandırıldığı güman edilir. Sumuq qala Daniyal sultanın evinin bitişiyində tikilib və onun dayağı olub. Sultanın evindən əsər - əlamət qalmayıb. 1981-ci ildə Sovet və Azərbaycan kinosunda vestern janrında ilk film sayılan “Qorxma mən səninləyəm” filmindən bəzi fraqmentlər burada çəkilib. 

Rusların Şeyx Şamildən qorunmaq üçün tikdirdiyi müdafiə qüllələrindən biri də İlisu qalasıdır (XIX əsr). Onunla bağlı yer adları və rəvayətlərin, tarixi hadisələrin çox olmasına baxmayaraq Şeyx Şamil heç vaxt bu ərazilərdə olmayıb. Kəndin düz mərkəzində yerləşən qala ikimərtəbəlidir. Dağıstandan gələn yolun üstündə tikilib. Əsasən salamat qalan binaya daxil olmaq mümkündür. Içəridə insan özünü sanki  film pavilyonunda olduğunu zənn edir. 

İlisunun adı da, özü də ulu olan məscidi 1700 -cü ildə İlisu sultanlarından saxurlu Əli Sultanın sərəncamı ilə inşa etdirilib. Ilisunun ən dəyərli abidələrindəndir. Kəndin düz mərkəzində yerləşir. Uzunluğu 10, eni 7, hündürlüyü 4 metrdir. Minarəsi yoxdur. Məscid ətrafı qəbirstanlıqda bəzi din xadimlərini dəfn ediblər. 

İlisu Dövlət Təbiət Qoruğu 

Tarixi abidələri, təkrarolunmaz memarlığı  ilə çox özəl bir yer olan İlisunu və Böyük Qafqazın cənub yamacları üçün xarakterik təbiət kompleksini qorumaq məqsədilə 1987 - ci ildə yaradılıb. Ərazinin dəniz səviyyəsindən hündürlüyü 350 metrdən 3600 metrə qədərdir. Ümumi sahəsi 54 min hadır. Yüzlərlə bitki, 35 növ məməli heyvan və 50-ə qədər quş növü yaşayır ki, bunlardan bəziləri Qırmızı kitaba düşüb. Qoruq ərazisində yüzlərlə mineral bulaq qaynayır və çaylarla zəngindir. Ərazidən Qanı(Alazan) və respublikada sel çıxımına görə ikinci olan Kürmük çayı axır. Həqiqətən bir az yağış yağan kimi çay dolub daşır, öz cığırından çıxaraq qarşısına çıxan hər şeyi dağıdır, bir çox dağ kəndlərinin yolunu yuyub aparır. İlisudan şimal - şərqdə, 7 km məsafədə yerləşən Hamamçay həm İstisu, həm də Ağçay kimi tanınır. Kürmük çayının sol qolu olan Hamamçay Böyük Qafqazın ən gözəl dağ çaylarındandır. Hamamçay dərəsinin yamacları qayalıqdır. Dərənin dibi ilə getmək çətindir, tez - tez gur sulu çayı keçməli olursan. Dərə yuxarıya doğru daralır. Mineral bulağa çatanda qayalı yamaclar az qalır ki, qovuşsunlar. Burada müalicəvi vannalar qəbul etmək olar. Bu çayın dərəsi möcüzəvi qeyzerlərinə görə müqəddəs hesab edilir və insanlar buraya ziyarətə gəlirlər. Onun hövzəsində çox böyük müalicəvi əhəmiyyətli istisu - qeyzer yerləşir. Hövzədə həmçinin kükürdlü - müalicəvi əhəmiyyətli Mohsu su mənbəyi qaynayır. Qax ərazisindəki ən böyük Ram - ramay, Vəzirçal, Qiçal şəlalələri də Hamamçay hövzəsində yerləşir. Ərazi füsunkar dağ yamacları, bol sulu və meşəli dərələri ilə bənzərsiz landşaft yaradır.  Hamamçay təbiət abidəsi haqqında əfsanələr yayılıb. 

İlisu mətbəxinin 

şah yeməkləri

İlisunun yerli mətbəxi də çox rəngarəngdir. Göy - göyərti, süd məhsulları və yerli baldan çox istifadə edilir. Bunlardan əlavə İlisuda  35 növ xəmir yeməyi mövcuddur. Bu təbiətdə isti və kalorili xəmir yeməyi bir ehtiyacdır və şəhərdəki kimi ağırlıq vermir. Bunlardan ən məşhuru sürhüllüdür. Sürhüllü xəmir xörəklərindən biridir. Sürhülə də deyirlər. Yerlilər deyirlər ki, sürhüllü yeməmisənsə, deməli Qaxı görməmisən.  Bu, xinqal növüdür. Ən çox soyuq aylarda yeyilir. 

Bu zonaya xas, səciyyəvi yemək olan sürhüllü hətta xəmir yeməklərini xoşlamayanlarda da maraq oyadır. Lakin sulu xəmir yeməyini xoşlamayanların mütləq sevəcəyi başqa bir ləzzət də var ki, bunun dadına baxmadan İlisudan getmək olmaz. 

Qax - İlisu mətbəxinin ən geniş yayılmış və soyuq vaxtlarda çox xoşlanan xəmir xörəklərindən biri Girsdir. Bu yemək çox geniş yayılıb. Qonaq qabağına çıxarılan ləziz yeməklər siyahısına başçılıq edir. Qonaq süfrəsinə girs bişirilib verilməsi xüsusi hörmət əlaməti sayıldığından bölgədə yaşayan bütün etnosların ənənəsinə çevrilib. Birini evə qonaq dəvət edəndə hər iki tərəf üçün də məlum idi ki, süfrədə girs olacaq. Buna digər bölgələrdə və ədəbiyyatda formasına görə gürzə də deyirlər. 

Girsin içərisinə bükülən “iç” ət, şor, boranı, göyərti, xüsusilə gicitkan və sairdən asılı olaraq Qax mətbəxində onun müxtəlif növləri hazırlanırdı. Bunların içərisində ətli girs yüksək kaloriliyi və tamına görə xüsusilə fərqlənir. 

Sarıbaş kəndi

Rayon mərkəzindən 18 km, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Buraya İlisudan keçərək getmək mümkündür. Qışı sərt və yayı isə mülayim, hər tərəfdən yüksək dağlarla əhatə olunan Sarıbaş Qaxın ən ucqar dağ kəndidir. İlisudan şimal-qərbdə Qunaxaysu ilə Ağbulaq çayları arasında, 100 metrlik çay terrası üzərində Sarıbaş kəndi yerləşir. Bu kəndin arxasından Böyük Qafqaz silsiləsinin bir neçə zirvəsi ucalır. 

Kəndə torpaq yol aparır. Lakin hər dəfə yağış yağanda sel olub daşan Kürmük çayı bu torpaq yolu yuyub aparır və nəticədə kəndə gediş - gəliş kəsilir. Çayın içərisindən piyada keçməyə cəhd etmək isə təhlükəlidir. Yolda yaylağa gəlib - gedən çobanlara rastlamaq, çoban süfrəsinə qonaq olub onlarla söhbətləşmək olar.  Sarıbaşa səyahət əsl macəra və ekstrimi sevənlər üçündür. Əyləncəli yolçuluqdan sonra kəndə gedib, dəyişən hava şəraitinə görə geri qayıda bilməmək ehtimalını unutmamaq lazımdır. Yerlilərin dediyinə görə, bəzən qonaqlar bütün yayı İlisuda Sarıbaşa gedə bilmək üçün havanın düzəlməsini gözləyirlər.  

Sarıbaş XIV əsrdə yaşayış məskəni kimi formalaşıb. Tarixi-memarlıq abidələri ilə zəngin kəndin ən qədim abidəsi 16 - 17 -ci əsrə aid Hacı Tapdıq məscididir. Qadınlar burada orijinal naxışlı xalçalar və bol ornamentli yun corablar toxuyurlar. Qadınların məişət işləri prosesində yaranan bir folklor janrı olan Tonqay Məlik yalnız bu kəndə aiddir.  

Bu oyun yalnız qadınlar arasında ifa edilir. Sarıbaşda qış soyuq, gecələr də uzun keçir. Hər hansı bir təsərrüfat işi olmayan xanımlar digər məişət işlərinin hamısını evin içərisində, kollektiv halda görür, bu arada darıxmamaq üçün mahnı oxuyur, bayatı deyir və hətta bir az hərəkət olsun deyə rəqs də edirlər. Oyun zamanı oxuduqları mahnının hər iki misrasından bir “Tonqay Məlik” kəliməsini işlədirlər. Bu dəstənin başında yaşlı bir nənə durur, qızları idarə edir. 

Sarıbaş sovet liderlərindən Nikita Xruşşovun keçən əsrin 60-ci  illərində məşhur regionlarda “inkişaf” layihəsinin bir parçasının qurbanları siyahısındadır. Bu islahatlara görə, çətin dağ şəraitinə, ucqarlara infrastruktur çəkmək yerinə, oraların əhalisi rayon mərkəzlərinə köçürülməli idi. Beləliklə, Sarıbaş kənd camaatı da aşağıya, düzənlik yerə köçürülür və kənd camaatını yerləşdiyi yeni yerdə salınan yeni kəndin adını Cəlayır qoyurlar. Bu kənd Cəlairlər sülaləsinin adı ilə bağlıdır. Cəlairlər sülaləsi 1358 - 1410-cı  illərdə Təbrizdə dövləti idarə edən hökmdar nəsillərdən biridir. Bu türk sülaləsi Azərbaycan, Cənubi Qafqaz, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoyub. İlisu

Sarıbaş sovet liderlərindən Nikita Xruşşovun keçən əsrin 60-ci  illərində məşhur regionlarda “inkişaf” layihəsinin bir parçasının qurbanları siyahısındadır. Bu islahatlara görə, çətin dağ şəraitinə, ucqarlara infrastruktur çəkmək yerinə, oraların əhalisi rayon mərkəzlərinə köçürülməli idi. Beləliklə, Sarıbaş kənd camaatı da aşağıya, düzənlik yerə köçürülür və kənd camaatını yerləşdiyi yeni yerdə salınan yeni kəndin adını Cəlayır qoyurlar. Bu kənd Cəlairlər sülaləsinin adı ilə bağlıdır. Cəlairlər sülaləsi 1358 - 1410-cı  illərdə Təbrizdə dövləti idarə edən hökmdar nəsillərdən biridir. Bu türk sülaləsi Azərbaycan, Cənubi Qafqaz, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoyub. 

MƏSLƏHƏT GÖR:

634