28 Mart 2024

Cümə axşamı, 23:10

BÖYÜK QAFQAZIN ƏTƏKLƏRİNDƏ

Yay mövsümü Qaxa səfər etməyin əsl vaxtıdır

Müəllif:

01.07.2009

Bu kiçik rayon Acınohur gölü ətrafında salınıb. Ovçuluq və balıqçılıq üçün geniş şərait var. Qanıq - Əyriçay vadisindəki düzənliklər və dağətəyi yerlər əsas ovçuluq zonalarıdır. Meyvələri ilə məşhur Qaxda müxtəlif ölçülü, rəngli, sulu və şirin bir neçə növ armud yetişdirilir. Xüsusilə düşes armudlar çox sevilir. Ondan hazırlanan qazlı limonadlar hər zaman süfrədə tapılır. Meyvə bol olduğu üçün müxtəlif kompot və mürəbbələrdən başqa, onları həm də qurudub saxlayırlar. Yemək süfrəsində şərbət, gül suyu, əzgil suyu, üzüm şirəsi və sair kimi iştahaçıcı və müalicə əhəmiyyətli içkilər olur. Bunların içərisində baldan hazırlanan şərbətin yeri başqadır. Süskən kəndi yaxınlığında meşə ilə əhatələnmiş dağın ətəyindən süzülüb-gələn təbii mineral su son illərdə ölkədə Qax suyu adı ilə sürətlə populyarlıq qazanıb. 

 

Toponim

Qax deyən kimi hər kəsin ağlına ilk öncə meyvə qurusu gəlir. Çünki Azərbaycanda qurudulmuş  meyvələrə qax deyirlər. Amma toponimin əslində meyvə qurusu ilə heç bir əlaqəsi yoxdur. Qax sözünün mənası qala, istehkam deməkdir. Bir digər versiyaya görə, bu ad burada məskunlaşmış qədim qaq tayfasının adı ilə bağlıdır. Son bir ehtimala görə isə söz iki kökdən ibarətdir: qa - yaşayış yeri, ax - çay. Qaax, yəni çay yaşayış yeri. Tədricən a hərfinin biri dildən düşüb. 

Akademik İqrar Əliyev “Midiya tarixi” əsərində Midiya və onun ətrafında yaşayan qeyri - İran mənşəli 24 tayfadan birinin Karx tayfası olduğunu bildirir. Dağlı tayfa olan karxlar geniş coğrafiyaya yayılıblar. 

 

Tarixi abidələr

Əksəriyyəti ətraf kəndlərdə yerləşir. Ərazidə aşkar edilmiş arxeoloji abidələr, kurqanlar burada Tunc dövründə məskunlaşmanın olduğunu sübut edir. Rayon mərkəzindəki Qala divarları (XVI əsr), Cümə məscidi (XIX əsr), Alaverdi kilsəsini (1884)  gördükdən sonra Zaqafqaziyadakı ən qədim, ən böyük və ən tanınmış abidə - ziyarətgaha getmək məsləhətdir. 

 

Kürmük məbədi (V əsr) 

Qaxın ən yüksək təpələrinin birində yerləşir. Dağlıq ərazidə meşəliyin içərisi ilə abidənin bir neçə yüz metrliyinədək maşınla getmək mümkündür. Sonra bir az piyada getmək lazımdır. Ərazi bol meyvə bağları ilə zəngindir. Məbədin olduğu yerdən ətrafa mükəmməl mənzərə açılır. Məbəd adını eyniadlı çaydan alıb. Kürmük sözünün mənası bu cür yozulur: kür - dəli, şıltaq, ərköyün (kaprisli), muq isə türk - hun tayfalarından birinin adıdır. 

XIX əsrdən etibarən Müqəddəs Georgi kilsəsi kimi də tanınır. Buraya Gürcüstandan ziyarətə gəlirlər. Aprel və noyabr ayları ziyarət vaxtıdır. Müsəlman və xristian əhalinin birlikdə ziyarət və ibadət etdiyi nadir yerlərdəndir. Hər ziyarətdən sonra mütləq qurban kəsilir. Maraqlı olan fakt, xristian zəvvarların burada qurbanlıq olaraq donuz kəsməməsidir. Əslində, Kürmük ilkin orta əsrlərdə inşa edilmiş ən qədim Alban məbədlərindəndir. Xristianlıqdan əvvəlki dönəmlərdə Albanların aya sitayiş məbədlərindən olduğu və Ay ilahəsi şərəfinə tikildiyi bildirilir. 

 

Hacı Murad burada uyuyur 

Tarixi bilənlər Tanqıt kəndində mütləq ayaq saxlayırlar. Qax - Zaqatala yolunun üstündə, qocaman palıd meşəsinə gedən ensiz, dar bir cığır var. Bu cığırın sonunda Şeyx Şamilin naibi Hacı Muradın məzarı yerləşir. Məzarın üzərindəki daşın üstündə ərəb dilində bu sözlər yazılıb: “Burada böyük cəfakeş, avar Hacı Murad Xınzaklı dəfn edilib.” Bu kiçik kənd vaxtilə burada yaşamış böyük türk nəsillərindən birinin adını daşıyır. Əfsanəvi Hacı Muradın qəbri Tanqıtdakı tarixi qəbiristanlıqdadır. 

Hacı Murad haqqında yüzlərlə rəvayət və dastan yazılıb. Dahi rus yazıçısı Lev Tolstoy 1896 - cı ildə qələmə aldığı  “Hacı Murad” pyesini ona həsr edib. 

Son illərdə Türkiyəli bir sıra tarixçilər Qax rayonunun başqa bir kəndində yerləşən qəbiristanlığı tez - tez ziyarət edirlər. Onları buraya gətirən səbəb məşhur türk filosof - şairi Yunus İmrənin (1240 - 1320) burada olduğu iddia edilən məzarıdır. 

 

Yunus İmrənin məzarı

Bu kənddəki qədim Oğuz qəbiristanlığında türk poeziyasının klassiki Yunus İmrəyə istinad edilən qəbir - abidə var. 700 il əvvəl vəfat etmiş Yunus İmrəyə müxtəlif ölkələrdəki 7 qəbrindən birinin burada ola biləcəyi güman edilir. Türkiyədə isə Yunus Emreye aid 22 ayrı məzar yeri var. Bunlardan hansının dəqiq olduğu bilinmir. Digər yerlərdən fərqli olaraq Oncallıdakı qəbiristanlıqda şair müridi Hacı Tapdıqla eyni yerdə dəfn edilib. Onların bu ərazilərə gəlmə missiyaları burada yaşayan qıpçaqları islam dininə yönəltmək olub.  Allah sevgisini təlqin edən, sufi təriqətinin davamçısı şair bütün Anadolunu, Azərbaycan və İranı gəzib. 

 

Nizami yurdu

Qaxda başqa bir kənd bu adla tanınır. Söhbət Azərbaycan klassik ədəbiyyatının dahisi Nizami Gəncəvidən (XII əsr)  və Qum kəndindən gedir. Nizaminin həyat və yaradıcılığı ilə bağlı xalq arasında yayılmış rəvayətlər çoxdur. Eləcə də yer adları geniş yayılıb. Belə rəvayət edilir ki, Nizami Böyük Qafqaz dağlarını gəzəndə, Qumdakı bir yüksəklikdən Kəpəz dağını seyr edərmiş. Bunu bilən Atabəy hökmdarı Qızıl Arslan bu kəndi sevimli şairinə bağışlayır. Hətta onu kənddən Ağca adlı bir qızla evləndirir. Şairə çox ehtiram edən Ağcanın qohumları onunçün Qumda qala - qəsr tikdirirlər. Deyilənlərə görə, Nizami Gəncəvi arvadı Ağca xanım ilə yay aylarında buralara gəlib dincəlirmiş. Amma şairin xoşbəxtliyi uzun çəkmir. Ağcanın vaxtsız ölümündən sonra Nizaminin bu yerlərdən əli - ayağı kəsilir. Qızıl Arslanın ona bağışladığı kənd və Qumdakı qala sahibsiz qalır. 

 

Qum kəndi

Qıpçaq tayfalarının bir qolu ilə bağlıdır. Hələ II əsrdə Qıpçağın adı xatırlanır. Akademik Ziya Bünyadov “Azərbaycan Atabəyləri dövləti” (Bakı - 1985) Nizaminin arvadı Afaqın Qum kəndinəki qıpçaqlardan olması haqqında fikir irəli sürür. Azərbaycanın ən qədim kəndlərindəndir. Ərazidəki bir neçə tarixi abidənin olması buna əyani sübutdur. Qum mərkəzdən 8 km aralıda, Baş Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. Kənd ərazisindən Ərdəva dağ çayı axır. Dağ ətəkləri sıx meşə ilə əhatə olunub. Meşələr əzgil, alça, zoğal, meşə alması, meşə armudu ağaclarından ibarətdir. Kənddə cəmi 200 ev var. Qafqaz Albaniyası dövrünə aid tarixi abidələrlə zəngin olan kənd kənarında çox da böyük olmayan qədim Alban məbədi var. Bir vaxtlar məhəllə kilsəsi kimi fəaliyyət göstərib. 

 

Bazilika (V əsr)

Çox möhtəşəm tikilidir. Görənləri özünə heyran buraxır. Qum Alban məbədi, Hun məbədi kimi məşhurdur. Uzunluğu 25 metr, eni 20 metrdir. Dörd tərəfdən eyvanla əhatə olunmuş bazilikanın üç zalı var. Bunlar qurbangah və ibadət otaqlardır. Dağılmış vəziyyətdəki abidə ağaclıq və kolluqlar içərisində qalıb. İri daş sütunları və tağları çox incəliklə və zövqlə işlənib. Alban tarixçilərinin məlumatına görə, eramızın əvvəllərində xristian dinini yaymağa gələn fələstinli missioner Patrik Yelisey, Qomenk adlı yerdə (indiki Qum kəndi ərazisində) həlak olub. Sonralar Qafqaz Albaniyasının hakimi III Vaçaqan həmin yerdə məbəd tikilməsi haqqında sərəncam verib. Bu, Qum məbədinin tarixi ilə bağlı mövcud olan tək ehtimaldır. 

 

Saxurlar 

Qum sakinləri saxurlar çox qonaqpərvərdir. Bunlar Azərbaycandakı qədim dağlı xalqlardan biridir. Özlərini yixiy ya da yıxbı adlandırırlar. Tarixən onların məskunlaşdığı məkanlar Kür - Alazan çayları vadisi və Samur çayının yuxarı hissəsidir. Saxurların həmin ərazilərdə yerləşməsi barədə XIX əsrə aid tarixi məlumat və xalq rəvayətləri mövcuddur. Alban tayfalarından olan saxurların yayılma arealı Azərbaycan və Dağıstan torpaqlarıdır. Ümumi sayları 20 - 30 mindir. Dağıstan dillərinin ləzgi qrupuna daxil olan saxur dilində danışırlar. Maldarlıq, əkinçilik, toxuculuqla məşğuldurlar. Qafqaz Albaniyası dövlətinin inkişafında mühüm yer tutan saxurlar xristianlığı ilk qəbul edənlərdən olublar. Sonradan İslam dininə sitayiş etməyə başlayıblar. Qum sakinlərinin həyətlərində yetişdirdikləri izabella və amerikan üzüm növlərindən ev şəraitində hazırladıqları çaxır məşhurdur. 

 

Ballı bulaq 

Qumdan 5 km aralıda, Çinarlı kəndinə yaxın yerləşən bu kurort ərazi əsl turizm cənnətidir. Qaraçayın ətrafında, sıx meşənin içərisində gur sulu şəlalə axır və bir neçə mərtəbədən enərək töküldüyü yerlərdə suyun şiddətindən təbii vannalar əmələ gətirir. Yayda istidən ürəyi sıxılanlar burada çimir. 

 

Sırt qalası (VIII əsr)

Qum kəndinin yuxarı başında yerləşir. Heyranedici mənzərəli yerdə, yüksək bir dağın təpəsində yerləşən qalaya dar cığır vasitəsilə çıxmaq olur. Sırt qalası haqqında ətraflı və dəqiq hər hansı məlumat yoxdur. Qalanın üstündən baxdığın zaman bütün ətraf kəndlər ovucunun içindəymiş kimi açıq görsənir. Gözətçi qalasına bənzəyir. Müdafiə məqsədilə tikildiyi ehtimal edilir. 

 

Ləkit kəndi

Deyirlər ki, bu kəndin 1600 illik tarixi var. Eyni adlı yaşayış məskənləri Azərbaycanda çoxdur. Bəziləri löküt sözündən götürüldyünü deyirlər. Löküt düyünün qeyri - dənəvər halında pörtlədilmişinə deyilir. Əslində bu yer adı türkdilli tayfa birləşmələrinin adı ilə bağlıdır. Strabon qellərlə birlikdə leqlərin də Qafqaz dağlıları ilə birikdə yaşadığını göstərib. Urartu mənbələrində adı çəkilən liklər də həmin leklərdir. 

Rayon mərkəzindən 12 kmlik məsafədədir. Sıx meşə, dağ, çaylar və bulaqlar və qalalar kompleksi ilə zəngin olan Ləkit Qaxın ən mənzərəli mütləq görülməsi gərəkən kəndlərindən biridir. Fındıq bağları çoxluq təşkil edir. Hətta yerlilər buranın fındığının daha ləzzətli, iri ölçülü və keyfiyyətli olduğunu söyləyirlər. Kənd əhalisi müsəlmandır. Kənd mərkəzindəki məscid 18 -ci əsrdə, çaydaşı və əhəng məhlulundan inşa edilib. Vaxtilə məscid nəzdində mədrəsə fəaliyyət göstərib. Orada dərs deyən hocalar dünyalarını dəyişdikdən sonra məscid ərazisində dəfn ediliblər. Ləkitdə dünyaca məşhur iki tarixi abidə var. Biri kəndin yuxarı, digəri isə aşağı başındadır. 

 

Alban məbədi (V əsr)

Kəndin kənarında, fındıq bağlarının əhatəsində yerləşir. Bizans memarlığı üslubunda tikilib. Ləkit məbədinin əsası xristianlıqdan əvvəl qoyulub. Alban inanclarına görə Tanrılardan birinin şərəfinə tikilib. Ləkit alban məbədi Qafqaz Albaniyasının ən önəmli tarixi abidələrindən biri hesab edilir. 

1968 - ci ildə Ləkit - Kötüklü kəndlərində son tunc və ilk dəmir dövrü abidəsi aşkara çıxarılıb. Bu, müxtəlif bəzək əşyalarından ibarət dəfinədir. Bu tapıntılar burada e.ə. II minilliyin sonu I minilliyin əvvəllərində həyat olduğunu sübut edir. Ərazi e.ə. VIII əsrdə Skif çarlığına, e.ə. IV əsrdə Alban dövlətinə daxil olub. 

1985-ci ildə Ləkitdəki Alban məbədində və Qumdakı bazilikada arxeoloji tədqiqat işləri aparılıb və həmin abidələrin IV - VI yüzilliklərə aid olduğu müəyyən edilib. Memarlıq üslubuna görə Ləkit məbədinin Alban yepiskopluğuna daxil olduğunu ehtimal edirlər.  

 

7 kilsə (V - VI əsrlər)

Abidənin üzərində “7 kilsə sövmənişini” yazılıb. Sövmənişin monastır, kilsə deməkdir. 7 kilsə monastırı 2 bazilika və 5 kiçik sövmənisindən ibarət olduğu üçün belə adlanıb. Ləkitdən Kötüklüyə gedən yolda, dağüstü meşənin içində, kəndin ən üst şimal nöqtəsində yerləşir. Abidənin çox yeri dağılıb. Ərazidə qurbangah, içərisində taxıl saxlanıldığı güman edilən böyük və qızıl saxlanılan kiçik küplər aşkar edilib. Yaxınlıqdakı dağda isə burada yaşayan rahiblərin təhlükə zamanı sığınıb müdafiə olunduqları qalaların izləri durur. Monastır kiçik, yığcam bir kəndi xatırladır. Vaxtilə burada yaşayan rahiblərin natural təsərrüfat həyatı keçirdikləri ehtimal edilir. 

Xristianlığın inkişaf etdiyi dönəmdə inşa edilib. Burada rahiblər yaşayıb, oxuyublar. Bu kompleks bölgədə yerləşən Qafqaz Albaniyası abidələrinin ən böyüyüdür.  Monastırdan az aralıdakı geniş düzən ərazi Albantala adlanır. Buradan sıx meşənin içərisiylə dik yamacdan enərək Mamırlı şəlaləyə piyada getmək mümkündür. 

 

Mamırlı şəlalə

Ləkit - Kötüklü kəndində, sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. Hər zaman yeyib - içənləri, piknikçiləri görmək olar. Ləkit və Kötüklü kəndinə gedən qonaqlar mütləq buraları gəzməyə çıxırlar. Qaxda gəzilib - görüləcək yerlər çoxdur. 

 

Qaxingiloy kəndi

1897 - ci ildə əsası qoyulan kənd, mərkəzdən 2 km aralıda, super mənzərəsi, istiqanlı insanları ilə hamının ürəyini açan bir yerdir. Kənd məkrəzindəki kilsə XIX əsr tarixi abidəsidir. İngiloyların yaşadığı bu kənd adət - ənənəsi, məişəti ilə digər Azərbaycan kəndlərindən fərqlənir. Tarixən ingiloylar münbit suvarma torpaqlarına malik olan Alazan ətraflarında məskunlaşıblar. Geniş həyətyanı sahəsi olan evlər bir - birindən aralı salınıb. Bütün həyətlərdə kəhriz sistemi var. Burada puri - xaçapuri sexləri diqqəti çəkir.

 

Puri - xaçapuri 

Puri çörəyə deyirlər. Formasına və dadına görə çox fərqlidir. Uzunsov, türk pidələrinə bənzəyən bu çörəyin bir dənəsini bir oturumda yeyib bitirmək mümkündür. Xaçapuri isə pendirli çörəkdir.  Qat-qatlı xəmirdən hazırlanan xaçapuri Zaqafqaziyada çox məşhur bişintidir. Xəmiri yayıb, içərisində sulquni pendiri qoyur və sonra da dördkünc formada qatlayırlar. Üzərini sulu fırça ilə fırçalayırlar ki, bişərkən çox qızarsın. Təxminən 20 dəqiqə sobada bişirirlər. Bişdikcə xamır qabararaq qalxır. Arada bir çöplə xəmirin üstünü deşirlər ki, içərisi də yaxşı bişsin. Bunlar ingiloy kənd süfrələrinin vazkeçilməz dadlarıdır. 

 

İngiloy qonaqlığı 

Saatlarla davam edir. Qonaqpərvər kənd camaatı yeyib - içməyi çox sevir. Süfrə arxasında mahnı oxumaq, manqal keyfi yaşamaq, kabab elə şişlərdə servis etmək, masaya mütləq pendir və puri qoymaq bu süfrə mədəniyyətinin əsas parçalarıdır. Qonaqlığın baş atributu olan çaxırdan danışmamaq olmaz. 

 

Çaxır 

Alban tayfaları ingiloylar arasında qədimdən bəri çaxır geniş yayılıb. Alazan vadisində qədim zamanlardan üzümçülüyün inkişafı çaxırçılıq üçün əlverişli zəmin olub. Arxeoloji qazıntılar zamanı bu ərazilərdə iri çaxır küpləri və diblərində qatranlaşmış çaxır qalıqları tapılıb. Xristian ingiloylar hər dəfə yeməkdən sonra “xəstələnməmək üçün mütləq çaxır içirlər”. 

Bu zonada çaxırı demək olar hamı öz evində, əl üsulu ilə hazırlayır. Hər həyətdə çaxırlıq üzümlər yetişdirilir. Avqustun sonu, sentyabr ayında üzüm yetişir, toplanır, emal edilir və çiy çaxır dəymək üçün küplərə doldurulur. Bu küplər gildən hazırlanır və müxtəlif tutumlu olur. Ən kiçiyi 25 litr və ən böyüyü 100 litrədək olan küpləri torpağa basdırır, içərisinə şərab doldurduqdan sonra ağzı möhkəm bağlanır ki, içərisinə hava dolmasın. Beləcə, mən az 1 il bunları qapalı vəziyyətdə saxlayırlar. 

Evə əziz bir qonaq gələndə və yaxud başqa xüsusi səbəblərlə çaxır açılır. Küpün açılması xüsusi, izləməyə dəyər bir mərasimdir. Hamı həvəslə küpün olduğu yerə toplanır. Ev sahibi bel ilə qazıb küpün qapağını torpaqdan təmizləyir, ağzını açır və əlindəki qabla çaxırın üzündəki yığılmış maddəni atır və üstdən şərabı qarışdırır. Yanındakılar əllərində stəkan və puri-pendir-kababla həvəslə gözləyirlər. Ev sahibi çaxırı hamının stəkanına süzür və ilk tostlarını “xoş gəlmisiniz” deyərək qaldırırlar. Stəkan dibinədək boşaldılır, puri-pendir-kabab yeyilir və yalnız bundan sonra çaxır böyük sürahiyə doldurularaq süfrəyə qoyulur. Masada oturan hər kəs sıra ilə qalxaraq tost deyir: məclisdə iştirak edən və etməyən, ağla gələ biləcək hər kəsin və hər şeyin şərəfinə gözəl sözlər deyilir və qədəhlər boşaldılır. Bura ayıq girən buradan necə çıxdığını sonra artıq xatırlamır. Açılmış küplər isə mütləq boşaldılamlıdır. Əks təqdirdə artıq hava udmuş şərab küpün içində qalıb sirkəyə dönə bilər. 

 

“Kurumuxi” 

Kürmükü də deyilə bilər. Qaxingiloy kəndinin məktəbli oğlanlardan ibarət folklor qrupu belə adlanır. Dağlı folklorunu yaşadırlar. Mahnı ritmləri, musiqi janrları, rəqs hərəkətləri, “Cilveloy” və “Atabarı” kimi mahnılar Türkiyənin Qaradəniz bölgəsindəki folklora bənzərliyi ilə diqqəti çəkir. Uşaqlar oynadıqca, oxuduqca bir yerdə durmaq olmur, insanın bütün bədən əzələləri qeyri - ixtiyari hərəkət etməyə başlayır. Uşaqların üstündəki Qafqaz milli forması gündəlik geyim olmaqdan, məişətdən çıxıb. Bu geyim tərzinin ən mühüm atributu və bəzək elementi, şübhəsiz, xəncərdir. 

 

Xəncər 

Keçmiş məişətin zəruri parçasıdır. Yetişkən hər kişi belində kəmərdən asma xəncər gəzdirməyi özünə borc bilir, şərəf işi sayırdı. Müdafiə məqsədilə ehtiyac duyulduğundan üstündə daim xəncər gəzdirmək həyati zərurət idi. Bütün dağlılara xas olan bu xüsusiyyət keçmişdə ingiloyların məişətinə də daxil oldu. 

 

İngiloy - Kötüklü kəndi

Qaxın İngiloylar yaşayan, səfalı  kəndidir. İyunun əvvəlində, tut sezonunda buranı görmək maraqlıdır. Kənddə demək olar küçədə nəhəng tut ağaclarının altında əllərində böyük bez parçalarla toplanmış, hay - küylə danışıb - gülən, bəzən də qışqıran insanlar diqqəti cəlb edir. Yanlarından keçərkən tut yağışından ehtiyatlı olmaq lazımdır. Qayda belədir. Tutu çırparaq toplayırlar. Bunun üçün biri ağaca çıxır. Digərləri məhsul yerə tökülməsin deyə geniş parçanı çəkib ağacın altında dayanırlar. Çırpma işi bitən kimi hər kəs arı kimi meyvəyə daraşır. Tut şirinliyi və vitamini getməsin deyə yuyulmadan yeyilən meyvədir. Ondan bəhməz, yəni meyvəni heç bir əlavə qatqısız bişirərək əldə edilən şirniyyat növü hazırlayırlar. Bəhməzə doşab da deyirlər. Bişirilməsi çox uzun və çətin prosesdir. Bəzi xəmir yeməklərində və dərman kimi istifadə olunur. 

 

Cecə 

Əldəqayırma araqdır. Buna “samoqon” da deyirlər. İngiloy kəndlərinin bir başqa ekslüziv istehsalıdır. Toplanmış tut qıcqırdılır və xüsusi texniki avadanlıq vasitəsilə damladılaraq ekoloji təmiz, 70 dərəcəli təbii araq hazırlanır. Tut arağının açıldığı gün isə kənddə tut bayramı kimi qeyd olunur. Havalar soyuyanda içəridən qızışmaq üçün onu içirlər. Arağı alma, armud, gilas, şaftalı, tut, zoğal və sair meyvələrdən hazırlayırlar. Ən yaxşısı zoğal və tutdan hazırlanan cecə hesab edilir. 

Qaxın bütün özəllikləri, görməli yerləri, adət-ənənələri, məişəti və mətbəxi barədə bir məqalədə nəsə demək heç nə deməmək kimi bir şeydir. Odur ki, gələn sayımızda Azərbaycanın bu gözəl guşəsinə səyahəti davam etdirəcək və bir gün baş çəkməklə bir illik stresdən dincəlməyə imkan verən İlisu kururt zonası barədə söhbət açacağıq. 



MƏSLƏHƏT GÖR:

660