26 Aprel 2024

Cümə, 13:46

KRAL ÖLDÜ…

XХ yüzilliyin əfsanəsi, bütün dünyada tanınan pop-ulduz Maykl Cekson dünyasını dəyişdi

Müəllif:

01.07.2009

Önəmli olan müəyyən varlığı itirəndə adama edə gəlir ki, doğrudan da, yetim qalıb. İyunun 26-da pop musiqisinin əfsanəvi kralı Maykl Cekson həyatdan getdi. Qəlbimizdə hansısa bir boşluq yarandı, eynən unudulmaz Müslüm Maqomayevi itirən zaman olduğu kimi... Kədərimiz böyükdür. Son zamanlarda çox sayda dahiləri itirdik. Bəzən bizə çox əziz olan bir şeyə bağlanırıq, o da bizimlə çox qalmır - xoşbəxtliyimiz həmişə qısaömürlü olur. 

Biz, doğrudan, alışmışdıq ki, insanların şüurunda, geyimlərində və rəqslərində inqilab etmiş Maykl Cekson bu planetdə bizimlə birgə yaşayır.  

Maykl Ceksonun yaradıcılığını həm 70-ci, həm 80-ci  və həm də  90-cu illərin uşaqları da sevirdilər, yaşlı nəsil də onun yaradıcılığına laqeyd qalmırdı. 

Amma sonradan, 2000-ci illərin əvvəllərində Maykl Ceksona qarşı əsl böhtan kampaniyası başlandı və bununla da pop abidəni həyatda olarkən qazandığı pyedestaldan salmağa çalışdılar. Maykl Cekson bizi çox sadə tərk etdi, imkan vermədi ki, milyonların səcdə yeri olan  varlığının dünyanı krallara layiq şəkildə tərk etməsinə alışaq. 

Maykl Ceksonun həyatı "insan öz vətənində peyvəmbərlik edə bilməz" sözlərinin tətbiq edilə biləcəyinə klassik nümunədir. Gəlin zəmanəmizin müasiri olmaq xoşbəxtliyini yaşadığımız bu dahi insana rəhmət diləyək və onun həyat yoluna nəzər salaq, onun necə pop dahisi olduğunu xatırlayaq. Yəqin, elə bir insan yoxdur ki, Maykl Ceksonu tanımasın və onun həyatı ilə bağlı epizodları bilməsin. 

 

The Jackson 5

Maykl Cekson İndiana ştatının Qeri şəhərində Cozef və  Ketrininiailəsində dünyaya gəlmişdi. Ailənin 10 uşağından o, 7-ci idi. Cozef "Jackson 5" ailə qrupu yaratmışdı. Qrupu əvvəllər yerli barlarda və klublarda çıxış edirdi. Hətta müstəqil səsyazma firması "Steeltown Records"da iki sinql də yazdırmışdı. Sonra 1969-cu ildə Bobbi Teylorun dəstəyi ilə səsyazma nəhəngi olan "Motown Records"la saziş bağlamışdı. Tezliklə Ceksonlar ümummilli səviyyəyə qalxdı, 1970-ci ildə onların dörd sinqli Amerikanın "Billboard Hot 100" çartının birinci sətrinə çıxdı. Maykl getdikcə bu uşaq kvintetinin öncülü kimi qabağa çıxırdı. Demək olar ki, bütün əsas solo partiyaları o, ifa edirdi. O, heyrətamiz rəqsləri və pərəstiş etdiyi müğənnilərdən - Ceyms Braundan, Ceki Uilsondan götürdüyü səhnə ədaları ilə özünə diqqət çəkirdi. 

 

Solo karyeranın başlanması  

1973-cü ildə ailə layihəsinin uğuru yavaş-yavaş səngiməyə başladı. Səsyazma şirkəti onların maliyyə imkanlarını məhdudlaşdırdı. 1976-cı ildə onlar başqa şirkətlə saziş bağladılar və adlarını "The Jacksons"a dəyişməli oldular. 1976-cı ildən 1984-cü ilə kimi onlar 6 albom buraxdılar və eyni zamanda ölkə üzrə turneyə çıxdılar. Həmin vaxt ərzində Maykl Cekson dörd solo albomu və bir sıra uğur qazanmış sinqllər buraxıb, onların "Got to Be There", "Rockin' Robin" və 1972-ci ildə   "Ben" çartlarında birinci yer tutmuş ev siçanına həsr etdiyi ballada da olub. 

1978-ci ildə Maykl Dayana Ross ilə birlikdə ekranlaşdırılmış Brodvey müzikli "The Wiz"də ("Oz ölkəsində heyranedici sehrbaz") çıxış edib. Çəkilişlər zamanı o, musiqi rejissoru Kvinsi Consla tanış olub. Cons sonrakı illərdə onun ən tanınmış albomlarının prodüserinə çevrilib. Onlardan birincisi "Off the Wall" (1979) Maykl Ceksonu dünyaya parlaq, istedadlı gənc insan və dəbdə olan rəqqas kimi təqdim edib. 

Çartların zirvəsinə isə "Don't Stop 'Til You Get Enough" diskohiti və daha yavaş kompozisiya "Rock With You" çıxmışdı. Albomun özü isə iyirmi milyondan yuxarı tirajla satılmışdı. Bir çox musiqi təhlilçiləri "Off the Wall"u disko musiqsinin qısa dövrünün son zirvəsi adlandırırlar. 

 

Thriller

Bundan sonra "Thriller" gəldi. O, tarixə ən çox satılmış musiqi albomu kimi daxil oldu və musiqi biznesinin görkəmini birdəfəlik dəyişdi. 1982-ci ilin noyabr ayında buraxılmış "Thriller" inanılmaz doqquz ay (37 həftə) ərzində "Billboard 200"ə başçılıq edib və bu çartı iki ildən çox (122 həftə) tərk etməyib. Bu alboma görə Cekson səkkiz "Qremmi" mükafatı alıb. Onların sırasında ən prestijli nominasiya  "İlin ən yaxşı albomu"  və yeddi "American Music Awards" (Amerika Musiqi Mükafatı) olub. 

1985-ci ildə bu albom Ginnesin rekordlar kitabı tərəfindən "tarix boyu ən çox satılmış albom" elan edildi. Cekson və onun prodüserləri inkişaf etməkdə olan musiqili televiziyanı öz maraqları üçün uğurla istifadə etdilər. Onun inqilabi video çarxları albomun buraxılışı zamanı cəmi 1 yaşı tamam olmuş MTV üçün baza rolunu oynadı. Başqa səbəblərlə yanaşı, diskin populyarlığını Ceksonun 1983-cü ilin may ayında "Motown" 25 illiyi ilə bağlı çıxışı da təmin etdi. Orada o, "Thriller" mahnısına qorxu filmləri üslubunda çəkilmiş 14 dəqiqəlik videoklipi dünyaya təqdim etdi. Elə həmin konsertdə "Billie Jean"un çıxışı zamanı Cekson məşhur "ay gəzintisini" nümayiş etdirib. 

 

 

Səksəninci illər 

Ceksonun şəxsiyyətinə mətbuatın marağı artdıqca, müğənni və onun ətrafındakılar bu səs-küyü ona qədər görünməmiş maliyyə gəlirləri əldə etmək üçün istifadə edirdilər. 1983-cü ildə o, "Pepsi-kola" ilə saziş bağlayır və onların reklam çarxında çəkilməli olur. Amma çəkiliş zamanı bədbəxt hadisə baş verir və bu səbəbdən Ceksonun bütün sifətində yanıqlar əmələ gəlir. 

Bu xoşagəlməz əhvalata baxmayaraq, 1984-cü ildə o, yenidən Amerika çartlarının lideri olub. Bu dəfə Pol Makkartni ilə duetdə yazdırdığı "Say Say Say" kompozisiyasına görə. Sonrakı il Maykl "ATV Music Publishing" musiqi şirkətinin səhmlərinin böyük hissəsini aldı. Bu şirkətin "The Beatles"in mahnılarının böyük hissəsinin hüquqlarına malik olması onun Makkartni ilə münasibətlərinin pisləşməsinə gətirdi. Çünki bu səhmləri Makkartni almaq niyyətində idi. Maykl Cekson həmçinin Freddi Merküri ilə də işləyib, onunla birgə bir neçə sınaq yazılışı edib. Bununla belə, naməlum səbəblər üzündən onların əməkdaşlığı baş tutmayıb. Rəsmi versiyada  hər iki müğənninin çox məşğul olması göstərilib. 

Yeni albomuna hazırlıq zamanı Cekson ilk dəfə olaraq xeyriyyə layihəsi ilə də məşğul olub,  sonradan onun karyerasında belə layihələr çox yer tutmağa başladı. Layonel Riçi ilə o, "We Are the World" ("Biz bu dünyayıq") xeyriyyə sinqlini yazdırıb. Çoxsaylı birinci dərəcəli ulduzların iştirakı ilə yazılmış sinql Afrikanın evsiz-eşiksiz uşaqlarına yardım məqsədi daşıyıb. 

Cekson-Kvinsi tandeminin üçüncü və sonuncu albomu "Bad" altı həftə ərzində "Billboard -200"ün birinci sırasında qaldı və dünyaya daha yeddi hit verdi. Onlardan beşi -  "Bad", "I Just Can't Stop Loving You", "The Way You Make Me Feel", "Man in the Mirror"  və "Dirty Diana" isə "Billboard Hot -100"ün zirvəsinə yüksəldi. "Bad" albomunda Cekson və Kvinsi qabaqkı disklərə uğur qazandırmış üslubdan istifadə etməyə çalışdılar. Stilli bitdən, zərif fank-cazdan və elektrogitaradan istifadə etdilər, amma bunu daha irimiqyaslı gerçəkləşdirdilər. Albom yetərincə hörmətli 29 mln. tirajla çıxmışdı.

Sonra Maykl "Bad" albomuna dəstək üçün solo ifaçısı kimi ilk turnesinə çıxdı. Bu, 15 ölkəyə səfər idi və onun 1988-ci ildəki həyatının böyük hissəsini tuturdu. Səfər zamanı onun sərəncamında avtobus, təyyarə və vertolyot vardı. 1987-ci ildə Cekson üçölçülü "Captain EO" filmində çəkildi. Büdcəsi 17 milyon dollardan 30 milyon dollara kimi dəyişən film cəmi 17 dəqiqə idi və buna görə də ölçüsü baxımından həmin dövrün ən məsrəfli filmi sayılırdı. Bu, Ceksonun böyük ekrana ilk çıxışı idi. 

"Bad" albomunun əsas mahnısına çəkilmiş klipdə müğənninin görkəmindəki dəyişiklikləri sezməmək olmurdu. Dərisinin rəngi anadan gəlmə qara olmasına baxmayaraq, 1982-ci ildən o, ağarmağa başladı və ağdərili qaraşına çevrildi. Bu, elə gözə çarpan oldu ki, ondan yalnız sarı deyil, bütün mətbuat yazmağa başladı. Cekson bunu nadir vitiliqo xəstəliyi ilə izah etdi və söz-söhbət yaydı ki, bu, məqsədli fəaliyyətin nəticəsidir. Dərisinin ağarması ilə yanaşı müğənninin xarıci görkəminin dəyişməsinin başqa bir səbəbi plastik cərrahlar idi. Bir neçə cərrahın Ceksonun burun nahiyəsindən bir neçə, həmçinin alnının dartılmasını, dodaqlarının nazildilməsini, yanaqları üzrə əməliyyatlar etdirməsini söyləməsinə baxmayaraq, Cekson 1988-ci ildə "Moonwalker"də öz tərcümeyi-halı haqda yazırdı ki, yalnız iki dəfə burnunu əməliyyat etdirib. Buxağında çökək əmələ gəlməsini və görkəmində başqa dəyişikliklərin yaranmasını sadəcə cinsi yetkinlik və dieta ilə izah edirdi. 

 

Doxsanıncı illər 

Ceksonun hər bir addımı KİV-lərdə işıqlandırılır və təhlil edilirdi. Onun qəribəlikləri illərlə mətbuatda müzakirə edilib. Maykl vaxtının böyük hissəsini ciddi qorunan  rançosu "Neverland"da tənha keçirməyə məcbur idi. Ona azsaylı dostları, o cümlədən superulduz Elizabet Teylor da baş çəkirdi. Rançoda müğənninin heç zaman laqeyd yanaşmadığı uşaqlar da yaşayırdı. 1993-cü ildə ona azyaşlı oğlanı yoldan çıxarması iddiası ilə ittiham təqdim edildi. Ancaq məsələni bağlamaq mümkün oldu. Mətbuatın yazdığına görə, Cekson sadəcə uşaqların valideynlərini pulla susdurdu. 

Bu seksual qalmaqal iki ildən sonra "Dangerous" albomu çıxandan sonra yenidən gündəmə gəldi. Bu albomun satışında onun irimiqyaslı "Black or White" ("Ağ, yoxsa qara") sinqli böyük rol oynamışdı. Beş həftə ərzində "Black or White" çartların ən yüksək sətirində yer aldı və "Billie Jean"dan sonra Ceksonun ən böyük hitinə çevrildi. "Remember the Time" sinqli üçün xüsusi kompyuter effektləri olan çoxmilyonluq klip çəkildi. Özü də klipdə Eddi Merfi və top-model İman Misir fironunu və xanımını canlandırdılar.

1995-ci ildə həddindən ambisiyalı "HIStory" toplusu buraxıldı. "Past, Present and Future - Book I" ikili albomunda 15 yeni mahnının yer aldığı disklə yanaşı, ən böyük hitlərin yazıldığı disk də qoyulmuşdu. Ehtimal edilirdi ki, bu, trilogiyanın birinci hissəsi olacaq. Müğənninin artıq laxlayan populyarlığını bərpa etmək üçün o vaxt Maykl Ceksonla bərabər tutulan meqa ulduza çevrilmiş bacısı Cennet Ceksonla duetdə "Scream" albomunu yazdırdılar. Mahnı futurist üslubda çəkilmiş videokliplə müşayiət edildi, onun çəkilməsinə altı milyon dollardan çox pul xərclənmişdi. Bu, indiyə kimi keçilməyən rekorddur.

 Albom "Billboard 200" - də birinci yerdə getdi və ABŞ-da 7 milyon  və bütün dünyada 15 milyon tirajla satıldı. Onun albomdan olan  bir çox yeni mahnıları sinqllərlə buraxıldı, onların sırasında Moskva haqqında ballada "Stranger in Moscow" da var idi. Moskvada ilk dəfə 1993-cü ildə olan Cekson Rusiya paytaxtı haqqında mahnı yazmağa vəd vermişdi. "You Are Not Alone" klipində isə ovaxtkı həyat yoldaşı, böyük Elvisin qızı Liza Mariya Presli ilə yarıçılpaq çəkilmişdi. 

Müğənninin pərəstişkarları yeni mahnılarla albomun çıxmasını altı il gözləməli oldular. Doğrudur, 1997-ci ildə mağazalarda  "HIStory - Blood on the Dancefloor"dən olan treklərin rəqsli remiksləri peyda olmuşdu. Disk barədə rəylər əsasən müsbət idi. Əsas kompozisiya bir çox ölkələrdə, o cümlədən Böyük Britaniyada çartların birinci sırasına çıxmışdı. ABŞ-da albom, demək  olar ki, diqqət cəlb etmədi və çartların birinci sırasına çıxa bilmədi. 

 Növbəti albomun buraxılması dəfələrlə təxirə salındı, çünki Cekson laxlamış kommersiya rifahını düzəltmək üçün  ideal düzgün, qüsursuz yazılış istəyirdi. Onun leybli "Sony" sonu çatmayan yazılışlara, təkrar yazılışlara və  albomun sonrakı tanıdılmasına milyonlarla dollar yatırmağa həvəssiz girişirdi. Nəticədə, müğənni "Epic Records" leyblinə üz tutmalı oldu. 

2001-ci ilin oktyabrında buraxılmış "Invincible" ("Məğlubedilməz") albomunda 16 trek, o cümlədən klipində  əfsanəvi Marlon Brando oynamış "You Rock My World" da var idi. Albom pərəstişkarları məyys etdi, tənqidçilər tərəfindən darmadağın edildi, onun satış rəqəmləri isə "HIStory"yə baxanda iki dəfə aşağı idi.

 

2003-2004-cü illərin hadisələri 

2003-cü ilin noyabr ayında Cekson tanınmış hitlərinin toplusu olan "Number Ones"ı buraxıb. Toplunun 18 trekinə əvvəl yazılmış 16 hit, "Ben" mahnısının canlı ifası və yeni sinql "One More Chance" daxil olub. 2004-cü ilin sonuna bütün dünya üzrə "Number Ones"ın satışları 6 milyonu keçdi.

18 dekabr 2003-cü ildə polis yenidən Ceksonun "Neverlend" malikanəsində axtarış apardı. Müğənniyə azyaşlı oğlanı içirdərək yoldan çıxarmaq iddiası ilə ittiham təqdim edildi. Müğənni üzərində məhkəmə 2005-ci ilin fevral ayından may ayına kimi davam etdi. Dünyanın hər yerindən KİV-lər  bu qalmaqallı hadisəni işıqlandırmaq üçün öz jurnalistlərini akkreditə etmişdilər. Andlı iclasçıların qərarı belə olub: Cekson günahsızdır.

16 noyabr 2004-cü ildə Maykl Cekson  "Michael Jackson: The Ultimate Collection' Box Set" layihəsini gerçəkləşdirib. Layihəyə  1969-cu ildən 2004-cü ilə kimi dövrü əhatə edən 57 trek və 13 əvvəl yayılmamış mahnının yer aldığı 5 disk və 1992-ci ildə verilmiş canlı konsertin DVD variantı daxil idi. Bütün bunlar Maykl Ceksonun artistliyi və istedadı barədə tam təsəvvür yaradırdı.

Məhkəmədən sonra Maykl Cekson jurnalistlərdən uzaqlaşaraq Bəhreyn adasına yerləşdi və "Katrina" qasırğasının qurbanlarının xatirəsinə həsr edilmiş xeyriyyə sinqli yazdırmağa başladı. Daha sonra bəlli oldu ki, dəvət olunan müğənnilərin heç də hamısı Ceksonun rəhbərlik etdiyi layihəyə qatılmaq niyyətində deyil. Baxmayaraq ki, "I Have This Dream" mahnısı yazıldı, amma naməlum səbəblər üzündən sinql kimi buraxılmadı. 

 

2008-2009-cu illərin hadisələri 

2008-ci ilin yayında Maykl Ceksonun hitlərinin toplusunun seçilməsi üçün  "Sony BMG" şirkəti  qlobal aksiyaya başlayır. Aksiya çərçivəsində dünyanın 20-dən çox ölkəsinin sakinləri Maykl Ceksonun ən sevdikləri mahnıları barədə səs verirlər. Fanatların seçimi üçün 112 trek təqdim edilmişdi. Hər bir ölkə üçün unikal olacaq albomun diskinə 17-18 trek daxil ediləcəkdi. 

Bundan başqa, Maykl Cekson öz yeni solo albomunu yazıdırıb və onun buraxılışı 2009-cu ilə planlaşdırılırdı. Albomun yazılışında will.i.am reperləri, Eykon və Keni Uestlər iştirak ediblər. 2008-ci ilin noyabr ayında Mayklı bu ölkəyə dəvət etmiş Bəhreyn kralı şeyx Abdulla bin Hamad əl-Xəlifə müğənnini saziş öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə vermişdi. Şeyx onun 7 milyon dollar ödəməsini tələb edirdi. 

2009-cu ilin mart ayında Maykl elan etdi ki, Londonda "This is it Tour" adlı son konsertlər seriyasını keçirmək istəyir. Konsertlər 13 iyul 2009-cu ildə başlamalı və 2010-cu il martın 6-da başa çatmalı idi. 2009-cu il martın 5-də Cekson xüsusi mətbuat konfransında  səhnəyə qayıdışı barədə bəyanat verdi, o,  20 min adam tutan "The O2 arena" stadionunda 10 konsert vermək istəyirdi. Ancaq biletlərə tələb o qədər böyük idi ki, əlavə çıxış da planlaşdırıldı. Konsertlər baş tutsa idi, milyondan çox fanat Ceksonun çıxışını görə biləcəkdi. 

21 noyabr 2008-ci ildə "The Sun" qəzeti bildirib ki, Cekson  Los-Ancelesdə bəstəkar Stiv Porkaronun yanında olanda İslamı qəbul edib və adını Mikayıla dəyişib. Bu məlumat Ceksonun özü tərəfindən heç vaxt təsdiq edilməyib. Ceksonun vəkili Londell Makmillan bu məlumatı təkzib edib və deyib ki, "bu cəfəngiyat və ağ yalandır".  2009-cu ildə tabloidlər yazıblar ki, növbəti baxış zamanı doktorlar Mayklda dəri xərçəngi tapıblar. Müğənninin rəsmi təmsilçisi doktor T. Tome bu məlumatı təkzib edib, "New York Daily News"a bildirib ki, "Maykl özünü əla hiss edir. O, yaxşı vəziyyətdədir və heç bir xəstəliyi yoxdur". 

 

Ölümü 

2009-cu il iyunun 25-də Los-Ancelesin qərb tərəfində Holmbi-Hillzdə kirayələdiyi evdə olan Maykl huşunu itirərək yıxılıb. Həmin vaxt Ceksonla bir yerdə olan şəxsi həkimi onu ayıltmağa çalışsa da, bacarmayıb. Bütün yolboyu və  Kaliforniya Universitetinin tibb mərkəzinə gətiriləndən sonra da bir saat ərzində onu komadan çıxarmağa çalışıblar. Amma Cekson komadan çıxa bilmədi və xəstəxanaya gətiriləndən az sonra dünyasını dəyişdi. Ölüm yerli vaxtla saat 14.26-da qeydə alınıb və saat 16.36-da koroner, yəni ölüm hakimi tərəfindən təsdiqlənib. 

Ölümün səbəbinin araşdırılması ilə də koronerlər məşğul olub.  Mayklın cəsədi vertolyotla Los-Anceles koronerlər xidmətinin yerləşdiyi Boyl-Heytsə şəhərinə gətirilib. Cəsədin yarılması iyunun 26-da keçirilib, ancaq ölüm səbəbi müəyyən edilməyib. Onun aydınlaşdırılması üçün əlavə toksikoloji test keçirilməli idi, onun baş tutması isə  6 həftədən 8 həftəyə qədər çəkə bilər. Eyni zamanda, koroner qeyd edib ki, yarılma zamanı zorakılıq və qəsd əlamətlərinə rast gəlinməyib. 

Keçinməsindən dərhal sonra sadalanan ölüm səbəbləri sırasında ağrıkəsici dərmanların ifrat istifadəsi, əvvəl keçirilmiş plastik əməliyyatların təsiri və fiziki yorğunluq da yada salınıb. Polislər Maykl Ceksonun həkimini dindirmək istəyiblər, amma uzun müddət onu tapa bilməyiblər. Maykl Ceksonun üç uşağı qalıb. 

 

Dünyada rezonans  

Ölüm günü "Sony" korporasiyasının başçısının başsağlığı rəsmi saytda yerləşdirilmişdi. Ceksonun ölümündən  bir neçə saat sonra onun mahnılarının satışı sürətlə artıb. Onun "Thriller" albomu Amerikanın "iTunes" çartında birinci sıraya qalxıb. Eyni zamanda qalan səkkiz albom ilk 40 sıraya yüksəlib. Böyük Britaniyada "Amazon.com 14" çartının ilk 20 sırasını Ceksonun albomları tutub. Özü də birinci yeri "Off The Wall" albomu tutub. İyunun 26-da "Amazon.com" Maykl Ceksonun bütün disklərinin və MP3-lərinin satışı 721 dəfə yüksəlib. 

Ceksonun ölümü haqqında xəbər İnternetdə çox sürətlə yayılıb ki, bu da bir çox veb-saytların işində problemlər yaradıb. Belə ki, "Google"un axtarış maşını çoxsaylı "Michael Jackson" sorğularını haker hücumu kimi qəbul edib və iyunun 25-də gündüz yarısaat ərzində sifarişçilərə xəbərdarlıq edib ki, "sorğu viruslar və şpion proqramları tərəfindən avtomatik yollanan sorğulara bənzəyir". 

"Twitter 25" mikrobloqlar servisində Ceksonun ölümü haqqında xəbər sayı iyunun 25-də saatda 100 000-ə qalxıb. Bunun nəticəsində servisə giriş mümkün olmayıb. "America Online" şirkətinin ani məlumat mübadilə servisi AIM-yə də 40 dəqiqə daxil olmaq mümkün olmayıb. "America Online" xüsusi press-relizlə çıxış edib və orada Ceksonun və Farra Fosettin ölümü "İnternet tarixində qovşaq günü" adlandırılıb və qeyd edilib ki, onlar "heç zaman bu böyüklükdə və dərinlikdə bir şey görməyiblər". 

Oxucuların axını və fəal redaktə üzündən İnternet ensiklopediyası "Vikipediya"ya Sakit okean vaxtı ilə təxminən 15.15-də  girmək mümkün olmayıb. İngilisdilli "Vikipediya"da iyunun 26-da "Michael Jackson" məqaləsinə 5,9 mln. dəfə baxılıb ki, bu da ensiklopediyanın tarixində ən yüksək nəticə olub. 

ABŞ prezidenti Barak Obama Ağ evin mətbuat katibi Robert Qibbslə söhbətində Maykl Ceksonu "Musiqi ikonası" adlandırıb və müğənninin qohum və fanatlarına başsağlığı verib. Venesuela prezidenti Uqo Çaves bildirib ki, CNN telekanalı Ceksonun ölümünə Honduras böhranından çox yer ayırıb və bu cür xəbər siyasətini "layiqli təəssüf adlandırıb".

Bu zaman Maykl Ceksonun ən parlaq kliplərindən biri, 1990-cı ildə "Qremi" almış  "Leave Me Alone" ("Məni rahat buraxın") yada düşür. Klipin sonunda Maykl Qulliverdə olduğu kimi tamamilə qorxunc varlıqlarla məskunlaşmış bütöv şəhərcik inşa edir, amma sonunda müğənni xilas ola bilir... (Rəmzidir, elə deyilmi? - müəllif). Amma çox təəssüf ki, real həyatda hər şey əksinə oldu. Mətbuat və dedi-qodular bu böyük insana  zəfər  çaldı, onu ən biabırçı əməllərdə  haqsız yerə günahlandırdılar, o, sonu bitməyən məhkəmələrlə var-yoxdan çıxdı, xəstələndi və nəhayət, öldü. Onun ölümündən sonra albomlarının satışı kəskin artıb və yenidən hamı ondan danışmağa başlayıb, bütün dünya yas içindədir. Ancaq indi bu,   ona lazımdırmı? 


MƏSLƏHƏT GÖR:

431