24 Aprel 2024

Çərşənbə, 17:18

QƏDİMİLİK ADASI XINALIQ

Minilliklərboyu Qafqazda yaşamış Şahdağ etnik qrupuna aid olan xınalıqlılar barədə məlumatlara hələ qədim yunan və Roma tarixçilərinin əsərlərində rast gəlinir

Müəllif:

15.04.2009

Xınalıq kəndi 

YUNESCO tərəfindən dünya əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilən qəsəbəni açıq səma altında muzeyə bənzədirlər.  “Dağlarda ada” adlanan bu kənd rayon mərkəzindən 65 km-lik məsafədədir. Dağ ətəyindən başlayaraq yamaclarla yuxarıya doğru dırmaşan çay daşından tikilmiş evlər çoxmərtəbəli binanı xatırladır. Rəsul Rza “Xınalıq kəndinin xatirələri” oçerkində buradakı evləri üst-üstə yığılmış qartal yuvalarına bənzədib. Xınalıq qoruq elan edildiyi üçün burada yeni inşaatlara icazə yoxdur. 

 

Coğrafiyası və iqlimi

Qafqaz dağlarının uca zirvəsində yerləşən Xınalıq amfiteatrı xatırladır. Qızıl Qaya, Şahdağ, Tufandağ və Xınalıq dağlarının əhatəsindədir. Qudvalçayın sol sahilində, Azərbaycanın şimal - qərbində, 2300 metr yüksəklikdə konusvari dağın üstündə salınıb. Elə yüksəkdə yerləşir ki, burada yaşıllıq yalnız otlar, təbii bitkilərdən ibarətdir. Bu yüksəklikdə yalnız şirin dad ilə seçilən kələm və yerkökü yetişir.  Dağlarda soyuqlar artıq payızın ortalarında düşür. Qış çox sərt və qarlıdır. Qışda havanın hərarəti -30 dərəcə şaxtaya qədər enir.

 

Yollar

Xınalığın yolları hər zaman təhlükəli olub. Yalnız bir maşının keçə bildiyi dar dağ cığırlarında diqqətsiz bir hərəkət uçuruma yuvarlanmaq demək idi. 2006-cı ildə bu yollar genişlədirilib, asfalt örtüyü çəkilsə də təhlükə sovuşmayıb. Odur ki, əvvəldən bəri Quba - Xınalıq arası çalışan xüsusi xalturşiklərlə getmək məsləhətdir. Ekstremal hallarda yaşayan və çalışan bu kəndlilərə güvənmək olar. Uçrum, yüksək dağ yollarına asfalt çəkilsə də, təhlükə sovuşmayıb. Yolboyu dağlar və təbiət insanı məst edir, yüksəklik artdıqca, nəfəs kəsilir. 

 

Xınalıqda turizm

Xınalıqda mehmanxana və yeməkxana yoxdur. Yalnız yerli əhali turistləri gecələmək üçün qəbul edə bilər. Onlar çox qonaqpərvərdirlər. Xınalıqlılar sərt dağ şəraitində yaşadıqlarına görə sadə və qənaətcildirlər. Ekoturizmi sevənlər çadırlarda  gecələyə bilərlər. Kənddən dağ yolu ilə “Şah Yaylağına” keçərək Xınalıq aşırımından Qızıl Qaya dağ massivinə qalxmaq olar (3700 m). Qusar çayın sahilində yerləşən ləzgi kəndi Lazaya “Şah Yaylağı”ından keçək at cığırı 30 km məsafədəki Laza kəndinə getmək olar. Xınalıq sakinləri  turistlərə həmçinin milli güləş, at yarışları və bazarların keçirildiyi “Şah Nabat” yaylasına atla turların təşkil edə bilərlər.

 

Xınalıq evləri

Hal-hazırda 380 ev yaşayır burada. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Başqa deyilşə, sizin damınız kiminsə həyətidir. Dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib. Həyətlərdə balaca bostanlar var. Evlərin hamısı qədimdir, onların 200-300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Kənd öz arxitektur stilini itirməyib. Hətta, çay dərəsindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır. Bu  yüksəklikdəki dam və həyətlərdən ətrafa möhtəşəm mənzərə açılır. Özünü quş kimi hiss edirsən. Hamısı çay daşlarından tikilən evlərin daxili quruluşu da eynidir və içəridə spesifik qoxu var. Evlərə başdan - başa rəngli, güllü-çiçəkli, naxışlı xalçalar döşənib. Divarlarda isə əl işi  tikmələr sərilib. Kətan, ağ parçaların üzərində müxtəlif motivli naxışlar rəngli iplərlə tikilir. 

 

Tikmə 

Tikmə ən qədim xalq ya-radıcılığı nümunələrindəndir. Buna təkəldüz deyirlər. Adətən parça üzərindəki tikmələr, yaxud əl ilə düzmələr, yəni tək əlilə naxışları düzmək kimi izah edilə bilər. Tikmə işləri ilk bəzəklər sayılır. Rəngli sapları əl ilə parça üzərində düzmək Qərbdə və Şərqdə həmişə mövcud olub. Azərbaycanda bu sənətin müxtəlif formaları mövcuddur. Azərbaycanda bu sənətin ilk nümunələrinə hələ sasani dövrlərindən rast gəlinir. 

Evlərin ortasında dayaq məqsədli sütunlar yerləşdirilib. Mebel yoxdur, əvəzində bol yorğan, döşək, yastıq, döşəkçə və mütəkkələr olur. Burada masadan da istifadə etmirlər. Yerdən oturmaq qaydası var. 

 

Xınalıq məişəti 

Qədim adət-ənənələrini qoruyub-saxlayan xınalıqlılar toylar və digər mərasimlərini də əvvəl olduğu kimi keçirirlər. Xınalıqlıların yağışla, əkinçiliklə, bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı zəngin ənənələri var. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.

Xınalıq kəndinin əhalisi əsasən qoyunçuluqla məşğul olduğundan, orada toxuculuq sənəti geniş yayılmışdır. Xınalıqda yun ipdən toxunmuş şal Quba qəzasında məşhur idi və onu ətraf kəndlərdə üst paltarı tikmək üçün alırdılar. Yun şaldan tikilən çuxa vaxtilə kəndlərdəki varlı adamların milli geyim forması olmuşdur. Yundan toxuculuq, əsasən rəngli corablar toxunulur. Bu corablar mini xalçalara bənzəyir. Qışı bu corabsız keçirmək qeyri -mümkündür. Xınalıqlıların əsas məşğuliyyətləri dərman bitkiləri və otların yığılması və qurudulmasıdır, sonra onlardan həm mətbəxdə istifadə edilir, həmçinin gələn qonaqlara satılır. Burada 20-ci əsrin ortasınadək qəbilə - icma quruluşu mövcud olub. Dörd fərqli idarə sistemi olan tayfa yaşayıb burada. Hər birinin öz qəbiristanlığı, məhəlləsi, məscidi, piri olub. Belə ki, hər bir kənd indi də məhəllələrə bölünür. Keçmişdə hər bir məhəllədə ayrı-ayrı nəsillər yaşayırdı. Məhəllə bəzən inzibati vahid rolunu oynayırdı. Hər məhəllənin özünəməxsus ağsaqqalı, qəbiristanlığı və piri var idi. Məhəllələrin bəziləri orada vaxtilə məskən salmış ulu nəsillərin adları ilə adlanırdı. 

Kənd camaatı yol uzaq və çətin olduğundan, ildə 1 - 2 dəfə, o da yay fəslində şəhərə enir, bütün alış - verişini edir, azuqəsini toplayır və geri qayıdır. Xınalıqda avqust ayından etibarən bal mövsümü başlayır. Buranın balının dadına-ətrinə söz ola bilməz. Yedikcə yeyirsən, burada bal 70 dərdin dərmanıdır deyirlər. Buradakı payız ayında keçi mövsümü başlayır. Keçi ətinin ləzzəti də seçilri. 

 

Təzək 

Xarakterik xüsusiyyətlərdən biri, həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm təzəkdən hazırlanan divarlardır. Bu, xınalıqlıların istifadə etdikləri əsas yanacaq növüdür. Heyvan nəcisi bir araya toplanır. İçərisinə saman qatılır, yoğrulur. Sonra xüsusi qəliblərə salınaraq tapdanır. Nə-hayət, hazır qəlibdən çıxanlar tək - tək açıq yerə qoyularaq qurudulur.

Heyvan nəcisindən hazırlanan təzək elə düzülür ki, hasar rolunu oynayır, uzun keçən soyuq qış aylarında tək - tək yandırılır. 

 

Xınalıqlılar

Adət - ənənəni, milli geyim tərzini qoruyan yerlilər zahiri görünüşlərinə görə də seçilirlər. Buranın sərt iqlimi sakinlərin dərisində özünü əks etdirir. Soyuqdan çatlayan dəriləri çox sərt, yanaqları da daim qırmızı olur. Xınalıq camaatı ortaboylu, sağlam bədənli, saçlar xurmayı, gözlər qonur, ya da mavi rəngdə olur. Cəsur və zirəkdirlər. 

Qədim yunan alimi Strabon “Coğrafiya” əsərində Qafqaz Albaniyasında 26 alban tayfası yaşadığını və həmin tayfaların hərəsinin öz dilində danışdığından yazırdı. Xınalıqlılar həmin 26 alban tayfasından biridir. 

Xınalıqlılar, Qafqaz Albaniyası xalqlarından olan və Qəbələnin Nic kəndində yaşayan ən qədim türk qəbilələrindən olan utilərlə qohum tayfa olduqlarını söyləyirlər. Buradan Qəbələyə kəsə dağ yolu var. Keçən əsrin ortalarına qədər kənd sakinləri bu dağ yoluyla alış -veriş üçün Qəbələ gedərlərmiş.

 

Tarixi 

Dəqiq bir rəqəm olmasa da, e.ə I əsrdə bu ərazidə ket  tayfalarının yaşadıqları barəsində ən çox informasiyanı antik yunan tarixçiləri verirlər. Xınalığın qədimliyini təsdiq edən ən böyük məlumat mənbəyi kənd ərazisindən bir neçə dəfə böyük sahəni əhatə edən 8 qəbiristanlıqdır. Məzarların çoxu 3-4 qat bir-birinin üstündə qazılıb. Olduqca enli və uzun qəlürlərin başdaşları qədim əlifbalarla yazılıb. 

Köçəri tayfalardan qorunmaq üçün 10-cu əsrdə Xınalıqda müdafiə istehkamı, qala sistemi tikilib. Qalanın əsas  bürcündə atəşpərəst məbədi olub. Kənd ağsaqqalları bu məbəddə oturan kahinin Pirəcomərd baba adlı şəxs olduğunu söyləyirlər. Onlar burada əbədi məşəl olduğunu iddia edirlər. Həmin bürcün olduğu yerdə, müqəddəs sayılan atəşpərəst məbədi indiyədək durur. 

Nuh tufanı ilə bağlı ərazi hesab edilir. Çox yüksəkdə və üstü hamar olduğundan gəminin burada lövbər saldığı iddiaları var. Tufan zamanı Nuh məhz bu dağın başında gəmisini saxlayaraq camaata artıq yerə enməyi əmr edir. 

 

Xınalıq əfsanəsi

Ketş dağının ətəyində yerləşən kənd güclü zəlzələdən sonra tamamilə dağılıb, sağ qalanlar Dam - dam dağının ətəyinə yerləşərək xna əkməyə başlayıblar. Elə o vaxtdan kənd “Xınalıq”adlanıb. Qədim dövrlərdən bəri, həyat tərzində çox da böyük dəyişikliklər baş verməyən xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə kəndləri Ketş dağlarında yerləşirdi. Sonradan zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb və əhalinin çox hissəsi tələf olub. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxaraq Xınalıqı yaradıblar. Yerlilər hesab edirlər ki, tufandan sonra Nuhun oğulları - Sim və Xam müxtəlif yerlərə köç etdilər və yalnız Yafəs öz oğulları ilə həmin yerdə qalıb ki, bundan da qafqaz xalqı törənib. Həqiqətən 2300 metr yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

 

Dini etiqad

Xınalıqlılar atəşpərəstlikdən İslama birbaşa keçib. Dini inancların yüksək olduğu yerdir. Xınalıqda 12-ci əsrdə Əbu Müslim tərəfindən dini təbliğ olunmağa başlayır. Burada 10-a yaxın məscid var. 12-ci əsrdə inşa edilmiş Cümə məscidini camaat Əbu Müslim məscidi adlandırır.

 

Cümə məscidi 

Kəndin mərkəzində, ən yüksək yerdə yerləşən Cümə məscidi buradakı məscidlərin babası hesab edilir. Zaqafqaziyadakı ilk məscid-lərdəndir. Məscidin girişin-də, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində “runa” yazıları həkk olunub. 

 

Pirəcomərd məscidi

Üzərindəki lövhədə 1388-ci ildə tikildiyi yazılıb. 

 

Bürc 

Kəndin daha qədim hissəsində zərdüştlərin od məbədinin yerində, b.e. Vll əsrində “Bürc” piri  tikilib. Bura yalnız müsəlmanların dini bayramlarında ziyarət olunur. 

 

Pirlər

Xınalıq 4 tərəfdən mağara, pir, məbəd, atəşgahlarla əhatə olunub. Demək olar, hər küçədə pir var. Bütün pirlərdə bir qəbirlə rastlaşmaq olur. Bunlarda övliya olan şəxsləri dəfn ediblər. Pirlərin demək olar hamısının divarlarında İbrahim peyğəmbərin oğlu İsmayılı Allaha qurban kəsməsi səhnəsi təsvir olunub. Kənddəki ən məşhur pir “Xıdır Nəbi” adlanır. Hər pir bir dərdə dərmandır. Xıdır Nəbiyə dişi ağrıyanlar müraciət etdiyindən, bura diş ağrısı piri də deyirlər. Burada təbii yumru, xırda çay daşları var. Deyilənlərə görə, onu ağrıyan dişə sürtdüyün zaman ağrısı keçir. 

Ən məşhur pirlərdən biri “40 abdal” adlanır. 40 dərvişin sığındığı və ibadət etdiyi məbəd olub. Xınalığın 2 km yüksəkliyində qayalıqda, içərisində müqəddəs sayılan bulağı olan mağaradır. Oradan saxsı boru vasitəsilə həyətlərə və kəndin mərkəzi meydanına su gəlir. Böyük bayramlar və təntənələr zamanı kəndin bütün əhalisi burada toplaşır. 

 

Atəşgah

Xınalıqdan 5 km məsafədə, 2600 metr yüksəklikdə yerləşən Atəşgah, əslində yanar dağdır. Bu dağlıq ərazi təbii qaz ehtiyatlarıyla zəngindir. Yerlilərin dediyinə görə, ətrafda bunun kimi yanan daha bir neçə dağ var. Yanan alovun üstünə yığılmış hamar qaya parçaları və çınqıllar buraya yıxılmış qala görüntüsü verir. Bu daşların üstündə pikniyə gələnlər artıq ibadət etmir, ət bişirir, sonra da çəmənlikdə uzanıb yüksəkliyin, günəşin kefini yaşayırlar. Xınalıqdan Atəşgaha atla yarım saata, piyada 2 - 3 saata gəlmək olur. 

Atəşgahın yaranması ilə bağlı əfsanə var. Deyirlər ki, soyuq günlərin birində sürüsünü otararaq buralara gələn çoban qızışmaq üçün ocaq qalamaq niyyətinə düşür. Əlinə keçəni ortaya yığıb yandırmaq istəyəndə buranı alov götürür, qorxusundan dizüstə çökən çoban Allaha dua etməyə başlayır. O vaxtdan yanmağa başlayan atəş heç vaxt sönmür,  bu yer də müqəddəs hesab edilərək məbədə çevrilir. 

Buraya gəlincə bu diyarın niyə “odlar yurdu” adlandırıldığını anlayırsan. Məmləkətin hər yerində suyu da, torpağı da yanır. Heç birinin də üstündə sayğac yoxdur. 

Zərdüşt dini tərəfdarlarının, atəşpərəstlərin ibadətxanası, ibadət etdikləri yer, ocaq, məbədlərə verilən ümumi addır. Şimali Azərbaycan ərazisində atəşpərəst məbədləri geniş əraziyə yayılıb. Çoxu əvvəlki məqsədindən uzaq, başqa missiyalara xidmət edir. 

Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərində bir əyalət ‘Xeni’ adlanır. Bu, indiki ‘Xınalıq’dır. Xınalıqlılara qədim mənbələrdə ‘qat’ deyilib, indi onlar özlərinə ‘kət’ deyirlər. Q.Qeybullayev göstərir ki, Şimal-şərq bölgələrində Şimali Qafqaz çöllərindən gəlmiş türk tayfaları da: hunlar, sabirlər, maskutlar, goruslar, çollar və Sasani şahlarının şimal sərhədini qorumaq üçün göndərdiyi tatlar və yəhudilər də yaşayırdı.(6; 173)

 

Tufandağ 

 

Xınalıq kəndinin qarşısında yerləşir və xınalıqlılar onu müqəddəs dağ hesab edirlər. Adətən bu dağın başı həmişə dumanlı və küləkli olur. Bir rəvayətə görə, həmin dağda qədim kəndlərin xarabalıqları yerləşir və təxminən 1000 il bundan əvvəl zəlzələ nəticəsində kənd dağılıb və əhalisi də köçərək indiki yerə gəliblər. Yerli əhalinin dediyinə görə, Tufandağda Pirə - Mıxıx adlı bir pir var ki, bu da onların piri olub.

(Q.Məşədiyev “Zaqafqaziyanın Az-ərbaycan toponimləri”, Bakı, ”Elm” nəşriyyatı - 1990-s.107)



MƏSLƏHƏT GÖR:

779