28 Mart 2024

Cümə axşamı, 13:25

NOTLARDAN O YANDAKI DÜNYA

Bakıda novruz bayramı həftəsi "muğam dünyası" beynəlxalq festivalına həsr edildi

Müəllif:

01.04.2009

Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı görülmüş ən önəmli tədbirlərdən biri  martın 20-dən 26-na kimi "Muğam dünyası" beynəlxalq festivalının keçirilməsi oldu. Bu, təsadüfi deyil - muğam  ali bir musiqi kimi həm Azərbaycan, həm də Şərq mədəniyyətinin fenomenidir. Bu gerçəkliyi Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi inciləri siyahısına salınması da təsdiq edir. Ancaq elə musiqiçilər var ki, onlar muğamı sadəcə Şərq musiqisi saymaqla kifayətlənməyərək, bunu Qərb mədəniyyəti ilə sintez eləməyin mümkünlüyünü vurğulayırlar. Belə ki, Almaniyada yaşayan tanınmış Azərbaycan bəstəkarı Arif Mirzəyev muğamı Şərq intibahının imporvizə musiqisi adlandırıb və bildirib ki, muğam gizli polifoniyaya malikdir.  Məsələ bundadır ki, Arif Mirzəyev dünyada protestant musiqisi yazan müsəlman bəstəkarı kimi tanınır. Bəstəkar "Baxın xatirəsinə orqan simfoniyası" və "Yanvar passionu" əsərlərində islam ruhani musiqisi ilə protestant katolik musiqisini birləşdirib. Bundan başqa, A.Mirzəyev hesab edir ki, böyük Baxın əsərlərində də "muğam ahəngini" müşahidə etmək mümkündür. 

Rusiya KİV-lərindən birinə müsahibəsində A.Mirzəyev etiraf edib ki, o, bu məsələnin araşdırılması ilə yetərincə uzun müddət məşğul olub. "Mənə gəncliyimdə deyirdilər ki, sən azərbaycanlısan və Azərbaycan musiqisi yazmalısan. Bu barədə bizim birincimiz Üzeyir Hacıbəyov da bildirib: əgər doğma musiqini yazmırsansa, yenilik edə bilməzsən. Mən onun sözlərinə qulaq asdım - bu, millətçilik yox, estetika məsələsidir. Amma özüm həmişə polifonik musiqi yazırdım, baxmayaraq ki, Azərbaycanın milli musiqisi ilə polifoniyanı uyuşmaz sayırlar, amma bizim muğamımız çoxsəsli, poemikdir. Buna görə də mənim müəllimim Qara Qarayev həmişə mənə deyərdi ki, milli musiqini dərindən görmək lazımdır. 

Və mən islamın ruhani musiqisini araşdırmağa başladım; hər dəfə dəfn mərasimindən sonra - yeddi muğam üstündə, əsas ladlarda oxunan Quran ayələrinin hər birinin öz səs düzümü var. Başqa tərəfdən, mən əminəm ki, Tokkata mövzusu və Baxın fuqire minoru Şərq əsillidir, orada Avropa üçün qeyri-adi olan ahənglər var. Mən bu barədə Almaniyada bəstəkar, Leypsiq-operanın baş dirijoru, çağdaş  musiqi laboratoriyasının direktoru Udo Simmermanla danışmışam. Mən ona sübut etmişəm ki, Baxın musiqisi hazır Şərq improvizasiyasıdır. Bax heç vaxt Şərqdə olmayıb, heç Fransa və İtaliyada da olmayıb, sadəcə bundan xəbəri olub. Simmerman bildirdi ki, məndə fərqli polistilistika var və Şnitkedən fərqlənir və inanılmaz şeyləri üç səviyyədə birləşdirir. Birincisi, Şərq və Qərb musiqiləridir. Şərqin və Qərbin heç vaxt uyuşmayacağını söyləyən Kiplinqin əksinə olaraq, mən onların uyğun gəldiyini sübut etməyə çalışıram. İkincisi, Şərq və Qərb intibah musiqiləridir, passakaliya, jiqa, qavota, saraband, menuet tipli qədim rəqslərdir. Üçüncüsü, islam ruhani musiqisi, protestant və katolik ruhani musiqisidir. Dünyanın musiqi ədəbiyyatında bunun analoqu yoxdur".

Məhz onun üçün də Almaniyada etiraf edirlər ki, Arif Mirzəyev belə sintezlə məşğul olan ilk araşdırmaçı-bəstəkardır və ona görə də "Şərqin Baxı" adlandırılıb, 1994-cü ildə isə dünya "baxiana"sına göstərdiyi xidmətlərə görə Ayzenaxdakı "Bax-hauz"un  "İohann Sebastyan Baxın varisləri" medalı ilə təltif edilib. A.Mirzəyev bu cür tanınmaya və uğura məhz muğama görə layiq görülüb. 

 

Muğama bürünmüş dünya  

 

"Muğam dünyası" beynəlxalq festivalının təntənəli açılışı bu yaxınlarda Milli Parkda inşa edilmiş Beynəlxalq Muğam Mərkəzində gerçəkləşdirildi. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, həmçinin festivala dünyanın 17 ölkəsindən gəlmiş çoxsaylı qonaqlar iştirak edirdilər. Qeyd etmək lazımdır ki, son illərdə muğamın qorunması, inkişafı və təbliğatı sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında çox işlər görülüb. Və YUNESKO ilə İSESKO-nun xoşməramlı səfiri olan Mehriban xanımın təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalı da Azərbaycan mədə-niyyətinin və musiqisinin tanınması və təbliği sahəsində çox önəmli tədbirlərdən biridir. 

Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Təhsil Nazirliyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun sponsorluq yardımı ilə ölkə paytaxtına yaxın və uzaq ölkələrdən yüzdən çox qonaq dəvət edilmişdi. Dəvət olunanlar arasında "Maraqi" ansamblı (İtaliya), Hüseyn əl Ədhami (İraq), Vasumati Badrinatan (Hindistan), Ayşə Reduan (Misir), "Ənqam əl Rafidain" ansamblı (İraq), Müzəffər Şəfii (İran), Nodira Pirmatova (Özbəkistan)  və başqaları var idi. Azərbaycan bu musiqi təntənəsində hərtərəfli - xalq mahnıları və rəqsləri ilə, muğamla, caz-muğamla, klassik bəstəkarlarla təmsil olunmuşdu. Muğam sərraflarına öz sənətlərini Azərbaycanın xalq artisti Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Möhlət Müslümov, Səkinə İsmayılova, Alim Qasımov və Zabit Nəbizadə təqdim etdilər. 

Festivalda həmçinin Q.Qarayev adına Dövlət Kamera Orkestri, dövlət qədim musiqi alətləri ansamblı da iştirak edirdi. Martın 18-də Samir Cəfərovun və İlahə Əfəndiyevanın iştirakı ilə Üzeyir Hacıbəyovun "Koroğlu" operasını səhnəyə qoyan  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı festival ərfəsində yetərincə zəngin proqram nümayiş etdirdi. Ertəsi gün martın 19 - da Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestrinin konserti oldu və orada Fikrət Əmirovun "Şur", "Kürd ovşarı", "Gülüstan bayatı-şiraz" simfonik muğamları ifa edildi. Daha sonra 21 martda Beynəlxalq Muğam Mərkəzində festival konserti baş tutdu - Mənsum İbrahimovun ifasında "Rast" muğamı və Mələkxanım Əyyubovanın ifasında "Bayatı-şiraz" muğamı səsləndi. Xarici qonaqlar da çıxış etdilər -  "Maraqi" (italiyalı solist Səpidə Raissadatın) və "Əl Kindi" ansamblının (suriyalı solist Ömər Sarmeninin) ifaları təqdim olundu. Eyni zamanda caz mərkəzində etnik caz musiqisinin xiridarları Azərbaycan caz ustalarının nadir ifalarına qulaq asmaq imkanı əldə etdilər. 

Festivalın ən gərgin günü isə martın 23-ü idi. Muğamsevənlər qarşısında Səkinə İsmayılova və Nuriyyə Hüseynova, həmçinin "Nahda" (Mərakeş) və "Çargoh" (Özbəkistan) ansamblları çıxış etdilər. Filarmoniyanın divarları arasında isə Niyazinin "Rast" simfonik muğamı, "Muğamvari" simfoniyası, "Bayatı-Şiraz" xor muğamı və "Füzuli" kantatası səsləndi. Festivalın qalan iki günü ərzində isə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operası ifa edildi, baş rollarını Gülyaz Məmmədova və Səbuhi İbayev oynayan tamaşa Opera və Balet Teatrında göstərildi. Muğam Mərkəzində isə Alim Qasımov "Çahargah" ifa etdi. Muğam Mərkəzində festivalı Zabit Nəbizadə və xarici qonaqlardan hindistanlı müğənni xanım Vasumati Badrinatan, həmçinin solisti Ayşə Reduan olan Misirin "Əl Ədvar" ansamblı yekunlaşdırdı. 

Festivalın təntənəli bağlanışı Heydər Əliyev adına Respublika Sarayında keçirildi. 

Mərasim Dövlət Simfonik Orkestrinin, Qədim Musiqi Alətləri Ansamblının, muğam ustalarının və Beynəlxalq Muğam Müsabiqəsinin laureatlarının iştirakı ilə gerçəkləşdirildi. 

Qeyd edək ki, festival çərçivəsində keçirilən muğam müsabiqəsinə yaşı 35-ə qədər olan vokalistlər qatılmışdı. Münsiflər heyəti müsabiqənin baş mükafatı -  Qran-prini azərbaycanlı xanəndə Təyyar Bayramova verdi. Ona Fəxri Qramota və 20 min avro pul mükafatı da təqdim edildi. Birinci yeri Özbəkistan təmsilçisi Yulduz Turdıyeva qazandı, o da Fəxri Qramota və 15 min avro pul mükafatı əldə etdi. İkinci yeri iranlı müğənni Mohammad Motamedi, üçüncü yeri isə misirli Mustafa Səid tutdu. Onlara da uyğun olaraq 10 və 5 min avroya bərabər pul mükafatları verildi. Festivalın son günü olmasına baxmayaraq,  Azərbaycan xalq artistləri Arif Babayev və Ramiz Zöhrabov, YUNESKO təmsilçisi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin  professoru Jan Dürinq, ənənəvi musiqi üzrə beynəlxalq şuranın vitse-prezidenti, hollandiyalı Vim van Zanten, türkiyəli musiqişünas Fikrət Karakaya və Beynəlxalq Sülh Musiqi Mükafatının laureatı, almaniyalı Mixael Dreyer də münsiflər heyətinin tərkibinə qatılmışdılar. 

Paytaxtın mədəni həyatında ən önəmli hadisələrdən biri olan bu festivalı yerli KİV-lərə şərh edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, "Muğam dünyası" beynəlxalq festivalının bədii rəhbəri Firəngiz Əlizadə qeyd edib ki, "Proqram maksimum yerinə yetirildi. Biz nəyi düşünürdüksə gerçəkləşdirə bildik. Qarşıya qoyulan birinci məqsəd muğamı populyarlaşdırmaqdır, necə deyərlər, bu artıq keçilmiş mərhələdir. Çünki muğam artıq yetərincə tanınıb. Artıq bu, nə 1999-cu ilin və nə də 2000-ci illərin muğamı deyil. Hazırda muğam, demək olar ki, dyünyanın bütün ölkələrində məşhurdur və bu, yalnız ənənəvi olaraq musiqi ilə məşğul olan adamları əhatə etmir. İş o yerə çatıb ki, hətta Vaşinqtonda belə festival keçirilən zaman o, muğamsız gerçəkləşdirilmir. Bundan başqa, festivallar Tayvandan başlayaraq Kanadaya qədər Şərqdə də, Qərbdə də keçirilir. Və bütün bu festivallarda muğam səslənir. Bizim məqsədimiz muğamı ən yaxşı formasında, dəstgah kimi, təsniflərlə, çağdaş Azərbaycan musiqisindəki canlı təzahürə malik xalq mahnıları ilə birgə öz klassik görkəmində təqdim etmək idi".

Beynəlxalq Sülh Müsiqi Mükafatının laureatı, həmçinin Almaniya Musiqi Festivalının  direktoru olan Mixael Dreyer isə düşünür ki, dünya üzrə muğamın təqdimatını daha çox təşkil etmək lazımdır. "Muğamla cazın sintezi kimi yeniliklər etmək lazımdır. Mən şəxsən İran, Azərbaycan, Suriya musiqiçilərinin birgə konsertini təşkil edərdim. Yəni iyirmi birinci yüzillikdə mədəniyyətləri birləşdirmək, mədəni mübadilələr etmək çox zəruridir. Öz mədəniyyətini ən yüksək və qabaqcıl sayan qərblilərə Şərq mədəniyyətinin nə olduğunu göstərmək lazımdır", - deyə almaniyalı ekspert bildirib.

Muğam sonsuzluğun rəmzidir 

 

Beləliklə, muğam nədir? Araşdırmaçılar onun mənşəyi barədə nə deyirlər? Alimlərin çoxu bu fikirdədir ki, muğam bir-birindən fərqli, ancaq əlaqəli mənaya mailkdir. Bir tərəfdən, o, Azərbaycan xalq musiqisinin ladının adlandırılması üçün istifadə edilir. Əsasən, yeddi lad bəllidir: Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz, Hümayun, qalanları isə törəmə sayılır. Başqa tərəfdən isə, bu termin hər birinin öz quruluş qaydası olan ərəb məqamına, özbək məkomuna, hind raqasına oxşar xüsusi musiqi üslubunun adıdır. 

Görəsən, niyə alimlərin çoxu muğamı ərəb-İran mənşəli sayırlar? Məsələ bundadır ki, ensiklopediyalarda bu anlayışla bağlı yazırlar ki, muğam sözü ərəbcə "məqam" - yer sözündən qaynaqlanır, musiqi alətinin qolundakı pərdə mənasını verir və  ya ərəb sözü olan "məqam" ərəb, İran, türk musiqisində (bunlarla əlaqəli olan makom, muğam, raqada)  lad-melodiya modelidir, yəni,  bir lad üzrə ifa edilənlərin kompleksidir. 

Böyük Üzeyir Hacıbəyov da bu fikirdə idi. Bundan başqa belə bir versiya da var ki, muğam Azərbaycan xalq musiqisinin bir növü kimi Şərqin ruhani musiqisindən yaranıb, onun əsasını Quran hafizlərinin dini ifaları qoyub. Musiqisi isə İran sarayındakı ifalardan gəlir. İfa texnikası isə Azərbaycanın xalq sənətkarlarının qədim ənənəsi ilə bağlıdır və bu zaman müğənninin səsi dolğun bir musiqi aləti kimi götürülür. Hər bir muğam kompozisiyası ümumi yaradıcılıq mənası olan və ifa edildikləri eyni lad-muğama uyğun şəkildə adlandırılan bir neçə hissədən ibarət olur. Muğamın bir hissəsindən digərinə keçən xanəndə səs diapazonunu genişləndirir, aşağı registrdən yuxarıya, melodik ifadan emossional ifaya keçir. Muğam bölmələri arasında vokal kompozisiyalar - təsniflər ifa edilir, daha çox rəqs xarakterli olan instrumental əlavələr - rənglər və diringlər çalınır. 

Ancaq bütün araşdırmaçıların muğamın yaşı ilə bağlı qeyri-müəyyən fikirlər səsləndiməsinə görə, muğam anlayışının sami "məqam/makom" - "dayanacaq" sözü ilə bağlı olmasına da şübhə ilə yanaşmaq mümkündür. Muğamın sufi "təriqət" təlimi ilə bağlı olması da maraqlıdır və yəqin ki, muğamı yalnız "dayanacaq" anlayışı ilə bağlamaq doğru deyil. Birincisi, bununla bağlı heç bir yazılı mənbə yoxdur, ikincisi, muğamların özü də bu cür sxemləşdirməyə uyğun gəlmir. Tədqiqatçılar bildirir ki, muğamın bir janr kimi tam formalaşmasının X-XII əsrlərə təsadüf etməsi də bunu deməyə imkan verir. 

İslam və onun fəlsəfəsi 1400 ildir ki, özünü müsəlman, o cümlədən azərbaycanlı sayan hər  kəsə ciddi  təsir göstərir. 

Türkoloq Ələkbər Ələkbərov yazır: "Bizim əlimizdə olan materiallara görə, muğam və Azərbaycan anlayışları bir-birini tamamlayır və ayrılmazdır. Azərbaycan musiqiçiləri tərəfindən Pifaqorun, Platonun və Aristotelin xatırlanması, həmçinin "muzıka/musıka-muqam" anlayışı hesab etməyə imkan verir ki, muğam termininin özü mənşəcə ərəblərdən də qabağa gedə bilər.  Bir şeyi də qeyd etmək lazımdır ki, müsəlmanlar xilafətlər dönəmində həmişə zərdüştilik və manilik kimi dualist təlimlərin təmsilçilərinin davamçısı olublar. Muğamın ərəb və müsəlman mədəniyyətindən qabaqlara getməsi onda Novruz, Mani, Xürrəm, Kəbri ("gəbr" - "zərdüşti") kimi hissələrin olması ilə təsdiqlənir. Bəzi məlumatlara görə, bir vaxt Məzdəkani mahnısı da olub. Onun barəsində Nizam əl-Mülk bildirir ki, Məzdək peyğəmbərliyə iddia edirdi və dünyanı yanlış yola sürükləyirdi. Mövlanə əl-Nədvi isə Məzdək haqqında yazırdı ki, onun fəaliyyəti dövründə bütün İranı seksual anarxiya və şəhvət böhranı bürümüşdü. Buna görə də bizim fikrimizcə, muğam bir janr olaraq, ərəb-/müsəlman mədəniyyətindən əvvələ gedir. Buna görə də "muğam" anlayışının samimənşəli "məqam/dayanacaq" sözündən yarandığını iddia etmək şübhəlidir. Burası da şübhəlidir ki, zərdüşti mədəniyyətinin aparıcı olduğu bir durumda sami terminologiyası yerli əhalinin dünya görüşünə bu cür təsir göstərə bilər". 

Bu baxımdan, R.İmraninin araşdırmaları da maraqlıdır. O, muğamı Midiya zərdüşti ənənəsi ilə bağlayır və bunun üçün muğamın hissələrinin adlarını dəlil kimi istifadə edir. Ə. Ələkbərov bu yanaşmanı da maraqlı hesab edir və daha müfəssəl tədqiqə ehtiyac olduğunu ddüşünür. Mümkündür ki, muğamın yaranması zürdüştilikdən də əvvələ gedir və alimlər həmin dövrü Tanrıçılıq dövrü adlandırırlar. İnsanın ətraf mühitlə qohumluq bağlılığından, təbiətin ilahiləşməsindən bəhs edən həmin zaman kəsiyi "Yallı" dövrü adlandırılır. Şəksiz ki, "YALLI" sözü türkmənşəli "Alov/Yalov" sözündən yaranıb. Bu rəqsin izləri Azərbaycanın mezolit dövrünə aid Qobustan qaya rəsmlərində də  (bizim eradan əvvəl XII minillik) görünür.

Qeyd etmək lazımıdır ki, "Yallı" rəqsi çahargah ladında ifa edilir və Mir Möhsün Nəvvab yazır: "Çahargah göy gurultusundan götürülüb, bundan başqa dörd mahnı və guşə ilə təkmilliyə çatmışdır. Onu elə ilk başdan Çahargah adlandırırlar". 

Bu misaldan görünür ki, yaradılışın əsas dörd elementi (alov, hava, su, torpaq) İldırımsaçanla bağlıdır və türklər onu "Qan Tanrı/Quar" adlandırırlar. Başqa sözlə, Yallı (Çahargah) da Tanrı (İşıq)  kultu ilə bağlıdır. 

Muğamın, o cümlədən hind raqisinin, həmçinin iştirakçıların sayından asılı olmayaraq, Yallı ifasının səciyyəvi cəhəti unisonluqdadır; bu, həm də Tanrının təkliyini ifadə edir. Ancaq muğam ifasında "unison"un öz xüsusiyyətləri var, məhz muğamı xorla oxumaq mümkün deyil, çünki hər bir adamın öz dünyası, öz "Tanrı - İnsan" əlaqəsi var. Görünür, məhz buna görə muğamın not yazısı hissiyyatsızdır. Buna görə də, türkoloq Ələkbər Ələkbərov düşünür ki, muğam tamamilə Azərbaycana məxsus yaradıcılıqdır. 



MƏSLƏHƏT GÖR:

729