29 Mart 2024

Cümə, 12:42

DƏNİZ, DAĞLAR, MASALLI

Bura Azərbaycanın ən gözəl və ekzotik bölgələrindən biridir

Müəllif:

01.02.2009

Buranı tanımayanlar üçün Masallı Azərbaycanın cənubunda bir rayon, tanımayanlar üçün isə ən azı həftəsonu tətillərini keçirmək üçün insanların hər fürsətdə üz tutduğu subtropik cənnətdir. 

 

Bir cənub şəhərində

Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Deyilənə görə, guya yerli camaat söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə buraya "məsəlli yer" adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək buraya yerləşməsindən sonra "Mosullu" adlandırıblar. 

Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. 17-ci əsrin Səfəvi şahının Sultan Hüseyn verdiyi fərmanda Şıxlar kəndi və Masallının da adları çəkilir ("Əxbərnamə", Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1982). Əsərə görə, bu razi Masal bəy adlı şəxsə mənsub olub. Masallının yaranma tarixinin XI-XII əsrlərə aid olduğu ehtimal edilir.   

 

Viləşçay 

Masallı Talış dağlarının dağətəyi və alçaq dağlıq hissələrində yerləşir. Çox sayda dağ çayı var. Çaylardan daha səmərəli və geniş istifadə edə bilmək üçün 1979-cu ildə Viləşçay su dəryaçasını yaradıblar. Şəhər stresindən qaçan paytaxt sakinlərinin burada ən sevimli məşğuliyyəti balıq ovudur. İsti yay aylarında sərinlənmək üçün masallılar Viləşçay su anbarına üz tuturlar. Lakin qadınlar bu haqda xəyal belə edə bilməzlər. 

Bura Masallının ən gözəl mənzərəsi olan yerlərdən biridir. Viləşçay su dəryaçası meşə və dağ panoramı sərin və sakit yerdə dincəlmək istəyənlər üçün ən doğru ünvandır. 

Uzunluğu 115 kilometr olan Viləş subtropik zonanın ən uzun dağ çayıdır. Masallının düz mərkəzindən keçərək, onu iki hissəyə bölür. Viləşçay həm də Leriklə Masallı arasında sərhəd rolunu oynayır. İstisu ərazisindən keçən çayın digər sahili Lerik ərazisi hesab edilir. Dağ yürüşlərini sevənlər buradan Lerikə piyada yollana bilərlər. 

Tarixi mənbələrdə Viləşçayın adı eradan əvvəlki minilliklərdə çəkilir. Hələ eramızdan əvvəl ikinci əsrin tanınmış yunan astronom və coğrafiyaşünası  Ptolomey Xəzər dənizinin xəritəsini çəkərkən, Viləşçayın Qızılağac körfəzinə töküldüyünü göstərir. 

 

Yaşıl aptek

Bol günəş, su və təmiz hava Masallını subtropik cənnətə çevirir. Rayonun ekzotik yerlərindən biri məşhur Yaşıl aptekdir. Keçən əsrin 80-ci illərinby əvvəllərində SSRİ məkanında qurulan ilk botanika apteki kimi tanınıb. Ərazidə bitən müalicə əhəmiyyətli bitkilərlə in müalicə burada başlanıb. Bu bitkilər dağlardan toplanmaqla yanaşı, aptekin həyətindəki botanika bağında da yetişdirilir. Bağın qurucusu "Korol" (kral) kimi tanınan Masallı sakini Rauf Rəhimovdur. Bitkilərin gözəl bilicisi və həyatını botanikaya həsr etdiyi üçün bu ləqəbi qazanıb. 

 

Masallı mehmanxanası

Şəhərin mərkəzində yerləşir. İl boyunca fəaliyyət göstərən yeganə mehmanxanadır. Postsovet döv-ründən qalma olsa da, əsaslı təmir olunub. Otelin bağçasına hər kəs heyran qalır. Girişdəki küknar ağacları və dekorativ bitkilərdən ətrafa yayılan xoş qoxu ayaq saxlamağa vadar edir. Otel sahibi eyni zamanda gülçülüklə məşğul olur. Burada rastlaşacağınız maqnoliya, evkalipt, tuya, jasmin, limon, akasiya, Himalay kedrləri də daxil olmaqla, dünyanın fərqli iqlim zonalarında yetişən ağac növlərindən seçib, satın almaq olar. Otel sahibinin xoşuna gəlsəniz, gözəl bir dibçək hədiyyəyə də sahib ola bilərsiniz. 

 

Cənublular

Masallıda diqqətiçəkən məqamlardan biri yerlilərin çox mehriban və səmimi davranışıdır. Bundan başqa, cənub insanının zəhmətkeş, çalışqan olmasıdır. Qarışqa yuvasını xatırladan cənubda insanlar torpağa bağlıdır. Çalışmaqdan əlləri qabarmış kəndlilər çox yorğun olsalar belə, kömək istəyəndə əllərindəki işi kənara qoyub, canla-başla yardım edirlər.

Cənub camaatından söz düşəndə Masallı ağsaqqallarından olan Hacı Cavanşiri xatırlayıram. Həcc ziyarətinə velosipedlə gedib-gəlməsi ilə rayonun tarixinə düşüb. Qəriblər kəndində Hacının məşhur balıq təsərrüfatı var. Yeri gəlmişkən, könlü balıq istəyənlər burada balıq ovunda iştirak edə bilərlər. Göldə kütüm, sazan, sudak, karp, kefal cinsindən olan müxtəlif çəkili balıqları həmçinin almaq da olar, özü də şəhər və bazar qiymətlərindən daha ucuz. İstisu ərazisindəki istənilən restorana daxil olub, özünüz balığı mətbəxə təhvil versəniz, sizə elə bir balıq ziyafəti təşkil edərlər ki, dadı damağınızdan uzun illər çıxmaz.  

 

İstisu 

İstisu hidrogen-sulfidli müalicə ocağıdır. Yerlilər buna "möcüzəli su" deyirlər. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Ona görə də adı belə qalıb: İstisu. Bu su ilə oynaq-əzələ, dəri, ginekoloji və bir çox xəstəlikləri müalicə edirlər. Sanatoriyada müalicə mineral su vannalarında aparılır. 

İstisudakı qayaların arasından çıxan su isə buz kimi soyuqdur. Hidrogen-sulfidlə zəngin olan bulaq sularından kəskin lax yumurta qoxusu gəlir. Suyu dərman kimi stəkanlara doldurur və dadını hiss etməmək üçün birnəfəsə içirlər. Bulaqların üstündə "böyrək suyu" və "mədə suyu" sözlərini oxumaq olar. Bulaq sularının mədə yarası və böyrək ağrılarını sağaltdığı söylənilir. 

İstisuda suyun müalicəvi tərkibi 20-ci əsrin 50-ci illərində aparılan araşdırma işləri zamanı məlum olub. Əslən Masallıdan olan geoloq-alim Mir Kazım Aslanlı 1955-ci ildə isti suyun müalicəvi əhəmiyyəti ilə bağlı dissertasiya müdafiə edib. Burada 60-cı illərdə yaradılan müalicə-istirahət zonası 2007-ci ildə sanatoriya statusu qazanıb. 

Subtropik iqlimə malik olduğundan, Masallıya düşən yağıntının miqdarı bölgənin digər yerlərinə görə daha çoxdur. Tez-tez yağan yağış Talış meşələrinə romantik çalar qatır. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 kilometr aralıdadır. 

İstisu ilin bütün fəsillərində gözəl olur. Payızda təbiətin bütün rənglərini Talış meşələrində görmək olur. Bu mövsümdə tək-tük otel çalışır. İstisuyun bütün gözəlliyini yaşamaq üçün yaz, payız və qız aylarında gəlmək məsləhətdir. Həm adam az olur, həm də nisbətən sərin havada istisu vannasını qəbul etmək rahat olur. Əgər yayın qızmar istisində vannada 3-5 dəqiqədən artıq dayanmaq çətindirsə, sərin havada saatlarla hovuzda üzmək olur. İstisu vannasından sonra yüngüllük hiss edirsən. Bədəninizdə yara, yaxud ağrı varsa, suyun yaratdığı möcüzənin şahidi olursan. Yay mövsümünün gəlişi ilə meşədə mənzərə tamam dəyişir. Kurort mövsümünün qızışdığı iyul-avqust aylarında buraya müalicə olunanların axını baş verir. 

İstisu şəlalələri ilə də məşhurdur. Buranın gözəlliyini birə-min qat artırır. Meşənin dərinliyində gizlənən şəlalələrin ətrafı sərin olduğundan, yay aylarında insanlar şəlalələrə yaxın yerlərdə piknik etməyi xoşlayırlar. 

Ümumiyyətlə, İstisu turizmin sürətlə inkişaf etdiyi yerlərdəndir. Buranı digər yerlərdən fərqləndirən başqa bir cəhət də odur ki, meşə zolağının görünüşünə ziyan vurmamaq üçün 40-dan artıq istirahət obyekti, o cümlədən kottec, restoran və onların hasarları taxtadan hazırlanıb. 

 

Yanardağ

İstisuyun möcüzələri bununla bitmir. Yardımlı yolunun üstündə "Yanardağ" adlanan istirahət mərkəzi mütləq görüləsi yerlərdəndir. Əslində, bu ad təsadüfi verilməyib. Burada yüzillərdən bəri yanan bulaq və yanan dağ var. 

Yanar bulaq Viləşçay yaxınlığında yerləşir. İlk baxışda sakitcə qaynayan sudur. Lakin kibriti yandırıb yaxınlaşanda su alovlanır. Ətrafa yayılan qoxudan suyun kükürdlü olduğunu başa düşmək olur. Çay boyunca bir neçə belə kükürdlü bulaq var. Yerlilər ayaqlarını yanan bulağın içinə salır və saatlarla beləcə otururlar. Bu ayaq vannaları rahatlanmaqdan başqa, həm də ayaq ağrılarını aradan qaldırmağa kömək edir. Amma ənənə bununla bitmir. Daha sonra bulaqdan bir az aralıdakı Yanar dağa çıxırlar. Bu dəfə ziyarət üçün. Məsələ burasındadır ki, dağın üst qismindən təbii qaz çıxır. Çıxan qaz alovlanır və beləcə, yanan dağ təsəvvürü yaradır. Əlamətlərə inanan yerlilər məhz buna görə bu torpağı müqəddəs hesab edərək, Yanardağı ziyarət yerinə çeviriblər.

 

Dəmirağac 

İstisu meşələrində Azərbaycanın başqa heç bir yerində olmayan bir ağac növü bitir. Dəmir kimi suda batan yeganə ağacdır. Kənd təsərrüfatında istifadə olunan bu ağac dəmiri əvəz edəcək qədər möhkəmdir. İslaq, ya da quru halda dəmirağacın nazik budağını belə əllə sındırmaq mümkün deyil. Talış meşələrinin böyük əksəriyyəti bu ağacdan ibarətdir.

 

Masallı kəndləri

Masallıda qaçırılmaması gərəkən yerlər şəhər mərkəzindən aralıda, kəndlərdə yerləşir. Burada yerli tarixlə, adət-ənənələrlə, cənub qonaqpərvərliyi ilə tanış olmaq və kənd şəraitində yaxşıca istirahət etmək olar. 

 

Şıxlar kəndi

Gözəl mənzərəsi olan yüksək dağ kəndidir. Buradan Viləşçay dəryaçası və Masallıya əla panoram açılır. Kənddə çox ailə arıçılıqla məşğul olur. Şıxlar həm də heyvasıyla məşhurdur. Payızda yetişir. Masallıya gələn içməli suyun tamamı bu kənddən təmin olunur. Ümumiyyətlə, su cəhətdən yerli camaatın bəxti gətirib. Deyirlər, Masallıda əlinə bel alıb haranı üç metr qazsan, içməli su çıxacaq. Deyilənlərə görə, əvvəllər Nəzər deyilən  şeyx yaşadığından buranın adı Nəzərkənd olub. Burada Pirzadə ziyarətgahı yerləşir. 

 

Boradigah kəndi

Masallının ən böyük kəndlərindəndir. Qəsəbə statusu alıb. Boradigahı köhnə Masallı hesab edirlər. Çünki vaxtilə rayonun yarandığı əsas yer məhz bura olub. Sonradan mərkəz köçürülüb. Boradigah haqqında çox maraqlı bir əfsanə var. 

Deyilənə görə, Topal Teymur Azərbaycanı işğal edəndə növbə Astaranın Digah kəndinə çatır. Teymurun elçiləri yerli camaatdan xərac toplayır. Bununla barışmayan kəndin dəliqanlıları isə Teymurun adamlarının dalınca yollanır və kəndlilərin mallarını onların əllərindən alırlar. Lakin bu hadisədən sonra onlar sığınacaq axtarmalı olurlar. İllər keçir, dəliqanlıların məsən seçdiyi tikanlıq yerdə salınan kəndin adı Boradigah qoyulur - yəni tikanlı dayanacaq. 

Boradigah camaatı ticarət işinə yaxşı bələddir. Hələ sovet dövründə burada sərbəst ticarət xeyli inkişaf etmişdi. Ölkədəki mağazaların piştaxtalarının boş olduğu illərdə ürəyin istəyən hər şeyi bu kəndin dükan və bazarında tapmaq mümkün olurdu. Bu cəhətdən Boradigahı Bakının “Kubinka”sı ilə müqayisə edirlər. 

 

Hişkədərə 

Masallı etnoqrafiya muzeyi burada yerləşir. Muzeydə 8 mindən artıq eksponat toplanıb. Masallı ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri, qalalar, kurqanlar qədim daş, tunc və dəmir dövründən xəbər verir. Fransız arxeoloqu Jak de Morqan 1850-ci ildə Talış zonasında 250-dək qəbirüstü abidə araşdırıb. Bu abidələrin bəziləri hal-hazırda Parisin Sen-Jermen muzeyində saxlanılır. 

 

Bəndəlan kəndi

Masallı Boradigah yolunun üstündə, şəhərdən 10 kilometr cənubda yerləşir. Masallının ən böyük dağ kəndlərindəndir. Təxminən 1500-1600 metr yüksəklikdə salınıb. Möhtəşəm mənzərəsi var. Deyilənlərə görə, Bəndəlan "dəmə qoyulmuş" mənasına gəlir. Kəndin yerləşdiyi dağın təpəsi dumanlı olduğundan, onu dəmə qoyulmuş qazana bənzədərək bu cür adlandırıblar.  Başqa bir ehtimala görə isə, toponim vaxtilə burada yaşayan tayfanın adı ilə bağlıdır. 

Talış dağlarının ən ləzzətli sumağı Bəndəlan dağında bitir.

Sumax may və avqust aylarında toplanır. Kola bənzər bitkidir. Onun meyvəsi toplanır. Xüsusi dəzgahlarda döyülür, ələnir və qurudulur. Bu uzun proseduru keçdikdən sonra istifadə edilir. Bəndəlan sakinləri kənd sumağına 10 il keyfiyyət zəmanəti verirlər. 

 

Digah kəndi 

Bu kəndin keçmiş adı Çiyəçilər olub. Çiyə çözunün mənası "kəndir" deməkdir. Çiyə ənənəvi yuntoxuma məmulatıdır. Təsərrüfat və məişətdə istifadə edilir. Qədimdən bəri kənd ip toxuculuğu ilə məşğuldur. Deyilənə görə, bu balaca cənub kəndində bütün ölkəni təmin edəcək qədər kəndir toxunur. Azərbaycanda böyük gəmilərdə, sənayedə istifadə edilən kəndirlərin əksəriyyəti Digah sakinlərinin əl işidir. 

 

Həsir

Masallıda milli əl sənəti işlərinin ən məşhuru həsirdir. Həsirdən toxunma papaq, səbət və döşəkçələr cənub bölgəsinin ən məşhur atributu hesab edilir. Əsrlərboyuhəsir döşənəcək kimi evlərdə geniş istifadə edilib. Bölgədə həsir toxuculuğunun bu günədək qalması hələ də yerli məişətdə bu məhsula tələbatın olduğunu göstərir. Çünki bunlar məişətdə çox əlverişli və faydalıdır. 

Həsiri yerlilərin "pizə" adlandırdıqları bitkidən toxuyurlar. Pihə qamış növüdür və dənizdə bitir. Əvvəlcə dənizdə bitən bu bitkini toplayır, açıq və geniş yerdə günəşin altına sərirlər. Quruduqdan sonra pizə ovucun içində eşələnir, yumşaldılır. Bundan sonra ondan dəzgahda müxtəlif ölçülü xalılar toxunur. Pizədən həm də sünbülvari düz qayışlar da düzəldirlər. Bu qayışlardan zənbil və Meksika sambrerolarını xatırladan şlyapalar hazırlanır. Məişət üçün çox əlverişli olan həsir məmulatlarının bir çox üstün cəhətləri var. Onlar nəm keçirmir, quru, eyni zamanda sərin saxlayır. Məsələn, həsir şlyapalar yayda həm günəşdən qoruyur, həm də başın tərləməsinin qarşısını alır. Həsir zənbillərdə tərəvəzlər uzun müddət quru qaldığı üçün korlanmır.  

Ənənəvi olaraq, həsir istehsalı ilə bağlı bütün işləri əvvəldən axıradək xanımlar görür. "Bəs sizin kişilər nə ilə məşğul olurlar?"-sualına isə "bizdə kişi tapılmış"-deyə zarafatla cavab verirlər. Nənə-babalardan qalma sənəti məharətlə davam etdirirlər. Başqa bir önəmli faktor da var. Həsir istehsalı bu xanımlar üçün davamlı qazanc mənbəyidir. Toxunan mallar evlərdə toplanır və müştərilərini gözləyir. Həsir malların alqı-satqısı ilə məşğul olanlar vaxtaşırı gəlib, kəndlilərdən hazır məhsulları alırlar. Həsirdən olan əl işlərinin ən çox satıldığı yer Boradigah bazarıdır. Ənənəvi olaraq, bazar günləri səhər saatlarından burada əl işlərinin sərgisi qurulur. 

 

Cənub qadını

Cənubda istər təsərrüfatın, istərsə də məişətin ağır yükü, əsasən, qadının çiyinləri üzərinə düşür, desəm, yanılmaram. Bu seçim könüllüdür, ya yox, deyə bilməyəcəyəm. Müşahidə etdiyim qadınlar səhər saat 6-da işə başlayır, tövlədə olan malları sağır, təsərrüfat işləri ilə məşğul olurlar. Üstəlik, məişət qayğıları da onların öhdəsinə düşür. Amma deyəsən bu vəziyyətə alışıblar. Çünki şikayət etdiklərini heç eşitməmişəm. Dindirəndə gülər üzlə cavab verirlər. Özünəməxsus talış ləhcəsi ilə söhbət əsnasında tez-tez həmsöhbətlərinə "qıza" deyə müraciət edirlər. Bəzi talış kəndlərindəki ənənəvi görüntülər, bura ilk dəfə gələnləri heyrətləndirə bilər. Bir də görürsən, başında dolu həsir zənbil və ya böyük bir ləyən daşıyan bir qadın  belinə də şalı ilə körpə uşağı sarıyıb, piyada gedir. Bəzən hamilə qadınları da beləcə başlarında böyük ləyənlərlə yük daşıyan görmək olar. Yük əsasən çırpıdan ibarət olur. Mətbəxdə və ev işlərində istifadə etmək üçün meşədə toplanan çırpı böyük ləyənə yığılır. Rahat olsun deyə, baş üstündə daşıyırlar. Dəmir ləyən başı ağrıdıb zədələməsin deyə, onun altına dəsmal qoyurlar. 

Yardım təklifimi rədd edən xanım dincəlmək üçün tənəffüs elan etdi. Başındakı yükü ehityatla yerə qoydu. Mən də onun hərəkətlərini təkrar etməyə çalışdım. Amma çırpı ilə dolu ləyən elə ağır idi ki, onu nəinki başımın üstünə qoymaq, heç yuxarı qaldıra bilmədim. Söhbət vərdişdən gedir. Bu da bir həyat tərzi olduğundan, talış xanımlar tərəfindən ağır yük kimi qarşılanmır. İşləməkdən qabar bağlamış bu əllər mətbəxə keçincə də, dadı damağınızdan uzun müddət getməyəcək yeməklər hazırlayır. 

 

Cənub mətbəxi

Cənubun bütün rəngarəngliyi onun mətbəxində də əks olunub. Yeməklər fəsillərə görə dəyişiri məsələn, mayda çıxan təzə paxladan hazırlanan şüyüdlü plov. Ya da ki yazın sonunadək məzə kimi süfrəyə qoyulan kahı, yanında da alma sirkəsi və kəkotundan hazırlanmış sous. Masallıda çox fərqli dadları eyni yeməkdə bir araya gətirə bilirlər: məsələn duzlu balıq plovla, və ya duzlu balıq şirin qarpızla və sair. Azərbaycanın cənub bölgəsi alternativ ləzzətin bir süfrədə birləşdiyi yerdir.  

Masallıya göyərti cənnəti də deyirlər. Mətbəxdə istifadə edilən bütün növ göyərtilər burada yetişdirilir. Paytaxta, ölkənin başqa şəhərlərinə və hətta Rusiya bazarlarına belə ixrac edilir. Rayonda gəzərkən bir çox evlərin qarşısında üstündə göyərti və turp kimi ekoloji təmiz həyat məhsullarının satıldığı kiçik piştaxtalar görmək olar. Şəhərlə müqayisədə çox ucuz qiymətə satılır. O cümlədən qırmızı turp, həmçinin ləzzətiylə seçilən qırmızı Masallı soğanı yerli süfrələrin vazkeçilməz atributudur. Bu soğan acı deyil və olduqca dadlıdır. Qırmızı soğanı saplağından hörərək, xüsusi dəstələr hazırlayırlar. Estetik gözəlliyindən başqa, uzun ömürlü olması üçün edirlər. Həqiqətən də, bu soğan dəstəsi aylarla qalsa da, xarab olmur. 

Cənub süfrəsində ənənəvi duzdan az istifadə edilir. Əvəzində süfrəyə nanəli duz qoyurlar. Təzə nanə həvəngdəstədə duzla birlikdə yaxşıca əzilir və yeməkdə duz yerinə istifadə olunur. Masallıda bunu təzə alça və xiyarın da üstünə əlavə edərək, "əla qəlyanaltıdır" deyirlər. Amma başqa yerlərdə rastlaşmayacağımız fərqli ləzzət bunlarla bitmir. 

Sentyabrdan başlayaraq, yazın sonuna qədər cənub mətbəxinin şahı quş və balıq ətindən hazırlanan ləvəngidir. Vəhşi quşların çox sevildiyi cənubda soyuq aylarda onlardan bişirilən manqal və qazan yeməklərini mütləq yemək lazımdır. Xüsusən sadəcə nar, soğan, düyü və çöl ördəyindən ibarət döşəməli plovun dadına baxmayanlara, cənuba yolları düşdüyü zaman mütləq adını çəkdiyimiz yeməkləri sifariş etməyi tövsiyə edirəm. 

Ekzotik təamlarla yanaşı, Masallıda sizi Azərbaycan mətbəxinin ənənəvi yarpaq dolması, kabab və başqa ləzzətli yeməklərinə də qonaq edə bilərlər. Hamısını sadalamaqla bitməz. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. 



MƏSLƏHƏT GÖR:

598