19 Aprel 2024

Cümə, 14:24

ABİDƏ UCALDARAQ

Sənədli filmlər rejissoru Kəmalə Musazadə tarixi şəxslərlə yenidən yaradır

Müəllif:

21.04.2015

Sənədli kinoşünaslıq - gerçəkliyi anlamaq üçün bədii kinodan heç də az olmayan əhəmiyyətə malik, bəlkə də, daha mühüm sahədir. Sənədin, şəxsiyyətin və bu kimi vasitələrlə gerçək həyatın öyrənilməsində fakt kimi mövcudluğu, sənədli film janrını nəinki həqiqi, həm də son dərəcə maraqlı edir.

 

Adsız məzar

Sənədli film çəkən rejissor Kəmalə Musazadə əmindir: sənədli filmlər uğuru ancaq bir şərtlə qazanır - əgər müəllif özünü narahat edən mövzular seçərsə və tamaşaçılarla bunları ürəkdən bölüşmək istəyərsə. Rejissor Musazadənin işləri buna birbaşa sübutdur. "Cabbar Qaryağdıoğlu" haqqında sənədli film məhz onu narahat edən və ta uşaqlıqdan ifaçılarını hədsiz sevdiyi muğam barədədir. 

Azərbaycanın görkəmli xanəndələrindən birinin məzarının, demək olar ki, 60 il baxımsız qalması, üzərində qəbirüstü abidənin olmaması haqda Kəmalə hələ Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin birinci kursunda oxuyarkən xəbər tutub. 

"Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım mənə onun viranə qalan məzarını göstərəndə", - deyə Kəmalə Musazadə danışır, - "özümə söz verdim ki, dahi musiqiçinin xatirəsinin əbədiləşdirilməsinə nail olacağam". Filmin rejissoru sözünü tutdu. "Cabbar Qaryağdıoğlu" və "Ecazkar səsin abidəsi" filmləri sonra yarandı. Əvvəlcə bu, "Adsız məzar" adlanan tələbə işi olub və xanəndə Cabbar Qaryağdıoğluna, daha doğrusu, muğamın - milli sərvətimizin qorunması üçün çox işlər görmüş bir insana qarşı bizim yaddaşsızlığımıza həsr olunub. Fikirləşmək olardı ki, ilk filmini çəkdin və sevin ki, onu kurs yoldaşların və pedaqoqların yaxşı qarşıladı. Lakin sənədli film onunla təmasda olanlardan, görünür, təkcə peşəkarlıq tələb etmir. Bəlkə də, məsələ janrda yox, elə həm də xarakterdədir. Kəmalə Musazadə öz tarixinə və mədəniyyətinə hörmətsizliyin yolverilməz faktına diqqət çəkə bildi. Prezident administrasiyasına məktub yazdı, mədəniyyət xadimlərinin imzalarının toplanmasını təşkil etdi. O, heç kimi günahlandırmağa tələsmirdi. Xanəndə 1944-cü ildə dünyasını dəyişib və aydındır ki, ön cəbhədən uzaq, amma müharibə şəraitində yaşayan Bakıda həyatdan köçən musiqiçiyə layiq görüldüyü qiymətin verilməsi o zamanlar asan məsələ deyildi. Onun ailəsi, yüzlərlə digərləri kimi sağ qalmaq uğrunda mübarizə aparmalı idi və açığı o zaman çoxları abidə hayında deyildi. 

Gələcək sənədli film rejissoru Cabbar Qaryağdıoğlunun Yasamal qəbiristanlığında dəfn olunduğu günü xatırlayan şahidləri axtarmalı olmuşdu. 1948-ci ildə hazırkı Fəxri xiyabana xüsusi status verilərkən, orada yenidən dəfn ediləcək şəxslərin siyahısına 12 incəsənət xadiminin adı daxil edilib. Cabbar Qaryağdıoğlunun bu siyahıda adının olmasına baxmayaraq, onun məzarını tapmaq mümkün olmayıb. Kəmalə Musazadə on il əvvəl xanəndənin qızı Şəhla xanımın ona göstərdiyi məzarı yaxşı yadında saxlayıb. Lakin onun daha tutarlı şahidlərə ehtiyacı var idi. O, ədalətin bərpa olunmasını düşündüyü üçün mübarizəni davam etdirməkdən usanmırdı. 

Rejissor 80 yaşına çatan və gənc oğlan olarkən Cabbar əminin dəfnində iştirak edən Firudin Ələkbərovu tapıb. Çoxları Cabbar Qaryağdıoğluna əmi deyərdilər, F. Ələkbərov musiqiçinin qəbiristanlıqdakı yerini dəqiq göstərdi. Abidənin qoyulmasından bir gün əvvəl isə o, Mədəniyyət Nazirliyinin əməkdaşları ilə birgə abidənin qoyulacağı yerə baxmağa yollandı və vaxtında çatdıra bildiyi üçün ilahi güclərə şükr etdi: çünki qəbirüstü abidəni adsız məzara qoymağa hazırlaşırmışlar, bu adsız məzar isə musiqiçinin deyildi. Daşın üstündə ərəb əlifbası ilə yazılmış bir neçə sətir var idi və onu oxumaqla digərlərini də inandıra bildi ki, abidə başqa yerdə qoyulmalıdır. 

 

Biganələrdən qorx

Güman etmək olar ki, Prezident İlham Əliyevin xanəndənin xatirəsinin əbədiləşdirilməsi və buna uyğun olaraq musiqiçinin məzarı üstündə üçmetrlik abidənin qoyulmasının dahi Şalyapinin valeh olduğu və "Şərq musiqisinin peyğəmbəri" adlandırılan bu insanın taleyi, yaradıcılıq yolundan son dərəcə məharətlə bəhs edən filmin yaradıcısının da xidmətləri az olmayıb. Kəmalə xanım xanəndənin yenidən dəfn edilməsinə nail olmağa çalışmadı. Xalq şairi Bəxtiyar Vahabzadə qəbirüstü abidənin qoyulması məsələsi müzakirə edilərkən, bildirmişdi ki, Kəmalə xanım hər kişinin görə bilməyəcəyi işi görüb. Rejissorsa dünyanı kişi və qadına bölmür. O, dünyanın biganələrə və ona laqeyd olmayanlara bölür. Rejissorluq, məlum olduğu kimi, təkcə istedad deyil, həm də fiziki yükə dözmək qabiliyyəti tələb edən kişi sənətidir. O, bəzən bu bacarığını kəndli əslinə aid edir - palçıq, soyuq, isti bilmədən, işləmək lazım olduğu yerin insanları... Və o da, güclü külək əssə də, yağış yağsa da, filmə lazım olduğu üçün çəkiliş vaxtı dağın başına da dırmaşar. Kimə isə qadın incəliyindən uzaq görünən, digərlərinə qarşı sərt tələbkarlıq da elə buradan qaynaqlanır. Lakin kino çəkilişi - istehsalat prosesidir. Nəticə əldə etmək üçün bütün əsas hissələrin uyğunluğu mütləqdir. Budur, o da bu cür ciddiliyi ilə heç də həmişə həmkarlarının tərifinə səbəb olmasa da, istəyinə nail olur. Hətta üzünə deməsələr də, o, bilir ki, bəzən arxasınca belə ifadələr səslənir: "Ona bu hamıdan çox lazımdır?" 

Amma yenə də nə üçün o, xanəndənin Fəxri xiyabanda yenidən dəfn edilməsinə çalışmadı? Bəlkə, heç də rejissorluq fəaliyyətinə aid olmayan işlə məşğul olmaqdan yoruldu? Kəmalə xanım bildirməsə də, anladım ki, mənim sözlərim onun xətrinə dəydi. Həmsöhbətim yenidən dəfn etmək üçün dinin tələb etdiyi onlarla şərt haqda danışdı. Sonra bir qədər susub dedi: "Mənə inanacaqsınız?" Bir dəfə xanəndə Cabbarın uyuduğu Yasamal məzarlığına gedərkən, qəbrə yaxınlaşanda hiss edib ki, sanki kimsə arxadan onun çiyninə toxunub. O, geriyə dönüb, lakin heç kimi görməyib. O, bu işarəni ondan dayanmağı xahiş edirlərmiş kimi qəbul edib.

 

İpucular, yoxsa əməyin nəticəsi?!

O, bizim gözəl xanəndələrimiz haqqında filmlər çəkməyə təsadüfən başlamayıb. Uşaqlıqdan muğam dinləməyi o qədər sevərdi ki, səslənən musiqinin ortasında radionu söndürənlərə nifrət edərdi. Taleh ona dahi Qaryağdıoğlunun qızı ilə görüşməyi nəsib edir. Hər şey də bundan başlayır. Hərdən ona elə gəlir ki, bu talenin ona bəxş etdiyi ipuculardır. Lakin o, kişi fəhmi ilə dərk edir ki, Mendeleyev cədvəli yuxusunda ona görə görməyib ki, bu, göylərdən gələn ipucu olub. Əksinə o, bunları uzunmüddətli axtarışların və fikirlərin nəticəsi kimi qəbul edir. O, həmişə muğam, bizim dahi xanəndələrimiz haqqında mümkün qədər çox şey bilmək istəyib. Etiraf edək ki, onun filmlərinə qədər yaxşı təsəvvür edə bilmirsən ki, sənədlərin dili ilə, yəni bir növ məşhur tarixi şəxslərin tamamilə gözlənilməz tərəflərini kəşf etməklə insanları necə heyran qoymaq olar.  

 

Zamanları bağlayan tel

Kəmalə Musazadənin "Salnamə" və "Yaddaş" kinostudiyalarında çəkdiyi sonuncu filmlər "Azərbaycanın milli qəhrəmanları" silsiləsinə daxildir: "Qaratel" - Qazax rayonunda özünümüdafiə batalyonunda döyüşən Qaratel Hacımahmudova haqqında, "Cavanşir" - Qax rayonundan Cavanşir Rəhimov haqqında, "Gültəkin" - Bakıdan olan həkim Gültəkin Əsgərova haqqında. Hal-hazırda rejissor "Şuşalı şəhid" - Şuşa şəhərinin özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərov haqqında sənədli filmin üzərində işlərini yekunlaşdırıb. İlk baxışdan bunlar bir-birindən uzaq mövzular kimi görünsə də, rejissor belə hesab etmir. O, bu filmlərdə birbaşa və məcazi mənalardan tarixin davamını görür. Onun filmlərinin qəhrəmanlarını - Vətənə, musiqiyə, insanlara sevgi birləşdirir. Qarabağ müharibəsinin qəhrəmanları haqda işləri ilə rejissor keçmişi bugünkü gün ilə birləşdirir. O, taleyinə ona görə minnətdardır ki, həyatlarında öz borcunu yerinə yetirməyi hər şeydən üstün tutan bu insanları şəxsən tanımasa da, onları tanıyanların xatirələri vasitəsilə həyatlarına toxunmaq şansı əldə edib. Onun sözlərinə görə, bu insanların rəşadəti bu gün bizə imkan verir ki, bayağılığın bataqlığında ilişib qalmayaq və dünyamızda hökm sürən pislik və yalana baxmayaraq, insanda ən yaxşı olanlara inamı qoruyub saxlayaq. 

O, anlayır ki, müharibə olmasa idi, milli qəhrəman olanlar adi insanlar hesab edilərdilər. Onlar həyatda can atdıqları məqsədlərə nail ola bilmədilər- buna ölüm mane oldu. Lakin məlum oldu ki, onlar yer üzündə ən mühüm borcu yerinə yetirdilər - Vətənlərini düşmənlərdən qorudular. Bəlkə də, onların əsas qismətləri bunda idi. 

Musazadənin film-portretlər əminliklə deyir ki, hər birimizdə əməllərimizi müəyyən edən təməl var. O, bəzən rejissorun qəhrəmanlarının həyatında peyda ola da bilər, olmaya da. Hər şey özümüzdən asılıdır. Bu filmlərin həsr olunduğu insanların həyatı və hünərləri qəhrəmanlıq dövrünün keçmişdə qaldığını hesab edənlərin haqlı olmadıqlarını açıq şəkildə sübut edir. Filmlərinin təqdimatı zamanı rejissor hər zaman bu haqda danışır, çünki bu məsələ onu narahat edir. O, istəyir ki, onun yolu ilə gələnlər, fədakarlığa təmas quraraq, anlasınlar: hər bir kəs düşündüyündən də çoxuna qadirdir.  

"Sən nə isə yaxşı bir şey edirsənsə və bu xeyirli bir işdirsə, onda sən də insanların yaddaşında və deməli, tarixdə qalacaqsan", - deyə o, hesab edir. 

 

Fəth edilməmiş zirvə

Özünəməxsus incəsənət nümunəsi olan muğamın müdrikliyini və gözəlliyini illər keçdikcə dərk edənlərdən fərqli olaraq, Azərbaycan muğamının bir çox pərəstişkarları kimi, Kəmalə uşaqlıqdan ona ehtirasla aşiq idi. Azərbaycanın böyük xanəndələri haqda gözəl sənədli filmlər ərsəyə gətirmiş rejissor, çəkdiklərini muğamı təsviri incəsənətin dili ilə ifadə edəcəyinə ümid bəslədiyi filmə hazırlıq mərhələsi hesab edir. "Muğam Azərbaycan xalçası kimi - bizim böyük sərvətimizdir, xalqı tanıdan dəyərdir, - deyə Kəmalə xanım bildirir. - Onda həm Qarabağ, həm döyüş ruhu, həm də insanların istedadı həkk olunub. Muğamı dinləyərək və anlayaraq, həm özünü, həm də başqalarını dərk edirsən. Muğam - bütöv bir dünyadır. Təsadüfi deyil ki, əsas yeddi muğamın hər biri özündə insanın müxtəlif psixoloji vəziyyətini ehtiva edir. Muğamımız olması xoşbəxtlikdir". O, hələ bilmir: nə vaxtsa arzusunu reallaşdıra biləcəkmi? Bu hissləri kino vasitəsilə ifadə etməyə nail olacaqmı? O, analogiyalar axtarır, anlamağa çalışır ki, niyə heç bir rejissor Markesin "Yüz il tənhalıq" romanının filmini çəkməyə müvəffəq olmayıb? Bəlkə, muğam da belədir? Lakin qarşısına qoyduğu məqsədə çatmaq üçün çalışmağa davam edir. Onun üçün fəth edilməmiş zirvə qalmamalıdır. 



MƏSLƏHƏT GÖR:

699