14 Noyabr 2018

Çərşənbə, 04:47

VALYUTA

YENİ KÖHNƏ PREZİDENT

Nazarbayev Qazaxıstanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirmək niyyətindədir

Müəllif:

05.05.2015

Nursultan Nazarbayev beşinci dəfə Qazaxıstan prezidenti seçilib. Aprelin 26-da keçirilmiş prezident seçkisində dövlət başçısı postu uğrunda 3 namizəd mübarizə aparırdı: hazırkı dövlət başçısı, Kommunist Xalq Partiyasının Mərkəzi Komitəsinin baş katibi Turqun Sızdıkov və Həmkarlar İttifaqları Federasiyasının sədri, ekoloq, sabiq nəqliyyat naziri Abelqazi Kusainov. Lakin rəqibləri Nazarbayev kimi ağır çəkili siyasətçi ilə rəqabət apara bilməyiblər və Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçicilərin 97,75%-i səsini Nazarbayevə verib. Seçkidə seçici fəallığı 95,22% olub (Qazaxıstanda səsvermə hüququna malik əhalinin sayı 9,5 milyon nəfərdir). Bu, digər namizədlərin topladığı səs faizlərinin açıqlanmasına ehtiyac qoymur. Yeri gəlmişkən, Nazarbayev hətta 2011-ci ildə keçirilmiş növbədənkənar seçkidə belə, 95,5% səs yığmışdı. Nursultan Nazarbayev bu günədək uzun siyasi yol qət edib. O, Qazaxıstan SSR Nazirlər Sovetinin sədri, daha sonra Ali Sovetinin rəhbəri vəzifələrində çalışıb, sonradan prezident, Ali Baş Komandan, Xalq Assambleyasının sədri, "Nur Otan" partiyasının rəhbəri və Təhlükəsizlik Şurasının sədri olub. Müasir Qazaxıstanın prezidenti kimi o, artıq 25 ildir ki, fəaliyyətini davam etdirir və haqlı olaraq Nazarbayevi müstəqil Qazaxıstanın memarı adlandırırlar.

Xatırladaq ki, hazırkı seçki növbədənkənar idi. Əvvəlcə o, gələn ilə planlaşdırılırdı. Lakin Qazaxzıstan Xalq Assambleyası növbədənkənar seçkinin təşkili təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs ölkənin siyasi qüvvələri, o cümlədən hakim "Nur Otan" partiyası və şəxsən prezident Nursultan Nazarbayev tərəfindən dəstəkləndi.

Seçkiqabağı kampaniyanın son dərəcə sakit şəraitdə keçdiyini söyləmək mümkündür. Kampaniya çərçivəsində Nazarbayev müntəzəm olaraq ölkənin bölgələrini gəzir, bundan sonra ölkə başçısı kimi hansı işlər görmək niyyətində olduğunu xalqa çatdırırdı.

Nazarbayevin proqram bəyanatlarına, həmçinin inauqurasiyada səsləndirdiyi fikirlərə əsasən, o, qarşısına bir neçə məqsəd qoyub. Bu məqsədlər arasında müxtəlif sahələrdə islahatların aparılması, yeni regional və qlobal reallıqların nəzərə alınması ilə iqtisadiyyatın inkişafı, korrupsiya ilə mübarizə, Qazaxıstana toxuna biləcək beynəlxalq təhlükələrə adekvat reaksiya, mümkün geosiyasi təhlükələrin dəf olunması, sabitliyin bundan sonra da qorunub saxlanılması var. Nazarbayev "Xalq planı" da hazırlayıb və orada dövlət quruculuğu sahəsində atılmalı olan 100 addım əksini tapıb. Bu planda son məqsəd Qazaxıstanın "dünyanın ən qüdrətli ölkələri sırasına daxil olması"-dır.

Bütün bunlar nəzərə alınarsa, növbədənkənar seçki tamamilə məntiqli və haqlı addım təsiri bağışlayır. Bütün sadalanan çağırışlara tam qarşılıq vermək üçün Nazarbayevin legitimliyini təsdiqlətməsinə ehtiyacı var idi. Güman ki, təcrübəli siyasətçi olan Nazarbayev çətinliklərin getdikcə artacağını hiss edirdi. Daha bir mümkün variant - hazırda yaxın gələcəkdə hansı dəyişikliklərin baş verə biləcəyini heç kəs dəqiqliklə söyləyə bilməz. Bu halda heç kəs heç nədən sığortalanmayıb. Əslində bu seçkini Qazaxıstan prezidentinə, onun komandasına və siyasi kursuna ümumxalq inamının referenduma çıxarılması kimi də qiymətləndirmək olar.

Detallara varsaq, növbədənkənar seçki həm də yaxın gələcəkdə son dərəcə qeyri-populyar iqtisadi qərarların qəbuluna yaranmış zərurətlə də bağlı idi. Qazaxıstan müstəqillik qazandıqdan sonra sürətlə inkişaf edib. Lakin dünyada neftin və metalların ucuzlaşması, rublun devalvasiyası, Rusiyada ticarət üçün şəraitin pisləşməsi (iki ölkənin milli valyutalarının qeyri-bərabər devalvasiyası, vahid koordinasiya mexanizmi ilə bağlı qeyri-müəyyənliyin hökm sürməsilə bağlı) inkişaf göstəricilərinin azalmasına səbəb olub. 2014-cü ilin fevralında təngə dəyərini, təxminən 19% itirib və beynəlxalq mütəxəssislərin rəyinə görə, bu göstəricilərin dəyişməsi qaçılmaz olacaq. Yaxın gələcəkdə təngənin 50% civarında növbəti devalvasiyası gözlənilir. Təbii ki, bu, ictimaiyyətdəki ümumi əhvala mənfi təsir göstərir. İnsanlar istehlak mallarının qiymətinin kəskin şəkildə bahalaşacağından narahatdırlar və indi hökumətin əsas vəzifəsi həm xalq, həm də özü üçün mənfi effektlərin minimuma endirilməsidir. Ölkə iqtisadiyyatının müasirləşdirilməsinə, şaxələndirilməsinə ehtiyac var. Əksər proqnozlar göstərir ki, Qazaxıstanın uğur qazanması üçün böyük şansları var. Birincisi, bu, ərazisi böyük (dünyada 9-cu olmaqla yanaşı, materikin daxilində yerləşən ən böyük dövlətdir), zəngin təbii resursları olan bir ölkədir. Ölkənin 17 milyonluq əhalisinin əksəriyyətini gənclər təşkil edir. 2015-ci ildə Qazaxıstanda ÜDM-in artımının 1-1,5% arası olacağı gözlənilir. Hazırkı şəraiti nəzərə aldıqda, bu, heç də pis rəqəm deyil. Rəsmi Astana orta sinfin formalaşdırılması istiqamətində səyləri artırmağı da düşünür (yəni kiçik və orta biznesin, hüquqi mexanizmlərin, şəffaflığın inkişafı). Bundan başqa, Astana sənayeləşməni, xidmətlər və turizm sahəsini də inkişaf etdirmək niyyətindədir. Astanada ölkənin maliyyə mərkəzinin yaradılması prosesinin də sürətləndirilməsi nəzərdə tutulur. Nazarbayev 5 institusional islahat aparılmasını təklif edir. Bu islahatlar dövlət qulluqçularını, məhkəmə və hüquq-mühafizə sistemini də əhatə edəcək.

Siyasi dəyişikliklərə gəlincə, əsas söhbət iyulda 75 yaşı tamam olacaq Nazarbayevin mümkün varisi ətrafında gedir. Bəzi ekspertlərin fikrincə, prezidentin tədricən bu məsələ ilə məşğul olmaq haqda düşündüyü istisna deyil. Amma burada söhbətin konkret siyasi personadan yox, dövlət və vətəndaş institutları səviyyəsində müəyyən bölgüdən, təkrar bölgünün aparılmasından gedir. Bu, güclü prezident hakimiyyətinin olduğu ölkə üçün son dərəcə gözlənilməz məsələdir. Böyük ehtimalla prosesə yerli icra orqanları səviyyəsində başlanılacaq. İstənilən halda, Qazaxıstan vətəndaşlarını prezident seçkisilə müqayisədə daha yüksək rəqabət şəraitində keçəcək parlament seçkisi gözləyir. Məhz parlament seçkisi bu suallara müəyyən qədər aydınlıq gətirə bilər. İlk növbədə, maraqlı olan, əlbəttə ki, bu prosesin mexanizmləridir. Amma hər bir halda, Nazarbayev siyasi proseslərdən qabağa iqtisadi prioritetləri qoyacaq.

Daha bir vacib məqam milli eyniliyin gücləndirilməsi, cəmiyyətdə birliyə nail olunmasıdır. Bununla yanaşı, Astana yalnız dövlət dilinin deyil, rus və ingilis dillərinin də vacibliyini bildirir. Ölkədə həm "Avropa istiqaməti"nin, həm də "Avrasiyalıq"ın vacibliyi vurğulanır və bu, Avropa ilə Asiya arasında yerləşən Qazaxıstanın maraqlarını tam əks etdirir.

Qazaxıstan beynəlxalq arenada özünə müəyyən imic formalaşdıra bilib - o, dinc, aydın məqsədi olan iddialı dövlət kimi tanınır. Astana hər zaman çoxşaxəli siyasətə üstünlük verib və görünən odur ki, bu yoldan imtina etməyi düşünmür. İlk növbədə, Qazaxıstan liderinin hansı addımları ata biləcəyinin əvvəldən bəlli olması hər kəsi qane edir. Qazaxıstanın Mərkəzi Asiyada sabitliyin qarantı olması, bölgənin iqtisadi inkişafının flaqmanına çevrilməsi də bütün tərəflərin ürəyincədir. Astana ilə Moskva arasında, ilk növbədə, Aİİ, MDB, ŞƏT kimi təşkilatlar çərçivəsində güclü əlaqələrin olmasına baxmayaraq, o, regiondakı qonşuları ilə, islam dünyası ilə, həmçinin Aİ, Çin və ABŞ ilə də tərəfdaş münasibətləri, strateji münasibətlər qura bilib.

Qazaxıstanın regional münaqişələrin dinc yolla həllinə yönəlmiş sülhməramlı səyləri də xüsusi diqqətəlayiqdir. Astananın İrəvanın Aİİ-yə qoşulma şərtlərilə bağlı ortaya qoyduğu prinsipial mövqe isə Azərbaycan üçün vacib məqam sayıla bilər. Xatırladaq ki, Astana Ermənistanın yeni yaradılmış quruma yalnız beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində, yəni Azərbaycanın işğal altındakı torpaqları istisna olmaqla qoşula biləcəyini bəyan etmişdi. Qazaxıstan xalqı və hökuməti Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizənin ədalətliliyini yaxşı anlayır.

Bu arada Azərbaycan Prezidenti İlham Əliyev Nursultan Nazarbayevi prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib. "Xalqlarımız arasında dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, bizim birgə səylərimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsi, regionun tərəqqisi naminə bütün sahələrdə hərtərəfli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək", - deyə İlham Əliyev həmkarı ilə telefon söhbəti zamanı bildirib.

Qazaxıstan-Türkiyə münasibətləri də yaxşı inkişaf edir - seçkidən cəmi bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfər etməsi hər iki liderin regional səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi əzmində olduqlarını göstərir. Səfər onların türk inteqrasiyasına böyük əhəmiyyət verdiklərinin də göstəricisi sayıla bilər. Türkiyənin Aİ-yə üzvlüyünün faktiki olaraq qapandığı bir şəraitdə Ankara ŞƏT-ə, yaxud hətta Aİİ-yə qoşulmağın mümkün faydalarını ölçüb-biçir, eyni zamanda Qazaxıstanı Çinlə əlaqələrinin möhkəmləndirilməsi işində aralıq-texniki bənd kimi görür. Türkiyə Qazaxıstan vasitəsilə Çinə, Şərqi və Cənub-Şərqi Asiya ölkələrinə dəniz daşımalarından asılı olmayan birbaşa quru əlaqəsi əldə edir. Qazaxıstan üçün isə Türkiyə vasitəsilə Avropaya, Yaxın Şərqə çıxış vacibdir. Üstəlik, Astananın dənizə çıxışının olmadığı bir şəraitdə bu yolun əhəmiyyəti daha da artır.

İranın yaxın gələcəkdə sanksiyalardan xilas ola biləcəyini və bununla da, güclənəcəyini nəzərə aldıqda, Türkiyə-Qazaxıstan ittifaqının bu baxımdan da maraqlı olduğunu söyləmək mümkündür. Bu münasibətlərin daha bir maraqlı cəhəti enerji əməkdaşlığı ilə bağlıdır. Məhz bu sahədə artıq aparıcı rollardan birini Azərbaycan oynayır.

Əlbəttə ki, Qazaxıstanın əsas qonşuları Rusiya və Çindir. Onun bu ölkələrin hər birilə böyük quru sərhədi var. Rusiya üçün əsas layihə Aİİ-dirsə, Çin özünün "Yeni ipək yolu" ideyasını gerçəkləşdirmək üçün ciddi iş aparır. Pekin artıq Qazaxıstanda infrastrukturun yaradılması işinə girişib - o, bu ölkə ərazisində avtomobil və dəmir yolları tikir. Rusiya ilə Çin arasında Qazaxıstan uğrunda gedən rəqabətə gəlincə, Moskva, şübhəsiz ki, investisiyalar və maliyyə imkanları baxımından Pekinlə rəqabət apara bilməz. Regionun təhlükəsizliyi məsələsində isə Astana üstünlüyü Moskvaya verir. Əfqanıstandan beynəlxalq koalisiya qüvvələrinin çıxarılması, terrorçu qrupların fəaliyyətinin güclənməsilə əlaqədar olaraq, Nazarbayev ölkəsinin təhlükəsizliyi üçün mövcud olan təhdidləri yaxşı anlayır. İstənilən halda, Rusiya, Çin və Aİ ŞƏT-də birgə təmsil olunurlar və bu qurum beynəlxalq faktora çevrilə bilməsə də, regional miqyasda öz işinin öhdəsindən layiqincə gəlir.

Beləliklə, Qazaxıstan son seçkidən sonra gələcəyə çox nikbin baxır. "Yeni-köhnə" prezident bir sıra yeniliklər planlaşdırıb və bu yeniliklər yalnız Qazaxıstana aid deyil. Onların bütün regiona, qonşu ölkələrə də təsiri olacaq. Astana beynəlxalq arenadakı mövcudluğunu da gücləndirmək niyyətindədir. Onun 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq şansları yüksəkdir. Yaxın zamanlarda isə Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına qəbulu ilə bağlı danışıqlar başa çatdırılmalıdır. 2017-ci ildə Astanada beynəlxalq Ekspo-2017 sərgisinin keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ölkənin keçmiş paytaxtı Almatı Pekinlə birlikdə 2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsinə iddialılar arasındadır.



MƏSLƏHƏT GÖR:

363