25 Aprel 2024

Cümə axşamı, 20:40

BASKETBOLÇULARIN "BOY ARTIMI"

"promotion cup"da qələbə qazanan azərbaycanın basketbol üzrə milli komandasını "b" liqasında yeni sınaqlar gözləyir

Müəllif:

15.07.2008

Basketbol üzrə Azərbaycanın milli komandası ardıcıl olaraq ikinci dəfə "Promotion Cup" - başqa sözlə desək, "C" qrupunda Avropa çempionatının seçmə turnirinin qalibi oldu. Edinburqda keçirilmiş yarışa komandamız ötənilki turnirdən tamamilə fərqli heyətlə qatılsa da, bu, yekun nəticəyə təsir göstərmədi.

 

"Quyu"dan çıxa bildilər

Komandanın baş məşqçisi Elxan Əliyev turnirə hazırlıq dövründə millimizin heyət baxımından bəzi problemlərlə üzləşdiyini bildirir. "Milliləşdirdiyimiz David Barbakadze Azərbaycanda deyildi, basketbolumuz üçün çox iş görümüş Tahir Baxşiyev bu yaxınlarda cərrahiyyə əməliyyatından çıxıb və hələ formasından uzaq idi. Bundan başqa, Aleksandr Rındin və iki il əvvəl "Promotion Cup"un Albaniyada keçirilən yarışının ən dəyərli oyunçusu seçilmiş Zaur Paşayev də heyətdə yox idi. Bizim ehtiyat skamyamız o qədər qısa idi ki, liderlərin qatılmadığı turnirə Emil Mirzəyev, Anar Sarıyev, Rüfət Mahmudzadə, Fərid Əmirovu götürməli olduq. Ay yarımdan sonra Rumıniyada keçiriləcək gənclər arasında dünya çempionatında  ölkəmizi məhz bu uşaqlar təmsil edəcək. Start heyətində meydançaya çıxan Amil Həmzəyev üçün də bu ilk "döyüş təcrübəsi" idi. Amma istənilən halda, yeniləşmiş komandanın debütü uğurlu alındı", - deyə baş məşqçi bildirib.

Turnirin finalında Elxan Əliyevin yetirmələri Moldova komandasını 80:78 hesabı ilə məğlub edərək, qrup turnirindəki məğlubiyyətin əvəzini çıxdılar. Ümumilikdə, budəfəki turnirdə də komandamız iki il əvvəlki ssenarini təkrarladı. 2006-cı ildə komandamızın əsas rəqibi olan Albaniya qrup mərhələsində millimizi üstələsə də, finalda Azərbaycan qələbə qazanmışdı.

Bu dəfə ilkin mərhələdə komandamız moldovanlara məğlub oldu, amma finalda revanş alındı. Düzdür, bu qələbə o qədər də asan olmadı: ilk iki hissə rəqibin üstünlüyü ilə keçdi: moldovanlar ilk hissəni 24:17, ikinci hissəni isə 23:20 hesabı ilə üstün bitirdilər. Üçüncü hissədən başlayaraq Azərbaycan yığması tədricən üstünlüyü ələ aldı və bu bölümü 25:22 hesabı ilə qazandı. Hər şey sonuncu hissədə həll olundu və bu dəfə basketbolçularımız moldovanlardan tam üstün oyun göstərərək 18:9 hesabı ilə qalib gəldilər.

Komandamızın heyətində ən yaxşı oyunçu 25 xal toplamış, 8 dəfə topu ələ keçirmiş və 4 dəfə komanda yoldaşlarına ötürmə etmiş Tahir Baxşəliyev oldu. 

"Komandamız oyuna çox pis başladı. Bilmirəm, əhval-ruhiyyə yüksək deyildi, yoxsa rəqibi lazımınca qiymətləndirməmişdilər, amma bəzi basketbolçular çox məsuliyyətsizcəsinə oynayırdılar və buna görə də taym-autlarda onlara bir çox şeyləri başa salmalı oldum. Bu matçda mən veteranlara üstünlük verdim, çünki debütantlar oyuna inamsız başladılar. Və ona görə də matçı çoxdan tanıdığım basketbolçularla bitirdim. Perspektivli Aleksandr Soljenitsin oyuna çox uğurla daxil oldu - onu meydançaya moldovanlar hesab arasındakı fərqi azaltdığı zaman  buraxdım. Aleksandr topu ələ keçirərək komandamıza 4 xal qazandırdı. Ümumiyyətlə, biz finalın gedişində elə bir dərin "quyu"dan çıxdıq ki, oradan çıxmaq çox zaman mümkün olmur. Axı komanda 17 xal geridə idi, amma buna baxmayaraq qələbə qazanmağı bacardı", - deyə baş məşqçi vurğulayır. 

Komandamızın "Promotion Cup"dakı uğurunu yalnız əldə olunan nəticə deyil, oyunçuların nümayiş etdirdikləri fərdi göstəriciləri də göstərir. "Podbor üzrə lider" nominasiyasında ən yaxşı oyunçu adını David Barbakadze qazandı, ən yaxşı assistent isə Fuad Niftalıyev oldu. 

Nəzərə almaq lazımdır ki, komanda zədəli Aleksandr Rındin və Zaur Paşayevsiz oynadı. Buna baxmayaraq, millimiz göstərdi ki, onun gizli rezervləri var və oyunun gedişində üstünlüyü ələ keçirməyi bacarır.

Maraqlıdır ki, qrup mərhələsində komandanın ən yaxşı bombardiri Barbakadze olduğu halda, yarımfinalda bu ada Fuad Niftalıyev, finalda isə Tahir Baxşiyev layiq oldu. Yəni bu basketbolçulardan hər biri ayrı-ayrı mərhələlərdə liderlik missiyasını öz üzərinə götürməyə qadirdir. Amma burada bir nüansı da unutmayaq: Barbakadze komandaya çox gec qoşuldu, çünki hazırlıq zamanı Gürcüstan çempionatı hələ başa çatmamışdı. O, komandaya gələndə, artıq hazırlığın ikinci mərhələsi gedirdi. "Amma Davidin bacarığını, ustalığını nəzərə alaraq mən ondan daim qələbə gözləyirəm. O, çox dəyərli oyun göstərdi, dəfələrlə topu rəqibdən aldı.  David oynamasaydı, finalda qələbə əldə etmək çətin olacaqdı. Eyni sözləri Niftalıyev və Baxşiyev haqda da deyə bilərəm", - deyə E.Əliyev qeyd edib.

 

"Titulu qoruduq!"

Çempionun mükafatlandırılması mərasimi 1782-ci ildə tikilmiş qədim kitabxanada keçirildi. Ziyafətdə isə turnirin ən dəyərli oyunçusu müəyyən edildi və bütün məşqçilər bu ada yekdilliklə Fuad Niftalıyevi layiq gördülər. Özü də qalib komandamız zala digər yığma üzvlərinin alqışları altında daxil oldu.

Beləliklə, komandamız yenə birinci yeri tutaraq, Avropa çempionatının "B" liqasına vəsiqə qazandı. Yəni səviyyə artımı göz qabağındadır. Yığmamız sübut etdi ki, 2 il əvvəl "Promotion Cup"da qələbə qazanmış, 3 il əvvəl isə İslam ölkələri Oyunlarında birinci yeri tutmuş Rimas Kurtinaytis olmadan da qələbələr qazanmağa qadirdir. Belə bir misal var: "Titulu qazanmaq onu qorumaqdan daha asandır". Və 2 il əvvəl bu turnirin qalibi olmuş komandamızın yenidən uğuru təkrarlaması millimizin sabit oyun nümayiş etdirdiyini göstərir. Komandada çoxlu sayda problemin olması, aparıcı oyunçuların zədəsi və digər maneələrə rəğmən onun qalib adını qazanması millimizin tarixində, bəlkə də, ən parlaq səhifə olacaq.

E.Əliyevin özü də bu fikirdədir ki, budəfəki qələbənin əvvəlkilərdən əsas fərqi odur ki bu milliyə əcnəbi rəhbərlik etmir. "İki il əvvəlki turnirə biz uzun müddət hazırlaşmışdıq. "NTD Servis Devon" və "Qala"da, əsasən, legionerlər oynayırdılar. Yəni milliyə çağırılan uşaqlarımız çempionatda həmin legionerlərə qarşı oynayıb, forma yığırdılar. Oyun təcrübəsi sarıdan problem yox idi. Bundan başqa, R.Kurtinaytisin rəhbərliyi dönəmində həm milli komandamızda, həm də "Qala" klubunda Litva kimi basketbol ölkəsinə səfərlər etmək və orada yoldaşlıq oyunları keçirmək imkanı var idi. Təbii ki, bütün bunlar Fuad Niftalıyev, Tahir Baxşiyev, Aleksandr Rındin kimi oyunçularımızın inkişaf etməsinə təkan verdi. Amma məncə, bu cür hazırlıq keçməklə oynamaq daha asan idi. Bu dəfə "Promotion Cup"un qalibi olmaq isə daha çətin idi, çünki bizim nə oyun təcrübəmiz, nə də spparinq-müqabilimiz yox idi", - deyə baş məşqçi vurğulayıb.

Əlbəttə, "B" liqasında komandamızı çox çətin sınaqlar gözləyir. "Hələlik biz cəmi 5-6 oyunçunun hesabına oynayırıq. Amma gənclər arasında Avropa çempionatı bizə çox kömək edəcək. Çünki bu çempionat bizim gənclərimizin nəyə qadir olduğunu və onlardan kimlərə ümid edə biləcəyimizi göstərəcək. Amma istənilən halda, realist olmaq lazımdır. "B" liqası kimi səviyyəli turnirdə iştirak üçün elə komanda hazırlanmalıdır ki, o, meydançaya, sadəcə, iştirak etmək üçün yox, oynamaq üçün çıxsın. Hazırkı heyətlə isə  "B" liqasının oyunlarına hazır deyilik", - deyə baş məşqçi sonda bildirib.


MƏSLƏHƏT GÖR:

511