Müəllif: Kamal BAYRAMOV Bakı
Bakının tarixi məşhur məkanlarla, görməli yerlərlə məhdudlaşmır: Qız qalası, Şirvanşahlar sarayı, qala divarları, qədim milyonçuların məşhur evləri və s. Bəzən adi, ilk baxışdan nəzəri cəlb etməyən küçələr şəhərin tarixi haqda daha çox şeydən xəbər verir. Bəlkə də, paytaxtın əsl simasını məhz onlar formalaşdırır və ümumi mənzərədəki boşluqları məhz onlar doldurur.
Qeyd etmək lazımdır ki, istənilən böyük şəhərin mərkəzi sanki vahid şəklə salınıb, eyni şəkildədir - hər yanda məşhur brendlər, butiklər, dünyaca məşhur qəlyanaltı şəbəkələri. Amma cəmi bir neçə addım kənara atmaqla daha təbii və xoş atmosferə düşmək mümkündür. Bakıda Fəvvarələr meydanı yaxınlığında bu cür yerlər çoxdur. Onlardan biri də məşhur Vidadi küçəsidir. Bu, şəhərin nadir və zəngin tarixə malik gözəl məkanlarından biridir.
Tserkovnaya
Əvvəllər o, "Tserkovnaya" adlanıb. Yalnız 1923-cü ildə bolşeviklər küçənin adını dəyişərək ona məşhur maarifçi şairin (doğrudur, bir dövrdə o, həmin dövr üçün daha "məqbul" sayılacaq Proletarskaya da adlanıb - red.) adını veriblər. Küçənin "Tserkovnaya" adı daşıması isə yalnız Bakının deyil, bütün Azərbaycanın ən qədim rus kilsəsinin - Mixail Arxangel pravoslav kilsəsinin məhz bu küçədə yerləşməsilə (kilsə bu gün də yerindədir) əlaqədar idi. O, 1841-1849-cu illər arasında tikilib və Zərgərpalan (keçmiş Spasskaya) küçəsinin tinində yerləşir.
Bu kilsənin tarixində çox müəmmalı məqamlar var. Ümumiyyətlə, onun burada necə peyda olduğu məlum deyil. Hələ 1906-cı ildə protoierey A.Yuniskinin yazdığı "Bakı quberniyasındakı kilsələrin və prixodların tarixi" kitabında deyilir: "Kilsənin nə vaxt tikildiyi, ona kim tərəfindən xeyir-dua verilməsi haqqında kilsə arxivində heç bir məlumat yoxdur. Məbəddə bir taxt var. O, Müqəddəs Arxistratiq Mixailə ithaf olunub".
İnqilabdan əvvəl kilsə "Donanma kilsəsi" adlanırdı. Bununla əlaqədar olaraq, onun yerləşdiyi küçə və ümumilikdə, rayonu da belə adlandırmışdılar. Məsələ ondadır ki, yaxınlıqdakı mənzillərə kasıb rus dənizçiləri yerləşdirilmişdilər və onlar bu kilsəni ziyarət edirdilər.
Küçə uzun müddət "Tserkovnaya" adlanıb və bir məqam olmasaydı, bu ad çoxdan unudulmuşdu. 1936-cı ildə İttifaqda kütləvi edamların müjdəçisi kimi, dini obyektlərə qarşı dövlət vandalizmi həyata keçirilirdi. Bakıda da bir çox məscid və kilsələr, xüsusilə onların ən böyükləri sökülmüşdü. Bu kilsəni isə sadəcə bağlamışdılar və ondan yataqxana kimi istifadə olunurdu. Kilsə yalnız müharibədən sonra açıldı.
İnqilabdan əvvəlki dövrdə Tserkovnaya küçəsi bugünkündən bir qədər kiçik idi. O, Verxnıy Naqornıy (hazırda Abdulla Şaiq) küçəsindən başlayırdı və Təzə pir adlanan ərazinin bir hissəsindən keçir, "Bolşoy Morskoy" küçəsinədək (SSRİ dövründə Kirov prospekti, hazırda Bülbül küçəsi) uzanırdı.
Bu küçənin tikintisinə lap çoxdan, XIX əsrin 20-ci illərinin sonlarından başlanılmışdı. O, İçərişəhərin Şamaxı qapılarından başlayır və Bazarnı küçəsinə (sonradan Hüsü Hacıyev küçəsi, hazırda Azərbaycan prospekti) tərəf uzanırdı. Burada Şamaxıdan və İsmayıllıdan gələn insanlar ticarətlə məşğul olurdular.
Ümumiyyətlə, "Tserkovnaya" - Vidadi küçəsində hər zaman müxtəlif dinə, sosial statusa malik insanlar yaşayıb və onun memarlıq üslubunun ala-bəzəkliyi, müxtəlifliyi də bunu göstərir.
Vidadi küçəsinin insanları
Vidadi küçəsi 92 ünvanındakı kiçik "italyan həyəti"ndə boksçu Rüfət İsrafilbəyov iki oğlu ilə yaşayıb. Uşaqların adları Rüfət və Emil idi. Ataları lap uşaqlıqdan onlarla məşqçi kimi məşğul olurdu. 1994-cü ildə uşaqlar Amerikanın Baltimor şəhərinə köçüblər və tezliklə ştatın çempionu adını qazanıblar. 2000-ci illərin əvvəllərində qardaşların döyüşlərilə bağlı reportajları bizim telekanallarda da görmək mümkündür. Onlar ABŞ-da "Rüfət Bakı" və "Emil Bakı" adı ilə çıxış edirlər.
Qardaşlardan cəmi bir neçə metr aralıda isə digər boksçu, Azərbaycan boks yığmasının tanınmış məşqçisi Rauf Cabbarov yaşayırdı. O, yerli boksçuların iki nəslinə məşqçilik edib və Cabbarovun yetirmələrinin əksəriyyəti nüfuzlu mükafatlar qazanıblar. Misal kimi, Əli İsmayılovun, Vüqar Ələkbərovun, Rövşən Hüseynovun adlarını çəkmək olar.
Vidadi küçəsindəki 139 saylı gözəl evin ikinci mərtəbəsində Azərbaycanın xalq artisti Anatoli Solomonoviç Falkoviç yaşayıb. O, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru idi. Falkoviç teatrda və bədii filmlərdə uzun illər Dzerjinskini oynayıb (xarici görünüşcə bənzər olduqları üçün). Eyni zamanda o, bir sıra digər rolları da yaradıb. Aktyor Tofiq Tağızadənin "Uzaq sahillərdə", Rasim Ocaqovun "Gəncəbasarlı qisasçı" filmlərində də çəkilib.
Dahi balerina Qəmər Almaszadə də ailə quranadək Vidadi küçəsinin sakini olub. Bu, onun valideynlərinə məxsus 112 saylı son dərəcə sadə bir ev idi. Almaszadə bu evdə anası və xasiyyətcə çox sərt olan atası ilə yaşayıb. Gələcək həyat yoldaşı Əfrasiyab Bədəlbəyli Qəmər Almaszadəni ötürərkən onlar Vidadi küçəsinə çıxmamış dayanardılar və Qəmər Əfrasiyaba deyərdi: "Ya ananızı bizə göndərin, ya da daha məni ötürməyin!" Bəli, o vaxtlar bir-birlərinə müraciət zamanı "siz" demək tələb olunurdu.
Vidadi küçəsindəki 82 saylı mənzildə də məşhur şəxs yaşayıb. Bu, bəstəkar, dirijor, pedaqoq Murad Kajlayev idi. Bakı Konservatoriyasının kompozisiya sinfini bitirən Murad Kajlayev 50-ci illərin sonlarında tarixi vətəni olan Dağıstana yollanıb, orada çoxsaylı dövlət və beynəlxalq mükafatlar qazanıb. Yarım il əvvəl isə Kajlayev Bakıya gələrək doğma şəhərində konsert proqramı ilə çıxış edib.
Vidadi küçəsinin qoxusu da hər zaman özünəməxsus olub. Orada avtomobillərə, demək olar ki, rast gəlinməyib, yeri akasiya ağaclarının çiçəklərinin qar dənəcikləri örtüb. Bu küçəyə daxil olan zaman həmişə ikimərtəbəli evlərin arasında isti yeni çörək ətrinə qarışmış göyərti qoxusu duyulub.
MƏSLƏHƏT GÖR: