29 Mart 2024

Cümə, 14:29

ULDUZLAR SÖNMÜR

Nəriman Nərimanov həmişə xalqın yaddaşında yaşayacaq

Müəllif:

01.05.2008

Nəriman Nərimanov Azərbaycan tarixinə yalnız siyasi xadim kimi deyil, həm də filosof, dramaturq və ilk diplomlu həkimlərdən biri kimi daxil olub. O, 1870-ci ildə Tiflisdə anadan olub. Atası dünyasını tez dəyişib, anası Həlimə xanım uşaqları təkbaşına böyüdüb. Nərimanovun xarakterinin formalaşmasında, tərbiyəsində əmisi  Əlimirzə Nərimanovun böyük rolu olub. 

Əlimirzə Nərimanov bütün həyatını maarifə və müəllimlik sənətinə həsr edib. Uzun müddət Tiflisin, İranın və Bakının tədris müəssisələrində müəllimlik edib. Bir neçə dili mükəmməl bilib. A.Şaiq, M.S.Ordubadi Əlimirzənin evində tez-tez qonaq olurmuşlar. 1985-ci ildə Nərimanov Qori Seminariyasına daxil olur, 1902-ci ildə Novorosiyisk İmperator Tibb Universitetinə daxil olur. Onun təhsil haqqını H.Z.Tağıyev ödəyir. Universiteti bitirdikdən sonra N.Nərimanov Bakıda klinika açır. Hətta həmin zamanlarda da Nərimanov daha çox siyasətə meyil edir, onu "doktor Nərimanov" adlandırırlar. Gənc doktor qısa bir zamanda "ürəyi yumşaq doktor" adını alır. Tibbi xidmətin pulunu ödəməyə imkanı olmayan sadə, yoxsul adamlar onu belə adlandırırmışlar. 

Hər bir insan dünyaya gələn zaman onun üçün müəyyən edilmiş missiyanı yerinə yetirir. Nərimanovun missiyası ondan ibarət idi ki, o, insanlar üçün, öz xalqı üçün yaşayırdı. Nərimanov bu barədə özü də yazmışdı. Bu, Nərimanovun oğlu Nəcəfə yazdığı məktubunda da öz əksini tapıb: "Əziz oğlum Nəcəf. Əgər mənim həyatım barədə araşdırma aparsan, görərsən ki, 1925-ci ilə qədər mən başqaları üçün yaşamışam.  Sonra necə olacaq? Sonra da belə olacaq, mən yalnız cəmiyyətə fayda gətirən işlərdə rahat oluram və ləzzət alıram...".

Nərimanov başqa cür yaşamaq istəməyib və yaşaya bilməyib, halbuki buna imkanı var idi. O, siyasətə karyera və ya hakimiyyət xətrinə gəlməyib.  Uşaqlıqdan o, insanlara hörmət, intizam, elmə həvəs, yaşlılara ehtiram hissləri ilə tərbiyə olunub. Nərimanovların evində çətin anlarda onlara əl uzatmış insanları, həm də yardıma ehtiyacı olan insanları heç zaman unutmayıblar. Onların ailəsində varlıya yoxsula  qarşıda eyni cür davranıblar. Və bu cür mühitdə böyümüş Nərimanov insanları varlıya, yoxsula bölməyib. O, insanlara əməllərinə görə qiymət verib. 

Nəriman Nərimanov haqqında çox yazılıb. Onun şəxsiyyətinə münasibət həmişə birmənalı olmayıb. Sovet illərində Nərimanovu millətçilikdə və sovet əleyhinə olmaqda günahlandırırdılar, 90-cı illərin əvvəllərində isə hətta indiki Qarabağ problemini və xalqımızın bütün bəlalarını onun adına bağlayırdılar. Yalnız hakimiyyətə Heydər Əliyevin dönüşündən sonra Nərimanovun şəxsiyyəti barədə gerçək həqiqətlər xalqa çatdırılıb. Heydər Əliyev öz çıxışlarının birində bildirib: "Nərimanov öz dövrünün qanunlarına və tələblərinə uyğun qərar qəbul etmiş böyük şəxsiyyət və siyasi xadimdir...".

Əmisi qızı Nabat xanım Nərimanova  tez-tez Nəriman Nərimanovun sadə insanlarla görüşündən danışırdı: "O, sadə fəhlələrlə də, ziyalılarla da eyni rahatlıqla danışa bilirdi". Nabat xanım hər dəfə Nərimanovlar ailəsi barədə nəyisə xatırlayanda gözləri yaşla dolurdu: "Onları həyatdan belə tez xəstəlik yox, repressiyalar apardı...". Nabat xanımın özü repressiyalardan canını güclə qurtarmışdı, ona həmin vaxt "Baksovet"də işləyən ana tərəfdən qohumu Qulam Vahabov köməklik etmişdi. 

Nərimanovlar ailəsi ilə azacıq qohumluğu olan hər bir kəs təqiblərə, repressiyaya məruz qalıb. Əmisi oğlanları, bacısı və qardaşı uşaqları sürgünə göndərilib. Bütöv bir nəsil öz yurdundan aralanmışdı, bütöv bir nəslin uşaqları sürgündə doğulmuşdu. Sürgündən qayıdandan sonra da Nərimanovun qohumlarına Bakıda yaşamaq qadağan edilmişdi. "Nərimanov" soyadlı sənədləri təqdim edən insanlar ciddi problemlərlə üzləşirdilər. Nabat Nərimanova, Məsmə Nərimanova və Badam Nərimanovanı dəfələrlə müvafiq idarələrə çağıraraq, soyadlarından imtina etməyi təklif ediblər. Evdə keçmişi xatırlamaqdan, keçmişdən danışmaqdan ehtiyat ediblər. Xeyli sənədlər, fotoşəkillər, valideynləri üçün əziz olan  çox şey məhv edilib, ürəyə doğma olan xatirələr yaddaşdan silinib. 1957-ci ildə Nərimanovlar bəraət alıblar. Hətta bundan sonra da evdə keçmişi xatırlamaqdan qaçıblar, Nərimanovun xatirəsi ilə bağlı nəyisə yada salmaq ölümə bərabər olub. Hətta 60-cı illərin əvvəlində belə, ali məktəbə daxil olarkən bu ailə ilə əlaqə barədə susmağa üstünlük veriblər. 

Çoxsaylı arixv sənədləri, tarixçilərin Nərimanova həsr etdikləri işlər onun öz xalqına sadiqliyindən xəbər verir. 1920-ci ildə Mərkəzi Komitənin yollayışı ilə Nərimanovu Bakıya göndəriblər. Azərbaycan onda ağır siyasi və iqtisadi vəziyyətdə olub. Həmin vaxt Kreml hakimiyyətində "böyük Ermənistan" ideyası xatirinə nəyin hesabına olur-olsun Azərbaycanda idarəetməni ələ keçirmək istəyən adamlar otururmuş.  Onlara yalnız torpaq deyil, həm də tarixən bizim ölkənin taleyində həlledici rol oynamış neft də lazım idi. Və yalnız müdrik siyasət və diplomatiya "qara qızıl"ı xalqın rifahı üçün işlətməyə yardım edib. Həm sovet illərində, həm də imperiya Rusiyası dövründə Bakı nəzarətdən kənara qoyulmayan "qızıl damar" rolunu  oynayıb. Nərimanov dəfələrlə neft gəlirlərinin bir hissəsinin respublikanın ehtiyaclarına ayrılması barədə məsələ qaldırıb və nəhayət, 1924-cü ildə Lenindən müsbət cavab ala bilib. 

1920-ci illərdə bolşeviklərin planına Azərbaycanda vəziyyəti tam nəzarətə götürməklə ölkənin sovetləşdirilməsi daxil idi. Kremlə cavab məktubunda Nərimanov yazırdı: "Düşünürəm ki, bu məsələni Gürcüstanın və Ermənistanın Rusiyaya birləşməsinə qədər açıq saxlamaq olar, sonra isə baxarıq...". Nərimanov bilirdi ki, Rusiyadakı aclıq və səfalət şəraitində Azərbaycanın müstəqillik əldə etmək və öz resursları hesabına söz demək imkanı var. Nərimanov siyasi, iqtisadi və mədəni inkişafda öz ölkəsinin müstəqil olmasını istəyirdi və buna çalışırdı. Bolşeviklərə tam tabe olmaq ölkə üçün yalnız siyasi mənada məhv anlamında deyildi, həm də Azərbaycanın ənənələrinin və qədim tarixinin yox olması təhlükəsi yaranmışdı. Həmin vaxt aydın idi ki, Sovetlər Azərbaycana azad, müstəqil respublika kimi inkişaf etmək imkanı verməyəcək. Belə olan durumda qan tökülməsinin qarşısını almaq və xalqın gerçək dəyərlərinin qorunması üçün incə diplomatiyaya ehtiyac var idi. 

Nərimanov Leninə məktubunda yazırdı: "Hörmətli Vladimir İliç! Xalqın  hissləri və dəyərləri ilə oynamaq olmaz. Bakının yalnız rus fəhlələrindən ibarət şəhər olduğunu düşünmək düzgün deyil. Bakının böyük hissəsi müsəlman fəhlələrdən ibarətdir...". Nərimanov tez-tez məscidlərdə və  mədrəsələrdə zəhmətkeşlərlə görüşürdü, həm ruhanilərin, həm də sadə camaatın arasında böyük hörmətə malik idi. 1920-ci ildə Nərimanov Mərkəzi Komitə tərəfindən məscidlərin və islam mədəniyyətinə aid başqa tikililərin "memarlıq abidəsi" kimi qorunması barədə qərar çıxarılmasına nail olur. Sadə insanlar üçün bu çox şey demək idi. 

Ancaq bununla yanaşı gələcək inkişaf üçün həm də din və ruhani təhsil məsələsində mövhumatdan və savadzlıqdan yaxa qurtarmaq gərək idi.  Məhz xalqın kütləvi savadsızlığı, sadəlövhlüyü və biliyinin məhdudluğu həm inkişafa, həm də dəyərlərin qorunmasına mane olurdu. Uşaqlar öz tarixlərini, öz bəstəkarlarını və şairlərini tanımırdılar. Nərimanov başa düşürdü ki, bu, Azərbaycanı dünyada öz sözünü deməyi bacaran mədəni dövlət kimi görmək istəməyənlərin xeyrinədir. Təbii ki, bütün bunlar Kremlin xoşuna gəlmirdi. Orconikidze, Stalin, Mikoyan və başqaları düşünürdülər ki, Nərimanov onların maraqlarını qoruyacaq və respublikanın bu problemli və həyati vacib daxili məsələlərinə qarışmayacaq. 

Kütləvi informasiya vasitələrində dəfələrlə Nərimanovu siyasi dargörüşlülükdə ittiham ediblər. Bu cür yanlış fikir həmin qarışıq illərin tarixi ilə, Nərimanovun həyatı ilə tanış olmayan insanda formalaşa bilər. Sovet illərində Nərimanovun adını, hətta ucadan çəkmək də təhlükəli idi. Nərimanovlar ailəsində hər dəfə qapı döyüləndə səksəkəyə düşürmüşlər. Nərimanovlar ailəsinin üzvlərinə soyadlarını dəyişmək, Nərimanovu "sovet əleyhinə təbliğat aparan millətçi" kimi "ifşa edən" çıxışlar etmək təklif edilirdi. Bütün bu faktlar sadəcə kitablardan məlum deyil, deyilənə görə, Nərimanovun adından, hətta onun ölümündən sonra da qorxurmuşlar. Bunun kökündə Nərimanovun müstəqil və vətənpərvər mövqeyi, onun ermənilərə rəğbətlə yanaşan, Azərbaycan və sərvətləri üzərində nəzarət məsələsində erməniləri öz müttəfiqi sayan Kreml rəhbərliyi ilə gizli münaqişəsi dururdu. 

Nərimanov 1918-ci ilin Mart hadisələrini xatırlayır: "Evimə silahlı daşnak bandası hücum etmişdi. Mən qaçdım, qardaşımı həbsxanaya apardılar. Bir saat sonra Şaumyan məni xilas etdi...". Nərimanov bu hadisəini öz xatirələrində təsadüfən təsvir etməyib. Ona tam əmin idi ki, Şaumyan tərəfindən təşkil edilmiş bu münaqişə vəziyyəti Bakıda bir sıra terror hücumları təşkil etmək istəyən ermənilərin xeyrinə dəyişmək məqsədi daşıyıb. Ermənilərin məqsədi yalnız Azərbaycan torpaqlarını tutmaq deyil, hər şeydən əvvəl Bakını və onun neft yataqlarını ələ keçirmək idi.  Mirzoyan Orconikidzeyə məktubunda yazırdı: "Bizə sənin razılığın lazımdır ki, Nərimanov yox olsun...". Orconikidzenin cavabı isə "Hərəkət elə!" olub. Ermənilər Nərimanovu öz siyasi oyunları üçün lazım olan planları həyata keçirməyə mane olan fiqur sayırdılar. Bütün tarixi sənədlər, faktlar bir daha göstərir ki, Nərimanov həmin çətin dönəmlərdə Azərbaycanın xilası olub. 

1921-ci ildə Mərkəzi Komitədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi  məsələsi qoyulur. Nərimanovun Stalinlə və Orcenikidze ilə söhbətinin əks olunduğu gerçək sənədlər var. Orada Nərimanov ultimativ şəkildə danışır: "Mən Qarabağın ermənilərə qalmasına imkan vermərəm. Bu gün mən Qarabağı qaytarmalıyam və ya bu məsələnin həllini özüm tapacağam". Daha son-ra Nərimanovun Leninlə telefon söhbəti olub. Deyilənə görə, Nərimanov bildirib ki, Qarabağ Ermənistana birləşdirilərsə, Bakı Rusi-yaya neft göndərməyi dayandıracaq. RK(b)P-nin Qafqaz bürosunun iclasında "mərkəzi Şuşa olmaqla Dağlıq Qarabağı Azərbaycan SSR-in tərkibində saxlamaq" qərara alınıb.  

1920-ci ilin aprel ayında Nərimanov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamala məktub yollayıb və Türkiyə xalqını daşnak terrorçu qrupları ilə mübarizədə ruhlandırıb. Həştərxanda sürgündə olarkən Nərimanov tez-tez Türkiyə ziyalıları ilə görüşüb, onların tədbirlərində iştirak edib. Onların prinsipləri və dünyagörüşü Nərimanova tanış və çox sahələrdə yaxın olub. Nərimanov yazırdı: "Türkiyə bütün Şərqin azadlığına çalışırsa, Rusiya ilə sülh bağlamaldır". Azərbaycanın bütövlüyünün qorunması üçün müttəfiq lazım idi və həmin müttəfiq Türkiyə ola bilərdi. Nərimanovun ideyaları Mustafa Kamal tərəfindən dəstəkləndi, çünki o da öz ölkəsinin maraqları xatirinə Rusiya ilə sülh tərəfdarı idi. 

Razılaşmaq gərəkdir ki, bütün vaxtlarda Rusiya ilə müharibə etmək Azərbaycan üçün utopiya olub. Kremldə həmin illərdə hakimiyyətdə erməniləri dəstəkləyən siyasətçilər olub. Onları öz maraqlarını gizlətməyiblər və maksimum şəkildə Nərimanovun Bakıya fayda gətirəcək istənilən müdaxiləsinin qarşısını almağa çalışıblar. Onlar ən çox Türkiyə ilə ittifaq məsələsindən qorxublar. 1922-ci ildə Nərimanovun göstərişi ilə Türkiyəyə 9 ton kerosin və 350 ton benzin göndərilir. Nərimanov öz xatirələrində yazırdı: "Türkiyə Avropanın diktaturası altında inlədiyi keçmişi ilə vidalaşmalıdır. Bu dövlətin öz kökləri var və dirçəlməlidir. Bizim xilasımız da bundadır". 

Nərimanov Azərbaycanı azad, mədəni müsəlman dövləti kimi görmək istəyirdi. Həmin dövrdə öz dirçəlişini yaşayan Türkiyə xalqını irəli aparan lideri ilə birgə bütün müsəlman dünyasına örnək idi. Mustafa Kamal xatirələrində yazırdı: "Azərbaycan xalq dövlətidir. Son illərdə Azərbaycan başqa xalqlar üçün örnəyə çevrilir. Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq onu xalqların və bütün dövlətlərin dialoq mərkəzi saymaq olar". Türkiyə lideri həmin sözləri Azərbaycan üçün mürəkkəb olan dönəmdə yazmışdı. Onda Nərimanov bütün qüvvəsi ilə ölkəni yalnız qanlı qırğından deyil, həm də ziyalıların məhvindən xilas etməyə çalışırdı. Çünki heç bir mədəni ölkənin gələcəyini ziyalılarsız formalaşdırmaq mümkün deyil. 

"Əzizim Nəcəf! Əgər mənim yaşamağıma imkan olacaqsa, səni elə tərbiyə etməyə çalışacağam ki, insanlıq üçün daha böyük işlər görəsən. Əgər alnıma ölüm yazılıbsa, ümid edirəm ki, sən də insanlar üçün atanın göstərdiyi azacıq xidmət boyda iş görə biləcəksən". Bu sözlər Nərimanovun oğluna yazdığı son məktubundandır. Öz missiyasının ağırlığına baxmayaraq, Nərimanov inanırdı ki, onun oğlu həyatını insanlara həsr edəcək. Eqoizm, hakimiyyət hərisliyi və şöhrət bu insana yad olub. 

1920-ci ildə antisovet fəaliyyətə görə 99 adama güllələnmə kəsilibmiş. Onların arasında Üzeyir Hacıbəyov, generallar Mehmandarov,  Şıxlinski və başqalarının da adı olub. Nərimanovun təkidi ilə Üze-yir Hacıbəyov uzun müddətə İrana gedir. Generallar Mehmandarov və Şıxlinski ilə Nərimanovun söhbəti olub: "Çar ordusunun generalları olmusunuz, sovet ordusuna da xidmət edin". Bununla da yalnız insan həyatlarını deyil, həm də ziyalıların qaymağını xilas etmək mümkün oldu. Nərimanov Gəncədə Firudin Köçərlinin güllələnməsini çox gec bilmişdi və həyatının sonuna kimi bunu özünə bağışlaya bilməmişdi. 

Üzeyir Hacıbəyov 1949-cu ildə Mircəfər Bağırova yazırdı: "Məni və mənim əsərlərimi 1924-cü ildən xalqın gözündə qaralamağa çalışırlar, ancaq mənim taleyimdə məni xatırlayan və qiymətləndirən insanlar böyük rol oynayıblar. Belə adamlardan biri də Nərimanov idi". 

"Qızıl ordu"nun Bakıya gəlişindən sonra Bakıda da Rusiyada olduğu kimi, milyonçuların evləri talan edilməli, ev yiyələri isə ailələri ilə birgə güllələnməli idi. Ancaq Nərimanovun səyləri nəticəsində  Bakıda bunlar baş vermədi.  

"Hacı, sizin bütün əmlakınız milliləşdiriləcək. Yaxşı olardı ki, siz Mərdəkandakı bağ evinizə köçəsiniz. Hakimiyyət dəyişib, ancaq nə qədər ki mən sağam, sizə heç kim toxuna bilməz". Beləliklə, Azərbaycan mədəniyyətinə və təhsilinə yetərincə sərmayə qoymuş Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev xilas edilib. Sara xanım Tağıyeva və Nabat xanım Nərimanova rəfiqə idilər. Daha sonra Nabat xanım  rus və fransız dillərinin müəllimi kimi Tağıyevlərin evlərinə gedərmiş. Sara xanım bütün həyatını İçərişəhərdə adi insani şəraitdən məhrum olan bir yarızirzəmi otaqda keçirib. Atam xatırlayır ki, Nabat xanım tez-tez H.Z.Tağıyevin ona bağışladığı fotoşəklə baxaraq ağlayırmış, Tağıyevlər ailəsi barədə isə heç vaxt danışmırmış, o vaxtlar bu, həddindən artıq təhlükəli imiş. 

Nərimanov tarixi mədəniyyət abidələrinin bərpa edilməsinə böyük diqqət yetirirmiş. 1921-ci ildə onun təşəbbüsü ilə Bakıda böyük Sabirə heykəl qoyublar.  Heykəlin qoyulduğu yerin - Qoşa Qala qapısının öz tarixçəsi var idi. Nə zamansa burada Hüseynqulu xan tərəfindən başı kəsilmiş çar generalı Sisianovun heykəli varmış. Nərimanov Sabirə heykəl qoymaq üçün bu yeri təsadüfən seçməmişdi, şəhərin mərkəzi və qala qapısının ağzı idi. Nərimanovu "millətçilikdə, sovet əleyhinə prinsiplərin təbliğatında" günahlandırmağa başladılar. Hətta heykəlin Sabirə qoyulmasına da fikir vermədilər. 

"Sabir xalqın çox sevdiyi peyğəmbər kimi şairdir, Rusiya proletar ədəbiyyatında Sabirə bənzər birini tapa bilməzsiniz". Bu sətirlər  Nərimanovun Sabirə heykəl qoymağı "ağılsız" məşğuliyyət sayan adamlara ünvanladığı məqaləsində yer alıb. Nərimanovun hesabına Azərbaycan öz tarixi, mədəniyyəti olan dövlət statusu qazandı və bu, Mikoyan, Orconikidze, Kirov və Stalinin şəxsində təmsil olunan hakimiyyəti çox qorxuya saldı. 

1922-ci ildə Nərimanov Mərkəzi Komitəyə məktub yazaraq Azərbaycandakı vəziyyətə açıq qiymət verir, "müsəlman Şərqinə qarşı" təxribat fəaliyyəti ilə məşğul olanların adlarını açıq bildirir.  Sırasına M.S.Ordubadinin də qatıldığı komissiya yaradılır. Daha sonra Ordubadi öz xatirələrində yazırdı:  "Bu, Nərimanov üzərində məhkəmə idi". Nərimanovun öz xalqı qarşısında xidmətləri "partiyanın ümidlərini doğrultmamaq" kimi qiymətləndirilib. 

"Bahadır və Sona", "Nadir şah", "Nadanlıq" kimi əsərlər hələ Nərimanovun sağlığında böyük uğur qazanmışdı, onun əsərlərinin tamaşasına çox sayda adam gəlirdi. O, Azərbaycan xalqının gerçək kimliyini, mərhəmətini və təmiz qəlbini əks etdirən çox sayda hekayənin müəllifidir. Həmin əsərlərdə xalq əziyyət çəksə də, həmişə qələbə çalır.

"Nadir şah" əsərində Nərimanov tarixi faktlara və sənədlərə üz tutaraq, yalnız Azərbaycan mədəniyyətinin böyüklüyünü təsvir etməklə kifayətlənmir, həm də İslam dünyasının ənənə və xüsusiyyətlərini əks etdirir.  Nərimanov, şəksiz ki, öz məntiqi və düşüncəsi ilə zəmanəsini xeyli qabaqlamış fenomenal şəxsiyyət olub. Onun əsərləri həmin dövrün aktual problemlərinə toxunurdu və həmin problemlər bu gün də öz önəmini itirməyib. 

Nərimanov Azərbaycan dilinin qorunması üçün çox böyük səylər göstərib. Hələ çar Rusiyası dövründə "Azərbaycan dili" anlayışı qadağan edilmişdi. Seminariyanı bitirdikdən sonra diplomlu pedaqoqlar, o cümlədən Nərimanov da "tatar" dili müəllimləri adlandırılırdılar. Qori Seminariyasını bitirdikdən sonra o, uzun müddət Borçalı qəzasının Qızılhacılı kəndində müəllim işləyib. Nərimanov uzaq-görən siyasətçi olub və dərin kökləri olan bir dilə bu cür yanaşmanın mahiyyətini yaxşı anlayırdı. Bu yalnız dilin itirilməsi deyil, həm də ənənələrin və etnosun tam unudulması demək idi. 

1906-cı ilin avqust ayında Nəriman Nərimanov və Həsən bəy Zərdabinin təşəbbüsü ilə Birinci Müəllimlər Qurultayı keçirilib. Orada aşağıdakı qərarlar qəbul edilib: 

- təhsil müəssisələrində Azərbaycan dili məcburi tədris edilməlidir; 

- Azərbaycan dili müəllimlərinin işə götürülməsi rus bölməsinin müəllimlərinin işə götürülməsi prinsipləri əsasında gerçəkləşdirilməlidir; 

- bütün müəllimlərin eyni hüquq və öhdəlikləri olmalıdır;

- işdən azad olunma yalnız məsələyə ictimaiyyət tərəfindən baxıldıqdan sonra mümkündür. 

Gələcəkdə bunlar nəinki Azərbaycan dilinin statusunun möhkəmləndirilməsinə, həm də yoxsulların təhsil almasına da imkan verdi. Nərimanov, Zərdabi və Hacıbəyovun təşəbbüsu, H.Z.Tağıyevin maliyyə yardımı ilə ana dilində tədris verən və yoxsul ailələrin uşaqlarının da oxuya biləcəyi gimnaziyalar açıldı. Öz xatirələrində Nərimanov Tağıyevi "yüksək ziyalı" insan adlandırmışdı, ancaq Tağıyevin yaxşı məktəb təhsili görmədiyi bəlli idi. H.Z.Tağıyev öz millətinin təhsilinin inkişafına əvəzsiz yardım göstərib və buna görə də tarixə mədəniyyəti, maarifi və təhsili qiymətləndirən böyük xeyriyyəçi kimi daxil olub. Yalnız müdrik adam öz xalqının gələcəyinə bu cür yanaşa bilərdi. 

Nərimanov ailə quranda yaşı qırxa yaxın olub. Təəssüflər olsun ki, o, uzun və xoşbəxt ailə həyatı yaşaya bilmədi. O, dünyasını dəyişəndə oğlu Nəcəfin 6 yaşı vardı. Vaxtsız əcəl Nəriman Nərimanovu 1925-ci il martın 19-da Kremldən evə gedərkən yaxalayıb. İndi onun ölümünün səbəbləri barədə dəqiq bir şey demək mümkün deyil. Ancaq Nərimanovlar ailəsində bu ölümə münasibət həmişə birmənalı olub. Onun dünyadan vaxtsız getməsini Kremlin siyasi "gedişi" kimi dəyərləndiriblər. Dəfnin tələsik təşkil edilməsi, daha sonra onun ailəsinə, xüsusilə də xanımı Gülsümə mənfi münasibət bunu düşünməyə imkan verirdi. 

Oğlu Nəcəf Nərimanov 1938-ci ildə "qızıl ordu" sıralarına çağırılıb, 1940-cı ildə Kiyevdə hərbi məktəb bitirib. 1942-ci ildə cəbhəyə gedib və Stalinqrad döyüşündə və Donbasın azad edilməsində iştirak edib. "İgidliyə görə" medalı ilə təltif olunub. Tank diviziyasının komandiri, 24 yaşlı Nəcəf Nərimanov Volnovaxi şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub. Nəriman Nərimanov qısa yaşayıb, ancaq atasının vəsiyyət etdiyi kimi parlaq ömür sürüb və şərəflə ölüb. 

İclasların birində Mikoyan Nərimanovu millətçilikdə günahlandırıb. Nərimanov isə cavabında bildirib: "Əli günahsız uşaqların və müsəlman qadınların qanına batmış, indiyə kimi də daşnak şinelini soyunmamış bir adamdan belə bir söz eşitmək təəccüblü deyil". Bu həm də "Görəsən, Nərimanov ölümündən sonra belə, kimə mane olurdu?" sualına cavabdır.  

Nərimanov xalqa yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra  qaytarıldı.  1972-ci ildə Bakıda Nərimanovun abidəsi açıldı, həmin ildə onun haqqında kitablar çap olunmağa başlandı. "Mosfilm" kinostudiyasında Nərimanov haqqında film çəkilməyə başlandı və film ekranlarda "Ulduzlar sönmür" adı altında peyda oldu. Qeyd edək ki, filmin ilk adı "Doktor Nərimanov" idi, lakin həmin illərin senzurası filmi belə "həddən şəxsi" ad ilə qəbul etmədi. Nərimanovun ölümündən sonra onun həyatı və işi barədə Bakıda heç nə söylənilmirdi. Yalnız yetmişinci illərin əvvəllərində Heydər Əliyev Nərimanovun adını bərpa etdi. Həmin illərdə bu, cürətli siyasi addım idi. Abidənin açılışından sonra Moskvada nəşr edilən "Literatura i iskusstvo" qəzetində heykəlin şəkli çap edilmiş məqalə dərc edilmişdi və kəskin tənqidə səbəb olmuşdu: "Nərimanovun heykəlinin Kirovun heykəlindən yüksək olmasına yol verilə bilməz". 

Nərimanov Kreml divarlarında dəfn edilib. Bu əzəmətli abidə Nəriman Nərimanovun xatirəsini yad edən minlərlə insanın ziyarət yerinə çevrilib. "Biz ölürük ki, əbədi olaraq geriyə dönək", - Nərimanov bu sözləri tez-tez deyirmiş və bu sözlər çin oldu. İnsanlar üçün yaşayan Nərimanov dünyadan getdi, ancaq öz xalqının yaddaşında əbədi olaraq qaldı. 



MƏSLƏHƏT GÖR:

545