18 Aprel 2024

Cümə axşamı, 22:59

AVRASİYADA YEGANƏ

Alim tofiq qarayevin bakıdakı özəl malakofauna muzeyində 2 mindən artıq nadir eksponat saxlanılır

Müəllif:

01.10.2007

AzƏrbaycanda bütün həyatını öz ideyasının maddi təcəssümünə həsr edən bir insan var. Uşaqlıqda bu, qeyri-şüuri şəkildə olsa da, sonradan mollyusk çanaqlarının toplanması, tədqiqi və yenilərinin kəşfi onun həyatının məqsədinə çevrildi. Tofiq Qarayev qeyri-adi şəxsiyyətdir. İnsan özü üçün hobbi ilə məşğul olanda məsələ bir cür, digər insanlarla bölüşmək, bununla da, bəlkə də, öz ölkəsinin tarixi, mədəniyyəti və elmini zənginləşdirmək istəyəndə isə tamamilə başqa cürdür. Məhz bu səbəbdən T.Qarayev 1989-cu ildə Bakıda dünya malakofaunasının "Rinay" muzeyini açmaq qərarına gəlir. Beynəlxalq reyestrə daxil olan bu muzey Azərbaycanda ilk rəsmi özəl muzey və Avrasiyada öz profilinə görə yeganə muzeydir. Xeyr, məsələ heç də şöhrət axtarışlarında deyil. 2 mindən artıq eksponatı 50-60 kv.m sahədə yerləşdirmək, təkrarsız kolleksiyanı daim zənginləşdirmək və ona qulluq etmək o qədər də sadə iş deyil. Məsələ tükənmək bilməyən enerjidə, bu sərvəti gələcək nəsillər üçün qoruyub-saxlamaq və öz ölkəsini beynəlxalq səviyyədə layiqincə təmsil etməklə bağlı möhtəşəm istəkdədir. Axı Azərbaycandakı malakofauna muzeyinin dünyada analoqu yoxdur. Bunu Beynəlxalq Muzeylər İttifaqı da təsdiq edib. Bu yaxınlarda onun Azərbaycan Milli Komitəsi dünyanın və Azərbaycanın milli sərvətinin qorunması və təbliğinə görə T.Qarayevi fəxri fərmanla təltif edib.

 

"Alıram..."

"Vətənimi daha az sevsəydim, yəqin ki, bu kolleksiyanı çoxdan satardım.  Əziyyəti çoxdur, yer isə azdır və kömək umacağım yer də yoxdur", - deyə Tofiq Qarayev etiraf edir. "Səmimi deyirəm - istəyən çoxdur. Bunlar, əsasən, əcnəbilərdir. Üstəlik, mənə məlum olub ki, mənim kolleksiyamı başqa dövlətlərin vətəndaşları olan üçüncü şəxslər vasitəsilə ermənilər almaq arzusundadır, çünki burada Azərbaycan ərazisində tapılan və yaşı 1-3 mln il olan balıqqulağılar var. Əllərində "əşyayi-dəlillər" olanda tarixi faktları təhrif etməkdə mahir olan ermənilər üçün bunun necə önəmli bir vasitəyə çevrilə biləcəyini təsəvvür edin". 

Həqiqətən, belə bir sərvətə malik olan Azərbaycan ondan yararlanmağı bacarmalıdır və müvafiq hakimiyyət orqanları bu sərvətin qorunub saxlanmasında alimə, heç olmasa, azacıq yardımçı olmağa sadəcə borcludur. Muzey Bakının mərkəzindən kifayət qədər aralı yerləşsə və xarici görünüşünə görə öz statusuna tamamilə uyğun olmasa da, bura xeyli ziyarətçi gəlir. Bunlar, əsasən, muzey haqqında dünyanın özəl muzeylərinin xüsusi sorğu kitabından xəbər tutan və 20-30 nəfərlik qrupla qəfildən təşrif gətirən xaricilər, "natura ilə" işləmək arzusunda olan tələbə-geoloqlar, məktəblilər, paleontoloqlar, neft şirkətlərinin təmsilçiləri, ekoloqlar, məşhur kolleksiyaçılardır. Bəzən yerli muzey əməkdaşları da yolunu bura salırlar. Muzey sahibinin heç bir maddi marağı yoxdur - muzeyə giriş pulsuzdur.  

Muzeydə isə mollyuskaların 86 ailəsinin və onların çoxsaylı növlərinin çanaqlarından ibarət, həqiqətən, unikal bir kolleksiya saxlanılır. Müxtəlif paleodənizlərdə yaşamış qazıntı halında tapılan çanaqlara gəldikdə, onların bəziləri dəyişdirmək yolu ilə Avstriya, Kanada, Argentina, İspaniya, Almaniya, Türkiyə və s. ölkələrin milli universitet paleontologiya muzeylərinə göndərilib. Maraqlıdır ki, T.Qarayevin xarici kolleksiyaçılarla öz "alveri" var - onlar öz ölkələrindən onun üçün balıqqulağı və çanaqlar gətirirlər, T.Qarayev isə onlara Xəzər balıqqulağı və çanaqlarını verir. Bu yolla kolleksiya daim zənginləşir.  

T.Qarayev adi kolleksiyaçı-həvəskar yox, bu profil üzrə peşəkar mütəxəssisdir - geologiya-mineralogiya elmləri namizədi, təbiyyət elmləri professoru fəxri sertifikatın sahibi, ömrünün 40 ilindən çoxunu elmi fəaliyyətə həsr edən insandır. O, geoloji praktikada Azərbaycanın yuxarı kaynozoy çöküntülərinin parçalanmasının geloji-maqnitobiostratiqrafik sxemini xırdalıqlarına qədər işləyib hazırlayan ilk alimdir. Başqa maraqları da var. Tələbəlik illərində estrada ansamblının solisti və rəhbəri olub, dəfələrlə respublika gənclər festivallarında birinci dərəcəli laureat adını qazanıb, 1976-cı ildə isə Ümumittifaq Akademiyasında atletika sahəsində çempionluğu və böyük qızıl medalı qazanıb. Bundan başqa, 1996-cı ildən indiyə qədər Respublika Atletika Manejində hər il gənclərin SSRİ eks-rekordçusu, beynəlxalq dərəcəli hakim professor Tofiq Qarayevin mükafatları uğrunda ənənəvi turnir keçirilir. Hazrda o, Azərbaycan Atletika Federasiyasının birinci vitse-prezidentidir. 

Lakin T.Qarayev molyuskaların çanaqlarının toplanmasını özünün əsas hobbisi sayır və tam ciddiliyilə bəyan edir ki, "yeməyi, içməyi unudaraq, muzeyə gəlib, öz kolleksiyası ilə məşğul ola bilər".

 

"Qanun" və "nailiyyətlər"

T.Qarayevin öz kəşflərinin də təqdim olunduğu kolleksiyası müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilib. 1984-cü ildə T.Qarayev SSRİ XTNS medalına layiq görülüb. Qafqaz bölgəsinin yeganə təmsilçisi olduğu 6 iri beynəlxalq simpoziumun iştirakçısı olub. Hazırda Özəl Muzeylərin Beynəlxalq Assosiasiyasının həqiqi üzvüdür. Qarayevin kəşflərindən biri onun muzeyi kimi, "Rinay" adlanır: "İkilaylı molyuskaların yeni növlərini kəşf etdim və onlara  "qanun" və "nailiyyət" sözlərindən yaranan Riadica və Nailini adlarını verdim. Oğlumla qızımı da bu kəşfin şərəfinə Riad və Nailə adlandırmışam. Muzeyin adı da elə buradan yaranıb - "Rinay".

Geoloq-neftçi T.Qarayev tez-tez ekspedisiyalarda olurdu. Onların sayəsində alim Azərbaycanın bir çox bölgəsinin paleontologiyasına dair nəhəng faktiki material toplayıb. Azərbaycanın balıqqulağı materiallarının Qərbi Avropa, Türkiyə, Ukrayna və b. ilə tutuşdurulması həyata keçirilir. Qazıntılar zamanı tapılan və yaşı təxminən 3 mln il olan Akçaqıla (Akçaqıla dənizi) molyuskaları çox qiymətlidir. Naftalanda toplanan belə ekzemplyarlardan dünyada, demək olar ki, yoxdur. Alim deyir ki, əslində, hazırda ermənilərin əlçatmaz arzusu da elə məhz həmin Akçıqala balıqqulaqlarını ələ keçirməkdir.   

Balıqqulaqları çox gözəl vəziyyətdədir - T.Qarayev qazıntılar zamanı tapılan molyuskaların ekoloji tərkibinə görə fərqli süxurlardan seçilməsinin yeni metodikasını işləyib-hazırlayıb. Bu metoddan təkcə paleontoloqlar yox, arxeoloqlar da uğurla istifadə edirlər.

T.Qarayevin unikal kolleksiyasından danışarkən, onun atasının, əslində, kolleksiyanın banisi olan Sadıq Qarayevin töhfəsini qeyd etməmək olmaz. Keçən əsrin 30-cu illərində S.Qarayev SSRİ-nin ABŞ-da neft üzrə daimi təmsilçisi idi. Amerika və İngiltərədən gələrkən o özü ilə qucaq-qucaq balıqqulağı gətirirdi. 

T.Qarayevin xatirələrindən: "Mən hətta onun çamadanlarından birini indiyədək saxlamışam. Müharibənin ağır illərində kolleksiyanı artırmaq imkanım yox idi. Həmin aclıq illərində, hətta balıqqulağılarını çörəyə də dəyişdirmişəm. Axı onda cavan idim və bu molyuska çanaqlarının nə qədər qiymətli olduqlarını anlamırdım. Lakin sonralar atamın başladığı işi davam etdirdim, kolleksiyanın təftişi və sistemləşdirilməsilə məşğul olmağa başladım".

Malakofauna - Yer planetinin biosferinə daxil olan ilk canlı orqanızmlər, su mühitinin sakinləridir. Dünya elminə malakofaunanın yüzlərlə müxtəlif növü məlumdur. Onlara adlar latın transkripsiyasında morfoloji əlamətlərinə əsasən verilib. Bəzi təbiyyətşünas alimlər yeni növ kəşf edərkən onları dahi alimlərin, mütəfəkkirlərin - Platon, Edison, Mendeleyev, Eynşteyn, Lomonosov və b. şərəfinə adlandırırdılar. Malakofaunanın görkəmli siyasi və dövlət xadimlərinin - Vaşinqton, Vilhelm, de Qoll və b. şərəfinə adlandırılan növləri də məlumdur. Bu ənənəyə sadiq qalan T.Qarayev də Azərbaycanın dahi siyasi və dövlət xadimi Heydər Əliyevin adını geologiya, paleontologiya, paleoqrafiya, təbiyyətşünaslıqda əbədiləşdirib - malakofaunanın Potomida nəslindən olan yeni növünü müəyyənləşdirərək və monoqafik təsvirini verərək, onu Geydari adlandırıb.

Beləliklə, tamamilə aydındır ki, Azərbaycanın dövlət və özəl muzeyləri sırasında "Rinay" layiqli yer tutur. Bu gün tam əminliklə iddia etmək olar ki, ölkəmizdə sayı o qədər də çox olmayan özəl muzeylərin yaradılmasının təməlini məhz "Rinay" qoyub.


MƏSLƏHƏT GÖR:

463