19 Aprel 2024

Cümə, 19:50

"BƏHRAM-GUR"DAN "ƏLİ VƏ NİNO"YA DOĞRU

Heykəltəraş Qorxmaz Sücəddinov Əsəd Bəyin əfsanəvi qəhrəmanlarının abidə layihəsi üzərində işləyir

Müəllif:

01.08.2007

Bu sənətkarın taleyi öz nəsli üçün çox tipikdir. Beş yaşında o, atasız qalıb - 1937-ci il həbslərindən sonra. 14 yaşından çörəkpulu qazanmağa məcbur olan gənc, heykəltəraş olmaq arzusu ilə yaşayıb. Onun ilk professional işini - Bakı Funikulyoru qarşısındakı dekorativ "Bəhram-Gur" fontanını  hamı tanıyır. Sonuncu işlərindən biri  - dünyada ən yaxşı "qayınana" - Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsi də kifayət qədər məşhurlaşıb.

Öz ömür salnaməsi, dünyaya səs salan dəzgah işləri, habelə ucaldığı şəhərdə fəxri yer tutan monumental əsərləri də bu sıradandır. Sanki onlar həmişə olub - Rus Dram Teatrında Səməd Vurğunun portret-barelyefi, "Gənclik" turbazasının əsas giriş qapısındakı "Abşeron" kompozisiyası, Gəncədə Nizaminin mavzoleyi önündəki "Xəmsə" kompozisiyası, yenə orada Qatır Məmmədin abidəsi... İndi sənətkar "Əli və Nino" tunc kompozisiyası üzərində işləyir və onun Bakıda "Qubernator bağı"nda qoyulması arzusu ilə yaşayır.

 

Həm alüminium, həm də ağac üzərində

Təəssüf ki, bəzi monumental abidələri heykəltəraşdan az yaşayıb. Belə ki, vaxtilə Gəncə İH qarşısındakı meydanda  qoyulmuş Leninin tunc heykəli yoxa çıxıb. Bəlkə də bunu necəsə başa düşmək olar, hərçənd heykəltəraş özü ötən epoxanın  incəsənət baxımından əhəmiyyətli abidələrini atmağın deyil, xüsusi parkda toplamağın tərəfdarıdır:  açıq səma altında əla tarix muzeyi yaranardı, Qorxmaz Sücəddinov hətta ona ad da fikirləşib - "Totalitarizm parkı". Amma bəs mövzusuna görə tamamilə neytral abidənin - vaxtilə Gəncənin girəcəyində ucaldılmış "Kuzəli qız" kompozisiyasının yoxa çıxmasını nə ilə izah etmək olar?  Xalq Cəbhəsinin hakimiyyəti dövründə o da izsiz itdi. Amma burada iş, yəqin ki ideologiyada deyildi, dördmərtəbəli ev hündürlükdə olan bu fiqur  bütünlüklə alüminiumdan tökülmüşdü. Onu sadəcə olaraq qırıntı kimi satmışdılar...

Bununla belə, Qorxmaz Sücəddinovun monumental əsərlərinin əksəriyyəti daha xoşbəxt taleli olub.  "Xəmsə"dəki  poemaların sayı qədər elementdən ibarət  zərif "Xəmsə" kompozisiyası və şairin öz portreti Nizami mavzoleyinin  ətraf landşaftı ilə ideal əlaqələndirilib. Müəllif deyir: "İndi başa düşürəm ki, birinci variantı saxlamaq lazım idi; orada bu kompozisiya, bir növ,  tam qəbul  olunurdu. Ona da baxış keçirildi, lakin sonda  bu variant üzərində dayandılar, çünki o, park kompleksi ilə harmonik əlaqə üçün daha çox uyğundur. Mənə isə məhz bu, vahid və bölünməz kompozisiya əzizdir, ümid edirəm haçansa o,  hansısa bir fontanın bəzəyi ola bilər, bəlkə bu fontan elə Gəncədə quraşdırıldı".

Dəzgah kompozisiyaları üzərində işləyərkən Sücəddinov həm tunc, həm də ağacdan istifadə edir, o bu isti materialı çox sevir. Sənətkar Xaqaninin, Füzulinin, Dədə Qorqudun portretlərini məhz bu materialdan hazırlayıb. Bundan başqa, xeyli "nyu" yaradıb ( ağac insan dərisinin fakturasını çox gözəl ifadə edir). "Adəm və Həvva", "Busə" kompozisiyalarını xüsusi qeyd etmək lazımdır. Həm bir-birini qucmuş gənc cütlük, həm də insanlığın yaradıcıları   təbiətin öz hədiyyəsi  olan unikal materialda eyni üzviliklə  əks olunublar. Məhəbbət mövzusu  heykəltəraşa qəlbən yaxındır. 

Portret janrı bu ustanın daha bir "əbədi məhəbbəti"dir. O, bir sıra görkəmli mədəniyyət ustalarımızın memorial lövhələrinin, eləcə də Yunus Əmrə  (Türkiyə), Füzuli, Vidadi və Vaqifin ikiqat abidələrinin müəllifidir...  Çoxlu dəzgah portretləri də var və onların ararsında Cavad xanın portreti xüsusi yer tutur. Onun əsasını Gəncənin son hökmdarının qalıqları əsasında aparılmış təxmini rekonstruksiya təşkil edir. Tunc Cavad xanın üz cizgilərində əks olunmuş  qüvvə adamı heyran qoyur. Qartal burun, sərt almacıqlar, ağır qaşüstü qövslər, enli çənə... Qırxıq baş açıqdır - nə tacı var, nə çələngi. Bu, hökmdardan çox, sadə gəncəli döyüşçüdür... Yeri gəlmişkən, zahiri tipinə görə o, şəhərin bir çox müasir sakinlərini xatırladır - bunu Sücəddinovun sonuncu işini görənlərin hamısı təsdiq edirlər.

  

Cavad xanı xilas etməli  

Heykəltəraş özü  də gəncəlidir - bu onun şəhərin tarixini məhəbbətlə vəsf etməsindən bəlli olur. Qorxmaz Sücəddinov da onun sirlərindən vaqifdir. Və belə əhvalatlardan birinin qəhrəmanı yenə Cavad xandır. 60-cı illərdə Gəncənin əsas şəhər meydanı rekonstruksiya olunurdu. Köhnə tikililəri gecələr kiçik barıt partlayışları ilə uçururdular - yumurta sarısı ilə tikilən divarlar  çox möhkəm idi. Növbə Cavad xanın məqbərəsinə yetişəndə, onu gizlicə dəfn etdilər, amma bunu kimin və harada etdiyindən, demək olar ki, hamı xəbərsiz idi. 90-cı illərin əvvəllərində ölkə müstəqillik əldə edəndən sonra, xanın 60-cı illərə qədər Şah Abbas məscidinin həyətində olan qəbrini axtarmağa başladılar. Nə qədər soruşsalar da, bilən tapılmadı.

Q.Sücəddinova müraciət etdilər - onun qohumu Ə.Əlizadə, ixtisaca filoloq və partiya işçisi o dövrdə şəhər komitəsinin katibi idi. Məlum oldu ki, artıq ağır xəstə olan Əlizadə bu sirri bilən yeganə adamdır. O illərdə  vətənpərvər gəncəli, MK-dan gizli, iki fəhlə və qəbiristanlığın direktoru Saviskarla birlikdə Cavad xanın qalıqlarını  qəbiristanlıqda dəfn  ediblər. Orada girəcəkdə səkkizguşəli iki mavzoley-türbə var. Hökmdarın qəbri məhz onların arasında  olub. Əlizadə divarboyu  neçə addım atmaq lazım olduğunu xatırladı - axır ki tapdılar. Bax, belə bir detektiv əhvalat...

Q.Sücəddinov özünün bu vacib hadisəyə aidiyyətini qabartmır, başqaları isə... Heykəltəraş danışır ki, "Beş il əvvəl Gəncəyə yasa getmişdim. Qəbiristanlıqdan çıxanda  bir qrup adam gördük. Onlardan biri qəbiristanlığın indiki direktoru imiş. Söhbətləşdik. Və bu adam  danışdı ki, vaxtilə Cavad xanın harada dəfn olunduğunu bilirmiş və  lazım gələndə hakimiyyətə bu yeri o göstərib. Neçə yaşı olduğunu soruşdum və hesabladım ki, 1961-ci ildə onun 7 yaşı varmış!  Axı 7 yaşlı oğlan Cavad xanın dəfn olunduğu yeri haradan tanıya bilərdi?! Gəncənin baş arxitektoru bilməyib, Gəncənin ağsaqqalları bilməyib, sən, balaca uşaq isə bilmisən?  Mən bütün bunları ona dedim - çox eyib oldu...    

İndi çoxu Cavad xanın dəfnində iştirak etdiklərindən danışır. Allah bilsin. Əsas odur ki, hökmdarın qəbrini əvvəlki yerinə qaytarıb gələcək nəsillər üçün qorumuşuq, həm də onun məqbərəsi uzərində mavzoley tikilib".      

Qorxmaz Sücəddinov Nizaminin yeni mavzoleyinin necə tikildiyini də xatırlayır. O özü bu prosesdə fəal iştirak edib. 40 il  şəhərin baş memarı olmuş Fərman İmamquliyev  1989-cu ildə tənha mavzoleyin yerində ziyarətxana (ibadət yeri, kafe, park və s. ilə) tikmək fikrinə düşdü. O, heykəltəraşı əmin edə bildi ki, kompozisiyası burada yerinə düşəcək - Sücəddinov əvvəlcə tərəddüd edirdi: necə olsa, şeyxin məzarıdır... Dairəvi eyvanlı daxili qatı  I Napoleonun məzarı yerləşən Əlillər evinin- XYII əsrin memarlıq incisinin nümunəsində  inşa etdilər (Parisdə olarkən Sücəddinov bu tikilinin interyerinin əzəmətini qiymətləndirmişdi).

Tikinti üçün maliyyə ayırmağı Nazirlər Soveti öhdəsinə götürdü, mütəxəssisləri və materialı Gəncə özü verməli idi. "Ah, bu həmişəki Gəncə "qurubəyliyi"!  Yəni, öz Nizamimiz üçün gücümüz çatmayacaq?!" - deyə heykəltəraş  təəssüflənir. İH-də ona təklif etdilər ki, Leninqraddakı əlaqələrini işə salsın-Sücəddinov öz işlərinin əksəriyyətini oradakı "Monumentskulptura" zavodunun tunctökmə sexində yaratmışdı. "Məni  lazım olan yerə çağırıb dedilər ki, gərək  o birilərlə Leninqrada gedəsən. Mən də dedim ki, yaxşı, bir dəfə gedərik". Cavabında dedilər: "Bir dəfə yox, e! İki saatdan sonra təyyarə uçur...". Mən dəhşətə gəldim: "Axı, mənim yanımda heç o qədər pul da yoxdur!" Onlar "Pul verərik, nə lazımdır, verərik..." Nə isə uçdum. Yanımda da müşayiətçilər, şərab və konyak yeşikləri ilə. Bir sözlə, biz bu kompleksi o zaman artıq sürətlə ucuzlaşan sovet pulları və 5-10 yeşik konyak  hesabına ucalda bildik.  Bu gün belə layihə milyon dollara başa gələrdi".

 Sücəddinovun təklifi ilə 25 metrlik  mavzoley  çox sanballı - bütöv qranit bloklardan inşa olundu (materialı Leninqrada Ukraynadan gətirmişdilər). Üzlük material zaman keçdikcə ovulur, bütöv bloklar isə əsrlərboyu yaşayacaq. Yumşaq əhəng daşından tikilmiş köhnə mavzoley  yaxınlıqda yerləşən alüminium zavodunun tullantıları ilə ümidsiz şəkildə korlanmışdı, cilalanmış qranit isə  turşunun təsirindən də qorxmur. Qara qranit bədbin göründü, qırmızı rəngə üstünlük verildi. Azərbaycanda belə abidə yoxdur! O, konstruksiya kimi, müxtəlif konfiqurasiyalı bir neçə iri blokdan ibarətdir. Qabaritləri bir metrdən metr yarıma qədərdir. Leninqradda bu blokları yonana qədər   Sücəddinov Vətəndə abidə-kompozisiyasını işləyirdi. Onun sözlərinə görə, hələlik bu, Bakıda hazırlanmış sonuncu böyük abidədir...

Mavzoleyin bir özəlliyi var - girişdə lap yüksəklikdə əhəng  daşından düzəldilmiş çoxüzlü üzərində "Quran" ayəsi çapılıb. O zaman Gəncə İH-də Moskvanın qəzəbindən qorxub fikirlərini dəyişdilər və təhlükəli naxışı yığışdırmağı əmr etdilər. Lakin Sücəddinov günahı boynuna götürərək dedi ki, mavzoleyin üst qatını dağıtmadan bu  naxışı məhv etmək olmaz. Və onlar geri çəkildilər... Bu yolla heykəltəraş Şeyxin xatirəsini yad etdi.

Bu gün Q.Sücəddinov Əsəd bəyin "Əli və Nino"  romanının qəhrəmanlarına abidə ucaltmaq ideyası  ilə yaşayır. Artıq  şəhər hakimiyyətinin seçimi üçün  bir yox, iki layihə hazırdır. Düzdür, müəllif onları dəzgah işi kimi, yəni ətraf mühitə "bağlamadan" yerinə yetirməli olub, çünki şəhər hakimiyyəti bu kompozisiyanı Bakının məhz hansı hissəsində yerləşdirəcəyini müəyyən etməyib. Ümumiyyətlə, abidəyə yer ayrılacağı da şübhə altındadır. Təəssüf. Çünki müəllifin düşüncəsinə və ümumiyyətlə, həyatın məntiqinə görə,  bu abidə  böyük Məhəbbət Monumenti ola bilərdi. Və sevgililər onun altında görüş təyin edərdilər... Hər halda, ümid edək ki, bu qəhrəmanlara ölkəmizin kitab mağazalarının rəflərində və Bakı teatrının səhnəsində yer tapılıbsa, haçansa paytaxtın xudmani bağlarından biri də onları qəbul edər. Və  tunc mahnıda məhəbbət himni səslənər...


MƏSLƏHƏT GÖR:

347