
BƏNZƏRSİZLİYİ QORUMAQ
Heykəltəraş Zakir ƏHMƏDOV: "Təəssüf ki, gənclərimizin böyük əksəriyyəti art-cərəyana elə aludə olub ki, öz köklərini unudub"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Zakir Əhmədovun heykəllərinin gözəl plastikası incəlik və zərifliklə doludur. Onun bürünc çayxanaçısı paytaxt parklarının birində dincələnləri sevindirir, səkkiz barelyefi isə məşhur "Torqovaya" küçəsində binanı bəzəyir. SSRİ Rəssamlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvünün daha bir neçə işi Mustafayev adına İncəsənət Muzeyində öz layiqli yerini tutub, heykəllərin daha bir hissəsi isə dünya boyunca şəxsi kolleksiyalarda saxlanılır.
- Sizin yaradıcılıq yolunuz nədən başladı?
- Mən Bakıda sadə ailədə dünyaya gəlmişəm. Anam şuşalıdır, atam Cənubi Azərbaycandan gəlmədir. Atam bütün günü rayon avtoqarajında işləyirdi, anam isə məktəbdə dərs deyirdi.
Ailəmizdə incəsənətə xüsusi yanaşma var idi. Anamın qardaşı - Yunus dayı həvəskar rəssam idi və evimizdə onun bir neçə işləri qalıb. Mən onun rəsmlərinə maraqla baxırdım və onun kimi peşəkar rəsm çəkməyi arzulayırdım. Məndən 9 yaş böyük olan qardaşım Xanlar (Azərbaycanın xalq rəssamı Xanlar Əhmədov - müəlf.) o zaman artıq Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuyurdu. Dərslərdən sonra axşamlar o, öz otağına qapanırdı və gildən fiqurlar düzəldirdi, mən isə gizlicə onun işlərini izləyirdim. Məhz o vaxtdan mənim heykəltəraşlıq sənətinə marağım yarandı. Qardaşıma oxşamağa çalışırdım və plastilindən heyvanlar və insanlar düzəldirdim. Tənəffüslərdə anamın aldığı albomda rəngli karandaşlarla çəkirdim.
Valideynlərim rəssamlığa olan həvəsimi görəndə məni Yuri Qaqarin adına Pionerlər evinin yanında dərnəyə yazdılar. Orada mənimlə Məsmə xanım məşğul olurdu. Təbii ki, orta məktəbi bitirəndən sonra mənim hansı peşəni seçəcəyimlə bağlı sualı yaranmırdı. 1978-ci ildə mən Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Azərbaycan İncəsənət Universitetinə daxil oldum.
- İncəsənət Universitetində siz heykəltəraşlıq fakültəsində təhsil almısınız. Nəyə görə siz rəssam olmadınız?
- Çünki ürəyimə heykəltəraşlıq yatırdı. Mənim bəxtim gətirdi. Mən ali təhsil müəssisəsinə daxil olmağa hazırlaşdığım ildə İncəsənət Universitetində heykəltəraşlıq fakültəsi açıldı. Təbii ki, öz şansımı qaçırmaq mənasız olardı. Mən sənədlərimi verdim, imtahanlardan keçdim və daxil oldum. Tokay Məmmədovun sinfində oxuyurdum. Heykəltəraşlıq fakültəsinin ilk məzunlarının sayı cəmi 14 nəfər idi və biz hələ də sevdiyimiz işlə məşğuluq və bizə tələbat var.
- İlk böyük işinizdən danışın. O, nə idi?
- Mənim işlədiyim ilk ciddi iş hazırda M.F.Axundov adına Milli Kitabxananın binasında ucaldılan Əcəminin üç metrlik heykəl idi. Bu, dövlət sifarişi idi və mən heykəl üzərində uzun müddət işlədim.
- Sizin daha çox ürəyinizcə olan nədir - balaca, yoxsa dəzgah heykəl?
- Mənə daha çox kiçik plastika yaxındır. O, sanki daha səmimidir... Belə fiqurlar kompaktdırlar, istənilən mənzildə yerləşirlər və onlara istənilən an toxunmaq olar, onların istisini və müsbət enerjisini hiss etmək mümkündür.
- Bu gün, həmçinin dekorativ və ya şəhər heykəltəraşlığı məşhurdur. Siz Bakının küçələrində qeyri-adi fiqurların və heykəllərin peyda olmasına necə baxırsınız?
- Siz Dənizkənarı bulvarda və Fəvvarələr meydanında quraşdırılan həmin yöndəmsiz və qəribə fiqurları nəzərdə tutursunuz? Mən aşağı keyfiyyətli heykəllərə qarşıyam. Onlara baxanda elə təəssürat yaranır ki, sanki bunları təzəcə başlayan tələbə hazırlayıb. Bakıda dekorativ heykəlləri quraşdırmazdan əvvəl vəzifələri müəyyənləşdirmək və şəhər mühitində ahəngdar şəkildə görünməsi üçün onların necə olmasını anlamaq lazımdır. Şəhər heykəltəraşlığı təbii görünməlidir. Ümumiyyətlə, şəhərin küçələrində və parklarda heykəllər məqsədsiz və mənasız şəkildə qoyulmamalıdır - bu, bədii obrazlardır, simvollardır, onlar gözəlliyi və ahəngdarlığı təbliğ etməlidir. Burada daha çox vacib olan nədir - forma, süjet tamaşaçını səksənməyə, sevinməyə, bəzən isə valeh olmağa məcbur edən daha bir şey? Həm bu, həm də digəri. Bu, aydın, dəqiq formadır, plastikadır və forma ilə onun məzmununun mütləq birliyi - heykəlin həyatı mümkün olmayan həmin dolğunluqdur. Həmçinin hesab edirəm ki, şəhər heykəllərində mütləq sənətkarın əli hiss olunmalıdır. Təəssüf ki, heykəltəraşın milli məktəbini bildirən bu incəlik müasir işlərdə, demək olar ki, qalmayıb.
Əvvəllər necə idi? Xüsusi komissiya var idi və o, işin şəhər mühitində və ya sərgidə yer tutmağa layiq olub-olmadığına qərar verirdi? Bəzi heykəltəraşlar bu komissiyadan beş-yeddi dəfə keçməli olurdular. Hər dəfə də işin dəyəri daha da aşağı olurdu. Yəni sən onu artıq qəpik-quruşa sata bilərdin. Ona görə də sənətkarlar işlərinə bütün ciddiyyət və məsuliyyətləri ilə yanaşırdılar.
- İşlərinizdən hansı ilə siz heç vaxt ayrılmazdınız?
- Deyərdim ki, bununla (heykəltəraş qadın və kişinin romantik fiqurunu göstərir - müəlf). O, "Sevgililər" adlanır. Bu kompozisiyanı mən 13 il əvvəl hazırlamışam və o, mənə çox əzizdir. O, heykələ baxan hər kəsdə nostalgiya, keçmiş cavanlıq və ilk məhəbbət barədə xoş xatirələr oyadır.
- İşinizin bir çox qəhrəmanları nağıl elflərini xatırladır - zərif və yüngül. Bu qeyri-adi obrazları haradan götürürsünüz?
- Mənim təsəvvürümdə bu, məhəbbətin, gözəlliyin və zərifliyin ideal obrazlarıdır.
- Azərbaycanın cavan heykəltəraşları və rəssamlarına nə lazmdır?
- Özünəməxsusluq. Gürcülər heykəltəraşlıqda və bədii incəsənətdə öz xətlərini, öz üslublarını qoruyub - saxlaya biliblər. Təəssüf ki, bizim gəncliyimizin böyük əksəriyyəti müasir art-cərəyanlara o qədər alüdə olub ki, öz köklərini unudub. Hesab edirəm ki, rəsmləri çəkməzdən və heykəlləri yaratmazdan öncə öz işini bilən əsl sənətkarın yanında təhsil almaq lazımdır. Bəli, əlbəttə, nəzəriyyəni bilmək bu işdə vacibdir, lakin təcrübə - daha mühümdür. Bir vaxtlar dahi Leonardo da Vinçi italyan heykəltəraş və rəssamı Verrokkonun yanında adi usta yardımçısı idi. O, müəlliminin işini müşahidə edirdi, uzun yeddi il ərzində rəssamlığı, heykəltəraşlığı və modelləşdirməni öyrəndi və ancaq sonra müqəddəs Lukanın Gildiyasında sənətkar ixtisasını qazandı.
- Sizin emalatxananızda yığılan heykəllər arasında, həmçinin rəsmlər və xalçalar da görmək olar. Bu da sizin işlərinizdir?
- Bəli. Rəsm çəkməyə mən nisbətən təzəlikcə başlamışam. Rənglərlə işləməyə ehtiyac duydum və hər şey özü "yağ kimi" getdi. Xalçalara gəlincə, mən bu işlə hələ 1998-ci ildə məşğul olmağa başlamışam. Yoldaşımla bir neçə xalça üçün eskizlər hazırlamağa cəhd etdik. Beləcə "Məhəmməd peyğəmbərin görüşü", "Həzrəti Əli" və "Çar II Nikolay yoldaşı Aleksandra Fyodorovna ilə" yarandı.
- Uşaqlarınızdan kimsə sizin sənəti davam etdirir?
- Mənim iki qızım var. Böyük qızım Səbinə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, kiçik qızım Fidan isə bu universitetin 4-cü kursunda təhsil alır. Lakin rəsm çəkməyi və yapışdırmağı xoşlayan nəvəm Cavad böyüyür. O kim olacaq - bunu on ildən sonra görəcəyik. Lakin mən şəxsən ona babasının izi ilə getməyi məsləhət görməzdim. Heykəltəraşlıq, rəssamlıq sənəti o qədər çətin və qeyri-sabitdir ki, bunun üzərində seçim etmək üçün yüz dəfə düşünmək lazımdır.
MƏSLƏHƏT GÖR: