28 Mart 2024

Cümə axşamı, 22:07

UZAQ SAHİLLƏRDƏ

Rusiya Suriyaya "hibrid müharibə" ssenarisini tətbiq edə bilər

Müəllif:

08.09.2015

Sentyabrın əvvəlində Rusiyanın İD yaraqlıları ilə mübarizə məqsədilə Suriyaya hərbi aviasiya göndərəcəyinə dair yayılmış şayiələr, çətin ki, məsuliyyətsiz jurnalistlərin əsassız uydurması idi. Aydındır ki, İsrailin ingilisdilli "Ynetnews" portalının "diplomatik mənbələrə istinadən" verdiyi bu məlumat müxtəlif tərəflərdən olan müxtəlif səviyyəli resipiyentlərin reaksiyasını yoxlamağa hesablanmışdı. Bunun üçün ideal şərait yaradılıb - parça-parça olmuş Suriyanın ərazisində, əslində, nələrin baş verdiyini dəqiqləşdirmək çox çətindir.

İsrail KİV-nin məlumatına görə, Rusiya hərbçiləri və aviatexnikası artıq Dəməşq ətrafında Bəşər Əsəd hökumətinin nəzarətində olan aviabazadadır və yaxın zamanlarda Suriyadakı Rusiya ekspedisiya qüvvələrinin sayı minlərlə nəfər təşkil edə bilər: məsləhətçilər, təlimatçılar, arxa cəbhədə işləyənlər, zenitçilər və pilotlar. Rusiya hərbçilərinin (təlimatçı və hərbi məsləhətçilərin) Suriyada olduğunu dolayısı ilə "Lenta.ru"ya yenə də "İsrailin güc strukturlarına yaxın mənbə" də təsdiqləyib. Bu da son deyil. Cihadçı sünni qruplaşması, "Əl-Qaidə" ilə əlaqəli "Cabhat ən-Nusra"nın internetdə yaydığı fotolardan görünür ki, guya Rusiya qırıcıları Suriya səmasında, İdlib şəhərindən qərbdə uçuşlar keçirir. Fotolarda görüntü aydın deyil. Lakin özünü Suriya və İraqda hərbi vəziyyətin təhlili ilə məşğul olan şəxs kimi təqdim edən "Green lemon" adlı bloger akkauntunda "Pçela-1T" markalı pilotsuz təyyarəni, "Su-34" və "Su-27" təyyarələrini "tanıdığını" yazıb. Bununla yanaşı, Rusiyanın İranla Suriya ordusunun silahlandırılması ilə bağlı daim təmasda olduğu haqda da xəbərlər var. Deyilənə görə, bunun üçün Rusiya Suriyanın Tartusa limanından başqa, daha bir limanından istifadə edə bilər. 

Yeri gəlmişkən, Rusiyanın Suriyanı silahla təchiz etməsi daha miqyaslı xarakter ala bilər. Avqustun ortalarında türkiyəli jurnalistlər Dəməşq yaxınlığındakı aerodroma Rusiyanın "MiQ-31" tipli 6 qırıcısının endiyinə dair məlumat yayıblar. Müşahidəçilərin fikrincə, bu, Moskva ilə Dəməşq arasında çoxdan imzalanmış müqavilənin icrası ola bilər. Halbuki, Rusiya HSK-nın təmsilçiləri bu xəbəri qəti şəkildə təkzib ediblər. Təxminən, eyni vaxtda KİV-də (The Daily Beast, Bosphorus Naval News) belə bir məlumat yayılıb ki, avqustun 20-də Rusiyanın "Nikolay Filçenkov" böyük desant gəmisinin Qara dəniz boğazından Aralıq dənizinə üzüb keçməsi zamanı onun göyərtəsində "KamAZ" avtomaşınlarını, həmçinin zirehli avtomobilləri xatırladan yük müşahidə olunub. Məlumata görə, onların üzəri torla örtülübmüş. Bunun ardından, Yaxın Şərqdə və Şimali Afrikada hərbi vəziyyəti müşahidə edən bloger Oryx Blog Suriyanın hökumət qüvvələrində Rusiya istehsalı olan ən azı bir "BTR-82A"nın göründüyünü yazıb. Elə həmin dönəmdə Suriya KİV-nin reportajlarından birində təsadüfən (bəlkə də, təsadüf deyildi) "BTR-82A"nın heyət üzvlərinin rus dilində danışıqları eşidilib. Bundan başqa, iyulun sonlarında sosial şəbəkələrdə guya Rusiya istehsalı olan pilotsuz uçuş aparatının vurulduqdan sonra çəkilmiş fotoları yayılıb.

Bütün bu xəbərlərə sonda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münasibət bildirmək qərarına gəlib. O, Rusiya qırıcılarının "İslam Dövləti" yaraqlılarının mövqelərinin bombalanmasında iştirak etdiyinə dair məlumatların həqiqət olmadığını bildirib. "Rusiya Müdafiə Nazirliyindəki mənbə" də "Russia Today" telekanalına açıqlamasında eyni sözləri deyib. Rusiya heç zaman Suriyaya texnika, hərbçilərin hazırlığı və silah-sursatla yardım göstərdiyini inkar etməyib. Bununla bərabər, Moskva rusiyalı hərbçiləri İD ilə mübarizədə iştirakı məsələsinin gündəmdə olmadığını da bəyan edib.

Suriyadaxili münaqişə 2011-ci ilin martından davam edir. 2013-cü ildə Bəşər Əsəd rejimi ilə ayrı-ayrı müxalif qruplar arasındakı qarşıdurmada üçüncü qorxulu qüvvə peyda olub - "İslam Dövləti" terror təşkilatı. O, dünyada ümumi xilafətin yaradılmasını özünün əsas hədəfi elan edib və hazırda Suriya və qonşu İraqda böyük bir ərazini nəzarətdə saxlayır. Bütün bu müddət ərzində hökumət qüvvələri müqavimət göstərməyə və mövqelərini qorumağa nail olublar. Bəs, Əsəd rejimi mövqeləri əldən versə nə olacaq? Bu halda Rusiyanın reaksiyası necə olacaq? Axı, yalnız silahlı yardım bahalı iş olmaqla yanaşı, heç də hər zaman effektiv deyil. Üstəlik, həmin silahların İD yaraqlılarının əlinə keçməsi riski də kifayət qədər yüksəkdir. Maraqlıdır ki, Suriya səmasında Rusiya aviasiyasının peyda olduğuna dair xəbərlər döyüşlərin az qala Dəməşq yaxınlığında getdiyi, Əsəd ordusunun strateji əhəmiyyət daşıyan İdlib əyalətində geri çəkilməyə başladığı haqda məlumatlarla eyni vaxtda yayılıb. Qeyd edək ki, "Cabhat ən-Nusra"nın məlumatında Rusiya "suşka"larının məhz bu ərazidə peyda olduğu bildirilir. 

Bununla yanaşı, tam fərqli məlumatlar da ortaya çıxıb. Həmin məlumatlarda bildirilir ki, Əsəd ordusu Livanla sərhədə nəzarəti geri qaytarır. Döyüşlər 4 il ərzində islamçıların nəzarətində olan Zabadani şəhəri ətrafında da gedir.

Bəs, miqyaslı və bahalı, özü də sərhədlərindən xeyli uzaqda olan münaqişəyə qarışmaq Rusiyanın nəyinə gərəkdir? Üstəlik, hazırkı mərhələdə: neftin qiyməti düşüb, Qərbin sanksiyaları getdikcə sərtləşir, həmsərhəd Donbasda münaqişə bitmək bilmir. Axı, bu, büdcəyə əlavə və kifayət qədər ciddi yükdür. Bundan başqa, sözügedən münaqişəyə müdaxilə Rusiya ərazisində terror aktlarının törədilməsi riskini artırır, həmçinin ölkədaxili vəziyyətə son dərəcə mənfi təsir göstərə bilər. Bəzi rus ekspertləri hesab edirlər ki, Moskvanın bu addımı NATO-nun əl-qolunu aça, Suriyanı Rusiya üçün ikinci Əfqanıstana çevirə bilər. Yeri gəlmişkən, son dövrlərdə Kreml ilə Ağ Ev yenidən faktiki olaraq "soyuq müharibə" şəraitindədirlər. Bəlkə, ABŞ məhz buna çalışır?

Digər tərəfdən, Suriya Rusiya üçün İD təhlükəsinin yayılması yolunda maneədir. İD yaraqlılarının qarşısı alınmazsa (görünən odur ki, Kreml onların qarşısının alınmasını məhz Əsəd rejiminin həyat qabiliyyətilə əlaqələndirir), yaxın zamanlarda onlar artıq Rusiya ilə sərhədə yaxınlaşa bilərlər. İD rəhbərliyi Şimali Qafqaz və Mərkəzi Asiya ilə əlaqəli iddialarını gizlətmir. Sonuncularla Rusiya KTMT-də birlikdədir və bu üzdən, onlara yardım etmək məcburiyyətindədir. İslamçılar son hədəflərinə nail olmaq üçün Əfqanıstanda da mövqelərini möhkəmləndirməlidirlər. Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsi Sergey Məlikovun sözlərinə görə, yalnız ötən ay Şimali Qafqazda İD sıralarına qoşulmaq üçün Suriyaya yollanmaq istəyən 25 nəfər saxlanılıb. Onların əksəriyyəti gənclərdir. Belə insanların Rusiyanın digər regionlarında da ələ alınması faktları məlumdur. Odur ki, Moskva üçün məsələyə indi müdaxilə etmək daha vacibdir, nəinki sonra.

Hazırda Suriya və İraqda İD ilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya mübarizə aparır. Rusiya bu koalisiyada yer almır. ABŞ ilə koalisiyanın davam etməkdə olan hava əməliyyatlarına qoşulmaqla bağlı son razılaşmanı avqustun sonlarında Türkiyə imzalayıb.

Vaşinqton İranla bağlı siyasətini də açıq koordinasiya edir, Tehranı xüsusilə İraqda İD ilə mübarizənin vacib elementi adlandırır. Moskvaya gəlincə, o, İD ilə mübarizə üçün yeni beynəlxalq koalisiyanın yaradılmasını (BMT TŞ-nin mandatı ilə) təklif edir. Ruslar hesab edirlər ki, bu koalisiyada Suriya və İraq ordusu, hərbçinin kürdlər və digər region dövlətlərinin ordusu iştirak etməlidir. ABŞ-ın dövlət katibi Con Kerri avqustun əvvəlində Qətərdə Fars körfəzi ölkələrinin xarici siyasət missiyasının nümayəndələrilə apardığı danışıqlarda Rusiyanın XİN başçısı Sergey Lavrov bu ideyanı nisbətən açıq şəkildə dilə gətirib. Güman ki, Putinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 70-ci sessiyasında edəcəyi çıxışda da bu məsələyə geniş diqqət ayrılacaq. Amma Kreml üçün problem isə ABŞ-ın onu dinləməməsi və öz planına uyğun hərəkət etməsidir. Ruslar Əsəd rejiminin qorunub saxlanmasını İD ilə mübarizənin əsas təminatı sayırsa, amerikalılar üçün İD ilə Əsəd rejimi eyni dərəcədə şər qüvvədir. Üstəlik, Vaşinqtonun bu mövqeyini Moskvanın "yeni koalisiya"ya çağırdığı bir çox dövlətlər bölüşür (Türkiyə, Səudiyyə Ərəbistanı və s.). ABŞ 2014-cü ilin avqustundan İD-nin mövqelərinə hava zərbələri endirir. Bu yaxınlarda isə Obama amerikalı hərbçilərə müxalifət qüvvələrinin istər İD-dən, istərsə də hökumət qüvvələrindən qorunması üçün aviasiyadan istifadə icazəsi verib. Beləliklə, mötədil müxalifətin üzləşdiyi istənilən təhlükə Vaşinqtonun məsələyə silahlı müdaxiləsi üçün əsas ola bilər.

Əslində, hər şey sadə olardı. Lakin bir "əmma" var: rusların olduğu kimi, amerikalıların da öz problemləri var: ABŞ-ın rəhbərlik etdiyi koalisiya hələ də ciddi nailiyyətlər əldə etməsilə öyünə bilməz. Yaraqlılar özlərini kifayət qədər sərbəst, əmin hiss edirlər - onlar silah və yeni döyüşçülər əldə etmək üçün talan etdikləri dünya tarixi incilərini və nefti satmaq üçün kanallar tapırlar.

Bu arada ABŞ üçün zaman hələ "gözləyirsə" (prezident seçkisi kampaniyası qızışır, suriyalı qiyamçılara yardım göstərilməli olduğundan HSK hələ də sifarişlər qəbul edir), Avropa gözləyə bilmir. Miqrant böhranı getdikcə nəzarətdən çıxır, humanitar baxımdan qəbuledilməz xarakter alır. Yunanıstan və ya İtaliya sahilində batan hər bir suriyalı uşaq Köhnə Dünyanın İkinci Dünya müharibəsinin sonunda əziyyətlə əldə etdiyi əxlaqi imicinə zərbədir. İD problemi çözülməlidir və çözüləcək. Aydırdır ki, bu çözüm Əsəd rejimini də yıxacaq. Rusiyanın buna qarşı qoya biləcəyi heç nə yoxdur. Üstəlik, bu mənada rusların arxalana biləcəkləri İran hazırda uzun illərdir davam edən sanksiyalardan xilas olaraq "böyük dünya"ya can atır. Onun bu dünyaya yolunu isə məhz ABŞ açır.

Vəziyyəti öz xeyrinə dəyişməyin yeganə yolu Əsədə ölkənin Qərb KİV-nin Ələvistan adlandırdığı hissəsinə çəkilməsinə şərait yaratmaqdır. Suriyanın hazırkı rejiminə ən ciddi dəstək verən əhali məhz bu bölgədə yaşayır. Söhbət Tartus və Latakiya şəhərlərinin ətrafından gedir. Oranı Livandan Cebel-Ansariya dağ massivi ayırır. Bu ərazidə yüksək səviyyədə inkişaf etmiş infrastruktur və ya sənaye yoxdur. Əvəzində Aralıq dənizinə çıxış, əsas limanlara nəzarət oradadır. Yeri gəlmişkən, Rusiya HDQ-nin Aralıq dənizindəki yeganə bazası da məhz həmin bölgədədir. Bu halda Moskva yeni reallıqlarla üzləşmiş regionda öz nüfuzunu hansısa formada qoruyub saxlaya biləcək. Bəzi müşahidəçilər hesab edirlər ki, Rusiya Suriyada Qərbin "Putinin hibrid müharibəsi" adlandırdığı ssenarini tətbiq edə bilər: qeyri-nizami silahlı birləşmələrdən istifadə olunur, hərbçilərin buradakı mövcudluğu isə inkar edilir. Putinin özü bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, Rusiya hərbçilərinin İD yaraqlılarına qarşı savaşda iştirak etmələri haqda danışmaq tezdir. "Biz müxtəlif variantları nəzərdən keçiririk. Lakin sizin dediyiniz məsələ (hərbi əməliyyatlarda iştirak) hələlik bizim gündəmimizdə deyil", - deyə Putin qeyd edib. Onun sözlərinə görə, Rusiya Bəşər Əsəd rejiminə texnika və hərbçilərin hazırlığı ilə dəstək verir.

ABŞ-ın da bu cür "hərbi və texniki məsləhətçiləri" isə İraqda, Əfqanıstanda, elə Suriyanın özündə də kifayət qədərdir. Odur ki, bu, çoxdan normal təcrübə sayıla bilər. Belə olan halda, Rusiya Tehranın gizli dəstəyinə bel bağlaya bilər, çünki İran üçün də Qərbə təzyiq üçün əlavə rıçaqın olması əl verir. Bu ssenari Rusiya təyyarələrinin Suriya səmasında peyda olduğuna dair xəbərlərin yayılmasında kimin maraqlı olduğunu ortaya çıxarır.



MƏSLƏHƏT GÖR:

567