19 Aprel 2024

Cümə, 19:18

PLANLAŞDIRILMIŞ SƏHV?

Rusiya qırıcısı Türkiyə səmasında hansı suallara cavab axtarırdı?

Müəllif:

13.10.2015

Rusiyanın Suriyada başladığı əməliyyatdan sonra Moskva-Ankara münasibətləri kifayət qədər gərginləşib. Türkiyə NATO üzvü olduğuna görə, hazırda RF ilə Şimali Atlantika alyansı çox təhlükəli təmas nöqtəsindədirlər. 

Türkiyə HHQ oktyabrın 3-də cənubdakı Hatay vilayətindəki Yayladağı şəhərinin üzərində Rusiya qırıcısı aşkar edib. Və türk qırıcılarının havaya qalxmasından sonra Rusiya təyyarəsi Türkiyənin hava məkanını tərk edərək Suriyaya istiqamət alıb. İki gün sonra Türkiyə Baş Qərargahı xəbər verib ki, oktyabrın 4-də 10 türk qırıcısı naməlum MiQ-29 ilə üz-üzə gəliblər. Bu zaman MiQ iki F-16 qırıcısını nişan alıb. İnsident Türkiyə rəsmilərinin hiddətinə səbəb olub. Rusiya səfirini izahat üçün iki dəfə Türkiyə XİN-ə çağırıblar. Baş nazir Əhməd Davudoğlu Moskvadan başqa ölkənin hava məkanını pozmağı qadağan edən prinsiplərə hörmətlə yanaşmağa çağırıb və xəbərdarlıq edib ki, bütün sərhəd pozucuları "ələ keçiriləcək". 

Rusiya isə bildirib ki, onun qırıcısı Türkiyənin hava sərhədini əlverişsiz hava şəraiti ucbatından baş vermiş naviqasiya səhvinə görə pozub. Moskva əmin edib ki, bir daha belə səhvlərə yol verilməyəcək və xüsusi olaraq vurğulayıb ki, təyyarə Türkiyə ərazisinə artıq hərbi uçuş başa çatandan sonra daxil olub: bildirilir ki, təyyarə Suriya-Türkiyə sərhədinin 30 km-də yerləşən "Xmeymim" aerodromuna qayıdırmış. MiQ-lə bağlı insidentə gəlincə, RF iddia edir ki, Suriyada əməliyyatlar keçirən Rusiya aviadəstəsinin tərkibində belə təyyarə yoxdur, amma Suriya və İran HHQ-də MiQ-lər var. 

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın izahatını "inandırıcı" saymayıb. Rəsmi Vaşinqton isə bəyan edib ki, bu insident təxribata oxşayır. NATO-nun baş katibi Yens Stoltenberq də hesab edir ki, Rusiyanın Türkiyənin hava məkanını pozması təsadüf deyil. NATO-nun fövqəladə iclasında alyans üzvləri Rusiyadan Türkiyə sərhədlərinin pozulmasına son qoymağı tələb edərək "bu cür məsuliyyətsiz hərəkətlərin son dərəcə təhlükəli olduğunu" vurğulayıblar. 

Belçikaya səfər edən R.T.Ərdoğan isə bəyan edib ki, "biz belə vəziyyətə dözə bilmərik... NATO-nun mövqeyi dəyişməzdir - Türkiyəyə istənilən hücum NATO-ya hücum deməkdir". 

ABŞ Dövlət katibi Con Kerri də Ərdoğanın sözlərini təsdiqləyib: "Biz yaranmış durumdan son dərəcə narahatıq. Çünki Türkiyə öz hüquqlarını qoruyur, bu isə o deməkdir ki, onlar (Rusiya HHQ-nin təyyarələrini) vura bilərlər". 

NATO-nun baş katibi Q. Stoltenberq də xatırladıb ki, alyans öz üzvlərini istənilən təhlükədən qorumağa hazırdır və artıq Türkiyə tərəfi ilə Ankaranın əlavə yardıma ehtiyacı olub-olmadığı müzakirə edilir. 

ABŞ-ın müdafiə naziri Eşton Karter də ABŞ və NATO-nun Türkiyənin təhlükəsizliyinə yanaşmada birmənalı mövqeyini ortaya qoyub.

Beləliklə, NATO və Türkiyə açıq şəkildə hava sərhədini pozan təyyarələri vurmaq hüququnu və alyansın kollektiv təhlükəsizlik prinsipini xatırladıblar. 

Amma hamı yaxşı anlayır ki, təyyarə - yalnız bəhanədir və məsələnin kökündə başqa məsələ dayanır. Ərdoğan Suriya prezidenti Bəşər Əsədi terrorizmin sponsoru və qaçqınların Türkiyə və Avropaya axınının əsas baiskarı adlandırır. Putin isə Əsədi dəstəkləməklə, Ankaranın fikrincə, münaqişənin güclənməsinə yol açır. Ankaranın bu mövqeyi ABŞ, NATO, Aİ-nin əksər üzvləri və Yaxın Şərqin bəzi dövlətlərinin mövqeyi ilə üst-üstə düşür - ümumi rəy belədir ki, Rusiyanın addımları Suriya probleminin siyasi nizamlanmasına mane olur. Bundan başqa, Türkiyə Rusiyanın İD ilə mübarizə əvəzinə, Suriya müxalifəti və dinc sakinlərilə zərbələr endirdiyini iddia edən 7 ölkədən biridir. XİN başçısı Davudoğlu xatırladır ki, bundan əvvəl Rusiya Suriyaya xarici müdaxilənin əleyhinə olub və BMT TŞ-nın müvafiq qətnaməsinə veto qoyub. 

Belə gərgin vəziyyət fonunda regiondakı bütün qüvvələr arasında faktiki olaraq hər hansı koordinasiya yoxdur. Şərhlərə nəzər salsaq, belə təsəvvür yaranır ki, tərəflər arasında yalnız hansısa texniki əməkdaşlıq var, bu da onunla bağlıdır ki, heç kəs lazımsız itkilərdə və vəziyyətin daha da ağırlaşmasında maraqlı deyil. 

Rusiya isə Suriyada və onun ətrafında hərbi mövcudluğunu genişləndirməkdədir. KİV-in yazdığına görə, hazırda ruslar bölgədə "Krasuxa-4" radioelektron mübarizə kompleksini quraşdırır. Bu kompleks radiolokasiyanın mühafizə olunan obyekti 150-300 km məsafəsində aşkarlamasına imkan vermir, üstəlik, rabitə vasitələri və radioelektron mübarizə qurğularına zərbələr endirmək gücündədir. Aralıq dənizində, Latakiya yaxınlığında gəmi-hava tipli S-300 zenit-raket komplekslərilə təchiz edilmiş "Moskva" kreyseri üzür. Əvvəl dənizin bu hissəsində Rusiya gəmiləri raket və artilleriyadan istifadə ilə təlimlər də keçib. Bundan başqa, oktyabrın 7-də Xəzər donanmasının gəmiləri 1,5 min km məsafədən Suriyadakı hədəflərə 26 ədəd "Kalibr" tipli qanadlı raket buraxıb - bu, amerikalıların "Tomoqavk" raketlərinin analoqu sayılır.

Qərb və Türkiyə KİV-i haqlı olaraq qeyd edirlər ki, hətta "İslam Dövləti" təşkilatındakı başkəsənlərlə mübarizə üçün belə bu cür qabaqcıl hərbi "oyuncaqlara" ehtiyac yoxdur. Bu, açıq-aşkar güc nümayişi və ya başqa hansısa ciddi plana hazırlıq, tutalım, özünün Yaxın Şərqdəki məqsədlərinin ciddiliyini göstərmək  istəyidir. 

Rusiyanın Yaxın Şərqdə hərbi qüdrətini artırması Qərbin "ruslar yalnız İD-nin mövqelərini bombalamaqla kifayətlənmir" iddialarını dolayısı ilə təsdiqləyir. Əlbəttə, ABŞ-ın və NATO-nun sözügedən regionda cəmləşdirdiyi hərbi gəmilər və aviasiya Rusiya qüvvələrindən qat-qat çoxdur. Amma axı heç kəs birbaşa hərbi toqquşmaların baş verməsini istəmir və belə çıxır ki, Rusiya NATO-nun üstün qüvvələrinə və region ölkələrinə açıq-aşkar meydan oxuyur. Moskva göstərir ki, Suriyanın şimal-qərbindəki hava məkanına və Türkiyə ilə sərhədə (Ankara burada uçuşsuz zonanın yaradılmasını təklif edir) nəzarət etməsə də, hər halda, buradadır. Bununla, RF sanki alver təklif edir - Moskva işarə edir ki, onunla, deməli, həm də onun dəstəklədiyi Bəşər Əsədlə hesablaşmaq lazım gələcək. 2012-ci ilin oktyabrında Türkiyə HHQ-nin qırıcılarının Moskvadan Dəməşqə uçan A320 təyyarəsini Ankaraya enməyə məcbur etdiyini yada salsaq, yaranmış yeni reallığın Türkiyə üçün nə demək olduğunu anlamaq çətin deyil. Türkiyə rəsmilərinin iddiasına görə, o zaman Airbus-un bortunda Rusiya şirkətinin istehsalı olan və Suriya Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş hərbi sursat aşkar olunmuşdu. Qısası, Moskva Ankaranın Suriyaya dair bütün strategiyasını alt-üst edir. Bu isə təbii ki, noyabrda parlament seçkilərinə hazırlaşan Türkiyədə daxili siyasi vəziyyəti gərginləşdirir. Ərdoğana bu seçkilərdə yalnız qələbə lazımdır. Odur ki, Suriya və kürd problemlərinə dair vəziyyət ya bu qələbəni təmin edə, ya da əksinə, hakim partiyanın səslərini azalda bilər. İndiki məqamda Türkiyə prezidenti xarici siyasətdə zəiflik nümayiş etdirə bilməz - motivindən asılı olmayaraq.

Türkiyə ilə Suriya sərhədinin uzunluğu, təxminən, min kilometrə qədərdir. Hazırda Türkiyə ərazisində 2 milyona yaxın Suriya vətəndaşı məskunlaşıb. Rusiya Silahlı Qüvvələrinin Baş Operativ İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov oktyabrın 3-də bildirib ki, "İslam Dövləti", "Cebhət ən-Nusra" və "Ceyş-əl-Yarmuk" təşkilatlarının mövqelərinə endirilən zərbələrdən sonra, yaraqlılar nəzarət etdikləri Suriya ərazilərini tərk etməyə başlayıblar. Əgər yüz minlərlə qaçqın asanlıqla Türkiyə ərazisinə keçə bilibsə, deməli, maliyyə imkanlarına malik olan terrorçular da rahat şəkildə ölkə sərhədini keçə bilərlər . Bundan başqa, Türkiyə HHQ yalnız İD-ni deyil, Kürd Fəhlə Partiyası və onun İraqdakı bazaları eləcə də Suriya qanadı olan Demokratik Birlik Partiyasının (DBP) mövqelərinə də hava zərbələri endirirlər. Suriyadakı hazırkı xaos o deməkdir ki, Türkiyə ilə sərhəddə yarımmüstəqil İraq Kürdüstanı ilə həmsərhəd olan kürd dövləti yarana bilər. Bu isə Türkiyə kürdlərini də hərəkətə gətirəcək. Amerikapərəst meyillərin olduğu İraq kürdlərindən fərqli olaraq, Suriya kürdləri, görünür, Rusiyanın İD-nə qarşı əməliyyatlarını dəstəkləyirlər. Türkiyənin əsəbi yanaşmasının daha bir səbəbi isə odur ki, Ankara amerikalıların kürdlərlə bağlı planlarını dəqiq bilmir. Bu məsələ indiyədək dəfələrlə NATO üzvü olan bu iki müttəfiq arasında narazılığa səbəb olub. Vəziyyət o qədər qarışıqdır ki, ən cəsarətli proqnozlara belə yol açır - Türkiyənin sosial şəbəkələrində belə şayiələr yayılır ki, Rusiya ilə ABŞ arasında bu məsələyə dair gizli sövdələşmə var. 

Şübhəsiz, regiona dair KİV-in bixəbər olduğu müəyyən razılaşmalar mövcuddur - axı, qırıcılarla bağlı insidentdən əvvəl Putinlə Ərdoğan Moskvada danışıqlar aparıblar və bu görüş zamanı onlar, təbii ki, yalnız hava və ya Moskvada açılan Cümə məscidinin möhtəşəmliyinin müzakirəsilə kifayətlənməyiblər. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında da əlaqələr var, baxmayaraq ki, səudiyyəlilər Suriyada Əsəd rejiminə qarşı ayrı-ayrılıqda vuruşan 3 qiyamçı qrupa yardımı artırmaq niyyətini açıqlayıblar. Rusiyanın qanadlı raketlərinin uçuş marşrutu İran və Şimali İraq ərazisini əhatə edir, bu isə o deməkdir ki, ABŞ bu məsələdə Moskva ilə Bağdad arasındakı əməkdaşlığa etiraz etmir. Və nəhayət, baş verənlər fonunda İsrailin susqunluğu qəribə təsir bağışlayır - axı, bu ölkə birbaşa münaqişə zonası ilə həmsərhəddir və daim Yaxın Şərqdəki proseslərin aktiv iştirakçısı olub.

Baş verənləri sünnilərlə şiələr arasında qarşıdurma kimi qələmə verməyə çalışsalar da, əslində, regionda qüvvələr nisbətinin yenidən bölüşdürülməsi gedir. Və oktyabrın əvvəlində baş verənlər göstərdi ki, öz "stavkaları"nı müdafiə edərkən həm Rusiya, həm də Türkiyə müsbət ikitərəfli münasibətləri belə riskə atmağa hazırdılar. Yaranmış durumda yalnız müdafiə mövqeyi tutmaq və əks tərəfin hansı addımlar atacağını izləmək qalır.

Tam əminliklə söyləmək olar ki, RF ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərdəki böhrandan, ilk növbədə, iqtisadi əlaqələr zərər görəcək. Özü də, bu, eyni zamanda nə Ankaraya, nə də Moskvaya əl verir. Ərdoğan artıq Rusiyaya xəbərdarlıq edib ki, Moskva Ankara ilə münasibətlərin pozulmasından çox şey itirə bilər - Türkiyə prezidenti ölkəsinin Rusiya qazından, eləcə də "Akkuyu" AES-in Rusiya layihəsi üzrə inşasından da  imtina edə biləcəyini istisna etməyib. "Onlar bura (AES-ə) 3 milyard dollar qoyublar. Təbii qaza gəlincə, biz Rusiya qazının bir nömrəli istehlakçısıyıq. Türkiyə Rusiya üçün böyük itki olacaq", - deyə Ərdoğan bildirib. 

Bütün bunların Rusiyaya nə qədər təsir edəcəyi aydındır. Türkiyə istehlak edilən Rusiya qazının həcminə görə, Almaniyadan sonra ikinci ölkədir. Moskvada hesab edirlər ki, "Türk axını" "Cənub axını"na layiqli alternativ ola bilərdi. Amma qaz borusunun çəkilişinə dair hökumətlərarası saziş hələ də imzalanmayıb. Oktyabrın 6-da məlum olub ki, "Qazprom" "Türk axını"nın gücünün yarısından imtina etmək fikrindədir, üstəlik, tərəflər Rusiya qazına endirimlə bağlı da razılığa gələ bilməyiblər. Rusiyanın belə arxayınlığına səbəb odur ki, sentyabrın əvvəlində "Şimal axını"nın 3-cü və 4-cü kəmərinin tikintisinə dair razılıq əldə olunub. Amma kənardan Rusiyaya təzyiqlər artır. Oktyabrın 8-də İqlim və Enerji məsələləri üzrə Aİ komissarı Arias Kanyete bəyan edib ki, "Şimal axını-2" Avropa İttifaqının mənbələrin və marşrutların diversifikasiyası strategiyasına cavab vermir, belə ki, Avropanın eyni mənbə və marşrutdan asılılığını artırır. 

Amma məhdud enerji resurslarına malik Türkiyənin artan iqtisadiyyatı da Rusiya qazının idxalından asılıdır. Türkiyənin xarici ticarət tərəfdaşları arasında Rusiya Aİ-dən sonra ikinci yerdədir. Bundan başqa, yuxarıda qeyd olunan layihələr Rusiyanı iqtisadi baxımdan Türkiyəyə daha sıx bağlaya bilər, bu isə Moskvaya təsir üçün güclü rıçaq deməkdir. Bütün bunların əvəzinə indi Türkiyə Rusiyanın Şərqi Aralıq dənizi regionunda möhkəmlənməsi, həmçinin regional ölkələrin diqqət mərkəzində olan yerli enerji resurslarının aşkar olunması ilə yaranmış yeni reallığa necə uyğunlaşmaq haqda düşünməlidir. Üstəlik, İskəndərun körfəzi - burada isə Türkiyənin hərbi dəniz bazası və vacib ticarət limanı yerləşir - də məhz bu zonada yerləşir.

Beləliklə, suallar hələ də açıq qalır - Rusiyanın Türkiyənin hava məkanını pozması təsadüf idimi? Yoxsa Moskva özünün vacib iqtisadi tərəfdaşını hərbi sahədə sınaqdan keçirmək istəyirmiş? Bəlkə də, Rusiya tərəfi Türkiyənin (NATO-nun) radiolokasiya sistemini sınaqdan keçirməklə yanaşı, həm də Ankaranın bu insidenti necə qiymətləndirəcəyini dəqiqləşdirmək istəyib - Türkiyə bunu özünün, yoxsa NATO-nun işi hesab edəcək?

Belə görünür ki, Kremlin bundan sonrakı addımları da məhz bundan asılı olacaq...



MƏSLƏHƏT GÖR:

531