29 Mart 2024

Cümə, 11:08

DUMANIN NÜMUNƏVİ ÜZVÜ

Azərbaycan mətbuatının patriarxı Həsən bəy Zərdabinin ictimai həyatı barədə yeni faktlar

Müəllif:

17.11.2015

Bu yaxınlarda görkəmli ictimai-siyasi xadim, Azərbaycan dövri mətbuatının patriarxı Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətindən bəhs edən ilk nəşr işıq üzü görüb. Tarix elmləri üzrə fəlsəfə doktoru Esmira xanım Cavadova tərəfindən çapa hazırlanmış və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəşr olunmuş kitabda Zərdabinin Bakı Dumasının qlasnısı obrazı ictimaiyyətə təqdim olunur.

 

Şəhər Dumasında 

Azərbaycan ictimai həyatının XIX əsrin son 30 ili və XX əsrin əvvəllərinə aid hansı sahəsini araşdırsaq, hər yanda Həsən bəy Zərdabi adına mütləq rast gələcəyik. Bəzən təəccüblənirsən: necə ola bilər ki, bir insan bu qədər işləsin, bu qədər çox işin öhdəsindən gəlsin? Axı o dövrdə müasir həyatımızı xeyli asanlaşdırmış, lazımi insanlarla vacib görüşlərin təyini üçün əvəzolunmaz mobil telefonlar, istənilən mövzuda materialların bir anda toplanılmasına imkan verən İnternet, lazımi ünvana tez bir zamanda çatmağa kömək edən şəxsi avtomobillər yox idi. Belə bir şəraitdə bunlara nail olmaq mümkün imiş - hərçənd, indi buna inanmaq çətindir. Yəqin ki, öz xalqına, doğma diyarına xeyir gətirmək istəyəndə, hər şeyə nail olmaq mümkündür...

"Həsən bəy Məlikovun (Zərdabi) Bakı Şəhər Dumasındakı fəaliyyəti (1897-1907)" adlı materiallar məcmuəsi "Kaspi" qəzetinin buraxılışlarından zərrə-zərrə toplanıb. Kitabda Zərdabinin Bakı Şəhər Dumasının qlasnısı obrazı canlandırılıb: o, Dumanın hər iclasında şəhərin əsas problemlərini qabardırmış - su təchizatı sahəsindəki çatışmazlıqlar, yol və körpü tikintisi, xəstəxanaların və məktəblərin tikintisi və s.

 

Şəxsi qazancdan uzaq

Qələm yoldaşlarının böyük hörməti, xalqın dərin sevgisi ilə yanaşı, Həsən bəy Bakı Şəhər Dumasının qlasnısı olduğu 1897-1907-ci illərdə özünə xeyli düşmən də qazanmışdı. Səbəb onun dürüstlüyü, düzlüyü idi. Bunu məşhur jurnalist, "Baniets" qəzetinin redaktoru (1907-1920), Bakı Jurnalistlər İttifaqının yaradıcılarından biri olmuş (1907) Qriqori Cinoridzenin xatirələrindən də görmək mümkündür. Onun "Kaspi" qəzetinin 1907-ci il, noyabr nömrəsində dərc olunmuş, Zərdabi haqqında xatirələrində deyilir: "Həyatda kompromislərə getmək Həsən bəyə yad idi. O, universitet illərindən etibarən, çətin həyat yolu keçib... O, həqiqəti qorxmadan, hər şeyi hər kəsin üzünə söylədiyi üçün özünə xeyli düşmən qazanmışdı. Onlar anlamalı idilər ki, Həsən bəy şəxsi qazanc güdməkdən uzaqdır və onun dedikləri, etdikləri yalnız cəmiyyət üçündür".

Universiteti bitirdikdən sonra - 1869-cu il noyabrın 18-də Həsən bəy Bakı Real Gimnaziyasında tarix müəllimi təyin olunub. Onun gimnaziyadakı həmkarı, alman dili müəllimi, peterburqlu Xristian Sink isə 2 il sonra "Bakinski listok"u nəşr etməklə (1871-1872) Azərbaycanda dövri mətbuatın əsasını qoyub. Yeri gəlmişkən, "R+" bu barədə ötən nömrələrində də yazıb. Düşünürük ki, bu qəzet ilk milli qəzet olan "Əkinçi"nin yaranmasına bir təkan olub. "Əkinçi"nin redaktoru olmuş Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabi isə "Bakinski listok"un buraxılmasında iştirak edib. Onun həmkarı X.Sinkdən çox şey öyrəndiyini düşünmək olar. Bununla yanaşı, "Bakinski listok"un səhifələrində "Həsən bəy Zərdabi" imzası ilə yalnız 1 məqaləyə rast gəlinir. Bu, Bakıda müsəlman müəllimlərin köməyi ilə Xeyriyyə Cəmiyyətinin yaradılmasının təklif olunduğu məqalədir. Zərdabinin bu təklifi 1871-ci ildə reallaşıb. "İlk dövrdə cəmiyyət fəaliyyətini Bakıda başqa şəhərlərdə yaşayan və oxumaq arzusunda olan müsəlmanların sığınacağına çevriləcək mənzillərin saxlanılması ilə məhdudlaşdıracaq. Beləliklə, onlar buradakı gimnaziyaya getmək imkanı qazanacaqlar. Xeyriyyəçilik hər bir insana xas hal olduğundan, cəmiyyət isə yalnız xeyriyyəçilik məqsədi daşıdığından, cəmiyyətə hər iki cinsdən olan, istənilən milləti və dini təmsil edən şəxslər qoşula bilərlər", - deyə Zərdabi 1872-ci ildə "Bakinski listok"da yazırdı.

 

Su təchizatı haqqında

E.Cavadovanın kitabında Bakının su ilə təmini məsələsi tam təfsilatı ilə açıqlanır - məsələnin XIX əsrin sonlarında Dumada müzakirəsindən tutmuş, 1917-ci ildə Şollar-Bakı su kəmərinin açılışınadək. Dumanın 17 mart 1898-ci ildə keçirilmiş iclasından danışılan monoqrafiyada yer almış materiallardan məlum olur ki, Bakının su ilə təchizatı məsələsi hələ 20 il açıq qalıb. "Qlasnıların müzakirəsinə iki əsas təklif çıxarılmışdı", - deyə tədqiqatçı yazır. - "Birinci təklifi peterburqlu mühəndis Nikolay Yaqın irəli sürmüşdü və orada söhbət şəhərin elə mühəndisin hazırladığı su aqreqatı vasitəsilə şirin su ilə təchizatından gedirdi. İkinci təklif Zuğulbadakı quyulardan şəhərə su xəttinin çəkilişini nəzərdə tuturdu. Bu, bakılı mühəndis və sahibkar Artyom Adamov tərəfindən irəli sürülmüşdü. Qlasnılar müzakirələr aparmalı, suyun keyfiyyəti və layihənin qiyməti baxımından sərfəli variantı seçməli idilər". Lakin Bakıya su xəttinin çəkilməsi məsələsinin həllini tapması üçün hələ 20 il vaxt keçməli olacaqdı. Üstəlik, şəhər tamamilə fərqli mənbədən tam fərqli keyfiyyətli su ilə təmin ediləcəkdi. Bu, Samur çayının Şollar bulağı olacaqdı. Hər halda, Həsən bəy Zərdabinin arzusunun gerçəkləşdiyini söyləmək mümkündür: Dumanın 1898-ci ildə keçirilmiş iclasında o, "bulaq suyunun yalnız içki deyil, həm də orqanizm üçün qida olduğunu..." bildirmişdi.

Təbiətşünaslıq üzrə mütəxəssis olan Zərdabi təbii mənbələrin dəyərini bilirdi. O, xalqın həyat səviyyəsinin yüksəlməsinə, onun fiziki və mədəni inkişafına, maariflənməsinə çağırışlar edirdi. Həsən bəy Zərdabi Bakı Dumasının iclaslarında ən fəal iştirak edənlərdən idi. O, pulsuz xəstəxanaların, məktəblərn, kitabxanaların, xalq evlərinin və s. inşası və təmirinə dair müzakirələrdə fəallığı ilə seçilirdi. Zərdabi Şəhər Dumasının büdcəsindən rasional istifadə üçün əlindən gələni edirdi. O, ictimai tələbatların ödənilməsinə yönəlmiş xətləri prioritet sayırdı. Məqsəd əhalinin böyük bir təbəqəsinin istəyinin əhatə ounması idi. Zərdabi büdcə vəsaitinin dağılması, mənasız yerə xərclənməsi ilə mübarizə aparırdı. Amma təəssüf ki, vəziyyətə heç də hər zaman nəzarət etmək mümkün olmurdu.

 

"Lavrov işi" və "Bakı" qəzeti

1903-cü il noyabrın 6-da Dumanın iclasında torpaq məsələsinə baxılıb. Dumanın Qiymətləndirmə Komissiyası istifadə olunan torpaqhaqqı ilə bağlı yekun qərara gələ bilmirdi. Müzakirəyə çıxarılmış iki məruzə gözlənilən mübahisələrə səbəb olmuşdu. Bu mübahisələrin arasında kollec məsləhətçisi A.N.Lavrovun mükafatlandırılması məsələsinə də baxılmışdı. O, kişilər progimnaziyasının sahibi idi. Orada yoxsullara dərs pulsuz keçirilirdi və bu səbəbdən, "yerli sakinlər arasında Lavrova böyük məhəbbət var idi". A.N.Lavrovun 1901-ci ildə Nəşr Məsələləri üzrə Baş İdarəyə "Bakı" adlı qəzetin açılması üçün müraciətində belə deyilirdi. Kaluqa vilayətindən olan zadəgan, Bakıda tarix və coğrafiya müəllimi işləyən A.N Lavrov Dövlət Duması tərəfindən mükafatlandırılan zaman həm də rəsmi olaraq "Bakı" qəzetinin naşiri idi (1902-1918). Faktiki olaraq isə qəzet erməni tacirlərin və neft sənayeçilərinin əlində idi. Baş Senzura İdarəsinə ünvanlanmış ərizədə bildirilirdi ki, qəzetin əsas məqsədi "yeganə gündəlik qəzet, Tağıyevin nəzarətində olan, Mərdan bəy Topçubaşov tərəfindən redaktə edilən "Kaspi"yə qarşılıq verməkdir". Bundan başqa, məqsədlər sırasında "bölgənin və şəhərin əsl rus maraqlarının ifadə edilməsi" də göstərilirdi.

Lakin qəzetin 1902-ci il oktyabrın 18-də işıq üzü görmüş ilk sayında onun əsl hədəfləri və məqsədləri üzə çıxıb. Nömrədə "Qafqaz" qəzetinin sabiq redaktoru V.Veliçkonun ünvanına hücumlar yer alıb. "Cəsarətlə və açıq şəkildə bəyan edirik ki, cənab Veliçkonun tətbiq etdiyi formada millətçilik bizə ziddir", - deyə qəzet bildirirdi. 

Maraqlıdır ki, ermənilər arasında "Qafqaz" qəzetinin sabiq redaktoru V.Veliçkoya münasibət birmənalı deyildi. Onların Veliçkoya düşmən münasibət bəslədiklərini də söyləmək olar. Səbəb keçmiş redaktorun Qafqaz ermənilərinin tarixi ilə bağlı fikirləri idi. Veliçko "Qafqaz: rus işi və tayfalararası məsələlər" (1904) adlı kitabında erməniləri bu bölgəyə gəlmə xalq adlandırır, "ermənilərin burada, əsasən, XIX əsrin əvvəllərində peyda olduqlarını" yazırdı. Müəllif bildirirdi ki, onlar bölgənin köklü əhalisi deyil və buraya Türkiyədən qaçaraq gəliblər.

Qeyd edək ki, A.N.Lavrov Bakı ermənilərinin "öz adamı" sayılırdı. Eyni sözü qısa müddətdə (1902-1904) Bakının rəhbəri olmuş, lakin bu müddətdə "Bakı" qəzetinin səhifələrində şəhərin idarə olunmasına dair geniş məqalələrlə çıxış etmiş Aleksandr İvanoviç Novikov haqqında da söyləmək olar. İş işdir, amma dostluq da öz töhfəsini verdi. Torpaq məsələlərinin müzakirə olunduğu iclasa aid materiallarda bildirilir ki, Lavrovun işi torpaqla bağlı müzakirələr zamanı "araya salıb" keçirdilər: "İclasda bu tələskənliyə qlasnı Həsən bəy Məlikov da münasibət bildirib. O, rəhbərlikdən torpaq məsələlərinin bu qədər uzun-uzadı müzakirə edilməsinin, Lavrovun mükafatlandırılması məsələsinin isə son dərəcə tələsik başa çatdırılmasının səbəbini soruşub. Lakin tribunadan bu suala cavab gəlməyib".

E.Cavadovanın H.Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətinə həsr olunmuş kitabı yalnız görkəmli maarifpərvərin irsinin araşdırılması ilə məşğul olanlar üçün deyil, onun gündəlik həyatı ilə bağlı araşdırma aparanlar üçün də maraq doğurur.



MƏSLƏHƏT GÖR:

535