20 Aprel 2024

Şənbə, 17:29

YOXSUL DAHİ

Rusiyada ölkənin elmi inkişaf prosesinin iştirakçısından müşahidəçiyə çevrilməsindən narahatdırlar

Müəllif:

07.02.2016

"Bloomberg" agentliyinin hər il hazırladığı dünyanın ən innovativ 50 iqtisadiyyatı reytinqində Rusiya heç də pis nəticə göstərməyib: siyahıda 12-ci olan ölkə Avstriya, Böyük Britaniya, Çin, Honkonq kimi ölkələri geridə qoyub. Bir il əvvəlki reytinqdə o, 14-cü, ondan əvvəl 18-ci pillədə qərarlaşmışdı. Reytinq 7 göstərici üzrə müəyyənləşdirilir. Onların arasında əhalinin təhsil səviyyəsi, tədqiqatlara ayrılan xərclər, qeydiyyata alınmış patentlərin sayı, elmi mərkəzlərin effektivliyi, yüksək texnologiyaların və alimlərin konsentrasiyası kimi amillər var. Reytinqə Cənubi Koreya başçılıq edir. Siyahıda son yeri isə Qazaxıstan tutur.

Belə çıxır ki, son ildə dünyada yüksək texnologiyalar uğrunda gedən yarışda Rusiya nəinki autsayder deyil, hətta ildən-ilə öz göstəricilərini daha da yaxşılaşdırır.

Bu mənada "Sberbank"ın rəhbəri German Qrefin bu günlərdə səsləndirdiyi bir bəyanat ilk baxışdan qəribə görünür. Xatırladaq ki, o, Rusiyanın bu rəqabəti uduzduğunu deyib: "Bu, texnoloji əsarətdir. Biz məğlub, daunşifter ölkələrin cərgəsindəyik". Qref bildirib ki, o, ölkəsinin texniki sahədə geri qalmasını nəzərdə tutur: "Rusiya proseslərin iştirakçısından müşahidəçisinə çevrilir".

Əslində, "daunşiftinq" klassik anlamda karyera və maddi rifah kimi ənənəvi dəyərlərdən imtina edərək yaşamağı nəzərdə tutur. Rusiyada isə onu başqa anlamda da qəbul edirlər: daha çox Moskvadakı mənzili kirayə verərək, bunun hesabına yumşaq iqlimi olan hansısa ölkədə qayğısız həyat. Qref bəlkə də bu cür həyat tərzinin gətirə biləcəyi vəziyyəti - şəxsiyyətin tənəzzülünü nəzərdə tutub. Bu termini ümumilikdə ölkəyə aid etsək, yəqin ki, mənzili kirayəyə verməyi dövlətin təbii ehtiyatlarını sağa-sola satmaqla əvəz etmək olar.

Belə olan təqdirdə, Rusiya dünyanın innovativ planda öndə gedən iqtisadiyyatlarının reytinqində yuxarı pillələrə necə çıxa bilib? Onu detallı şəkildə təhlil edərkən məlum olur ki, bu, əsasən, təhsilin ümumi səviyyəsi, mühəndis-texniki və elmi ixtisaslı məzunların çoxluğu, həmçinin milli valyutanın devalvasiyası nəticəsində uçuz işçi qüvvəsinin yaranması nəticəsində mümkün olub.

Elmi sahədə, həmçinin öncül texnologiyaların hazırlanması və tətbiqində Rusiya xeyli geridədir və üstəlik, bu sahədə o, təkcə iqtisadi baxımdan inkişaf etmiş dövlətlərdən geri qalsaydı, dərd yarı idi. Bu göstəriciyə görə Rusiya İranın səviyyəsinə düşüb. Bunu Rusiya prezidenti yanında Elm, Texnologiya və Təhsil Şurasının yanvarın 21-də keçirilmiş toplantısında Rusiya Elmlər Akademiyasının rəhbəri Vladimir Fortov bəyan edib. "Bütün dünyada elm sahəsində inanılmaz inkişaf var. Təəssüf ki, bu işdə biz geridə qalmışıq", - deyə alim qeyd edib. Bəzi ekspertlər isə artıq Rusiyanın bəzi elmi istiqamətlər üzrə inkişaf etmiş ölkələrə çatmaq iqtidarında olmadığını deyirlər.

 

Elm üçün pul yoxdur

Tarixən Rusiyada fundamental elmin maliyyəsi, əsasən, dövlət büdcəsindən ayrılıb. Hətta büdcənin bu məsələdə yeganə maliyyə mənbəyi olduğunu da söyləyə bilərik. Kiçik və orta biznes bu sahəyə vəsait ayırmaq iqtidarında deyil. İri biznes nümayəndələrisə dərhal gəlir gətirməyən tədqiqatlara pul ayırmaqda maraqlı deyillər.

Üstəlik, iqtisadi böhranın yaşandığı bir dönəmdə elm, təhsil və səhiyyə ilə birlikdə özünəməxsus "qənaətedici" rolu oynayır: ağır anlarda bu istiqamətə ayrılan vəsaitdən prioritet təşkil edən sahələrin - güc strukturlarının və dövlət idarəçiliyi institutlarının maliyyələşdirilməsi üçün istifadə oluna bilər.

2016-cı ilin dövlət büdcəsində elm MKT-dən (mənzil-kommunal təsərrüfatı) sonra gəlir və sonuncu - 48-ci yeri tutur. Bu, ÜDM-in 0,3%-i deməkdir. Qeyd etmək lazımdır ki, bu sahəyə ən yüksək diqqət 2009-cu ildə göstərilib - 1,25%. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 2%-dən artıqdır; məsələn, ABŞ-da söhbət 2,79%-dən gedir. Real rəqəmlərdə uçurum daha böyükdür: Rusiyada ÜDM 1,1 trilyon dollardırsa (2015-ci ilə olan göstərici), ABŞ-da bu, 17,4 trilyondur (2014).

Elmi tədqiqatların maddi-texniki təminatı məsələsində Rusiya Qərbdən geri qalır və bu uçurum ildən-ilə artır. Rusiyada bir alimin timsalında tədqiqatlara xərclənən vəsait ABŞ-dakından 10 dəfə azdır. Nəticədə, Rusiyanın beynəlxalq elmi məhsullar bazarında 1%-dən də az paya sahib olduğu halda, ABŞ-da bu göstərici 36, Yaponiyada 30, Almaniyada 16%-dir.

Rusiyada elmin əsas problemi maliyyələşmənin zəifliyində yox, iqtisadiyyatda və ictimaiyyətdə elmi tədqiqatlara tələbatın olmamasındadır.

 

"Beyin axını"

Sovet İttifaqının dağılması ilə 90-cı illərdə Rusiya əqli potensialının üçdəbirini itirdi. Bunu MDU-nun rektoru Viktor Sadovniçiy bildirir. Onun sözlərinə görə, həmin dövrdə saysız-hesabsız elmi-tədqiqat kollektivi ölkəni tərk edib. Postsovet dövründə Rusiyanın elmi və mədəni emiqrasiyasının miqyası bundan əvvəl - inqilabdan və vətəndaş müharibəsindən sonrakı emiqrasiya dalğasını xeyli üstələyib.

Son 2 ildə Rusiya alimləri başqa ölkələrə daha çox üz tuturlar. Onların onsuz da yüksək olmayan əməkhaqqı rublun devalvasiyasından sonra qat-qat zəifləyib. Lakin insanları ölkəni tərk etməyə vadar edən yalnız maddi məsələ deyil. Rusiyada alim statusunun xeyli zəif olması, tədqiqat mərkəzlərinin maddi-texniki təchizatının zəifliyi, həmçinin bürokratizm və rüşvətxorluq da onları başqa ünvanlara üz tutmağa vadar edir.

Rusiyanı tərk edənlər əsasən Qərbi Avropaya (42%) və Şimali Amerikaya (30%) üz tuturlar. ABŞ-ın payına 29%, Almaniyanın payına 19% düşür. Sonrakı yerlərdə Fransa (6%), İngiltərə (5%), Yaponiya (4%), İsveç (3%) gəlir.

Rusiyalı alimlərdən xaricə üz tutanlar arasında fiziklər, bioloqlar, kimyaçılar, texniki elmlər üzrə mütəxəssislər, riyaziyyatçılar və tələbatın yüksək olduğu digər sahələrin təmsilçiləri var. Statistikaya görə, gənc alimlərin təxminən yarısı Rusiyanı elmi fəaliyyətin davam etdirilməsi üçün cəlbedici saymır.

Silikon vadisində 40 minədək rusiyalı çalışır. Belə bir fikir var ki, İsrailin adambaşına düşən ixtiraların sayına görə dünyada ikinci yerə yüksəlməsi məhz Sovet repatriantları hesabına mümkün olub.

Qərbə üz tutmuş rusiyalı alimlərin orada ciddi nailiyyətlər əldə etməsinə daha bir nümunə 2010-cu idə Moskva Fizika-Texniki İnstitutunun məzunları olan Böyük Britaniya təmsilçiləri Andrey Qeym və Konstantin Novoselovun Nobel mükafatı qazanmalarıdır. Onlar bu mükafata nadir karbohirogen materialı - qrafen yaratdıqları üçün layiq görülüblər.

"Açıq iqtisadiyyat" fondunun məlumatına görə, yaxın illərdə Rusiyadan "beyin axını" yalnız artacaq. Bununla yanaşı, axının coğrafiyası getdikcə genişlənir. İndi rusiyalı alimlərə Venesuela, Cənubi Koreya, Braziliya, Sinqapur və Çin də həvəslə qucaq açır.

Qeyd edək ki, birbaşa "beyin axını" ilə yanaşı, onun gizli formaları da var. Onlardan biri xarici şirkətlərdə işləməkdir. Bundan başqa, böhran elmi işçilərin kommersiya təşkilatlarına və təhsillərindən, iş təcrübələrindən uzaq digər sahələrə axınını da artırıb. Bu da son deyil: "ideya axını" anlayışı da var. Rusiyada yaşayan bir çox alim xarici sifarişçilərin maraqlarına uyğun elmi proqramlarda çalışırlar. Bir çox hallarda əqli məhsul istehsalçısı onu sata bilmir və bu halda amerikalı və ya avropalı vasitəçinin köməyindən istifadə edir.

 

Yenə də...

Rusiyanın Yer kürəsinin yüksək texnologiyalara əsaslanan, ölkənin gələcəyi dəyişəcək hansı innovativ layihələri var? Çubays bu gün üçün ən önəmli layihə kimi "image recognition" (şəklin tanınması) texnologiyasının hazırlanmasını göstərib: ondan internetdə istifadə etmək olar. Anatoli Çubays bildirib ki, o "Google" şirkətinə baş çəkən zaman mətnin və ya səsin tanınmasının artıq problem olmadığını eşidib. Beləliklə, əsl inkişaf şəklin tanınmasıdır.

Bu, bəzilərini heyrətləndirib, bəzilərinisə yox. German Qrefin Rusiyanın digər ölkələrdə yaşanan elmi inqilabları, sadəcə, müşahidə etməklə məşğul olduğuna dair qalmaqallı fikrisə çoxlarını, həqiqətən, düşünməyə vadar edib.

Bəlkə, Qaydar Forumunun sessiyalarından biri elə buna görə belə adlandırılmışdı?



MƏSLƏHƏT GÖR:

574