19 Aprel 2024

Cümə, 14:28

NƏSLİN DAVAMÇISI

Eldar MANSUROV: "Uşaqlara musiqiyə sevgini körpəlikdən aşılamaq lazımdır"

Müəllif:

15.05.2016

Eldar Mansurov məşhur bəstəkar, Mansurovlar musiqiçi sülaləsinin layiqli davamçısı və Azərbaycan estradasının pərəstişkarlarının sevimlisidir. Azərbaycanın Xalq artisti təkcə 5 simfoniya, 2 simfonik poema, simli kvartet, konsertinin deyil, həmçinin bütöv bir instrumental və xor əsərlərinin, bir çox filmlərin və teatr tamaşalarının müəllifidir. O, 2000-dən artıq mahnı və instrumental mahnı yazıb, onların əksəriyyəti istər Azərbaycan, istərsə də onun hüdudlarından kənarda ifa edilir. 

Onun simfo-folk-rok üslubunda olan, atası - tanınmış tarzən, respublikanın Xalq artisti Bəhram Mansurova həsr edilmiş "Bəhramnamə" əsəri və dünyanın bir çox dillərində ifa edilən "Bayatılar" mahnısı efirlərdən düşmür. "R+"a müsahibəsində maestro həyatı, yaradıcılıq yolu və ailəsi barədə danışıb. 

- Eldar müəllim, siz necə bəstəkar oldunuz?

- Musiqiçi ailəsində böyümüşəm - böyük babam, babam və atam musiqiçi olublar. Fortepiano üzrə musiqi məktəbini bitirmişəm. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuşam və professor Cövdət Hacıyevin sinfində təhsil almışam. 

- İlk bəstəniz necə yarandı?

- Demək olar, lap təsadüfən: evdə Azərbaycan xalq mahnılarının məcmuəsini vərəqləyirdim və onlardan birinin sözləri o qədər ürə-yimə yatdı ki, ona öz musiqimi yazdım. 

- Deyilənə görə, gəncliyinizdə müxtəlif rok-qruplarında klavişdə ifa etmisiniz və rok-festivallarda çıxış etmisiniz. Bu təcrübəniz yaradıcılığınızda gərəkli olubmu?

- Əlbəttə! Hər şey elə bundan başlandı; bu təcrübə xüsusən mahnıların, elə digər əsərlərin də yazılmasında yararlı oldu. Pianoçu-konsertmeyster qismində isə haralarda işləməmişəm: Opera və Balet Teatrında, Xoreoqrafiya Məktəbində və digər bir çox yerlərdə. Musiqi dərslərini məktəbdə də, musiqi məktəbində də, incəsənət gimnaziyasında da və konservatoriyada da tədris etmişəm. Televiziyada işləmişəm, musiqili verilişlər redaksiyasında baş redaktor vəzifəsinədək yüksəlmişəm, Səsyazma evində isə baş səs rejissoru olmuşam. Bütün bunlar mənim yaradıcılıq daxılımda toplanıb. 

- Maestro, musiqini necə yazırsınız - yaradıcı ilhamın gəlməsini gözləyirsiniz?

- Mən ruh-ovqat adamıyam. Hər şey qəlbimdən asılıdır. Olur ki, hətta pis ovqat belə musiqidə parlaq həyatsevər bəstə ilə ifadə olunur və bu, heyrətamizdir. 

- Birinci hansını edərdiniz: "Yeddi gözəl" rok-operasını, "Kleopatra" və "Olimp" rok-baletlərini qoyardınız, yoxsa yazdığınız 5 simfoniyadan birini ifa edərdiniz?

- Nə vaxtsa yazılan unudulmayıb, köhnəlməyib və öz dəyərini itirməyib. Lakin hazırda ruhum elədir ki, dünya klassikasının dahi bəstəkarlarının şəhərlərinə səfər etməyi çox istəyirəm. Bah və Qaydan, Motsart və Bethoven, Verdi və Bizenin vətəninə. Bu mənim arzumdur. 

- Sizcə, uşaq musiqi ilə nə zaman məşğul olmağa başlamalıdır? Lap erkən yaşlarında nə dərəcədə düzgündür? 

- Düşünürəm, tez başlamaq lazım deyil. Amma musiqiyə sevgi körpəlikdən aşılanmalıdır. Lakin uşağın musiqi qabiliyyəti və musiqiyə meyli yoxdursa, bunu etmək çətindir. Axı, quyuya su tökməklə quyu sulu olmaz. 

- Ümumtədris məktəblərində böyüməkdə olan nəslin musiqi tərbiyəsi barədə nə düşünürsünüz? Bu, mütləqdir?

- Bəli, musiqi ilə bağlı olan insanlar daha şövqlüdürlər və digər adi sakinlərdən ikibaş üstündürlər. 

- Sevgi və dostluq sizin üçün nədir? Həyatın əsas tərkib hissələridirlər?

- Bunlar olmadan, ümumiyyətlə, necə yaşamaq olar?! Amma buraya bütün varlığımın can atdığı yaradıcılığı da əlavə edərdim. 

- Eldar müəllim, Allaha inanırsınız? Sizə ikinci həyat verilsəydi, onda nəyi dəyişərdiniz?

- Bəli, Allaha inanıram. Mən fatalistəm və düşünürəm ki, hər şey əvvəlcədən yuxarıdan müəyyən edilib və həyatımı dəyişmədən eləcə yaşayardım. Əsas onu layiqli yaşamaqdır. Dünyaya belə gəlmişəm və dəyişməyəcəyəm. Həyatsevər... Hər anı, hər saatı zövqlə yaşayıram. Mənə dəyərli olanlarla ünsiyyətdə olmaq sevincini gələcəyə saxlamayaraq, indicə və bu saat yaşayıram. Ruhuma yaxın doğma dostlarımla vaxt keçirmək çox dəyərlidir, onlar üçün royalın arxasında saatlarla musiqi çalmağa hazıram. Gümrahlıq, mehribanlıq və nikbinlik bəxş edən sədaqətli dostlarımla şən masa arxasında əyləşməyi sevirəm.

- Xoşbəxtlik sizin üçün nədir? Ən yaxşı şad günləriniz hansılardır?

- Bu həyatda hər şey paralel gedir: Xeyir və Şər, Ağ və Qara, Gülüş və Göz yaşı, Xoşbəxtlik və Kədər - bu Yer planetində hər şey yanaşı mövcuddur. Bütün bunları olduğu kimi qəbul edirəm və yaşadığıma, valideynlərimin mənə bu həyatı verdiklərinə sevinirəm. Buna görə qarşılarında baş əyirəm. Ən yaxşı, şad günlərim isə ailəmin ətrafında keçirdiyim günlər, bir yerdə qeyd etdiyimiz bayramlar, yaddaqalan hadisələr, uşaqlarımın və nəvələrim doğum günləridir. Uşaqları çox sevirəm. İki oğul böyütmüşəm, onlar musiqiçi olmadılar. İndi musiqini peşə seçmək üçün ona tələbat yoxdur. Onlar iqtisadçıdırlar, lakin mənim üçün əsas onların layiqli insan kimi böyümələridir. İki nəvəm var - qız və oğlan. Bəlkə, onlar musiqiçi oldular. Səyahəti çox sevirəm və vaxt var idi ki, bütün Sovet İttifaqını gəzmişəm. Lap çoxdan fotoqrafiya ilə maraqlanıram. Bir də böyük kitabsevərəm, diqqətimi fransız ədəbiyyatına cəmləyirəm və əsl kitabları oxuyuram. Görmə qabiliyyətini pozan və oxuyarkən narahatlıq yaradan elektron kitablara üstünlük vermirəm. 

- Maestro, Azərbaycan muğamlarının öyrənilməsinə dair işiniz davam edir?

- İş hələ bitməyib. Heydər Əliyev Fondunun dəstəyi ilə çıxan "Mansurovlar. Nəslin tarixi" adlı kitabım nəşr edilib. Buna görə onlara son dərəcə minnətdaram. Bu kitabdan sonra indi babam Məşədi Süleyman bəy Mansurovun xatirələri, habelə atam Bəhramın xatirələri haqqında kitab yazıram. 

- Babanızın "Muğam evi" durur? Bu ev necə oldu? Bir qədər onun və qardaşlarınız barədə danışın...

- Bu ev İçərişəhərdə yerləşir. Bu, babamın sağlığında ən yaxşı muğam ifaçılarının toplaşdığı sadə yaşayış evidir. Mən Mansurovlar nəslində böyüyəm, ortancıl qardaşım Aydın İctimai Televiziyada operatordur, kiçik qardaşım Elxan isə atam kimi tarzən, Opera və Balet Teatrının artistidir. Yaradıcı peşənin insanlarıyıq və mümkün olduqca, bir-birimizə təkcə məsləhətlə yardım etmirik; məsələn, Elxan tar partiyasının yazıldığı bəstələrimi ifa edir. 

- Azərbaycan estradasının metri kimi, Azərbaycanda estrada musiqisinin səviyyəsini necə qiymətləndirirsiniz? 

- Müasir estradanın bugünkü xaos vəziyyətindəki səviyyəsi yüksək deyil. 

- İndi tez-tez deyirlər ki, dünya mənəviyyatsızlaşıb. Sizcə, mənəviyyatı dirçəltmək olarmı? Bu necə edilməlidir? 

- Düşünürəm, kütləvi informasiya vasitəsilə - televiziyada, radioda, qəzetdə, jurnallarda, habelə internetdə dünya ədəbiyyatı və musiqisinin ən yaxşı obrazlarını geniş şəkildə təbliğ etmək lazımdır. Bütün bunlar isə bağçalardan, hazırlıq kursları və məktəblərdən başlanmalıdır .

- Gələn il 65 yaşınız olacaq. Milyonlarla pərəstişkarınız kumirlərindən səslənmə rezonansına görə, "Bayatılar", "Bəhramnamə" və digər populyar kompozisiyalara bərabər bəstələr gözləyirlər. Onlar sevimli bəstəkarlarının yaradıcılıq gecələrinin birində yenə səsləndiriləcək? 

- Güman edirəm ki, bu, nəsə tamamilə yeni və bəlkə də, hətta yeni janrda ola bilərdi...


MƏSLƏHƏT GÖR:

540