19 Aprel 2024

Cümə, 22:08

AKADEMİYALARI GƏZƏRƏK...

Emin EMİNZADƏ: "Musiqi qəlbin dilidir. Onun gözəl, güclü, hissiyyatlı və emosional melodiyası olmalıdır"

Müəllif:

01.07.2016

Onu Azərbaycanın Robertino Lorettisi adlandırırlar. Bir neçə il bundan əvvəl məşhur italyan tenor ifaçısı oğlana xeyir-dua verib və ona böyük gələcək vəd edib. Hazırda Emin Eminzadənin 19 yaşı var və o, bütün qoyduğu məqsədlərinə nail olmağa can atır. "Musiqi qəlbin dili olmalıdır", - deyən müğənni hesab edir ki, yalnız o zaman musiqi ünvanına çatır. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev 10 gənc musiqiçi və ifaçıya xüsusi aylıq təqaüdün verilməsi haqqında sərəncam imzalayıb. Bu siyahıda Emin Emizadənin də adı var. Ölkə başçısının sərəncamına əsasən, musiqi sahəsində xüsusi istedada malik şəxslər "Gənc istedadların Qızıl Kitabı"na daxil ediləcəklər. 

- Emin, sizi xüsusi Prezident təqaüdünə layiq görülməniz münasibətilə təbrik edirik. Bu xəbəri alanda necə hisslər keçirdiniz?

- İstedadımın tanındığına görə qeyri-adi sevinc hissi keçirdim. Və daha bir nailiyyətə çatdığım üçün fərəh hissi duydum. Mən yaradıcılığıma verilən qiymətə görə Prezidentimizə təşəkkür edirəm və söz verirəm ki, Azərbaycanı dünya səhnəsində layiqincə təmsil edəcəyəm.

- Siz həmişə musiqiçi olmağı arzulamısınız, yoxsa uşaqlıqda bir çox oğlanlar kimi, idmançı olmaq istəmisiniz?

- Özümü tanıyandan həmişə musiqiçi olmaq istəmişəm. Musiqi ilə 5 yaşından məşğul olmağa başladım. Valideynlərim opera ariyaları səslənərkən və balet göstərilərkən mənim televizor qarşısında valeh olduğumu müşahidə ediblər. Hətta yadımda qalan melodiyanı oxumağa da çalışmışam. Anam məni Bülbül adına Musiqi Məktəbinə qoymaq üçün atamı razı salıb. Beş imtahandan keçdim və məni skripka sinfinə yazdılar. Lakin atam həkim və ya hüquqşünas olmağımı istəyirdi və musiqi məktəbində 2 ay təhsil alandan sonra, məni adi orta məktəbə göndərdilər. Lakin sonradan, axır ki, G. Şaroyev adına 35 nömrəli musiqi məktəbinə yazdılar. Oraya böyük həvəslə gedirdim və musiqi ilə məşğul olurdum. Daha sonra MTN yanında Mədəniyyət Mərkəzinin orta xüsusi musiqi məktəbində fortepiano sinfində oxumuşam. Artıq o zaman həyatımı musiqisiz təsəvvür etmirdim.

Sonuncu 12-ci sinfi ABŞ-da bitirdim. Birillik bu ölkəyə FLEX mübadilə təhsil proqramı ilə getməyi bizə - 30 azərbaycanlı məktəbliyə Azərbaycan Təhsil Nazirliyi və ABŞ Dövlət Departamenti şərait yaratdı. Beləcə, mən Marşall (Texas ştatı) şəhərinə düşdüm. Adi amerikalı ailəsində yaşayırdım və adi amerikan məktəbində təhsil alırdım. Mən bu ili, necə deyərlər, özüm və ölkəm üçün səmərəli keçirmək qərarına gəldim. Hər ay müxtəlif təqdimatlar keçirirdim və Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri barədə danışırdım, amerikalı dostlarımın çox xoşladıqları Azərbaycan xörəklərinin dequstasiyasını keçirirdim. Və əlbəttə ki, şəhərin bütün mədəni tədbirlərinə qatılırdım: konsertlərdə iştirak edir, tamaşalarda oynayırdım. Fəal iştirakıma görə, Texas rəhbərliyi mənə, hətta fəxri vətəndaş statusu təqdim etdi. ABŞ-da olduğum zaman məşhur Amerika Musiqi və Dram Akademiyasına daxil oldum. 

Orada 1 il təhsil aldım və vətənə dönən zaman akademik tətil götürdüm. Çünki Bakıda paralel olaraq, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdum. Müəllimim Xalq artisti Fidan Qasımovadır. Mənə inandığı və yaradıcılığıma kömək etdiyi üçün ona çox minnətdaram. Hesab edirəm ki, gənc istedad üçün yanında həmişə düzgün məsləhət, lazımi istiqamət verəcək güclü şəxsiyyət, müəlliminin olması önəmlidir. Bu mənada bəxtim çox gətirib...

- ABŞ-da sizi necə qarşıladılar? Sirr deyil ki, bir çox musiqiçilər və ifaçılar "böyük imkanlar ölkəsi"ni fəth etməyə çalışırlar. Gələcək həyatınızı bu ölkə ilə bağlayırsınızmı?

- Amerika məni mehriban təbəssüm və xoş əhval-ruhiyyə ilə qarşıladı. ABŞ sanki başqa planetdir. Bu səyahətdən öncə mən Avropanın bir çox şəhərlərinə konsertlər və çıxışlarla səyahət etmişdim. İlk dəfə Amerikaya gələndə, informasiya, emosiya və birinci yerdə insanın fərdiliyi və özünüifadə azadlığının durduğu insanlarla ünsiyyətin bolluğundan "mədəniyyət şoku" keçirdim. Kim olduğum, haradan gəldiyim və nə ilə məşğul olduğum onlara maraqlı idi. Onlar Azərbaycan barədə bilmək istəyirdilər, çünki yeni dostlarımın əksəriyyəti Vətənimi xəritədə belə tapa bilmirdilər. Bakı, onun tarixi və memarlığı barədə danışmaqdan yorulmurdum, şəkillər göstərirdim, mahnılar oxuyurdum... ABŞ-la bağlı ən xoş və səmimi təəssüratlarım qalıb. Gələcəyimə gəlincə isə növbəti il ABŞ-da təhsilimi davam etdirməyi planlaşdırıram. Bir müddət orada yaşamaq, vokal və səhnə ustalığını öyrənmək, təcrübə yığmaq istərdim. Niyə də yox? Bu o demək deyil ki, Vətənimi və köklərimi unudacağam. Mən Azərbaycanı layiqincə təmsil etməyə və amerikalıları mədəniyyətimiz və tariximizlə tanış edəcəyəm.

- Emin, vokaldan savayı siz mahnılarınıza musiqi də yazırsınız. "Bubble Dreams" adlı kompozisiyanız Avropada böyük marağa səbəb olub və bir neçə məşhur xarici radiostansiyada səslənib... 

- Mahnı üçün sözləri mən Fuad Əlizadə ilə birgə yazmışam. Kompozisiyanın aranjmanı Nyu Yorkda Yanq Bek, Devid Faustino, Snup Doq, Bruno MARS və s. bu kimi dünya ulduzları ilə əməkdaşlıq edən məşhur "Sinima Production" şirkətinə məxsusdu. "Bubble Dreams", həmçinin dünyada məşhur olan "VEVO" videosaytında, "iTunes" və "Amazon Online" onlayn-mağazalarında yerləşdirilib. Mənim adıma VEVO-da, hətta kanal açılıb.

- Beynəlxalq müsabiqələrdəki qələbələrinizdən danışın. Onlardan hansı sizin üçün daha önəmlidir?

- Bu suala cavab vermək çətindir. Hesab edirəm ki, hər bir qalibiyyət mənim üçün vacib və dəyərlidir. Mən qarşıma məqsədlər qoymağa və onlara çatmağa çalışıram. Bir çoxları deyirlər ki, kifayət qədər məqsədyönlü yoldaşam... 2012-ci ildə İspaniyanın Lloret de Maar şəhərində (Kataloniya) keçirilən VIII Opus-2012 beynəlxalq mahnı müsabiqəsinin laureatı oldum. Müsabiqə 17 ölkədən 14-21 yaş arasında olan vokalçılar arasında keçirilirdi və Azərbaycan orada birinci dəfə təmsil olunurdu. O zaman 42 iştirakçı arasında laureat oldum. Bir il sonra Qazaxıstanda UNESCO və digər beynəlxalq təşkilatların dəstəyi ilə bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan "Qızıl mikrofon" beynəlxalq müsabiqəsinin qalib oldum. Mən əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomaevin repertuarından "Azərbaycan" və "Besame mucho" mahnısını ifa etdim. Müsabiqəyə 12 ölkənin nümayəndəsi qatılmışdı. Münsiflər heyətinə 10 ölkədən mütəxəssislər daxil idi və onlar yekdilliklə mənə 10 bal verdilər. Mən fəxri diploma və müsabiqənin keçirildiyi Kostanay vilayətinin dəyərli hədiyyələri ilə təltif olunmuşdum. 

- Robertino Loretti ilə tanışlıq barədə danışın. Bu, sizin üçün əhəmiyyətli görüş idi?

- Bəli. Bu, 2011-ci ilin fevralında Robertino Lorettinin Bakıda solo-konserti zamanı baş verdi. Konsertdən yarım saat öncə məni ona təqdim etdilər. Məni dinlədikdən sonra Loretti bizim "O Sole Mio" nömrəmizi proqrama daxil etmək qərarına gəldi. Bu kompozisiyadan başqa mən “Camayka” mahnısını oxudum və bundan sonra Robertino etiraf etdi ki, məndə öz uşaqlığını gördü. İfamı çox bəyəndi, məni öz ustad dərslərinə və yayın ortasında Romada keçirilən "Elia Catalano" məşhur mahnı müsabiqəsinə dəvət etdi. Bu, mənim üçün böyük şərəf idi. O zaman anladım ki, seçimim düzgün olub və ömrümü musiqiyə həsr etməyə hazıram. Həmin ilin iyulunda atamla İtaliyaya, Robertino Lorettinin evinə qonaq getdik. Festivalda mən 2 mahnı - "Camayka" və "O Sole Mio"nu ifa etdim. Bir vaxtlar Lorettini dünyada məşhur edən həmin mahnıları. Beləcə, mən İtaliyanın "Elia Catalano" festivalının laureatı oldum. Orada məşhur tenor bildirdi ki, mənimlə bir səhnədə çıxış edəcək və Moskvada keçiriləcək yubiley konsertinə məni də dəvət etdi. Həm də rəsmi şəkildə Mədəniyyət Nazirliyinin vasitəsiləylə. Dekabrda biz birgə beynəlxalq musiqi evinin Kamera zalında çxış etdik. Beləcə, dostluğumuz yarandı. İndiyə kimi zəngləşib, ünsiyyət saxlayırıq...

- Emin, siz klassik musiqi təhsili alırsınız. Asudə vaxtınızda hansı musiqini dinləməyi sevirsiniz?

- Mən istənilən musiqiyə qulaq asmağı xoşlayıram. Əsas meyar onun keyfiyyətli olmasıdır. Müslüm Maqomayevi və Rəşid Behbudovu sevirəm. Onların səsi, ifa tərzi xoşuma gəlir... Həmçinin Meykl Cekson, Freddi Merkyuri, Vaqif Mustafayev, Andrea Boçelli, Adel, Selin Dionu məmnuniyyətlə dinləyirəm. Hesab edirəm, musiqi qəlbin dili olmalıdır. Onun melodiyası - gözəl, güclü, hissiyyatlı və emosionallığı ilə fərqlənməlidi. Məhz buna görə hard-roku anlamıram və qəbul etmirəm. Onun harmoniya və melodiyası yoxdur. Ancaq xaos və nizamsızlıqdan ibarətdir .

- Siz ilk solo-albomunuzu yazırsınız. O necə olacaq?

- Bəli, hazırda mən yeni mini-albom üzərində çalışıram. Alboma ən az dörd pop-ballada daxil olacaq. Bütün kompozisiyaları özüm yazmışam. Soruşarsız, nə üçün opera ariyaları və klassik musiqilər yox, məhz pop-balladaları yazıram? Sadəcə, özümü digər tərəfdən, dinləyicilərin məni hələ kifayət qədər bilmədikləri şəkildə göstərmək istədim. Ümid edirəm, insanlar mahnılarımı bəyənəcəklər.

- Gələcək planlarınızla bölüşərdiniz...

- Təhsilimi ABŞ-da və burada Musiqi Akademiyasında davam etdirmək istəyirəm. Həmçinin biznes menecment sahəsində ikinci ali təhsil almaq fikrim var. İkinci peşə mənə musiqi fəaliyyətimi planlaşdırmağa və koordinasiya etməyə, işgüzar əlaqələr qurmağa imkan verəcək. Yaxın planlarıma - bu yaxınlarda konsert və festivallarda iştirak etmək üçün dəvət aldığım Niderlanda və İtaliyaya səfərlərim var. Odur ki, planlarım çoxdur...



MƏSLƏHƏT GÖR:

445