18 Aprel 2024

Cümə axşamı, 22:12

"AĞ-QARA" SÜRPRİZLƏR

Bakı Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət millisi gözləntiləri doğrultmadı, qadınlar isə əksinə...

Müəllif:

15.09.2016

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək təşkilatçılıq və rekord sayda iştirakçı ilə yadda qaldı.

Təəssüf ki, Olimpiadada həm kişilər, həm də qadınlar arasında 6 komanda ilə təmsil olunan Azərbaycan millisi mükafatçılar sırasında yer almadı.

Kişilər arasında Olimpiadanın qalibi ABŞ, qadınlar arasında isə Çin oldu.

Amma əvvəlcə şahmat dünyasında millilər arasında keçirilən ən mötəbər yarışın təşkilatçılığı barədə söz açmaq istərdik.

FİDE prezidenti Kirsan İlümjinov Olimpiadanın yüksək təşkilatçılığı haqqında fikir söylədi.

“Bu, FİDE-yə rəhbərlik etdiyim dövrdə baş tutan sayca 11-ci Olimpiadadır. Bakıdakı turnir 11 Olimpiada arasında ən yaxşısıdır.İlk növbədə, Azərbaycan dövlətinə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. FİDE rəsmiləri, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman nazirliyi və hökümət rəhbərlərinin birgə əməyi nəticəsində olimpiada ən yüksək səviyyədə təşkil edildi”, deyə  K. İlyumjinov R+-a bildirib.

“FİDE rəsmiləri üçün Azərbaycan prezidentinin açılış mərasimində iştirakı, turnirdəki ilk gedişi etməsi çox xoş idi. Ölkənin birinci şəxsinin olimpiadaya qatılması təkcə Azərbaycan yox, dünya şahmatı üçün də böyük təbliğatdır”, - FİDE prezidenti qeyd edib.

O bildirib ki, Bakı Olimpiadası iştirakçıların sayına görə rekorda imza atıb. “Olimpiadada 176 ölkənin nümayəndələri yarışıb. İdmançıların səviyyəsi də olduqca yüksəkdir. Olimpiadada, ümumilikdə, 361 qrossmeyster, eləcə də 300 beynəlxalq dərəcəli usta mübarizə aparıb. Bakıda iki hazırkı dünya çempoinu, kişilər arasında Maqnus Karlsen, qadınlardan Hou Yifan iştirak etdi. Eləcə də iştirakçılar sırasında keçmiş dünya çempionlarının sayı kifayət qədər oldu. Sadaladığım faktlar olimpiadada olan rəqabətdən xəbər verir”, İlumjinov bildirib.

Azərbaycanda şahmatın inkişafı barədə danışan FİDE rəhbəri bu sahədə Dövlət Proqramının böyük rolu olduğunu bildirdi: “Azərbaycan Prezidenti bir neçə il əvvəl şahmatın inkişafına dair Dövlət Proqramı imzalayıb. Bu gün həmin mühüm sənədin nəticəsini hamı görür. Olimpiadada təşkilatçı ölkə 6 komanda ilə təmsil olundu. İkinci-üçüncü komandalarda gənc şahmatçılar üstünlük təşkil edirdilər. Azərbaycan şahmatında izlədiyim rəqabəti qeyd etməyə bilmərəm. Ölkədə fəaliyyət göstərən çoxlu sayda şahmat məktəbləri idmanın bu növünün təbliğatında və inkişafında həlledici rol  oynayır”.

Olimpiadanın nəticələrinə nəzər yetirərək, qeyd etmək lazımdır ki, ABŞ yığmasının qələbə qazanması, demək olar ki, qanunauyğunluq təşkil etdi. Son 2 ildə üç güclü şahmatçını milliləşdirən Birləşmiş Ştatlar, sözün əsl mənasında, döyüşkən komanda formalaşdırıb. İtaliyalı Fabiano Karuana, yapon Hikaru Nakamura və filippinli Uesli So indi ABŞ yığmasının əsas simalarıdır. Beynəlmiləl komanda 11 turluq mübarizəni yüksək səviyyədə keçirməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ukrayna ikinci, Rusiya üçüncü yeri tutdu.

Qadınların yarışında Çin Olimpiadanın qalibi oldu. Eyni xala malik Polşa və Ukrayna, müvafiq olaraq, gümüş və bürünc medallara layiq görüldülər. Beşqat dünya çempionu Hou Yifanın lideri olduğu çinlilər 11 turluq yarışda yüksək texnika, yeni debütlər nümayiş etdirməklə 20 xal toplayaraq rəqiblər üçün əlçatmaz komandaya çevrildi.

42-ci Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında 6 komanda ilə təmsil olunan Azərbaycan millisi mükafatçılar sırasında yer almadı. İki il əvvəl Norveçdə 5-ci yeri tutan kişi şahmatçılardan ibarət yığmadan, ən azı, bürünc medal gözlənilsə də, ümidlər doğrulmadı – komandamız yekunda 12-ci yerdə qərarlaşdı. İkinci və üçüncü komandalarda nisbətən gənc şahmatçılar iştirak etdiyindən, həmin kollektivlərdən nəticə tələb olunmurdu. Əsas məqsəd onların Olimpiadada təcrübə toplamaqla gələcəkdə əsas komandanın üzvünə çevrilməsi idi.

Startda ardıcıl 4 görüşü qələbə ilə başa vuran Aleksey Dreyevin kapitanı olduğu Azərbaycan millisi 5-ci turda məğlubiyyət acısı yaşadı. Hindistana 1:3 hesabı ilə uduzmaq yığmamız üçün ilk həyəcan siqnalı rolunu oynadı. Rəqibin bir və üçüncü lövhələrdə qara fiqurlarla qələbə qazanması bizi ciddi şəkildə düşünməyə məcbur edirdi. Amma kapitan və məşqçilər bu həyəcan siqnalını aradan qaldırmağı bacarmadılar. Məğlubiyyətdən sonra istirahət günü olduğundan, yığmamızın özünü toparlayacağını gözləyirdik, təəssüf ki, yenə arzumuz çin olmadı.

Altıncı turda iddialı sayılmayan Yunanıstanla heç-heçə oynamaq artıq qızıl medalların əldən çıxdığını təsdiqləyirdi. Bu görüşdə Eltac Səfərli qələbə qazansa da, milliləşdirilmiş legioner Arkadi Naydiç məğlubiyyət acısı yaşadı. Növbəti xal itkisindən sonra, millimiz, demək olar ki, oyun nizamını bərpa etməyi bacarmadı. 10-cu turda İngiltərəyə uduzandan sonra isə ümumiyyətlə medal qazanmaq şansımız qalmadı. Kişi şahmatçılarımız olimpiadada səviyyələrindən aşağı çıxış etməklə millidə ciddi islahatlara ehtiyac olduğunu sübut etdi.

Birinci lövhədə çıxış edən Şəhriyar Məmmədyarov liderə bənzər oyun nümayiş etdirməyə hazır olmadığını göstərdi. 10 mümkün xaldan 6,5 xal toplayan Məmmədyarov əksər partiyalarda lazımsız risk etməklə diqqəti cəlb etdi. 10 görüşdə iştirak etməklə yalnız 5.5 xal qazanan Teymur Rəcəbovun formada olmadığı aşkar şəkildə özünü göstərdi. Əksər oyunlarda seyt-nota düşən, debütdən üstün durumda çıxmağa çətinlik çəkən Rəcəbovun zəif çıxışında oyun praktikasının azlığı da böyük rol oynadı. Teymur son dəfə hansı nüfuzlu yarışda iştirak etdiyini, demək olar ki, hamımız unutmuşuq. Səkkiz oyundan 6 xal toplayan Rauf Məmmədov üçüncü lövhədə 5-ci yeri tutmaqla komanda yoldaşlarından yaxşı mənada fərqləndi. Eltac Səfərli iki dəfə komandanı məğlubiyyətdən xilas etməklə milliyə lazım olduğunu göstərdi. Sonuncu lövhədə çıxış edən Arkadi Naydiç isə demək olar ki, karyerasının ən uğursuz turnirində işitirak etdi. Ümumilikdə 4 görüşdə uduzan milliləşdirilmiş şahmatçı xilaskar rolunu oynamağı bacarmadı.

Əvvəlki illərdə yığma üzvləri zəif çıxışlarını onlara lazımi şəraitin yaradılmaması ilə izah edirdilər. Bu dəfə isə vəziyyət fərqlidir. Komanda üzvləri Qəbələ və Şamaxıda üç hazırlıqda iştirak edib. Onların yüksək səviyyədə hazırlaşması üçün federasiya məşqçi Etyen Bakro və kapitan Aleksey Dreyev kimi tanınmış insanları komandaya cəlb edib. Bununla belə, Azərbaycan yığması mükafatçılar sırasında yer almadı.

Kişilərdən fərqli olaraq, qadın şahmatçılarımız bizləri yaxşı mənada təəccübləndirdi. Yeddi tur ərzində məğlub olmayan komanda, Hindistan və Polşa kimi milliləri məğlub edərək, güclü Gürcüstanla heç-heçə oynamaqla sensasiya etdi. Səkkizinci turda yarışın gələcək qalibi Çinə uduzan Azərbaycan Kolumbiya və Malaziyanı üstələməklə turniri 8-ci pillədə başa vurdu. Üçüncü lövhədə çıxış edən Gülnar Məmmədova isə ümumiyyətlə 9 oyundan 7 xal toplamaqla fərdi göstəricilərə görə qızıl medala layiq görüldü.

Sadaladığımız faktlarla kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının kapitanı Aleksey Dreyev də razılaşdı. Onun fikrincə, kişi şahmatçılarımızın səviyyələrindən aşağı çıxış etməsində əsas səbəb psixoloji təzyiq idi: “Turnirdən öncə daha böyük nəticələrə ümid edirdik. Təəssüf ki, istəyimiz alınmadı. Halbuki optimal formadaydıq. Psixoloji cəhətdən də mübarizəyə, təzyiqə hazır idik. Evdə oynamaq hər zaman çətindir, məsuliyyət tələb edir. Olimpiadaya pis başlamamışdıq. Hesab edirəm ki, bizim üçün həlledici an Rusiyaya uduzmağımız oldu. Həmin qarşılaşmada məğlub olmaqla nəinki qızıl, hətta medal qazanmaq şansımızı itirdik. Bundan sonra hansısa uğurlu nəticə qazanmaq çətin idi”. O qeyd etdi ki, Hindistanla görüşə qədər komandadan ciddi narazılığı yox idi,  oyunçuların hamısı əlindən gələni edirdi.

“Yunanıstana qalib gəlməli olduğumuz halda heç-heçəyə razılaşdıq.  Naydiç həmin matçda uduzsa da, komandanı məğlubiyyətdən Eltac xilas etdi. Səfərli 2 dəfə ən sonda komandanın yekun nəticəsini müəyyənləşdirib. 1 dəfə heç-heçə oynamışıq, 1 dəfə isə qələbə qazanmışıq. Şahmatçıları ayrı-ayrılıqda qiymətləndirmək istəməzdim. Günahı kiminsə üstünə atmaq fikrində deyiləm. Teymura ümidlərim böyük idi. Yarışa yaxşı hazırlaşsa da, oyun praktikasının azlığı özünü göstərdi”, deyə Dreyev bildirib.

O qeyd edib ki, Şahmat federasiyasının rəhbərliyi şahmatçıların hazırlığı üçün hər cür şərait yaratmışdı. “Təlim-məşq toplanışlarının yüksək səviyyəli təşkilinə maksimum güc qoyulmuşdu. Bunun nəticəsidir ki, qızlardan ibarət əsas yığma möhtəşəm oynadı. Bir çox sürprizlərə imza atdı. Onlar özlərini yaxşı tərəfdən göstərdilər. Bizim uğursuzluğumuza gəlincə, lazımi nəticəni qazanmaq üçün maksimum stabillik lazımdır. Növbəti olimpiadanın hazırlığına bu yarışın bağlanış mərasimindən dərhal sonra başlamaq lazımdır. Əlimizdən gələni etməliyik ki, növbəti dəfə daha yaxşı nəticələr qazanaq”, - deyə o bildirdi.

Müqaviləsi bitən Aleksey Dreyevin işinə qiyməti isə Azərbaycan Şahmat Federasiyası verməlidir.



MƏSLƏHƏT GÖR:

478