28 Mart 2024

Cümə axşamı, 15:37

VETERAN VETERANLAR BARƏDƏ

Ehtiyatda olan I dərəcəli kapitan Aleksandr Qritçenkonun Böyük Vətən müharibəsi qəhrəmanları barədə yeni kitabı işıq üzü görüb

Müəllif:

15.09.2016

Azərbaycan həmişə öz qəhrəmanlarına hörmət edəcək, öz həyatını xalqın gələcəyinə qurban vermiş insanları ehtiramla xatırlayacaq. Özü də bizim aramızda da dinc həyatımıza görə borclu olduğumuz insanlar var, ahıl yaşlarına baxmayaraq, onlar hələ də Vətənin rifahı üçün çalışmağa davam edirlər.

Böyük Vətən müharibəsi veteranları az qalıblar. Onlardan biri - 95 yaşlı Aleksandr Qritçenko ehtiyatda olan I dərəcəli kapitan, hərbi jurnalist, Azərbaycan Döyüş Yoldaşları - Müharibə Veteranları Seksiyasının sədr müavinidir.

Azərbaycanda onun xətrini əziz tutur, hörmət edirlər. Onu tez-tez Böyük Vətən müharibəsinə həsr edilmiş tədbirlərdə görmək olur. O, çox sayda kitabın müəllifidir, mükafatlarının sayı isə yalnız həsəd hissi oyada bilər. Bu günlərdə Aleksandr Qritçenko ictimaiyyətə öz yeni «Qələbə və yaddaş» kitabını təqdim edib. Kitab faşizmə qarşı döyüşmüş Azərbaycan əsgərləri və arxa cəbhədə mübarizə aparmış insanlar barədədir.

 

Yorulmaz veteran

Qritçenko 50-yə yaxın kitabın müəllifidir, bu kitabların çoxu müharibə dəhşətləri barədədir. Kitabın təqdimatında oxucu və veteranlarla yanaşı, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr da iştirak edib. Arxiyepiskop bildirib ki, doğru dərs olsun deyə, müharibə irsini qorumaq vacibdir. O, Aleksandr Aleksandroviç Qritçenko və onun kitabları barədə çox böyük hörmətlə danışıb.

Qritçenko yazıçı-publisist, jurnalist və biblioqrafdır. Onun yaddaşında, həm də kitablarında yüzlərlə ad və tale həkk olunub. O, keçmişin qoruyucusudur və onun əhvalatlarını eşitməyə əksəriyyəti barəsində kitablarında bəhs etdiyi insanların törəmələri olan qonaqlar gəlmişdi.

Aleksandr Aleksandroviç yazmağa hələ məktəb illərində - yuxarı siniflərdə başlayıb. Bütöv müharibə yolu keçib, rabitəçi olub, dəniz piyadasında işləyib. Sonra hərbi jurnalist, siyasi işçi kimi döyüş yolu keçib. Aleksandr Aleksandroviçin özü Dnepropetrovskda anadan olub. SSRİ-nin şimalında xidmət keçdikdən sonra, onun yolu uzaq Cənub respublikasına - Azərbaycana düşür. Məhz bu ölkə uzun illər üçün onun Vətəninə çevrilir.

«Kamçatkada mən hərbi donanmada xidmət edirdim, məcburi 3 ildən sonra daha iki il də orada qaldım, sonra Bakıya, Xəzər Hərbi Donanmasına dəyişdirildim. Bax, indi 63 ildir Azərbaycanda yaşayıram», - deyə Qritçenko Azərbaycan və onun sakinləri barədə böyük hörmət və sevgi ilə danışır, həyəcandan onun səsi titrəyir və qırılır. «Mən yarım əsrdən artıqdır ki, burada yaşayıram və buranı heç zaman tərk etməyəcəm», - deyə veteran vurğulayır.

Onun işdən yorulmaması heyran qoyur. Qritçenko özü barədə deyir: «Məndən ötrü nə məzuniyyət, nə də istirahət günü var. Mən hər zaman işləməyə hazıram». Düzdür, gücü artıq əvvəlki kimi deyil. Artıq özü işləyə bilmir, kitablarını arvadına deyərək yazdırır. Qadının 87 yaşı var, bu günə kimi ərinin sadiq köməkçisidir. «Arvadım həmişə məni dəstəkləyib, bu illər ərzində yanımda olub. Bu qalın kitabları onun köməyi olmadan yaza bilməzdim», - deyə Qritçenko bildirir.

Az adam tapılar ki, bütün həyatını faşizm üzərində böyük qələbəyə nəhəng töhfə barədə insanların hər şeyi bilməsinə həsr etsin. Onun kitablarının çoxu azərbaycanlılara - bütün cəbhələrdə döyüşmüş əsgərlərə həsr edilib. Aleksandr Qritçenko onların hamısı barəsində danışmağı özünə borc bilir, bizim həmvətənlərin həyat tarixçəsini və qəhrəmanlıqlarını təsvir etmək üçün çox sayda jurnalist araşdırması aparıb. «Təəssüf ki, gənc insanlar bizim ümumi qələbəyə Azərbaycanın necə nəhəng töhfə verdiyindən heç də hər zaman xəbərdar olmurlar», - deyə o vurğulayır.

 

Bunlar, sadəcə, ad deyillər

Onun qəhrəmanlarından biri - serjant İsrafil Məmmədovdur. 1941-ci il noyabr ayının sonlarında o, Novqorod ətrafında döyüşüb və öz döyüşçüləri ilə birlikdə düşmənin sərt hücumlarının qarşısını adıb. Azərbaycanlılar arasında ilk Sovet İttifaqı Qəhrəmanı adı məhz ona verilib.

Qritçenkonun başqa qəhrəmanı bizim hərbi dənizçi Qafur Məmmədovdur. O, müharibənin ilk günlərindən Sevastopol uğrunda gedən döüşlərdə iştirak edib, sonra Odessa ətrafında döyüşüb. Dənizçi Qafur öz böyük qəhrəmanlığını Qafqaz uğrunda döyüşlərdə göstərib. 1941-ci il martın 31-də Kaçkanovo kəndi yüksəkliyində döyüşün qızğın dəqiqələrində o, öz bədəni ilə komandirini hədəfə almış atəşin qarşısını kəsib. 31 mart 1943-cü ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Bayıl qəsəbəsində ona möhtəşəm abidə qoyulub, şair Süleyman Rüstəm «Qafur ürəyi» poemasında əsgərin qəhrəmanlığını vəsf edib.

Onun qəhrəmanları arasında qeyri-adi insanlar da var. Onlardan biri hərbi kəşfiyyatçı İsmayıl Qasımovdur. O, Berlinə hücumda iştirak edib, hətta Reyxstaqda öz avtoqrafını qoyub. O hələ sağdır, 93 yaşı var və polkovnik rübtəsindədir. Digər kəşfiyyatçılar düşmənin hərbi texnikasını və adi əsirlərini gtirdiyi halda, Qasımov xeyli irəli gedib. «Nə olsun ki, əsgərləri əsir götürürdülər, hərbi texnika ələ keçirirdilər, bu, normaya çevrilmişdi, bununla heç kimi təəccübləndirmək mümkün deyildi. Amma sualtı qayığın heyətini əsir götürmək - belə şeyi elə də çox eşidə bilməzsiniz. Dünyada cəmi iki belə hal olub, onun biri məhz İsmayıl Qasımovun payına düşüb», - deyə Qritçenko vurğulayır.

Aleksandr Qritçenko müharibəni postfaktum, yəni «barıt qoxusu duymadan» təsvir edən müəlliflərdən deyil. «Mən 10-cu sinfi bitirən kimi donanmada xidmətə yollandım, yarım ildən sonra müharibə başladı. Sevastopoldakı ilk günlərimi, faşist aviasiyasının hücumlarını yaxşı xatırlayıram. Gizlətməyəcəm, mən onda uşaq idim, həm qorxulu, həm də çətin idi. Müharibə - qorxu və zülmdür, sonra müharibənin ikinci yarısı bir qədər yüngülləşdi, öyrəndik, alışdıq, amma, ümumiyyətlə, müharibə qorxu deməkdir. Kim bunun əksini iddia edirsə, yalan danışır», - deyə o xatırlayır,

O, Qara dəniz donanmasında, daha sonra Dunay və Azov hərbi donanmalarında döyüşüb, Bolqarıstanın, Rumıniyanın, Macarıstanın, Yuqoslaviyanın, Çexoslovakiyanın, Avstriyanın azad olunmasında iştirak edib. Müharibə haqqında ilk qeydlərini hələ o zamanlar edib və tezliklə hərbi müxbirə çevrilib. Öz kitabının çox qəhrəmanları ilə şəxsən tanış olub və onların əhvalatlarını cəbhə qəzetlərinə yazıb.

Görüşdə Aleksandr Qritçenko öz kitablarından maraqlı epizodlar danışıb; məsələn, müharibə illərində məşhur olan «Təsadüfi vals» mahnısının yaranmasını belə təsvir edir: «Çox illər qabaq «Komsomolskaya pravda» qəzetində çap olunan bir məqalədə jurnalist belə bir epizoddan bəhs edirdi: müharibə illərində onun xidmət etdiyi bölmə cəbhəyə yola düşürmüş. Avtomobil kolonu bir neçə dəqiqəliyə kiçik cəbhəyanı bir şəhərcikdə dayanıb. Onda o, klubdan tanış valsın səslərinin gəldiyini eşidib. Pəncərədən içəri baxıb ki, kiçik bir zalda gənclər rəqs edirlər. Divarın yanında çox gözəl bir qız dayanıbmış. O, qızı rəqsə dəvət edib və onlar vals oynayıblar. Qız cazibədar imiş. Birdən komanda gəlib: «Yoldaş leytenant, sizin maşın çıxır!». Onlar hətta bir-birlərinə düz-əməlli «hələlik» deyə bilməyiblər. Leytenant cəbhəyə yola düşüb. Müharibə qurtarandan sonra qız şair Yevgeni Dolmatovskiyə və bəstəkar Fradkinə bununla bağlı mahnı yazmağı xahiş edib. Mahnı «Təsadüfi vals» adlanırdı. Qız həmin leytenantın tapmağı xahiş edir. Təəssüf ki, bunu edə bilmirlər, çünki leytenant cəbhədə qəhrəmancasına həlak olmuşdu».

 

Qadınlar cəbhədə

O, dinləyicilərə əhvalatlar danışan zaman qadınların, heç kimin gözləmədiyi halda, gələcək qələbə üçün necə böyük töhfələr verdiyindən bəhs edib. Burada təkcə arxa cəbhədə dəzgah arxasında yatmadan üç növbə işləyən qadınlardan söhbət getmir. «Qadınlar cəbhədə çox mövqelərdə idilər, hətta tankçı qadınlar vardı, uzaq səfər gəmilərinin kapitanının qadın olmasını da tez-tez eşitmək mümkün deyil», - deyə o xatırlayır. - «Məsələn, Anna İvanovna Şetinina keçmişdə çox dənizləri və okeanları keçmiş gəminin kapitanı olmuşdu, müharibə vaxtı isə cəbhə üçün neft daşıyırdı».

«Mən də bir qızla birlikdə döyüş yolu keçmişəm, tibb bacısı və kəşfiyyatçı idi. Bütün mühribə boyu bir yerdə idik - Qara dəniz donanmasında, Azov və Dunay hərbi donanmalarında. Müharibənin sonlarına yaxın Rumınyanın, Bolqarıstanın, Macarıstanın, Çexoslavakiyanın, Yuqoslaviyanın və Avstriyanın azad edilməsində bir iştrak etmişik. Onun adı Katyuşa Mixaylova idi. Mən xatırlayıram, döyüşlər arası sakitlikdə almanlar pozuq rus dilində öz səngərlərindən qışqırırdılar: «Rus İvan, rus matros, atəş açmayaq, Katyuşanı göstər». Sonra ağız qarmonunda «Katyuşa» mahnısını çalırdılar», - deyə Aleksandr Qritçenko xatırlayır. O, həm də Azərbaycanın ilk təyyarəçi qadını, müharibə vaxtı mayor adı almış Leyla Məmmədbəovanı xatırlayır.

Aleksandr Qritçenko çox səyahət edib, başqa veteranlarla da söhbət edərək unikal əhvalatlar toplayıb. Sovet illərində Qızıl Bayraq, Qızıl Ulduz, Vətən müharibəsi ordenləri, «Döyüş xidmətlərinə görə» medalı kimi çoxsaylı mükafatlar alsa da, müstəqil Azərbaycanın da «Şöhrət» və «Vətən Övladı» ordenləri ilə təltif edilib. «Azərbaycan cəbhəyə», «Böyük Qələbənin sərkərdələri», «Azərbaycanın qəhrəmanları», «Xəzər admiralları» kitabları, admiral D.Cavadovun, Sovet İttifaqı Qəhrəmanları Qafur Məmmədovun, Ziya Bünyadovun və başqalarının barəsində bioqrafik əsərlər onun qələminə məxsusdur.



MƏSLƏHƏT GÖR:

436