29 Mart 2024

Cümə, 15:33

İSLAHATLAR OLSUN!

Azərbaycanda turizmin yeni inkişaf mərhələsi bazar subyektlərinə imtiyazları nəzərdə tutur

Müəllif:

15.09.2016

Azərbaycanın istirahət sektorunda keçən ildən başlamış islahatlar davam etdirilir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycanda turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında» sərəncamına əsasən, ölkədə Turizm Şurası yaradılacaq və turizm sahəsi qabaqcıl beynəlxalq təcrübələrdən yararlanmaqla çağdaş tələblərə uyğunlaşdırılacaq. Həmçinin ucuz otellərin tikintisinin və ucuz aviareyslərin açılmasının təmin edilməsi, həm də ölkənin turizm potensialının xaricdə tanıdılmasına hər cür dəstək verilməsi əsas vəzifə kimi nəzərdə tutulub.

Azərbaycanın neftdənsonrakı inkişaf dövrü turizmin yavaş-yavaş kütləvi istirahət istiqamətinə yönəldilməsini tələb edir. Ona görə də bu sahədə nəzərəçarpacaq dəyişikliklər qaçılmazdır. Bu islahatlara, xüsusilə də energetika böhranı və milli valyutanın devalvasiyası rəvac verir. Sadalanan amillər turizm sahəsinin iştirakçılarını daha çevik siyasət aparmağı, özəlliklə də daxili və xüsusi giriş (incoming) turizminin ucuz istiqamətlərinin inkişafını vacib edir.

Prezident İlham Əliyev hələ bir il əvvəl bu cür islatahtların vacibliyini vurğulamışdı və turizm sektorunun rəqabət qabiliyyətinin, cəlbediciliyinin artırılması kimi dəqiq tapşırıqlar vermişdi. Keçən müddət ərzində dövlət başçısının təşəbbüsü ilə Mədəniyət və Turizm Nazirliyinin, həmçinin bu sahə üzrə assosiasiyaların ekspertləri bazar subyektlərini ucuz otellərin tikintsinə, qiymətlərin aşağı salınmasına, servis səviyyəsinin yüksəldilməsinə və istirahət sahəsində yeni istiqamtlərin inkişaf etdirilməsinə stimullaşdıran bir sıra təkliflər hazırlayıblar.

Ölkədə aşağı qiymətlərlə xidmət göstərən xarici aviaşirkətlər uçuşlara başlayıblar, aviasiya tariflərinin ucuzlaşması həmçinin Azərbaycan Hava Yollarının (AZAL) ucuz qiymətlərlə xidmət göstərən bölməsinin - «AZALJET»in yaradılmasına səbəb oldu. Önəmli dəyişikliklər sırasında lisenziyaların ləğvini və turizm agentliklərinin fəaliyyətinin sadələşdirilməsini, həmçinin xaricilər üçün viza məsələsini yetərincə sadələşdirən və sürətləndirən ASAN Viza sisteminin formalaşdırılmasını göstərmək olar.

Bu günə kimi görülmüş tədbirlərin effektivliyini Rusiyadan, İrandan və Fars körfəzi ölkələrindən yazda və xüsusilə yayda Azərbaycana istirahətə gələn qonaqların dəfələrlə artması sübut edir.

İstirahət sektorunda islahatların məntiqi davamı kimi, dövlət başçısının 2016-cı il sentyabrın 1-d imzaladığı «Azərbaycanda turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında» sərəncamını göstərmək olar. Sənəddə bildirilir ki, «Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sahələrinin strateji yol xəritəsinin əsas istiqamətlərindən» doğan tapşırıqların yerinə yetirilməsi, ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən çağdaş turizm sənayesinin formalaşdırılması və bu sahənin ölkə iqtisadiyyatındakı payının artırılması məqsədi ilə Azərbaycan Turizm Şurası yaradılır.

Yeni qurumun vəzifələri sırasına bu sahədəki cari vəziyyətin təhlili və problemlərin aradan qaldırılması üçün effektiv tədbirlərin görülməsi məqsədi ilə qurumlar arası əlaqələndirmə daxildir. Şura öz işinə müstəqil ekspert və mütəxəssisləri cəlb edə bilər, həmçinin qabaqcıl beynəlxalq təcrübə əsasında işçi qruplar yarada bilər.

Dünya praktikasında artıq çoxdan qurumlararası əlaqələndirmə orqanlarının formalaşdırılması üzrə yetərincə tərübə toplanıb. Bu əlaqələndirmə orqanları dövlətin, bazar subyektlərinin və ictimai təşkilatların maraqlarını bir araya gətirirlər ki, bu da turizm sahəsi üçün çox əlverişlidir və şəksiz, sahənin gələcəyinə geniş diqqəti və problemlərinin tam əhatəsini təmin edir.

Azərbaycanda yaradılmış Turizm Şurası kimi funksiyaca oxşar qurumların fəaliyyət göstərdiyi Avropa və Cənub-Şərqi Asiya ölkələrinin, yaxud Türkiyənin təcrübəsi təsdiq edir ki, qurumlararası əlaqələndirmə təşkilatının işinin səmərəliliyi bazarla əks əlaqə mexanizmlərinin olması hesabına təmin edilir. Bu sahədəki dəyişikliklərə operativ reaksiya verməyə, normativ sahəyə, inzibatçılıq mexanizmlərinə düzəlişlər etməyə, cari mərhələdə daha perspektivli olan trend və istiqamətləri dəstəkləməyə imkan yaradır.

«Turizm Şurası daxili, həmçinin giriş və çıxış turizminin inkişafında önəmli rol oynayır. Yeni quruma peşəkarlar və ekspertlər cəlb ediləcək ki, bu, sahənin bütün incəliklərin öyrənməyə imkan yaradacaq. Bu isə müfəssəl fəaliyyət planının hazırlanması baxımından çox vacibdir. Şura həmçinin turizm sahəsində profil assosiasiyaların fəaliyyətinin əlaqələndirilməsi üçün effektiv meydança olacaq ki, bu da onların istirahət sahəsində dəyişikliklərdə iştirakını fəallaşdıracaq», - deyə Azərbaycan Turizm Assosiasiyasının sədri Müzəffər Ağakərimov bildirir.

Dövlət başçısı Nazirlər Kabinetinə tapşırıb ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm sahəsində dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlasın: regionlarda turizm istiqamətlərinin şaxələndirilməsi, o cümlədən milli, tarixi-mədəni, sosial-iqtisadi və təbiət özəlliklərinin nəzərə alınması ilə turizm marşrutlarının formalaşdırılması, turizm xidmətlərinin keyfiyyətinin, o cümlədən beynəlxalq əməkdaşlığın genişləndirilməsi hesabına artırılması planlaşdırılır. Sərəncamda həmçinin çimərlik turizminin infrastrukturunun inkişafı və Xəzər dənizinin Azərbaycan sektorunun turizm məqsədləri üçün daha effektiv istifadəsi barədə bəndlər də yer alır.

«Bütünlükdə, Azərbaycan turizminin mövsumi xüsusiyyətinin aradan qaldırılması üzrə işlər davam etdirilməlidir. Bunun üçün əsas istiqamətlər sırasında dəniz turizminin inkişafı, istirahət zonalarının yaradılması, sağlamlıq turizm növlərinin genişləndirilməsi, qış turizminin daha da inkişaf etdirilməsi yer alır», - deyə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev vurğulayır.

Dövlət başçısının sərəncamında yer almış önəmli bəndlər sırasında Azərbaycanın yüksək turizm potensialına malik ərazilərində dövlət-özəl sektor tərəfdaşlığı əsasında turizm və istirəhət zonalarının yaradılması, həmçinin bu cür zonalara vergi və gömrük güzəşt və imtiyazlarının verilməsi üzrə təkliflər də yer alır. Turizm zonalarında infrastrukturun inkişafı ilə yanaşı Azərbaycan Turizm və İdarəetmə Universitetinin dəstəyi ilə profil tədris müəssisələrinin - peşə məktəblərinin və peşə litseylərinin şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur, bu məqsədlə müvafiq torpaq sahələri və əmlak da ayrılacaq. Xızı-Xaçmaz, Quba və Qusar turizm və istirahət zonalarının baş inkişaf planının hazırlanması və onların pasportlarının dövlət qeydiyyatının təmin edilməsi ayrıca bənd kimi göstərilib.

Maraqlıdır ki, oxşar təcrübə Azərbaycanda artıq ölkənin sənaye inkişafını stimullaşdırması məqsədi ilə tətbiq edilir. Sənaye obyektləri miqyaslarından və fəaliyyət xüsusiyyətindən asılı olaraq texnoparklarda, sənaye məhəllərində, aqroparklarda, biznes-inkubatorlarında, azad ticarət zonalarında və başqa klasterlərdə yerləşdirilir. Başlıcası olaraq, onlara müxtəlif fiskal, kommunal və kredit imtiyazları verilir. Bu cür çox səviyyəli şaxələndirmə son illərdə iqtisadiyyatın real bölməsinin gur inkişafını təmin etməklə öz səmərəliliyini sübut edib.

Təbii ki, turizm bölməsinin coğrafi zonalar və istiqamətlər üzrə seqmentləşdirilməsi büdcə yatırımlarını və sərmayə axınlarını daha səmərəli tənzimləməyə, güzəşt və imtiyazlar tətbiq etməyə, bu gün ən çox tələb olunan sahəyə marağın artmasını stimullaşdırmağa imkan verəcək.

«Dünya turizm bazarında Azərbaycan lüks-turizm xidmətləri təqdim edən ölkə kimi tanınıb: paytaxtda və regionlarda yüksək klasslı turizm infrastrukturu yaradılıb, brend otellər istismara verilib. Amma bu gün sahə qarşısında yeni vəzifə - müxtəlif büdcə imkanlarına malik xarici turistlərin ölkəyə axınının təmin edilməsi üçün iki və üç ulduzlu otellər şəbəkəsini formalaşdırmaq durur», - deyə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib. Nazir qeyd edib ki, bu istiqamət dövlət başçısının bu yaxınlarda verdiyi sərəncamdan doğan ən vacib vəzifələrdən biridir.

Ölkəyə xarici turistlərin cəlbi məqsədi ilə yeni əlverişli beynəlxalq aviareyslərin təşkili üzrə fəaliyyət davam etdiriləcək. Bu məsələnin həlli Dövlət Mülki Aviasiya Administrasiyasına və Azərbaycan Hava Yolları QSC-yə tapşırılıb.

Xarici qonaqların cəlbi məsələsində yalnız nəqliyyat xərclərinin ucuzlaşdırılması ilə kifayətlənmək düşünülmür. Bakıda hər il shopping festival, yəni beynəlxalq praktikada geniş tətbiq edilən ticarət festivalı keçirilməsi nəzərdə tutulur. 2016-cı ildə bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 400 min manat ayrılması düşünülür. Gələcəkdə ticarət festivalları zamanı gömrük və vergi güzəştləri tətbiq ediləcək, o cümlədən pərakəndə satış zamanı güzəştlər təmin ediləcək. Bu tədbirlərlə yanaşı, ölkədə tax free sisteminin inkişafı və bu sistemə qoşulmuş ticarət obyektlərinin sayının artması incoming turizm üçün əlavə stimul olacaq.

Ölkəyə səyyahların cəlb edilməsi və yerli turizm məhsullarının tanıdılması ilə Azərbaycanın prioritet ölkələrdəki diplomatik nümayəndəliklərində xüsusi turizm təmsilçiləri məşğul olacaqlar. Turizm promouşeni və reklamı həm də yaxın zamanlarda yaradılması nəzərdə tutulan turizm məlumat saytı və reyestri vasitəsi ilə də təbliğ olunacaq. Bu məqsədlər çərçivəsində xaricilərin və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəd buraxılış məntəqələrindən sürətli keçməsi üçün qanunvericilik təkmilləşdiriləcək.

«Biz hesab edirik ki, dövlət başçısının sərəncamından doğan bütün məsələlər yetərincə məqsədə uyğundur və kompleks tədbirlərin yerinə yetirilməsi nəticəsində biz yaxın zamanlarda Azərbaycanda turizm sahəsinin önəmli inkişafının şahidi olacağıq», - deyə Otel və Restoranlar Assosiasiyasıının (DAIR) İdarə Heyətinin sədri Samir Dübəndi bildirir.

Onun sözlərinə görə, sadalanan islahatlar ölkənin turizm sənayesinin keyfiyyətcə yüksək inkişaf səviyyəsinə keçidinə imkan yaradır. Özü də biznesin inkişafının motivləşdirilməsində ən vacib rolu investisiya layihələrinin Sahibkarlğa Kömək üzrə Dövlət Fondunin vəsaitləri ilə maliyyələşdirilməsi, turizm zonalarında dövlət - özəl sektor tərəfdaşlığı mexanizmlərinin tətbiqi və bazar subyektlərinə vergi- gömrük güzəştlərinin təqdimi oynayacaq.

Bir sözlə, Azərbaycanın yaxınlaşan və əlamətləri getdikcə daha aydın özünü göstərən turizm bumuna həm özəl şirkətlər, həm də dövlət qurumları hazır olmağa çalışırlar.



MƏSLƏHƏT GÖR:

465