29 Mart 2024

Cümə, 11:33

FAYDASIZ MANEVRLƏR

Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarının boşaldılmasını uzatmaq üçün saxta etiraz aksiyaları təşkil edir

Müəllif:

15.09.2016

Ermənistan-Azərbaycan qoşunlarının Qarabağdakı təmas xəttində apreldə baş vermiş dördgünlük toqquşmalardan sonra, münaqişənin sülh yolu ilə həllinə çalışan vasitəçilər fəallaşıb. İndi, tərəflər arasında dialoqun intensivliyi də nəzərəçarpacaq dərəcədə artıb. Lakin avqustda danışıqlarda yenidən fasilə yaranıb. İki ölkənin xarici işlər nazirləri arasında ötən aya təyin olunumuş görüş də baş tutmayıb. Bunu yay tətili dövrü ilə əlaqələndirmək olardı. Lakin əslində, sülh nizamlanması prosesinin ləngiməsinin əsas səbəbi Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsidir.

Yayın ikinci yarısıboyunu İrəvan özünü «Sasna srer» adlandıran radikal silahlı qrupla gərginlikdə keçirib: qrup postpatrul xidməti alayının binasını zəbt etmişdi. İnsident zamanı ölənlər və yaralananlar vardı. Uzun danışıqlardan sonra, qruplaşmanı təslim olmağa razı sala bilmişdilər. Sentyabrın əvvəlində isə demək olar ki, bütün yerli KİV və siyasi analitiklər tərəfindən proqnozlaşdırılan hadisə baş verdi - Ovik Abramyan hökuməti istefaya getdi. Ermənistan prezidenti Serj Sarqsyan təcili olaraq Moskvadan geri çağırılmış «Qazprom»un top-menecerlərindən biri, İrəvanın sabiq meri Karen Karapetyana «milli etimad hökuməti»nin formalaşdırılmasını tapşırdı.

Ermənistan KİV birağızdan artıq çoxdan gülüş obyektinə çevrilmiş Xarici İşlər naziri Edvard Nalbandyanın da istefaya göndəriləcəyini (onun Fransaya səfir təyin ediləcəyi güman olunur), bu posta Prezident Aparatının rəhbəri Vigen Sarqsyanın gətiriləcəyini proqnozlaşdırır. Gömrük Xidmətinin rəhbəri Ovik Ovsepyanın, kənd təsərrüfatı naziri Serqo Karapetyanın, səhiyyə naziri Armen Muradyanın da postlarını itirəcəkləri gözlənilir.

İstefaya göndəriləcəyi deyilən daha bir şəxs müdafiə naziri Seyran Ohanyandır. Dördgünlük aprel müharibəsindəki məğlubiyyət bir neçə generalı vəzifədən etmişdi. Seyran Ohanyanı uğursuzluğa görə birbaşa günahlandırmasalar da, əsas məsuliyyətin məhz onun üzərində olduğuna şübhə yoxdur. Sentyabrın ortalarında İrəvanda KTMT-yə üzv dövlət başçılarının toplantısı keçirilməlidir. Orada təşkilatın yeni baş katibi təsdiqlənəcək. Hazırda bu postu tutan general Bordyujanın sözlərinə görə, onu Ermənistan təmsilçisi əvəzləyəcək. Bu şəxsin məhz Seyran Ohanyan olacağı gözlənilir. Bununla, o, həm ölkənin müdafiə naziri postundan, həm də ümumiyyətlə, Ermənistandan münasib bəhanə ilə uzaqlaşdırılacaq. Axı son zamanlar Ohanyanda prezidentlik iddiaları hiss olunurdu ki, bu da hazırkı dövlət başçısı Serj Sarqsyanın 2018-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrlə bağlı planlarına cavab vermirdi.

KTMT-nin baş katibi postuna Ermənistandan kimin təyin ediləcəyindən asılı olmayaraq, bu, Qarabağ münaqişəsində xüsusi rol oynamayacaq. Təşkilatın hazırki baş katibi Nikolay Bordyuja İrəvanda verdiyi açıqlamada bildirib ki, «KTMT Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən digər problemlərə qarışmır. Bu münaqişələrin həllilə BMT-nin himayəsi altında başqa institutlar məşğul olur. Biz sadəcə bü problemlərin siyasi yolla həllinə kömək edə bilərik».

Ermənistan təmsilçisinin KTMT-nin baş katibi postuna təyinatı məsələsinə gəlincə, bu, Ermənistan dövlətinin əhəmiyyəti ilə bağlı deyil. Burada söhbət rus əlifbası əsasında rotasiya qaytasından gedir. Bundan başqa, KTMT-də baş katib siyasi və komanda-hərbi deyil, təşkilati-texniki işlərlə məşğul olur. Ümumilikdə KTMT-nin özü isə NATO ilə müqayisə oluna bilməz və o, daha çox regionda real güc və nüfuza malik Rusiya üçün sadəcə, çətir strukturdur.

Prezident Serj Sarqsyan və komandasının ciddi problemlərlə qarşı-qarşıya qaldığı ortadadır. Ənənəvi olaraq Ermənistanın siyasətinə güclü təsir imkanları olan Rusiya indi dayanıqlı sülh və kommunikasiyaların açılması qarşılığında israrla qoşunların işğal olunmuş torpaqlardan çıxarılmasını tövsiyə edir. Bundan başqa, Azərbaycanla Ermənistanın demoqrafik və iqtisadi potensialı, indi isə həm də hərbi gücü çox fərqlidir və hərbi əməliyyatların bərpa olunacağı təqdirdə sonuncuların heç bir şansının olmayacağını açıq şəkildə ifadə edir. Moskvanın birbaşa köməyi olmazsa, Ermənistan mütləq darmadağın olacaq. Müharibəyə ermənilər tərəfindən bilavasitə müdaxilə etməklə, Bakı ilə qarşılıqlı səmərəli münasibətləri təhlükə altına qoymağı isə Rusiya istəmir. Beləliklə, ənənəvi olaraq Ermənistana himayədarlıq edən fövqəldövlətlər erməniləri başa salmağa, kompromisə getməyə razılaşdırmağa çalışır.

Bəla isə ondadır ki, Ermənistan hökuməti uzun müddət əhaliyə öz silahlı qüvvələrinin üstünlüyünə tam əminlik aşılayıb. Ermənilərə hər an bir fikir yeridilib: qələbə təmin olunub, indi, sadəcə Azərbaycanın Dağlıq Qarabağ itkisilə razılaşacağı anı gözləmək lazımdır. İrrasional təbliğat sayəsində Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması məsələsi Ermənistanın ictimai rəyində tamam başqa forma, belə demək olarsa, sürrealist məna kəsb etməyə başlayıb. Erməni siyasətçiləri, analitikləri, KİV-i daxili auditoriya üçün problemin fokusunu qarışdırır: güya Dağlıq Qarabağı hansısa «dəhlizlə» özünə birləşdirmək üçün işğal olunmuş torpaqların bir hissəsini qaytarmağa çalışan Ermənistan deyil, əksinə, erməniləri guya ərazi güzəştlərinə məcbur etmək istəyirlər. Halbuki, əslində ermənilərin əməllərində bütün təcavüz əlamətləri var və qonşu dövlətin ərazilərinin silahlı yolla işğalı beynəlxalq hüquqa ziddir. Əslində buna görə cəza da verilməlidir - Küveyti işğal etdiyi zaman İraqa verilmiş cəza kimi. Ermənilər isə özləri üçün Dağlıq Qarabağın işğalının leqallaşdırılması, Azərbaycanın işğal olunmuş digər ərazilərindən ayrılması kimi mükafat tələb edir.

Ərazi iddiaları ilə bağlı xaricdəki erməni diasporu daha çox radikallıq göstərir. Diaspora bir ağızdan erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının yolverilməzliyini deyir, bunu vətənin «müqəddəs torpaqlarının» verilməsi kimi xarakterizə edir. Onlar nə beynəlxalq hüququ, nə real qüvvələr balansını, nə Ermənistanın acınacaqlı maddi-iqtisadi durumunu nəzərə almaq istəyir. Halbuki, həyatda heç bir perspektiv görməyən yoxsul əhali ölkəni kütləvi şəkildə tərk edir. Lap Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bir zaman Twitter hesabında yazdığı ağıllı fikirdə deyildiyi kimi, «ermənilərin bir hissəsi müxtəlif yollarla dünyanın ayrı-ayrı ölkələrində məskunlaşıb. Onlar rahat şəraitdə, himayə altında vətən uğrunda mübarizə aparır. Digər hissə onların hesabına vətəndə «cəza» çəkir».

Prezident S.Sarqsyan isə ənənəvi ikibaşlı oyununu davam etdirir. Bir tərəfdən o, erməni qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasını yolverilməz sayan radikalların etirazından istifadə etməyə çalışır, bununla da danışıqları uzatmağa, qaçılmaq qərarların qəbulundan yayınmağa cəhd göstərir. Digər tərəfdən isə Qarabağ münaqişəsilə bağlı razılaşmaya gediləcəksə, ölkədə zorakılığa meylli olan radikalları vaxtında zərərsizləşdirməyin vacibliyini anlayır, profilaktik olaraq, onları təcrid etməyə çalışır. İrəvanda tədricən antirusiya çıxışları da təşviq olunur. Bu, Rusiyanın Azərbaycan silah satmasından, həmçinin ermənilərin ərazi iddialarını dəstəkləməkdən imtinasına etiraz kimi ifadə edilir. Bununla yanaşı, S.Sarqsyan Rusiya ilə birgə HHM sisteminin yaradılması haqda razılaşmanı imzalayıb və artıq onu parlamentdən də keçirib. Üstəlik o, Rusiyaya məxsus 102-ci bazanı da özündə birləşdirəcək, İrəvan ilə Meqrini qoruyacaq birləşmiş hərbi qrupun yaradılmasına da razılıq verib.

Serj Sarqsyanın hökuməti yenidən formalaşdırmaq oyununun 2018-ci ildən sonra da hakimiyyətə nəzarəti əldə saxlamaq istəyilə yanaşı, başqa səbəbi də var. O, bununla sonda Azərbaycanın işğal altındakı ərazilərinin ən azı böyük bir hissəsinin boşaldılması ilə nəticələnəcək məzmunlu danışıqları uzatmağa çalışır. Lakin manevr meydanı getdikcə daralır. Bu, Sarqsyanı beyni qatı millətçiliklə havalanmış ictimaiyyətə, «sərt və qətiyyətli» ritorka ilə pərdələnmiş siqnallar ötürməyə məcbur edir. Hökumətin İrəvanda PPX alayının binasını dinc yolla azad etdikdən sonra keçirilən geniş iclasında (partiya liderləri və deputatların da iştirakı ilə) prezident deyib: «Dağlıq Qarabağ probleminin həllində birtərəfli güzəştlər olmayacaq. Bu, istisnadır. Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq. Bu, da istisnadır. Bir daha təkrar edirəm, istisnadır!».

İlk baxışdan bəyanat kifayət qədər qəti təsir bağışlayır. Amma o, Azərbaycanın eyni qətiyyətli mövqeyinə zidd deyil - Bakı öz növbəsində, Dağlıq Qarabağın heç zaman Ermənistana verilməyəcəyini və müstəqil olmayacağını deyir. Problemin həlli ilə bağlı irəli sürülmüş təkliflərin əsasını təşkil edən «Madrid prinsipləri»nə əsasən, münaqişənin sülh yolu ilə həllinin ilk mərhələsində Dağlıq Qarabağın statusu açıq qalır. Bu, sonrakı danışıqların predmetidir. Güzəştlərə gəlincə, onlar həqiqətən də birtərəfli deyil. Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zamanı tərəflər münaqişənin həllində güc tətbiq edilməyəcəyinə dair öhdəlik götürməli, təhlükəsizliyin gücləndirilməsi üçün tədbirlər görməli, o cümlədən ağır texnika təmas xəttindən çəkilməli, demilitarizasiya olunmuş zona yaradılmalı, bölgəyə ayırıcı sülhmərmlı qüvvələr yerləşdirilməlidir. Bundan başqa, Ermənistan üçün Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması vacib bonusdur. Çünki hazırda Ermənistan iqtisadiyyatı nəqliyyat blokadasında boğulur.

Kompromislərə əsaslanan sülh qarşılıqlı güzəştləri nəzərdə tutur. Lakin o, tərəflərdən birinin qələbəsini rəsmiləşdirmək üçün pərdə olmamalıdır. Minsk qrupunun digər iki həmsədri olan fövqəldövlətlərin razılığı ilə bu mərhələdə Qarabağ danışıqlarında əsas moderatorluğu üzərinə götürmüş Rusiya prezidenti Vladimir Putin Moskvanın bununla bağlı mövqeyini kifayət qədər açıq şəkildə ifadə edib: «Rusiya münaqişə tərəflərinə öz ssenarisini qəbul etdirməyə çalışmır. Biz Bakı ilə İrəvanı elə bir razılaşma əldə etməyə çağırırıq ki, bu məsələdə nə qalib, nə məğlub tərəf olsun. Biz onları Vyana və Sankt-Peterburq razılaşmalarının ruhuna, hər nöqtəsinə əməl etməyə çağırırıq».

Sentyabrın 8-də ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Pyer Andriyo, Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması ilə bağlı vəziyyəti müzakirə ediblər. Onları Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da qəbul edib. Güman etmək olar ki, məsləhətləşmələrin nəticəsi olaraq, həmsədrlər regiona səfər edəcək, münaqişə tərəflərinin XİN başçılarının danışıqları üçün konkret təkliflər hazırlanacaq, bütün bunların büsbət nəticə verəcəyi təqdirdə isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlığa başlanılacaq.

Şübhəsiz ki, indiki şəraitdə ən önəmlisi münaqişənin real həlli prosesinə start verilməsidir. Bu, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasından başlayır. Münaqişənin bundan sonra da uzanması nəinki regionda əməkdaşlığa maneələr yaradır, həm də ciddi hərbi risklər meydana çıxarır. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Potsdam ilə bu yaxınlarda keçirdiyi qeyri-formal görüşündə də bunu deyib: «Regionda uzunmüddətli münaqişələr əməkdaşlığa mane olur. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı «Şərq Tərəfdaşlığı» proqramına üzv olan digər dövlətlərin ərazi bütövlüyündən qətiyyən az əhəmiyyət daşımır».



MƏSLƏHƏT GÖR:

443