17 Aprel 2024

Çərşənbə, 00:15

QAZ SİMBİOZU

«Cənub Qaz Dəhlizi» Avropaya qaz nəqli məsələsində daha çox ölkəni cəlb edir

Müəllif:

15.09.2016

“G-20” formatı daha çox qlobal iqtisadi problemlərin müzakirəsini nəzərdə tutsa da, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Türkiyə, Fransa və «Böyük İyirmilik»in başqa dövlətləri artıq çoxdan dünya siyasətinin problemlərindən yan keçə bilmirlər. Siyasət öz yerində, amma o, iqtisadiyyatı, xüsusilə də onun ən vacib tərkib hissəsi olan energetikanı arxa plana keçirə bilmir.

“G-20” sammitinin yekun kommünikesində energetika resurslarının hasilatına daha rasional yanaşmanın vacibliyi, ilk növbədə, kömür kimi effektiv olmayan yanacaq növlərinin subsidiyalaşdırılmasından imtina və daha ekoloji yanacaq kimi təbii qazdan istifadənin genişləndirilməsinin məsləhət olduğu vurğulanıb.

“bp” şirkətinin proqnozlarına görə, təbii qazın digər enerji növləri üzərində «qələbəsi» uğurla davam edir və o, əsasən, daş kömürün payını ələ keçirməyə başlayır. Hətta neftlə müqayisədə belə üstünlüyə malikdir - əgər 10 il qabaq onların müqayisəsi 60%-in 40%-ə neftin xeyrinə idisə, hazırda balans əldə edilib. Sonrakı 10 ildə isə qaz maye karbohidrogenlər bazarının 60%-lik payını ələ keçirəcək.

Qaz istehlakının artmasında böyük dərəcədə katalizatorluq Çinin və Cənubi-Şərq Asiya ölkələrinin payına düşür, orada hələ ki, əsasən, kömürdən istifadə edirlər. Amma daha aşağı templərlə də olsa, Avropa təbii qazın istehlak həcmlərini artırmaqda davam edir, bununla yanaşı, həm də qaz marşrutları və mənbələrinin şaxələndirilməsinin də qayğısına qalır.

 

«Şahdəniz-2» - Avropa üçün əsas alternativdir

Bu məsələdə Avropanın əsas müttəfiqi «Şahdəniz - 2» qaz hasilatı və “Cənub Qaz Dəhlizi” layihələri gerçəkləşdirən Azərbaycandır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, 1996-cı ildə «Şahdəniz» yatağınını işlənməsi üzrə saziş bağlanan zaman, qaz layihələrinin elə də önəmi yox idi. Bu günsə Azərbaycan iri qaz dövlətlərinin sırasına daxildir.

«Dünyada, o cümlədən Avropada heç kim energetika təhlükəsizliyindən danışmırdı. Hesab edilirdi ki, qaz layihələri elə də böyük gəlirlər gətirmir. Amma biz əmin idik ki, Azərbaycan qaz sektorunda öz sözünü deyəcək», - deyə Prezident «Şahdəniz» yatağında quraşdırılacaq iki platformadan birinin dayaq blokunun yola salınması mərasimində bildirib.

Onun sözlərinə görə, hasilatın artması ilə yanaşı, Azərbaycan həm də tranzit funksiyaları yerinə yetirə bilər. «Həmçinin «Cənub Qaz Dəhlizi”nin tikintisi uğurla davam etdirilir. Bütün bu işlər əlaqəli şəkildə gerçəkləşdirilir. Əminəm ki, qrafik üzrə görülən işlər

2018-2020-ci illərdə başa çatdırılacaq, beləliklə, Azərbaycan qazı qonşu ölkələrə nəql ediləcək, Avropa ölkələri isə daha böyük həcmlərlə qaz alacaqlar. «Cənub Qaz Dəhlizi» 7 ölkəni birləşdirir. Biz yeni beynəlxalq əməkdaşlıq formatı yaratmışıq. Bu layihənin iştirakçıları Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyadır. Bununla yanaşı, növbəti mərhələdə bu layihəyə daha 3 Balkan ölkəsi - Çernoqoriya, Bosniya və Herseqovina, Xorvatiya da qoşulacaq. Beləliklə, gələcəkdə Azərbaycan qazının müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranacaq», - deyə İlham Əliyev vurğulayıb.

«Cənub Qaz Dəhlizi» layihəsinə üç Balkan ölkəsinin qoşulmasından danışanda İoniya - Adriatik Qaz Kəməri Layihəsi (IAP) nəzərdə tutulur, SOCAR bu layihəyə qoşulmaq barədə memoranduma imza atıb. SOCAR-ın maraqlarına təkcə bu ölkələrə qaz satmaqla kifayətlənmək deyil, həmçinin Balkanların qazlaşdırılmasında iştirak daxildir. Bu ölkələr Avropanın ən az qazlaşdırımış bölgəsi sayılır. SOCAR artıq Albaniyada, Çernoqoriyada, Bosniya və Herseqovinada qazpaylayıcı şəbəkənin tikintisinə marağı barədə bəyan edib.

Beləliklə, «Cənub Qaz Kəməri» Avropaya qaz nəqli imkanlarına görə, getdikcə daha artıq ölkələri cəlb edir. İlk növbədə, Türkmənistını xatırlamaq yerinə düşür. Bu ölkənin başçısı Qurbanqulu Berdımuhammedov Almaniya kansleri Angela Merkel ilə söhbəti zamanı Avropaya qaz nəqli məsələlərini müzakirə edib. Danışıqlar zamanı Berdımuhamedov qeyd edib ki, Türkmənistan diqqətini yalnız Asiya istiqamətində qaz ixracı məsələsinə yönəltməklə kifayətlənmək niyyətində deyil, o, Avropa bazarı ilə də maraqlanır. Azərbaycanın Energetika naziri Natiq Əliyevin sözlərinə görə, Türkmənistanın bəyanatı, hələ ki, real işlərlə dəstəklənmir.

APA agentliyinə müsahibəsində Natiq Əliyev bildirib ki, Türkmənistan dəfələrlə Avropa Birliyinə (AB) bəyan edib ki, Avropaya ildə 30 milyard kubmetr qaz nəql etməyə hazırdır. «Amma iş o yerdədir ki, türkmən tərəfi yalnız qazını Azərbaycana qədər nəql eləmək istəyir, amma həmin qazın buradan Avropaya nəqli məsələsi açıq qalır. Bu, qeyri-ciddi yanaşmadır», - deyə nazir vurğulayır.

Natiq Əliyevin sözlərinə görə, Xəzərin dibi ilə qaz kəmərinin tikintisi məsələsində də Türkmənistan öz üzərindən məsuliyyəti atır: «Biz (Türkmənistan) qaz veririk, amma boru kəmərini qoy kimsə tiksin. Amma kim? Azərbaycan? Şəxsən bir nazir kimi mən əleyhinəyəm. Avropa Birliyi? Onlar da bunu edə bilmirlər, çünki siyasi qurumdurlar. Əgər AB bu məsələdə maraqlıdırsa, deməli, onun şirkətləri bu məsələni müzakirə etməlidirlər».

Amma Türkmənistansız da «Cənub Qaz Dəhlizi”nin potensial müştəriləri var. Energetika nazirinin müavini Natiq Abbasovun sözlərinə görə, İran qazının Azərbaycandan keçməklə TANAP və TAP vasitəsilə Avropaya nəqli imkanlarına baxılır. Bunun üçün İran və Azərbaycan arasında müvafiq infrastruktur var. Həm də İran İraqla qaz şəbəkəsi vasitəsilə əlaqəlidir, bu da İraq qazını da Avropaya nəql etmək imkanı yaradır. Düzdür, İran qazının, xüsusilə də İraq qazının bu marşrutla nəqli zamanı məsafə birbaşa Türkiyədən nəqllə müqayisədə xeyli artır, amma hazır qaz kəmərinin öz üstünlükləri var.

 

Mümkün simbioz

Bundan başqa, Cənubi Qafqaz Layihəsinə Rusiya da qoşula bilər. Türkiyə və Rusiya arasında münasibətlərin bərpasından sonra, «Türk Axını» qaz kəmərinin tikintisi məsələsi yenidən aktuallaşıb. «Qazprom» artıq Türkiyə qurumlarından ayrı-ayrı işlərin görülməsi barədə lazımi icazələri alıb. Bu məsələdə söhbət yalnız bir qolun tikintisi barədə gedir. Rusiya Prezidenti Vladimir Putin «Bloomberg» agentliyinə müsahibəsində əminliklə bildirib ki, Türkiyənin daxili bazarına qaz nəqlinin artması baxımından, «Türk Axını» layihəsi gerçəkləşdiriləcək.

Putin qeyd edib ki, Türkiyədən Cənub-Şərqi Avropa ölkələrinə qaz nəqli imkanları Avropa Birliyinin mövqeyindən asılıdır. Burada söhbət Avropa Birliyinin üçüncü enerji zərfi qaydalarının tətbiqi ilə Rusiya qazının əlavə nəql imkanlarını məhdudlaşdırmaq istəyindən gedir. Bu qaydalar üzündən «Qazprom» Bolqarıstana «Cənub Axını» Qaz Kəmərini gerçəkləşdirmək niyyətindən əl çəkdi. «Türk Axını» layihəsində də bununla bağıl ciddi dəyişmə müşahidə edilir. Layihə əvvəlcə 63 milyard kubmetr qazı nəql etməyə imkan verən 4 qoldan ibarət olmalı idi və bunun yalnız 25 faizi Türkiyənin daxili bazarı üçün nəzərdə tutulurudu, qalan üç qolun qazı isə Avropa üçün nəzərdə tutulmuşdu.

«Cənub Axını»nda olduğu kimi, AB bu layihənin də üçüncü enerji zərfi qaydalarına uyğun gəlmədiyini bəyan etdi, bu isə «Qazprom»u «Türk Axını»nı mərhələli şəkildə gerçəkləşdirməyə məcbur etdi. Bu zaman «Qazprom» yalnız qazın Türkiyəyə nəqli ilə deyil, həm də nəql edilən qazdan elektrik enerjisi istehsalı ilə də maraqlanmağa başladı.

Türkiyə tərəfi «Türk Axını»nı TANAP-a qoşmaq imkanları barədə də bəyanatlar  səsləndirməyə başlayıb. Belə bir təkliflə Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu çıxış edib. Onun sözlərinə görə, Ankara «Türk Axını» vasitəsilə Rusiyadan öz ehtiyacları üçün yalnız 16 milyard kubmetr qaz alacaq. Rusiya qazının qalan həcmləri Türkiyə ərazisindən TANAP boru kəməri ilə nəql edilə bilər.

«Türk Axını»nının TANAP-a qoşulmaq variantı lazımi şaxələndirməni təmin edir və Avropa Birliyini Üçüncü Enerji Zərfini tətbiq etmək imkanından məhrum edir. Üçüncü Enerji Zərfi qaz istehsalıçısına qaz kəməri sahibi olmağı qadağan edir. Belə olan halda, «Qazprom» öz qazını Türkiyəyə sata bilər və onun Avropaya ixracı ilə tamamilə kənar şirkət məşğul ola bilər. Yaxud «Qazprom» özü qazı Avropa ölkələrinə TANAP və TAP qaz kəmərləri sistemi ilə sata bilər, bünün üçün boru kəməri infrastrukturunda paya malik olmamalıdır.

İstənilən halda, bu boru kəməri layihələrinin yüksək yüklənməsi layihələrin səmərəliliyinə müsbət təsir göstərir və səhmdarlar üçün əlavə gəlirlər gətirir və bunların sırasında SOCAR əsas yerdə gəlir.

 

Yunan serialı

Qeyd edilən kimi, SOCAR üçün önəmlidir ki, qazını Avropanın iri alıcılarına satmaqla kifayətlənməsin, həmçinin qazın son alıcıya çatdırılmasında iştirak etsin. Bunun üçün bir sıra Balkan ölkələrində paylayıcı şəbəkənin yaradılması üzrə işlər görülür və həmçinin Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın satınalınması nəzərdə ututulur. Düzdür, DESFA-nın səhmlərinin 66%-nin alınması artıq triller elementli uzunsürən seriala çevrilməkdədir.

Bəllidir ki, SOCAR hələ 2013-cü ilin yayında DESFA-nın səhmlərinin 66%-nin alınması üzrə tenderi udub. Şərtlərə görə, bu zərf üçün SOCAR 400 mln. avro ödəməli idi. Amma sonra Yunanıstanda hökumət dəyişdi və hakimiyyətə sol koalisiya - «SİRİZA» gəldi. «SİRİZA» öz seçki kampaniyasında qarşısına Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edəcgyini söz vermişdi.  Amma bu ssenarini gerçəkləşdirə bilmədi. Buna paralel olaraq, yeni hakimiyyət Trans-Adriatik Boru Kəməri üzrə sazişi də dəyişməyə çalışırdı, amma geri çəkilməli oldu, çünki TAP sazişi AB-nin bütün normalarına uyğun gəlirdi.

Və onda zərbə altına DESFA düşdü. Əvvəlcə Avropa Komissiyası layihənin antiinhisar qanunvericiliyinə uyğun gəlib-gəlməməsi ilə maraqlanmağa başladı. Avropa Komissiyası SOCAR-a bu qazpaylayıcı şəbəkədə öz payını 49%-ə qədər azaltmağı tövsiyyə etdi. Nəticədə, özəlləşdirmənin rəsmiləşdirilməsindən dərhal sonra, 17%-lik payın İtaliyanın «Snam» şirkətinə satmaq barədə anlaşma əldə edilib. Amma bu yaxınlarda Yunanıstan hökuməti DESFA-nın tarif siyasətinə dəyişikliklər edilməsi barədə təkliflə çıxış edib. O cümlədən, qarşıdan gələn bir neçə il ərzində nəql tarifinin artırılmasını məhdudlaşdırmaq təklif edilib, halbuki, ilkin olaraq tariflərin 68% artırılması nəzərdə tutulurdu.

Yunanıstan Energetika nazirinin fikrincə, bu addım qaz tariflərinin artırılmasının məhdudlaşdırıması məqsədi ilə atılıb ki, daha çox sosial məqsəd daşıyır. Ancaq SOCAR-ın yunan bölməsinin rəhbəri

Anar Məmmədovun sözlərinə görə, qazın son qiymətində DESFA tariflərinin payı cüzidir.

«Meqavat/saata görə 50 avroluq orta qiymətinin yalnız 3,2 avrosu DESFA-nın payına düşür, qalanı qazın qiymətidir və vergilərdir. Beləliklə, hətta nəql tarifinin 68% bahalaşması belə cüzi dəyişiklikdir. Real olaraq biz meqavat/saata görə cəmi 1-1,5 avro bahalaşmadan danışırıq», - deyə Anar Məmmədov yunan mətbuatına müsahibəsində bildirib. Məmmədovun sözlərinə görə, mərhələli şəkildə nəql tarifinin nəzərdə tutulan 68% bahalaşması bir neçə il ərzində qazın cəmi 3% bahalaşmasına səbəb ola bilər.

Yeni şərtlərlə yunan operatorunun gəlirliliyi 50% aşağı düşür. SOCAR buna görə, DESFA-nın səhmlər zərfinin qiymətinin iki dəfə aşağı salınmasını tələb edir. «Yunan tərəfi tender prosesini pozan addım atıb. O cümlədən, ilkin danışılmış şərtlər pozulub və hazırda biz Yunanıstan hökumətindən bu əməllərə görə müvafiq izahat gözləyirik. Dəyişən şərtlərdə DESFA-nın obyektiv gəlirliliyi də aşağı düşü, uyğun olaraq bu şirkətin ilkin dəyəri də düşür», - deyə SOCAR  prezidenti Rövnəq Abdullayev bildirir.

O qeyd edib ki, şirkət DESFA-nın satınalınması ilə bağlı sövdələşmədən geri çəkilmir, amma öz hüquqlarını da müdafiə etmək niyyətindədir. Özü də SOCAR bu prosesdə digər potensial investorla - italyan «Snam»ı ilə birlikdə çıxış edir.

Aydındır, yunan operatorunu əldə etmək Azərbaycan şirkəti üçün mənfəət vəd edir. Bu, Yunanıstanda distribüsiyadan  əlavə, həm də Yunanıstan - Bolqarıstan qaz kəmərinə çıxış deməkdir və bu ölkəyə qaz satışı imkanı yaradır. Ancaq təbii ki, hər şeyin öz qiyməti var və yunan hökumətinin kaprizlərinə dözərək zərərə uğramaq olmaz. Özü də populist şüarlarla Yunanıstanda hakimiyyətə gəlmiş «SİRİZA» sonradan dəfələrlə öz sərt ritorikasını daha məntiqli və praqmatik yanaşma ilə əvəz edib.

SOCAR-ın imtinasından sonra, Yunanıstan üçün indiki böhran dövründə DESFA üçün alıcı tapmaq elə də asan iş deyil. Azərbaycan şirkəti isə Gürcüstanda, Türkiyədə, Ukraynada, İsveçrədə, Rumıniyada və başqa ölkələrdəki layihələr hesabına artıq özünü yaxşı sərmayəçi kimi sübut edib; məsələn, SOCAR artıq 2009-cu ildən Gürcüstanda qazpaylayıcı şəbəkəni idarə edir və Azərbaycan şirkəti ilə əməkdaşlığın ölkə üçün nə qədər effektiv olduğunu sübut edir. SOCAR Gürcüstana qoyulan sərmayələr üzrə birinci yerdədir, həm də ölkənin ən iri vergi ödəyicisidir.

 

Qlobal oyunçu

SOCAR üçün DESFA məsələsinin nə cür həll ediləcəyindən asılı olmayaraq, Azərbaycan artıq qlobal qaz bazarında vacib iştirakçıya çevrilir. Məhz bu, imkan verib ki, ölkə Qaz İxracatçısı Ölkələr Forumunda müşahidəçi statusu alıb. Forumun bu yaxınlarda Bakıda olmuş baş katibi Seyed Mohammed Huseyn Adeli ölkə başçısı İlham Əliyevlə görüşdə ona forumun gələn il Boliviyada keçiriləcək sammitində iştirakla bağlı dəvətnamə təqdim edib. Energetika naziri Natiq Əliyevlə görüşdə Adeli forumun energetika nazirlərinin noyabrda Dohada keçiriləcək iclası barədə müzakirələr aparıb.

Regionun enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycan qazı öz yerini möhkəm tütüb və perspektivli Avropa bazarına çıxmağa can atır. İlkin mərhələdə ildə yalnız 10 mlrd. kubmetr qaz ixracından söhbət gedirsə, daha sonra yeni yataqların və layihələrin işə salınması ilə Avropaya qaz nəqli 3-4 dəfə arta bilər.

Əlbəttə, illik istehlakı 500 milyard kubmetr olan Avropa üçün bu, elə də hissediləcək rəqəm deyil. Ancaq Azərbaycanın yaratdığı «Cənub Qaz Dəhlizi»nin böyük önəmi var və bu layihə “Köhnə Dünya”ya Türkmənistandan, İraqdan, İrandan və hətta İsraildən alternativ qaz gətirməyə imkan yaradacaq. Bu isə maliyyə mənfəəti olmaqla yanaşı, uzunmuddətli və hörmətli gəlir deməkdir.



MƏSLƏHƏT GÖR:

432